...Nə yaxşı ki, zaman intervalı ədəbi çevrəyə yaxın düşən beş-on yazıçımız var!
Etiraf edilməlidir ki, son on illər nəsr özünün ədəbi aspektlərini müəyyən etməkdə çətinliklərlə üz-üzə qalır. Və ümumiyyətlə, yaşadığımız əsrin nəsr müstəvisi səmimi deyək, məzmunsuz, baş-ayaq ibarəli cümlə yığını ilə «çəpərlənib». Nə baş verirsə, bugünün xeyli sayda yazıçısı sadəcə irihəcmli yazı yazmaq marağı güdür; roman, povest və hekayə janr etibarilə vizual görünüşə çəkir, oxucuya təqdim edilənlər də adi baxışsığallama kəsb edir. Söz yox, ara-sıra xəyalyaratma israrlı nəsr yazılarına da rast gəlirik, lakin onlar da nəsrin ədəbi aspektlərini dürüst məntiqə kökləyə bilmir. Bəlkə də buna görə bədii təfəkkür zaman-zaman yalançı hissi qavramalara ifrat aludəçilik yaradıb... Yəni son 30 ildir ədəbiyyatın üst qatlarında aldadıcı fikirlər cəmdir və istedadlarından yekə görünmək iddiasında olanlar bu «priyom»dan istifadədə əsl «usta»dırlar. Belə deyək, ədəbi ictimaiyyəti (çox faizdə) «yenilikçi söz xırdaçıları» əhatəyə alıb, buna görə yalançı hay-küy gerçək səssalmada bir heç təsiri verir... Bəli, «Ədəbiyyat bazarı» (bir daha deyək) məzmunsuz, epik yükü, ədəbi dili, bədii istiqaməti, süjet xətti olmayan cızmaqaralarla doludur. Qısası, oxucu zövqü korlanır...
...Nə yaxşı ki, zaman intervalı ədəbi çevrəyə yaxın düşən beş-on yazıçımız var! Və nə yaxşı ki, onların parlaq ədəbi istedadları sayəsində epik yönü yenilikçi ruha çəkmək olur... Fitrətli yazıçı Seyran Səxavətin, poeziyası da nəsri kimi işıqlı olan Zahid Sarıtorpağın, ideyaçı ədəbi rakursa meylli Natiq Məmmədlinin, mifik-ədəbi sistemdə israrçı mövqeyi ilə diqqət çəkən Vüsal Nurunun, ədəbi-ictimai səciyəsi ilə çoxlarından fərqlənən Şəhla Aslanın nəsrə müasir-yaradıcı baxışları ədəbiyyataxidmətin başlıca məğzləridir.
Fikrimizi mümkün ədəbi müdaxilə zəmini ilə isbata yetirməyə çalışaq:
Birmənalı deyək ki, Seyran Səxavətin ədəbi mükalimələrə qatılmaq, hər addımda uğurlu cəhdlərlə diqqət mərkəzinə düşmək imkanları var və o, bu müstəvidə yaradıcı meyllərini oxucu yaddaşına hopdurmağı ustalıqla bacarır. Onun təkcə «Qaçaqaç» romanının doğurduğu nəticəni ədəbi fakt kimi xarakterizə etmək kifayət edər ki, fikrimizin doğruluğuna inanmaq mümkün olsun.
Zahid Sarıtorpağın «Kül» romanı da bu israrçı iddiaya sahibdir. Müəllif həyat-zaman məğzlərinə qabarıq epik ruh verib, hadisələri obrazlı şəklə salıb. Romanda bədii dərkin epik təcəssümü müasir proyeksiyalıdır...
Natiq Məmmədlinin «Körpüdə ümid» romanı da insançı-ideyaçı xarakterlidir. Yazıçı ümidə çəkdiyi rəngi fizioloji çalar kimi deyil, həm də geriliyə cəhd kimi verib. Əslində, o, bu əsərdə kənd-şəhər mühiti arasında var-gəldə olan obrazlarının ictimai düşüncəsindəki mifik-fəlsəfi təzahürlərə fərqli enmə edib, keçici-dəyişən hisslərə səmt götürüb, yazıçı və obraz dilini müasir tempə sığışdırıb. Onun ümidəinandırma gücü, obrazlarına verdiyi həyat «iksiri» mifik keçidlə əlaqəlidir.
Vüsal Nurunun «Dorantağ» romanı isə zahiri mifik təsəvvürdə sürreal və real məqsədlərə qapı açır...
Və nəhayət, Şəhla Aslanın «Qudsal dönüş» povesti ona sınmaz-ağıllı iddiaya sahiblik şansı verir. Müəllif (gənc də olsa) ədəbi axarda yetkin baxışlara mümkün fikir qızdıra bilir. Onun ictimai-ədəbi xarakter kəsb edən bu əsəri dərketmə və eyham mücəssəməlidir. Əsərdə ağsaqqal-ağbirçək sözünə etiqad, düşüncədə çevriliş etməyə cəsarəttapma və s. obrazların kosmik əsrin ideyaçılarına çevrilmək gücünü artırır.
«Qaçaqaç»dakı cəmiyyət meylləri klassik-sistemli şəkildədir. Əsər süjet xəttində gerçək mühit, iç və çöl yanaşmaları sərgiləyir, müəllif hadisələri bütöv bir cığıra ötürməyi bacarır, özünün ədəbi müdaxilə etapına fəlsəfi-icitmai ovqat verir. Bu ovqatı Vüsalın «Dorantağ»ında və Şəhla xanımın «Qudsal dönüş»ündə də aydın görmək mümkündür. Hər üç əsərdə çəkici, məzmunlu hissi qavrama müasir keçidlidir, özlərində həyat üçün vacib elementlər saxlamaq gücləri var.
Natiq Məmmədlinin «Körpüdə ümid» romanında ovqat duyğu işığına bulaşmış şəkildə deyil, burada təhkiyəçi müdaxilə modern-ənənəçi fikrə mifik-gerçək yanaşma verir, yazıçı və obrazların həyat yükü bədii təfsiri ilə diqqət çəkir.
«Qudsal dönüş»dəki hikkəli inamaqapılma «Dorantağ»da da var, lakin Vüsal Nuru əsərin bu proyeksiyasını mifik zahirə çəkib, sürreal vəziyyət doğurub. Şəhla xanımın isə obraza verdiyi hikkə mühitə-cəmiyyətə motivasiyalı-düşündürücü yanaşmadır; bu kodeks özündə könüldaşlama zərurəti də birləşdirir - o mənada ki, baş obraz kənd mühitindən şəhərə varid olur, yaşantı anında nisgilədözmə faktı ilə üzləşir.
Natiq müəllimin «Körpüdə ümid» romanında da bədii çevrə kənd-şəhər məntiqidir, «Qudsal dönüş»dən fərqli olaraq burada əlavə cəhd obrazların mifik «gerçəklər»ə aludəçilikdən yaxa qurtara bilməmələridir. Hər iki əsərdə fikrə yaradıcı yanaşma, zəruri-effektiv hissəenmə, vizuallığa obrazlı görüntüvermə və s. müəlliflərin tətbiqinə çalışdıqları cəhdlərdir.
«Kül»ün də obrazlarla mükaliməsi aydın süjetlidir. Müəllif romançı qayəsi ilə bu auditoriyanın içindədir; aldadıcı xarakterlərlə təzahür edən ictimai səciyyələri fərdi yanaşmalarda daha inandırıcı şəklə salıb, fiziki və emosional imkanları dürüst məntiqlə aça bilib. Bu parametrdə «Qudsal dönüş»dəki həyat məziyyətləri kasıb fərdin həyat burulğanında daha aktiv şəkildə manevr edir. Əsərin əsas obrazı fərd (yaxud sosial qrup) olaraq (özü də hiss etmədən) öz mədəniyyətindən sıxışdırılıb çıxarılır - kənddə tapmalı olduğu vacib mümkünatı şəhərdə axtarmağa meyllənir və nəticədə yenə də həyat zəminini kənddə axtarmağa qərar verir.
«Qudsal dönüş»dəki qismən mənənsınmanı müəllif «Körpüdə ümid» romanındakı zəruri aspektlərə keçiddən bir qədər fərqli quruluşda verir. Onun obrazı sadəcə mümkün əzilmə anı yaşayır, ona təsir edən sıxıcı hallara şəhər mühitində könül alışdıra bilmədiyi üçün geriyə (qudsal) dönüş edir.
«Körpüdə ümid»in obrazlarında ruhən sınma var. Nə yaxşı ki, müəllif ruhən əzilən fərdlərin mənəvi dünyasına yaradıcı-gerçək və ideyaçı baxış sərgiləməklə onların hissi zərurətində problem doğurmur. Bu ədəbi situasiya əsərin hissi yüksəlməsinə xidmət edir.
«Qaçaqaç»da problemi qabartmaq hansısa xoşagəlməz zərurətlərdən boy verimr. Müəllif, bir növ, isbat etməyə müvəffəq olur ki, yanlış təsəvvürlərə əsaslanan ictimai cəhdlər həyat məntiqi kimi təcəlla etmir. Əslində, bu ideoloji çək-çevir əsərin süjet xəttini müəyyənetmə hesabıdır. Fikrən dağıdıcı insan faktoru romanın milli duyğularına ruhsal quruluş verir. Müəllif əsərin bədii təsir miqyaslarını böyüyən və artan həddə gətirməklə ictimai çək-çevirləri uyğun təfsirə uğradıb.
«Qudsal dönüş»ün mühit israrı çarpazdır; belə deyək, müəllif obrazına əzabın dadına baxmaq «şərəfi» verir, sonra da onun bu təsirdən çıxışına zəmin yaradır. Əsərə belə bir kontekstdən yanaşma onun ayıq, ehtiyatlı və yaradıcı yazıçı olmasına eyham vurur. Maraqlıdır ki, bu ədəbi proses Natiq müəllimin «Körpüdə ümid» romanında da öz kreativliyini qoruyub saxlayıb.
Xarakterlər məcmusu hesab etdiyimiz «Qaçaqaç»ın fəal tərəfi zamana etinasız və diqqətsiz halları xeyirxahlıqla tənqid-təşviq etməkdir. Adıçəkilən romanda əvvəlki illərin ənənəvi ovqatları, insan-mühit və tale seyrçiliyi də diqqəti xüsusilə çəkir. Təkcə bu cəhət deyil, əsərdəki sosial qayə, ictimai həssaslıq və bu zəmində ehtiva edən həyat reallığı da uyğun müzakirə obyektidir.
«Qudsal dönüş» kimi «Kül»ün də dinamik vəziyyəti modern ruhludur. Burada həyatabaxış da fərqlidir. Bu fərq «Körpüdə ümid» romanında da eyni məntiqlə səciyyələnir; müəllif gerilik gətirən müasir fəhmlərə gerçək fon verir, oxucu zənnetməsini bir növ, labirintə salır, onu ərzinə çatdırmaq istədiyi fikrin mahiyyətinə sövq edir. «Dorantağ»da bu kodeks daha mürəkkəb əhatəyə salınır, müəllif mifik xarakterləri (müəyyən mənada) həyat vəhşəti kimi xarakterizə edir, bu əks çevrilmədə dərin izharlara mübtəlalıq yaradır, əsərə mistik təbəddülatları gerçək mənada dərk etmək şansı qazandırır.
Obrazları müasir həyatın adamları olan «Qaçaqaç» bir əhatədə yox, geniş təsəvvürdə könül isidir. «Körpüdə ümid» və «Qudsal dönüş»ün də motivasiyası bu kontekstdədir. Lakin yaddaşa təsir gücü ədəbi-mifik komponentlərlə konsentrallaşan «Dorantağ» və inkişafın yeni fazası ilə təqdim edilən «Kül» romanları özlərinin normativ-dəyərini aşkar-izhar etməklə, həyatın sistem hüdudunda müxtəlif ictimai parametrlər müəyyənləşdirirlər. Bütün hallarda da müəllif çək-çevirləri nəsrin imkanları çərçivəsində manevrlər edir.
Maraqlı quruluşa malik «Qudsal dönüş» və «Körpüdə ümid» əsərlərində tale və həyat gedişatı oxşar və fərqli müstəvidədir. Müəlliflər hadisə və prosesləri həyat materialları əsasında səciyyələndirib, real zəminlər yaradıb və qələm nümunələrini epik normaya qaldıra biliblər.
Bəhs etdiyimiz əsərlərdə dil şirinliyi, fikir oynaqlığı, hətta mistika ənənələrinə müraciət, ayıq yazıçı baxışları nəsrin təzahür tiplərinə meyllidir; müəlliflər öz yanaşmalarında sadəcə qəlb rahatlığı axtarmayıblar, ədəbi qayədə ruha təsir edən gerçəkləri həyatın istinad yeri kimi göstərməyə müvəffəq olublar.
Əlbəttə, yuxarıda adlarını çəkdiyimiz əsərlərdə də tənqidə xas fraqmentlər təzahür edir. Lakin bu əsərlərin hər birinin oxucu yaddaşında ilişib qala bilmək gücləri var...
Hikmət Məlikzadə
MANERA.AZ