Azərbaycanda komediyalar dönəmidir... - MÜSAHİBƏ
![]()
Hər bir filmin ərsəyə gəlməsi böyük bir məsuliyyət həm də maraqlı bir ekran işi deməkdir. İllah da ki, bu proses yeni bir duyum, fikir və maraq gətirdikdə. Xüsusən də bildikdə ki, ekran işinin ərsəyə gəlməsində əsasən də qeyri-peşəkarlar cəmlənib və bu onların ilk debütü olacaq, bax o zaman maraq daha da artır. Film çəkilişi üçün məkan və ekran anlayışı olmayan gənclərin bir araya toplanıb bu məsuliyyəti öz üzərilərinə götürmələri isə başqa bir aləmdir. Gəncədə ssenari müəllifi və rejissoru olan Elnur Axundovun rəhbərliyi ilə “ 11 B Bilik günü ” adlı komediya janrında 90 dəqiqəlik filmin çəkilişlərinə başlanılıb. Elə həmsöhbətim də filmin ssenari müəllifi və rejissoru Elnur Axundovdur.
- Uzun illərdir ki, Gəncədə film çəkilişləri sərbəst olaraq həyata keçirilmirdi. Bu sizin tərəfinizdən olan ilk addımdır. Necə oldu ki, məhz Gəncədə film çəkilişi qərarına gəldiniz? İstərdim bu barədə danışaq.
- Gəncədə mərkəzi prodakşınlar və ya kinostudiya gəlib də, dəfələrlə çəkilişlər edib də. Amma, sırf Gəncənin özündə film istehsalı olmayıb heç vaxt və bu baxımdan bizim bir başa peşəkar ekran üçün hazırladığımız ilk filmdir. Biz əslində Apalon prodakşın olaraq və filmin komandası bunu çoxdan fikirləşirdik, planlaşdırırdıq. Qismət indiyə imiş. Ona görə indi başladıq. Əlverişli şərait yarandı. Normal ssenari və aktyor heyətimiz var. Necə olacağı isə qismət.
- 11-ci sinif şagirdlərinin həyatından bəhs edən 90 dəqiqəlik komediya janrında olan filmə əsasən gənclər cəlb olunublar. Bu gün bu gəncləri peşəkar kamera qarşısında işlətmək, ümumilikdə filmin ərsəyə gəlməsində hansısa çətinlikləri yaratmayacaq ?
- Əlbəttə ki, bu gün çətinliksiz heç bir iş başa gəlmir. Hər bir kənardan sadə görünən işin özünün çətinlikləri var. Bu baxımdan peşəkar aktyor heyətilə işləməyin öz çətinliyi varsa, uşaqlarla işləməyin də öz çətinliyi var. Bu çətinliklərin deyərdim ki, öz sualtı qayaları var. Biz çalışacağıq ki, bu çətinliklər ekranda hiss olunmasın. Əsas odur ki, tamaşaçı onu hiss edib görməsin.
Qeyd etməliyəm ki, orta məktəb mövzusuna dəfələrlə, sovet kinemotoqrafiyasında və eləcə də müstəqilliyimizdən sonra da Azərbaycan kinemotoqrafiyasında da müraciətlər olunub. Ancaq deməliyəm ki, bu formatda və intensivlikdə film çəkilməyib. İnanıram ki, bu Azərbaycan tamaşaçısı üçün bir eksperimental film olacaq. Hansı ki, Azərbaycan tamaşaçısı bu formata öyrəşməyib. Bu cür format Azərbaycan ekranında olmayıb. Buna görə bir az qeyri adi bir film gözlənilir.
- Qeyri adi format dedikdə nə nəzərdə tutulur?
- Burada söhbət filmin sırf texniki formatından getmir. Burada söhbət filmin necə təqdim olunmasından gedir ki, bu formatda Azərbaycanda film çəkilməyib. Azərbaycanda çəkilən filmləri mütəmadi olaraq hər birimiz izləyirik, baxırıq. Sadəcə olaraq bizim müraciət etdiyimiz formata heç kim müraciət etməyib. Digərlərindən fərqlənən bir formatdır. İnşallah ki, tamaşaçılarımız da baxarkən bunun şahidi olacaqlar.
- Janrlar içərisində faciə və komediya olduqca ağırdır. Çünki hər iki janrın xüsusiyyətlərinə görə burada göstərməklə yanaşı həm də hadisələri daha dolğun oynamaq lazımdır. Xarakter etibarı ilə obrazları daha dolğun təqdim etmək gərəkdir. Sizcə bu gün bunu təqdim etmək mümkün olacaqmı ?
- Ümumiyyətlə, deyərdim ki, dünya kinemotoqrafiyasının yaranmasından başlayaraq eləcə də başqa-başqa ölkələrin kinemotoqrafiyasının inkişaf mexanizmlərinə fikir versək bu kinemotoqrafiyalarda ilkin olaraq komediya ilə yaranıb. Deyərdim ki, bütün dövrlərdə də kinemotoqrafiyanın inkişafı komediya janrı ilə başlayıb. Həmişə ilk etabda komediyalar çəkilib. Bu baxımdan Azərbaycanda komediyalar dönəmidir. Bu cür dəyərələndirərdim. İkinci bir tərəfdən iki mövzu hər bir kəsin həyatında mövcuddur ki, bu mütləq şəkildə hər kəsin xatirələrində yaşayır və hər zaman da maraqlıdır. Bu əsgərlik və məktəb illərinin xatirəsidir. Bu xatirələri illər sonra xatırladıqca gülməyə bilmirsən. Biz sadəcə olaraq bu xatirələri ümumiləşdirib, onların özünə təqdim etmək istəyirik. Bununlada tamaşaçı zövqünü nəzərə alıb bu baxımdan komediya janrını seçmişik. Əlbətdə komediya janrında işləyən aktyorların spesifikası var və buna uyğun olaraq da iş tələb olunur.
Qeyd etməliyəm ki, bu gün filmə çəkilən gənclərin heç biri peşəkar aktyor deyil. Sözsüz ki, bu gəncləri bu spesifikaya yaxınlaşdırmaq lazım olacaq. Bunun üçün məhz 18 gündür ki, məşqlərimiz davam edir. İnanıram ki, komandamızın işi uğurlu alınacaq.
- Bir məsələ də xüsusi olaraq önəmlidir. Qeyd etdiyiniz kimi bu da filmə cəlb olunan gənclərin bu sahədə qeyri-peşəkar olmasıdır. Bu həm də deyərdim ki, yeni bir görüntü və baxışdır. Bu gün həm də bu gənclərin baxış prizması başqadır. Hətta deyərdim ki, çoxları kinonun mahiyyət etibarilə belə nə qədər ağır bir məhsul olduğunu bəlkə də dərk etmirlər və hiss etmirlər. Çəkiliş meydançasında bunları əldə etmək çətin olmayacaq ? ![]()
- Sözsüz ki, çətin olacaq. Deyim ki, biz məşq proseslərində bunun nə qədər çətin olduğunu artıq gördük. Necə? Kastinqlərdə iştirak etmək niyyətində olan hər bir oğlan mütləq Polad Ələmdar oynamağa gəlirdi. Niyyətləri ancaq baş rol oynamaq idi. Qızlar isə ancaq düşünürdülər ki, Hürrəm Sultan olacaqlar. Bununla da onlar sözün əsl mənasında kinemotoqrafiyanın nə olduğundan xəbərsiz olduqlarını təsdiqləmiş olurdular. Təbii ki, hər hansı bir film ancaq baş roldan ibarət deyil. Elə bu məqsədlə də biz onlara ilk növbədə kinemotoqrafiyanın nə olduğunu anlada biləcək bir seminarların keçilməsilə işlərimizə başladıq. Yalnız bundan sonra çəkiliş meydançası nədir, bu meydança neçə zonaya ayrılır və s. kimi detallara aydınlıq gətirdik. Ən əsası isə mənim üçün zəruri olan bir məsələni gənclər öz aralarında qəbul etdilər. Bu da onların kollektiv kimi birləşmələri idi. Biz bunu əldə edə bildik. Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim ki, bizim filmdə baş qəhrəman yoxdur. Əsas burada baş qəhrəman 11 B sinfinin özüdür. Əlbəttə ki, bu sinifdə yaxşılarda var, pislərdə. Bu sinif əslində ümumilikdə insanı ifadə edir. Yəni insanın yaxşı və pis cəhətləri olduğu kimi eləcə də 11 B sinfinin də yaxşı və pis xüsusiyyətləri var. Bütün bu sadalananlarla birlikdə bunlar bizim baş qəhrəmanımızdır. Əsasən bu kimi xüsusiyyətlər komediya janrı kimi bir qədər daha qabarıq formada kroteks olaraq filmdə öz təzahürünü tapacaq.
- Hər hansı bir filmin ərsəyə gəlməsində əsasən texniki heyət xüsusi əhəmiyyət daşıyır. Bu heyət sizi qane edirmi ?
- Maraqlı cəhət burasındadır ki, bu filmin çəkilişlərinə cəlb olunan texniki heyətin də əksəriyyətinin ilk debüt işidir. Ancaq buna baxmayaraq sınaq çəkilişləri zamanı bu heyət özünü təsdiqlədi. Bu da bir daha filmin rejissoru olaraq mənə çox böyük ümidlər verir. İnanıram ki, Gəncənin və eləcə də burada çalışan hər bir şəxsin ilk debüt işi olmasına baxmayaraq film uğurlu alınacaq. Burada operatorlar Vüsal Məhərrəmov, Anar İslam, Rəşad Əliyarov, Yusif Cəfərov, səs rejissoru Tofiq Axundov, montajçı Cəlil Balayev, musiqi və aranjiman müəllifi Xəyal Xəzrinin adlarını qeyd etməklə bir daha inanıram ki, bu şəxslər öz işinin peşəkarı olduqlarını ərsəyə gələn filmlə təsdiqləmiş olacaqlar. Xüsusi olaraq bu məqamda qeyd etmək istərdim ki, sauntrekt çox gözəl alınıb.
- Bildiyimiz qədər respublikanın xalq artistləri Pərvanə Qurbanova, Alim Məmmədov və Məmmədəli Balayev də artıq bu filmdə çəkilmək üçün təsdiqləniblər. Nəzərə alsaq ki, filmdə əsasən gənclərdir və bu gənclər ilk debüt işlərini məhz tanınmış sənətkarlarla birgə həyata keçirmiş olacaqlar, filmin uğuruna inanmaq olar. Bunlarla çəkiliş prosesi necə qurulacaq ?
- Mən ilk növbədə bu xalq artistlərinə filmdə çəkilmək təklifini etdikdə doğrusu, komediya janrında olduğu üçün bir qədər tərəddüdlə məsələyə yanaşdılar. Ancaq bu gün çox təşəkkür edirəm ki, hər üç sənətkarımız razılıq verdilər filmə çəkilməyə. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu sənətkarların çəkilmək üçün vermiş olduqları razılıq məhz filmdə çəkilən debütü başlayan gənclərə olan bir sənətkar töhfələri idi. Bilirsiz, tərəfmüqabili nə qədər güclü olarsa, ilk işi olan gənclərimizin də uğuru bir o qədər yüksək olacaq. Bu baxımdan filmdə rol alan gənclərin Hüseyn Cəfərovun, Murad Meyfəliyevin, Şəbnur Allahverdilinin, Elmir Məmmədovun, Akif Əliyevin, Ruslan Bayramovun, Elvin Hüseynovun və digərlərinin filmdə uğurlu obrazlarına inanıram. Qeyd edim ki, filmin çəkilişi üçün pavilyonlar da artıq tərəfimizdən seçilib və məkanlar bəllidir.
- Tamaşaçılar bu filmi nə vaxt izləyə biləcəklər?
- Filmin ekranlarda izlənilməsini bu ilin sentyabr ayının 15-nə, yəni Bilik gününə nəzərdə tutmuşuq. Filmin tamamlanması isə sentyabr ayının əvvəlinə planlaşdırılır. İnanıram ki, bu məsuliyyətli bir işin öhdəsindən vaxt itkisi etmədən uğurla gələ biləcəyik.
Anar Bürcəliyev
Teatrşünas