manera.az
manera.az

“AzTV arzuladığım məkandır, çünki...” – MÜSAHİBƏ /MANERA

📅 30.07.2016 15:30

“AzTV arzuladığım məkandır, çünki...” – MÜSAHİBƏ  /MANERA
Jurnalistika və yazıçılıq. Ədəbiyyat aləmində bu mövzu dəfələrlə müzakirə olunub və hələ də davam etməkdədir. Hətta Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesə bu haqda verilən sual və o suala cavab da müzakirələri səngitmədi. Markes demişdi ki, jurnalist yazıçı ola bilər.

Manera.az olaraq bu haqda jurnalist-yazıçılarla müzakirələri təqdim edəcəyik. İlk həmsöhbətim yazıçı-jurnalist Azər Qismətdir.


-Azər bəy, mövzu aktualdırmı?

-Çox aktualdır.

-Siz jurnalistsiz....

-Telejurnalist.

- Niyə fərqə belə tez reaksiya verdiz?

-Jurnalist ruslar demişkən “bla-bla-bla” edə bilər, telejurnalist isə sözlərində müxtəsərdir.

-Nə mənada?

-Az söz yazır. Qalanlarına kadrlar təkan verir. Hətta on dəqiqəlik reportajda bircə söz də işlətmək olar. Təcrübəmdə belə reportaj olub. Əgər kadrlar mövzunu kifayət qədər əhatə edirsə artıq sözlərə ehtiyac yoxdur. Bəzən özəl telekanalların efirlərində tez-tez belə halla rastlaşıram. Jurnalist hadisə yerində standap edir və qışqıra-qışqıra deyir: “Hörmətli tamaşaçılar, gördüyünüz kimi arxada ev yanır”. (gülür). Tamaşaçı bunu aydın şəkildə görürsə əlavə sözlərin yeri yoxdur.

- Telejurnalistikada az söz yazmaq tənbəlliyin əlaməti deyil ki?

-Bu peşəmizin qanunauyğunluğudur. Tamaşaçı çox söz xoşlamır. Özü də burda söhbət müasir tamaşaçıdan gedir. Televiziya qəzetçilik deyir ki, efiri söz yığnağı ilə doldurasan. Çox təəssüf ki, son illər Azərbaycan telejurnalistikasında belə hallarla tez-tez qarşılaşmalı oluruq. Əlbəttə, tamaşaçı peşəmizin incəliyini çox da bilmir, buna görə onları qınamaq da lazım deyil, amma əsl televiziyaçılar yaxşı görür ki, ekranda qəzet məqalələri toplusu artıb.

-Siz bir jurnalist kimi ədəbi əsərlər yazanda çoxmu əziyyət çəkirsiniz?

-Çox əziyyət çəkirəm. Jurnalistika, xüsusən telejurnalistika dili konkretliyi ilə seçildiyindən, ədəbi yaradıcılıqda çox söz ifadə etmək olmur. Bəzən hansısa hekayədə qəhrəmanın obrazının, hər hansı mühütin geniş təsviri ortaya çıxanda çətinlik yaranır. Əgər fikir versəniz görərsiniz ki, mənim hekayələrimdə süjet xəttinə daha çox fikir verilir, nəinki obrazların geniş təqdimatına. Heç bəzən soz oyunlarına da rast gəlməzsiniz. Son vaxtlar dəbə düşən aforizmli ədəbi əsərlər də yazmıram. Yəni, sözlə oynamaq üçün ədəbi təxəyyülü işə salmağa ehtiyac duymuram.

-Duymursuz, yoxsa çatmır?

-Təxəyyül çatır. Bir əsərin üzərində işləyib təxəyyülü işə salmaq olar. Sadəcə, jurnalistika dili imkan vermir. Hardasa 3 gün əvvəl bir hekayəyə başlamaq istədim, qəşəng süjet xətti vardı. Əsərin qəhrəmanı Mərdan kişi kəndin naxırçısı olur. Oturub yazırdım, birdən ayıldım. Baxıb gördüm ki, cümləni belə yazmışam: “Mərdan kişinin sözlərinə görə...”. (gülür). Sən demə, bir hekayə yox, məqalə yazmışam. Vərəqi çırıb tulladım. Əsas şərt ondan ibarətdir ki, beyni iki hissəyə bölməlisən: jurnalistika və ədəbiyyat. Bax, budur əziyyət.

-Ədəbiyyat və telejurnalistika. Sizə elə gəlmirmi ki, ədəbiyyatda telejurnalistika dilini tətbiq edəndə də ortaya maraqlı əsərlər çıxa bilər. Axı, özünüz dediniz ki, tamaşaçı çox sözdən qaçır. Belə olan surətdə nədən narazısınız ki?

-Əslində, müasir oxucunun tezbazar zövqünə uyğun əsər yazıla bilər. Lakin bəzən elə əsərlər tam dolğunluğu ilə seçilmir. Bir hekayədə bir dünya vermək olar. Buninin “Madriddə” adlı bir hekayəsi var. Bu günlərdə oxudum. Təsəvvür edin ki, 4 səhifəlik hekayədə 4 roman mövzusu var. İnsan necə dahi ola bilər ki, romanlıq hekayə yazsın. Avtandil Çuladze kimi bir cümləni 10 səhifəyə qədər uzatmaq da olar. İstənilən halda beyin ədəbi düşüncələrlə köklənməlidir. Rahat və sakit beyin, yazdığın mühit.

-Mühüt normal deyil ki? AzTV-də yazmağı nəzərdə tutursunuz?

-Xeyr, mühit deyəndə dağlar qoynunu, Parisi, Meksikanı, doğulduğum Sabirabadın arx başını, Alp dağlarını nəzərdə tuturam. İş yerimdə ədəbi yaradıcılıqla yox, öz işimin icrasına çalışıram. İşə vaxtında gəlirəm, vaxtında çıxıram, verilən tapşırığı yerinə yetirirəm. Evdə isə yaradıcılıqla məşğul oluram, əlbəttə ki, yorğun olmasam. İş yeri işləmək üçündür. O ki qaldı AzTV-yə...Ora yaradıcılıq mühiti mövcuddur və həmişə arzuladığım məkan olub. Yaradıcılıq, peşəkar insanlar, maddi-texniki bazanın güclü olması. Bütün bunlar yoxluğu, əlbəttə çətinlik yaradardı. 2006-cı ildə ora işə düzələndə tavanlar damırdı, daman yerlərin altına vedrələr qoyulurdu, hər tərəfdən kif iyi gəlirdi. Reportaj etmək üçün gedib distansiyalı mikrofon istəyirdin, yoxdur. Normal kamera istəyirdin, yoxdur. Normal montaj otağı istəyirdin, yoxdur. Montaj stollarının düymələri sınıq-salxaq vəziyyətdə idi. Həvəslə otururdun ki, nəsə maraqlı bir material ərsəyə gətirəsən, həvəsin sönürdü. Arxivdən normal kadrlar istəyirdin, yoxdur. Bir sözlə əvvəlcə ora getməyimə peşman olmuşdum. Çünki insan işləyib yaradıcılığını ortaya qoymaq üçün normal şərait istəyir. Az müddət keçəndən sonra AzTV-nin sədri Arif Alışanovun sayəsində əməlli-başlı quruculuq işlərinə start verildi. Əlavə korpus tikildi, dünya standartlarına uyğun avadanlıqlar gətirilib quraşdırıldı, verilişlərin keyfiyyəti artdı, lisenziyalı kinofilmlər alınıb efirə verildi, dünyaca məşhur layihələr elə AzTV-də hazırlandı. Çünki televiziyaya peşəkar gəlmişdi. Arif Alışanov peşəkar kadrdır və onunla işləmək çox rahatdır, işləyən adamlara yüksək dəyər verir, həm də yaxşı şərait yaradır. O həm də yüksək idarəetmə qabiliyyətinə malikdir.

-Təkcə idarəetmə qabiliyyəti istənilən müəssisəyə rəhbərlik etməyə kifayətdirmi?

-Əlbəttə. Müasir dünyada idarəetmə və təşkilatçılıq qabiliyyəti yüksək olan insanlara böyük önəm verilir. İnsan yaradıcı ola bilər, amma neçəminlik kollektivi idarə etmək onun işi deyil axı?! O bunu bacarmaz. İdarəetmə ayrıca elmdir. Bəzən 3-4 adama nəzarət etmək olmur. Misal çəkim. ORT-nin icraçı direktoru Konstantin Ernstin nə vaxtsa hansısa süjetini izləmisiz? Bu mümkün deyil. Amma çoxminli kollektivə rəhbərlik edir və idarəçilik qabiliyyətinə görə əməkdaşların hörmətini qazanıb. Yaxud, NTV-nin rəhbəri olmuş Qusinskinin hər hansı reportajını izləmisinizmi? O da mümkün deyil. Lakin özünəməxsus telekanal yaradıb və reytinqdə irəlidədir. Arif Alışanov da məhz idarəçilik və təşkilatçılıq qabiliyyətinə görə hörmət qazanıb. Bəzən telejurnalistikanın elə incə sahələrindən söhbət salır ki, bunun müasir dünya praktikasında yenicə təşəkkül tapdığını görürsən. Deməli, bu insan bütün bunları izləyir, gedən prosesdən xəbərdardır. Nəinki xəbərdardır, hətta tövsiyələrini də verir. Mən öz işimdə peşəkaram. Peşəkarın peşəkarla işləməsi tamam başqadır. Necə deyərlər, hər ikisi bir-birini yaxşı anlayır. O nöqteyi- nəzərdən yaradıcı insan üçün mühitin vacibliyi əsasdır.

-Söhbətimizin ümumi konteksindən belə nəticə çıxardım ki, jurnalistikanın ədəbiyyatın yanında dəyəri yoxmuş?!

-Jurnalistikanın ədəbiyyatın yanında o cəhətdən dəyəri var ki, o yazıçının bazasını nümayiş etdirir. Jurnalistika hər gün müxtəlif insanlarla görüş deməkdir, həyatın reallıqlarını görməkdir, mövzu seçiminin zənginliyidir. Bəzən bir yazıçının ay ərzində beyninə 2-3 ideya gəlirsə, jurnalistin ağlına həmin dövrdə 10-15 ideya gəlir. Çünki o, romantik əsər yazmaq üçün yağış damlalarının süzüldüyü pəncərə qarşısında oturmur. O, ayaqdadır və gündəlik həyatda neçə-neçə insan taleyini və yaşantılarını görür. Sadəcə, sarı siminə toxunanı qələmə alır. Ümumilikdə isə jurnalistika dili ilə ədəbi dil tutuşmur. Bunu bacaran insana afərin deyirəm!

Söhbətləşdi: Şəhla Aslan,
MANERA.AZ



Baxış sayı - 2 401 | Yüklənmə tarixi: 30.07.2016 15:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031