"Tənqidçilər əsnəyəndə ədəbiyyat mürgü vurur" - MANERA.AZ
![]()
MANERA.AZ Firuz Mustafanın “Buz üstə yazılmış sətirlər” kitabından sətirləri təqdim edir:
Yaddaş adama təkcə nələrisə yadda saxlamaq üçün yox, hərdən unutqanlıq üçün də lazım olur.
Adamların adını unudanda onların sifətləri, sifətlərini unudanda isə əməlləri gəlib dayanır gözümün önündə.
Əməlin sonu var, amalın isə sonu yoxdur.
Dördaayaqlılar kimi düşünən ikiayaqlıların sayı günbəgün artmaqdadır. Əslində baş olmayan yerdə ayaqların sayı nəyisə həll etmir.
Sifətinin sayı bilinmir. Maskasını hər gün dəyişir. Əslində heç sifəti də yoxdur.
Müqəddəs kitablara and içə-içə bütün müqəddəslərə tüpürüb.
Üzünün qırışlarında min illərin küfrü gizlənib.
Həyatın həddindən artıq ciddi və sərt olması məndə həmişə gülüş doğurur.
Ömür o qədər qısadır ki, qorxuram onun sonunu gözləməyə mənim ömrüm çatmasın.
Tikanlı yolların hamısı məbədə sarı gedir.
Arzularımın önündə həmişə qara çalarda qırmızı işıq yanıb.
Hər bir sakitliyin o biri üzündə bir çılğınlıq, bir dəlilik yaşayır.
Şərəf adama bir dəfə verilir, özü də şifrəli kodla. Onu itirəndən sonra kodun nömrəsi birdəfəlik pozulur.
Sən özünü heç də unudulmuş və tənha hesab etmə. Daim kredit borcunu ödəyib başa çatdırmadığın bankın yaddaşındasan.
Fasiləsiz məşq idmançıları, fasiləsiz ehtiyac isə dahiləri daim formada saxlayır.
Adam hərdən adamlar arasında yaşadığına şübhə edir.
Əvvəllər adamları necə danışmağından tanıyırdım, son vaxtlar nə cür susmağından tanıyıram.
Həsrətin və ayrılığın bütün rəngləri mənə tanışdır.
Sevdiyim insanların sevincinin ətrini uzaqdan duyuram.
Bu dünyada xəsislərin səxavətindən və əliaçıqlığından aldığım ləzzəti, başqa heç nədən ala bilmədim.
Mən bu dünyaya göz açan gündən özümü ölümə hazırlayıram.
Əbləhlərin düşünülməmiş ağıllı hərəkətləri sizin kimi məni də heyrətləndirir.
Nadanların müdrikliyi insanlara həmişə gözəl təsir bağışlayır.
Tiranların təbəssümündə bir uşaq sadəlövhlüyü görünür.
Mən bir daha, artıq mininci dəfə, əmin oldum ki, böyük sərvət sahibləri, əslində, olduqca miskin və kasıbdırlar.
Mən hamı kimi düşünmək istəyirəm, amma nədənsə, hamı mənim kimi düşünmək istəmir.
Bir daha anladım ki, böyük müharibələri kiçik adamlar başlayır.
Bu sərt, realist dünyanın idarə olunmasını bircə günlüyə də olsa romantiklərə həvalə etmək lazımdır.
Riyakar və paxıl, mahiyyətcə, bir medalın iki üzüdür; onların hər ikisi eyni dərəcədə alçaqdır. Amma biz, nə üçünsə, onların arasında hansısa bir fərq axtarırıq.
Çox zaman cəllad öz amansızlığını rəngli eynəklə gizlədir.
Zamanın rəngləri təkcə bizim üz-gözümüzü yox, ruhumuzu da “boyayır”.
Tarixin içindən bu günümüzə boylandım, hər yer səhraya dönüb; bəs görəsən o uca zirvələr hara qeyb olub; yoxsa onlar da zamanın oxlovu altda kündə kimi yayılıb?
İçimizdə cücərən arzuları pencər kimi biçdilər; onda hələ yaz gəlməmişdi.
Hər kəsin ömrü bir tamaşa. Amma tamaşaçı yoxdur; vəziyyət bu günkü əksər teatrlardakı kimi ağlamalıdır.
Xoşbəxtlik həmişə nəyəsə ehtiyac duymaqda və ya duymamaqda deyil. Xoşbəxtlik ehtiyacla daim dost olmaqdadır.
İndi sayıqlamalar vəhy kimi qəbul olunur.
Savaş qəhrəmanları sülh göyərçininin ölümünü gözləyir.
Böyük pauzalarda kiçik səhvlər buraxıla bilməz.
Tanrıya etirazını daim iblisləri tərifləməklə bildirir.
Hər sahədə yarımçıqdır; bütövlüyünü öz yarısında axtarır.
Tənqidçilər əsnəyəndə ədəbiyyat mürgü vurur.
Həyatının bütün mənasını tox mədədə görməkdən zövq alanlar bəzən İdraksızlar idrak adamlarını da öz günlərinə salmaq istəyirlər.
Əzrayıl gələndə qarderobun qapısını açıq qoymaq lazımdır: bəlkə kostyumlardan birini bəyənib əyninə geydi.
Gör çevrəndə necə istedadlı insanlar var. Hamısı da səxavətli, ürəyi təpərli, başı dolu; təkcə cibləri boşdur.
Yol gedəndə ayağının altına baxma: əzdiyin gülləri görüb ağlayarsan.
Bəzən dərd adama ən yaxın dostdan da əziz olur.
Ürəyim dərdlərimin muzeyidir. Sən də bu yandan orada bir eksponat asmaq istəyirsən.
Şöhrət sabun köpüyüdür. Bəzən orada, o köpüyün içində, boğulanlar da olur.
Şöhrətpərəstliyin bir başında Neron, o biri başında Don Kixot dayanır.
Şöhrət demişkən, indi az qala hamı özünü dahi sanır; amma bütün dahilər, adətən, qəbiristanlıqda olur. Siz dahi olmağa tələsməyin, yaşamağa tələsin.
Özümə doğru uzanan yola çəpər çəkiblər, öz əlim özümə çatmır.
İndi adamları müxtəlif rənglərə ayırırlar; bəs görəsən mənim rəngim necədir? “Sən şəffaf adamsan”. Bu sözləri dünən mənə içınə zülmət çökmüş birisi dedi.
Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Əgər unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.
Maddi nemətlərin acı olanlar mənəviyyatı ələ salar.
Son zamanlar mənim qələmə aldığım əsərlərin əksəriyyəti bir cümlədən ibarət olur; axı iri həcmli əsərlərin çapı üçün həm də iri həcmli vəsait tələb olunur.
İndi özü əsər yazanları özünə əsər yazdıranlar əvəz etməkdədir.
Fahişələr əxlaq dərsi, alçaqlar ucalıq dərsi verəndə adam özünü buludlardan asmaq istəyir; tərs kimi buludlar da kəndiri möhkəm saxlamır.
Susmaq faydalıdır, ya danışmaq? Heç biri. Eşitməmək daha yaxşıdır.
Görəsən nartsizm xəstəliyini cüzəm əvəz edəndə komediya yazmaq lazımdır, ya faciə?
Həmişə üzdə olmaq istəyir, amma üzü üzlər görüb.
Şöhrəti istedadını üstələyib.
Özünü gözə soxurdu, gözə gəldi.
Başı sərxoşluqdan açılanda eşitdi ki, içində ayıq bir adam hıçqırır.
Tarixə düşmək istəyirdi, arxivə düşdü.
Naqqal olduğuna görə tənhalıq da ondan kənarda gəzir.
Təkəbbürlüdür. Amma bu təkəbbür içi boş sabun köpüyünü xatırladır; bircə o köpüyü üfürən yoxdur.
Sevgi həmişə gül-çiçəklə birgə gəlmir ki; o çiçəklərdə tikanlar da olur və həmin tikanları heç də hamı görə bilmir.
Ölüm-insanla təbiətin təntənəli və əbədi harmoniyası.
Biz yalnız sevdiklərimizlə ölüm-dirim savaşına qalxırıq; nifrət etdiklərimizlə sadəcə əylənə bilərik.
Arzularını hər yoldan keçənə satma. Qoy xərcləmək üçün özünə də bir şey qalsın.
O, öz evinizdə görmədiyini nədənsə həmişə qonşuda axtarır.
Şərt çoxu pis bilməkdə deyil, azı yaxşı bilməkdədir.
Adamlar adətən düz danışana əhəmiyyət verməsələr də, yalan danışana xüsusi diqqətlə qulaq asırlar.
Ayaq üstə qalxmaq istəyəni dizi üstə çökdürməkdən həzz alanlar daim məğlubiyyət qorxusu ilə yaşayırlar.
Bağışlamaq-böyüklük əlamətidir. Kiçiklər bunu anlamazlar; əgər anlasaydılar onlar da böyük olardılar.
Arzularım yağış altda yuyunub təzələnmək istəyir; göydən çirkli yağışlar yağır.
Biz səninlə qohum deyilik. Amma ürəklərimiz bir-birilə tarixən qohumdur.
Vəzifədə olanda admların dostluğu müvəqqəti olir. Daimi dostluq vəzifədən çıxandan sonra başlayır.
Gözlərimiz-arzularımızın vitrinidir.
O, sənin bədənini, mənsə ruhunu sevdim.
Görüşümə çıxanda baharı əyninə geyib gələrsən.
O yaz yağışlarından sonra sənin ürəyindəki arzular da çiçək açdı.
Gördü ki, başqaları onu semir, özü də özünə nifrət etməyə başladı.
Sən bu düşüncələrinlə hamıdan ağıllısan, hətta, özündən də.
Özü hamıya nifrət edir, amma hamıdan özünə sevgi umur.
İlk sevgi ilə son sevgi arasında iri bir defis işarəsi (-) qoymaq kifayətdir; bu, bir növ insanın doğuluşu ilə ölüm tarixi arasındakı işarəyə bənzəməlidir.
Başqalarını sevməyə sənin vaxtın yoxdur, bu yandan da zaman ox kimi uçub gedir.
Kədəri də, sevinci də çoxluq arasında, özü də heç hürküb-çəkinmədən, açıq-aşkar şəkildə bölüşmək olar. Təkcə sevgini iki nəfər arasında, özü də sakit-səssiz bölüşmək lazımdır.
Özünün özündən ala biləcəklərini heç vaxt öz ətrafındakılardan ala bilməyəcəksən.
Güclülər tənha olur. Zəiflər sürü içində güclü olur.
Hər gün əzrayıldan tapşırıq alır.
Çox vaxt xeyir gətirən fikrin yox, ziyan gətirən sözün təəssübünü çəkirik.
Evdə əl-ayağa dolaşan kişini, günlərin bir günü arvad zərərli tullantı kimi qapıdan çölə atdı.
Dahi kütlənin fikrinə necə reaksiya verə bilər?.. Axı kütə dahi deyil.
Dodaqlarımızdan əvvəl ürəklərimiz öpüşdü.
Əmin ola bilərsiniz: eşitmədiyimiz fikirlər eşitdiklərimizdən daha gərəkli, faydalı, qiymətli və uzunömürlüdür; əlyazmalar az yaşayır. Bəlkə də elə buna görə, rəhmətlik Platon şifahi nitqin yaziya köçürülməsini, müəyyən kanonlara tabe olunmasını, az qala insanın qəfəsə salınması qədər faciəvi hesab edirdi. Yazı söhbəti öldürür, bəlkə də əksinə.
“Yazı” sözü mənə bir az da “yazıq” sözünü xatırladır. Amma orası da var ki, “yazı” həm də özündə genişliyi, çöli-biyabanı ehtiva edir. Məsələn: “Qarayazı”.
Düşünə bilməyənlər danışanda, danışa bilməyənlərsə düşünəndə həyat ölümdən kredit istəyir.
Yuxun gəlməyəndə dərdini həb kimi iç.
Adam tullantılarının sayı həndəsi silsilə ilə artmaqdadır.
Ovcumun içi dünyanın siyasi xəritəsinə bənzəyir.
Ürəyimə icazəsiz-filansız daxil olmaq istəyir. Özü də tüklü qış kürkü ilə.
Əllərim üşümür. Üşüyən sözlərimdir.
Kişi qadının ağlına, qadınsa kişinin səfehliyinə göz yumanda ailədə “anlaşma” yaranır.
Əldə etmək istədiyin şeylərə pul yox, ömür xərcləməli olursan.
Qorxaqlığını bildirmək üçün də özündə bir cəsarət tapmalısan.
Adamların səs-küyündənsə təbiətin sükutuna qulaq asmaq faydalıdır.
Sənə paxılıq edirlərsə, deməli, sən üstünsən.
Çalış emosiyalarından xilas olma; yoxsa sənin öz evindəki şkafdan bir fərqin olmayacaq.
Həyatına daxil olanlar kimi həyatından çıxıb gedənlərin də onun həyatında bir izi qalmadı.
Onun sadəliyi mürəkkəbliyindədir.
Dünyaya birinci gələn insanı “Adam” adlandırıblar. Amma nədənsə aradan keçən bu müddət ərzində insanların çoxu adam olmayıb.
İllərdir ki, sonuncu hazırlıq işlərinə sonuncu dəfə hazırlıq işləri görülür.
Həyatın başa çatması üçün gərək əvvəlcə həyatda yaşamağa başlayasan.
İndi işıldaböcəklərdən “ulduz” düzəltmək bir dəb olub.
Hərdən düşünürəm ki, ömür də bir “kartdır”. Baxır o kartı kim oynayır, daha doğrusu kim “sıxır”.
Nəyisə etməyi öyrənməzdən əvvəl, nəyi etməməyi öyrənmək lazımdır.
Xəyanəti bağışlamaq olsa da, unutmaq olmur.
Uşaqların yox, özünüzün tərbiyənizlə məşğul olun. Onsuz da bütün uşaqlar valideynlərini yamsılayırlar.
Qocalanda sevməmək mümkündür, sevəndə isə qocalmaq qeyri-mümkün.
Gözəl olmaq üçün bəlkə də sevilməyə ehtiyac var. Sevilmək üçünsə gözəl olmağa ehtiyac yoxdur.
Həyatın səni dəyişməyini gözləmə, çalış ki, həyatı sən özün dəyişəsən.
Ən böyük günah-özünü bu günahla dolu dünyada daim günahsız hesab etmək.
Mənə tarixdən yox, öz həyatından sitat gətir: hər adam özü boyda bir tarixdir.
Əşyalara bağlı olan adamlar dünyanın ən bədbəxt varlığıdır. Belələri əşyalar məhv olandan sonra nə edəcəklərini anlamırlar.
Az bilənlər danışır, çox bilənlər susur. Əslində həmişə belə olub: boş çəlləyin hay-küyü çox olar.
Həqiqət yolunda canından keçməyə hazır olan ateist, yalana qulluq edən dindardan Allaha daha yaxındır.
Tanrı ətəyində namaz qılsan da şeytana dua edirsən; bu xəbəri mənə küləklər gətirir.
Tanrım, mənə kömək et, çayları tərsinə üzüm. Çayların axarı ilə üzənlərin çoxu tərs bəndələrindir.
Mən çoxdandır ki, buz kimi soyuq adamların arasında yaşayıram; bu adamlar günlərin bir günü bu dünyada buz kimi əriyib yox olacaqlar.
Mən son vaxtlar öz yazılarımı buz üstə həkk edirəm; bu, bəlkə də əbədi buzlaqlardır, Antarktidadır. Deyirlər, orada buz(laq)lar ərimir.
Hə, yadıma düşdü, mən öz yazılarımı sklerozlar üçün qələmə alıram; axı bir zaman demişdim: yaddaş bizə həm də unutqanlıq üçün lazımdır.
MANERA.AZ