Dünyanın dağıldığı gün - Atom fəlakəti | MANERA.AZ
![]()
ROLLAN SEYSENBAYEV
Qazax ədəbiyyatının canlı klassiki, dünyaca məşhur yazıçı-dramaturq və ictimai xadim Rollan Seysenbayevin 70 yaşı tamam olur. Onun “Özümü axtarıram” hekayə və povestlər toplusu, “Şeytan taxtı”, “Dünyanın dağıldığı gün”, “Ölülər qumluqda gəzirlər” romanları artıq çoxdan təkcə qazax ədəbiyyatının deyil, bütövlükdə ədəbiyyatın sanballı faktına çevrilib və dünyanın bir çox dillərinə çevrilib.
R.Seysenbayev həm də Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti yanında Dünya Xalqları Ədəbiyyatı İnstitutunun direktoru, mərkəzi Londonda yerləşən “Abay Evi”nin, Beynəlxalq Abay klubunun yaradıcısı, “R.S.” Nəşriyyat Evinin rəhbəri və “Amanat” ədəbiyyat jurnalının baş redaktotudur.
MANERA.AZ yazıçının atom fəlakətindən söz açan “Dünyanın dağıldığı gün” romanından bir parçanı oxuculara təqdim edir:
(romandan parça)
...Artıq bir neçə gün idi ki, Çingiz dağlarının qoynuna gedirdik. Mal-qaranı haylayır, atlarımızın yüyənindən tutub muşqururduq. Dik dağ aşırımları, dağ dərələri, yaşıl çəmənlər, ağaclar, çaylar, bulaqlar – bu ağlagəlməz, bakirə gözəlliklər məni, yaylağa ilk dəfə qalxan adamı heyrətləndirir, öz sehirli gözəlliyi ilə cəlb eləyirdi. Bu cür gözəlliyi də insan öz əllərilə dağıtmağa qadirdimi? Ağılsızlıqdı... Bir dəfə gecədən xeyli keçəndən sonra dincəlmək üçün dayandıq. Ocaq qalayıb əlüstü yemək hazırlamağa başladıq. Qocalar atları cidarlamağa getdilər, mən də qarılarla birgə ocaq üçün meşədən quru odun gətirməyə getdim. Qorxunc görkəmlə başımın üzərində ucalan qayalar mənə nağıllardakı divləri xatırladır, məni həddən artıq eyməndirirdilər. Mənə elə gəlirdi ki, o qayalar qaranlıq gecədə göydən asılı qalıblar.
Ağsifət, dəvə gözlərinə oxşayan iri gözləri olan Kenje dəvə yunundan toxunmuş isti adayala bürünmüşdü. Onun digər qarılarla çıl-çırpı yığmağa getmiş nənəsi hələ meşədən qayıtmamışdı. Kenje gecənin sərin havasındanmı, yoxsa qorxusundanmı tir-tir əsirdi. Ocağa bir qucaq çırpı atdım. Alov parlaq işıq saldı, həmin məqamda da Kenjenin qorxu dolu gözlərini gördüm.
-Bəs nənəm hardadı? – O, astadan soruşdu.
-İndi gəlib çıxar, dalımca gəlirdi. Nədi, qorxursan? Qorxaq... – Zarafatla onu cırnatmağa başladım.
O, susdu, alaca qızı ələ saldığıma görə utandım.
-Acmısan? Qurut istəyirsən? – Mən soruşdum, o da başını tərpətdi:
-Sağ ol...
-Mən burda, yanındayam, qorxma! – Ona qurut verəndə dilləndim.
Belə hallarda ehtiyac olduğundan daha uca səslə danışırdım. Qız köks ötürdü.
Kenje xəstəhal qız idi, qan azlığından əziyyət çəkirdi. Onun gözləri həmişə insana etibar və sədaqətlə baxırdı, o gözlər, həqiqətən, günahsız, canlı mələk gözləri idi. Anası doğuş vaxtı ölmüşdü, atasını heç vaxt görən olmamışdı, tanıyan da yox idi, qız nənəsi və babasının yanında böyümüşdü. Onlar sakit və sadə adamlar idilər. Üç oğullarını müharibə udmuşdu, qızları ölmüşdü, amma həmişə özlərini ləyaqətlə aparırdılar, camaatın yanında öz dərdlərindən söz açmamağa, ruhdan düşməməyə çalışırdılar. Babam deyirdi ki, onları ölməyə qoymayan ancaq şərəf və ləyaqətləridi. Şərəflərini əllərindən alsan, dərhal ölüb-gedər, özlərini arsızlığa qoyub birtəhər yaşamağa razı olmazlar. Babam deyirdi, onlar bu cinsdən adamlardılar. Cins... Babam bu sözü sevir, amma heç vaxt yersiz işlətmirdi.
Ocaq çırthaçırtla yanmağa başladı. Ətraf zülmət qaranlıq idi, bu da bizi əhatə eləyən aləmin soyuq tənhalığını daha kəskin hiss etdirirdi. Yalnız səmadakı uzaq ulduzların sayrışması adamın qəlbində zəif və tutqun ümid oyadırdı. Nənəm nəsə deyinə-deyinə qazanın qapağını qaldırdı, iri taxta qaşıqla xörəyi qarışdırmağa başladı.
-Sən yaşamaq istəyirsən, Rollan? – Kenje qəfildən soruşdu.
Bu sözlərin mənasını anlamadan çaşqın nəzərlərlə ona baxdım. Qızın solğun sifətində parıltılar oynaşırdı, uzun kirpikləri yarıyumuluydu, gözlərindən yaş axırdı.
-Ağlamaq olmaz, - dedim.
-Bilirəm, bu bədbəxtlik gətirir, amma özümü ələ ala bilmirəm, - qız astadan hıçqırdı. – Sabah bombanı partladacaqlar! Mən qorxuram! – O, heç cür titrəməsinin qabağını ala bilmirdi, ona görə də adyalın üstündən kürk salmalı oldum. – Necə bilirsən, ölüm dəhşətli şeydi? – Qız soruşdu, özü də cavab verdi. Cürbəcür ölümlər olur, çətin ölüm də var, asan ölüm də... Məni çətin ölüm gözləyir...
-Bu nə sözdü, deyirsən? Sən heç vaxt ölməyəcəksən, Kenje, - etiraz elədim.
-Sən, xeyirxah oğlansan, çox xeyirxah oğlansan, - o barmaqlarını çəkinə-çəkinə əlimə toxundurdu.
Qızın əlləri mənə mərhəmətsiz küləyin qarşısında əsən nazil qamış zoğunu xatırlatdı. Zülmət. Qaranlıq. Doğrudanmı Kenje daha heç vaxt bu qaranlıq zülmətdən qurtula bilməyəcək, ölüm də bizi pusacaq, öz ağuşuna basmaq üçün fürsət axtaracaq? Ölüm... Bu söz beynimdə ildırım kimi çaxdı, diksindim.
-Olümün qanadı sənə də toxundu? – Kenje soruşdu, amma dillənmədim.
Əsirdim. Qəfildən nənəmdən eşitdiyim sözləri ilk dəfə dilimə gətirib dua eləməyə başladım; Ey mərhəmətli Allahım! Öz övladını xilas elə və qoru. Məni çürüməyə qoyma... – Sonra fikirləşib əlavə elədim. – Heç kəsi məhv olmağa qoyma, onda sənin varlığına inanaram! Gün də qırx dəfə şəhadət gətirərəm... – bir də fikirləşib düzəliş verdim. – Gündə beş dəfə şəhadət gətirərəm, ey mərhəmətli Allah! Sənə tapınaram!..”
Kenje hissolunmadan yuxuladı. Yəhəri onun başının altına qoyub bir az uzaqda, başqa bir ocağın ətrafında oturmuş, mən Kenje ilə söhbət eləyəndə uzaqdan yalnız qırıq-qırıq səslərini eşitdiyim qocaların yanına getdim. Ocağa yaxınlaşdım, bir neçə quru çırpı atıb babamın böyründə çömbəldim. Qocaların başı öz söhbətlərinə qarışmışdı, mənə heç fikir də vermədilər.
-Burda hardasa quyuda hacı Şahkərimin basdırılmamış meyiti var, - Arxam dilləndi, hamı qəfildən susdu.
Mən Şahkərimin xeyli şeirini əzbər bilirdim, amma babam mənə o şeirləri ucadan oxumağı qadağan eləmişdi.
-Yadında saxla, müəyyən bir vaxtacan dilinə gətirmə, - mənə öyüd verdirdi. – Nə vaxt ki, hacıya bəraət verəcəklər, onda söyləyərsən. Belə bir vaxt gəlib çatacaq...
Onda heç ağlıma da gəlmirdi ki, Abayın və Şahkərimin təkcə adlarını çəkmək üstündə adamları Sibirə, qazaxsayağı desək, “itlərin belində gəzdikləri” diyara sürgün eləyirlər. Yalnız adlarını çəkməyə görə...
-Həmin quyunun harda olduğunu bizim Ötegen də bilir. Amma o, susacaq, çünki dövlət adamıdı, Düysexan dilləndi.
-Aallah şahiddi! Mən hardan bilim axı? – Ötegen and içdi. – Mən heç nə bilmirəm.
-Bəlkə siz də heç nə bilmirsiniz? Bəlkə onun Xalq Daxili İşlər Komissarlığının rayon şöbəsində necə xidmət elədiyini, həmişə tapançayla gəzdiyini unutmuşunuz? – Düysexan hirsləndi, yenidən üzünü Ötegenə tutdu. – Bura bax, siz onda fikirləşirdiniz ki, qocanın axırına çıxdınız, məsələ də bitdi? Yo-ox, böyük hacının ruhu hələ də bu vadilərdə gecə qaplanın kölgəsi kimi sərgərdan dolaşır...
İncimiş Ötegen qalxdı, dodaqlarını bir-birinə sıxıb qaranlığa doğru addımladı. Qocalar gülümsəyirdilər. Onda bu cür SÖHBƏTLƏR eləməkdən nəyə görə qorxmadıqlarını indi də başa düşmürəm. Yoxsa... yoxsa dağların hər şeyi yaddaşından siləcəyinə ümid bəsləyirdilər?
Başımı babamın dizləri üstünə qoyub yuxuya getdim. Yuxumda qorxunc dağ qaplanının dəhşətli kölgəsini gördüm. O kölgə başımın üstündən asılmışdı, elə hey mənə yaxınlaşırdı.
-Qorxma, məndən qorxma, - qəfildən kölgə insan səsilə dilləndi. - - Sizdən ötrü çətin olacaq, balaca, amma dözməlisiniz. Yadında saxla, hər şeyi yadında saxla, bala! Yadında saxla, yadında saxla, yadında saxla! Çünki, elə bir vaxt gəlib çatacaq, o yadddaşındakılar səni gördüklərin barədə həqiqəti dünyaya car çəkməyə məcbur eləyəcək...
Onun gözlərindən yaşıltəhər qığılcımlar saçılırdı, qaplan qabaq pəncəsini çiynimə vurdu. Bir an sonra onun kölgəsi yoxa çıxdı.
Oyananda səhərin sərin havasından büzüşə-büzüşə ovcumla çiynimi ovxalamağa başladım, qəfildən sol əlimdə təzə və uzun cızıqlar gördüm. “Qaplan! Bu onun caynaqlarının izidi! – Beynimdən keçirdim. – Amma bu necə ola bilər, necə ola bilər? Axı ə, əslində yox idi. Axı mən yatmışdım, indicə oyanmışam. Bu necə ola bilər, necə ola bilər?..”
Günəş çıxanda dağlarda hərbçilər peyda oldular.
-Onlar hardan çıxdılar? – Babam təəccübləndi.
Günəş doğanda dağlarda hərbçilər peyda oldular.
-Bunlar hardan çıxdılar, - babam təəccübləndi.
-Doğrudan da elə bil yerin altından çıxdılar, - Arxam baba qorxmuş halda dilləndi.
Hərbçilər bizə tərəf gəldilər, onlardan biri, yəqin ki, başçıları dedi:
-Yarım saatdan sonra hər şey başlayacaq. Partlayış vaxtı adyalları üstünüzə örtüb əmr verilənəcən yerinizdən qalxmamalısınız. Ocaqları dərhal söndürmək lazımdı.
Əsgərlər artıq ocaqların üstünə su tökməyə başlamışdılar. Səhərin məsum sükutuna qısa, aydın əmrlər qarışırdı. Adamlar adyalları açmağa, dəstə-dəstə bir yerə yığışmağa, yerlərini rahatlamağa girişdilər. Kenje mənimlə nənəmin arasında uzanmışdı. Onun zərif sifətinin qanı qaçmış, geniş açılmış gözlərində qorxu donub qalmışdı, uzun kirpikləri zorla tərpənirdi. Babam pıçıltıyla dua oxuyurdu... Nənəm güclə başımı bürüməyə çalışırdı. Mən çırpınıb əlindən çıxırdım. Qarı acıqlanırdı.
Hərbçilər daha da tələsməyə başladılar. Onların gərgin, xırıltılı səslərini eşitdim. Qəfildən başçıları cır səslə qışqırdı:
-Diqqət! Diqqət! Hamı uzansın! Tərpənməyin!..
Sonra Yer asta-asta silkələndi. Mənə elə gəldi ki, torpaq bizə layla çalan əbədi beşikdi. Amma qəfildən Yer titrədi, bizə - ayaqlarımıza, sinəmizə, sifətimizə - aşağıdan ağlagəlməz zərbələr endirməyə başladı; anamın qolları boşaldı, torpaq vəhşi at kimi şahə qalxdı; çöllər, dağlar az qala uçulub dağılacaqdılar. Adyalın altından başımı çıxarıb gördüm ki, nəhəng bir göbələk səmanı doldurdu, odlu həlqələr ağlagəlməz dərəcədə çoşqun rənglər əmələ gətirdi. Qorxu və heyrət bir anda qəlbimi bürüdü, belə şeyi heç dəhşət dolu yuxumda da görə bilməzdim. Dağlar inildəyir, iri daşlar gurultu sala-sala aşağı yuvarlanır, ağaclar cırıldaya-cırıldaya əyilirdilər, bu cəhənnəm səsləri içində də qəfildən başqa bir səs – ağlartıya oxşayan ümidsizliklər dolu, qulaqları cırmaqlayan səs – eşidildi... İndiyəcən həmin qorxunc səsi necə adlandırmaq lazım gəldiyini bilmirəm. Ağ donlu balaca bir qız yumalanan daşlardan yayına-yayına qaçırdı. Adyalın altından çıxıb ayağa necə qalxdığımı heç özüm də hiss eləmədim, ayaq üstdə quruyub qalmış halda onun arxasınca baxırdım. Odlu göbələk ağır-ağır qalxır, parlaq parıltılar gözlərimi qamaşdırır, balaca bir qız yırğalanan torpağı üstüylə, Allah bilir, harasa qaçırdı. Donub qalmışdım, neyləməli olduğumu bilmirdim. Onun qışqırtısı qulaqlarımı deşirdi. Bəlkə heç qışqırtı-filan yox idi? Bəlkə səssiz-səmirsiz ağzını açır, çölə yox, dağlara sarı qaçırdı, daşlar da ondan yan keçirdilər?
“O, məhv olacaq, onu xilas eləmək lazımdı, onun dalınca qaçmaq lazımdı, ona çatmaq lazımdı, - fikirləşib qışqırdım. – Kenje!.. Kenje!.. Kenje!..”
Qızın arxasınca cumdum, qəfildən ağlıma gəldi: yəqin dəli olub! Gözlənilməz fikirdən sarsılmış halda ayağım daşa ilişdi, yıxıldım. Həmin məqamda bir daş üstündən ötüb keçdi, dərk elədim ki, məni Allah saxlayıb. Kenje dəli olub, Kenje dəli olub... Qıza yaxınlaşırdım. Onun çəlimsiz çiyinləri əsirdi, qız ağlaya-ağlaya qaçır, indi ürəkparçalayan fəryadını aydın eşidirdim:
-A-a-a!
Qəfildən ətraf yenidən partlayışlarla işıqlandı. Kenjeni haqladım, yerə yıxıldıq. Ağır çəkmələrin tappıltısı yaxınlaşırdı, geri çevrilməyə macal tapmadım, üzərimizə ağır adyal örtdülər. Kobud səs eşitdim:
-Uzanın! Qalxmayın!
Kenje əlimi yüngülcə sıxdı.
-Qorxma, - ona pıçıldadım.
Amma qız cavab vermədi. Onun nəm barmaqlarının təmasını bəyəm, unutmaq olar?..
Yer yenə, indi daha şiddətlə silkələndi, elə bil, özündən gedən kimi çırpınırdı, ürəyim də elə hey aşağı-yuxarı vurnuxurdu, qanım donmuşdu. Henjeni unutdum, dünyadakı hər şey yadımdan çıxdı, dərk elədim ki, dünya üstümə uçub tökülüb, indi onun dağıntıları altında məhv olacağam. Yalnız özüm barədə düşünürdüm, ölüm əlində ovxarlı balta başımın üstündə dayanmışdı, baltanın ağzı mənim uşaq boynuma enəcəkdi, anlaşılmaz sayrışma içində Kenjenin əlinin necə soyuduğunu duya-duya şüurumu itirirdim. “O, öldü”, - düşünməyə macal tapdım, çünki tutqunlaşmış şüurum geri qayıdırdı. Adyalın altında, zil qaranlıqda ölmüş Kenjenin yanında yüngülcə əsir, soyuq tərə batırdım. Uşaq qəlbimlə qəfildən dərk elədim ki, bu balaca, xəstəhal qıza vurulmuşdum. Kenjenin sifətinə yaxınlaşmaq, onu ilk və son dəfə öpmək üçün qımıldadım.
-Qımıldama! Sakit uzan! – Bayaqkı qorxunc səsi eşitdim.
Amma hər halda bir həmlədə ona yaxınlaşmağa, deyəsən, alnından öpməyə macal tapdım. Mənə yenə qışqırdılar, amma səs küt idi, başa düşdüm ki, o səsin sahibi də adyalın altındadı. Mənə elə gəlirdi ki, dünyanın sonu çatıb.
Tərcümə:
Nəriman Əbdülrəhmanlı