manera.az
manera.az

Vüsal Oğuzu müsabiqədə III edən hekayə |MANERA.AZ

📅 27.04.2016 11:30

Vüsal Oğuzu müsabiqədə III edən hekayə |MANERA.AZ
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı hekayə” nominasiyası üzrə münsiflərin səs çoxluğunu qazanaraq III yerin qalibi elan edilən Vüsal Oğuzun hekayəsini təqdim edirik:

Qeyd edək ki, Vüsal Oğuz 1977-ci ildə Oğuz rayonda anadan olub. Gəncə Dövlət Universitetini bitirib. İxtisasca tarixçidir. Dövrü mətbuatda şeirləri, məqalələri dərc edilir. Hal-hazırda Yaradıcılıq fakültəsinin Oğuz rayon filialında I kursda oxuyur.



Nisyə


Çayxanadan çıxanda havanın soyuduğunu hiss edib tələsik köhnə gödəkcəsinin düymələrini bağladı.Boynuna düşən damcıları hiss edib üzünü göyə tutanda asta-asta qar yağdığının fərqinə vardı. Gödəkcənin boyunluğunu qaldırdı.İçəridəki siqaret tüstüsündən sonra çöldəki təmiz havanı bir - iki dəfə ciyərlərinə çəkdi. Ləzzət elədi.

Çayxananın qapısı yenidən açıldı. Bayaq içəridə çay içdiyi məhlə uşaqlarıydı. Hamısı növbə ilə bir-bir dəmir qapını açaraq küçəyə çıxdılar. Dirsəyi ilə Şahinə toxunan qonşu İlham “getmək fikrin yoxdu? “ deyə soruşdu. Şahin “siz gedin mənim bir balaca işim var“ deyə cavab verdi. İlhamın “ gözləyimmi” sualına “ yox , sən yolundan qalma“ deyə israr etdi.İş deyəndəki dükandan alınacaq bir - iki şey vardı, onu nəzərdə tuturdu. Amma dükana getməyə üzü də gəlmirdi. Səbəbi gün kimi aydın idi özünə.

Çox da böyük olmayan kəndləri rayon mərkəzindən 50 km aralıda - dağın lap ətəyində yerləşirdi. Kənddə iki əsas böyük ərzaq dükan vardı və kənd camaatının çoxu bazarlığını əsasən bu dükanlardan edərdi. Yalnız maşını və imkanı olan adamlar rayondan və ya topdansatış mərkəzlərdən bazarlıq edərdilər. İllərdir bazarlığı məhlə uşağı sayılan İlyasın dükanından edərdi. Hansıkı o iki dükandan biri idi. Hərdən Şahinin də yolu düşərdi rayon mərkəzinə. Kənddəki dükanla qiymət fərqini dərhal anlayırdı. Yazıq kəndçi neynəsin? Əlinə pul dəyirdi ki. Kənd dükanlarından nisyə almağa məcbur idilər. Bir - iki kiçik dükanlar da vardı. Lakin onlarda bir o qədər alver getməzdi.Ümumiyətlə dükan işlədənlər pis dolanmırdılar. Onlar camaatı, camaatda onları başa düşürdü. Amma son bir ay da dükanlarda vəziyyət dəyişmişdi. Səbəb isə hamıya bəlliydi. Dollar yenidən qalxmışdı. Qiymətlərlə bərabər sankı dükan sahiblərinin də insafı qeybə çəkilmişdi. Buna görədə dünən günün günorta çağı İlyas hamıya eşitdirə - eşitdirə “nisyə söhbəti qurtardı” deyərək yekə bir elan da yapışdırdı dükanın saralmış aynasına: “Nisyələri ödəyin”. Amma İlyasa da, yan yörədə bu elanı görənlərə də aydın idi ki, bu elan əsasən nisyələri gecikdirənlərə və uzun müddət verməyənlərə aid idi. Daimi və etibarlı müştəri hesab edilən müəllimmlərə,təqaüdçülərə aid deyil.

Fikirli – fikirli dükanın qapısına nə vaxt çatdığını belə bilmədi. Tərs kimi gözünə ilk sataşan da elan oldu. Əhvalı pozuldu. Bəlkədə İlyas ona aid eləmirdi bunu, nə qədər olmasaydı da məhlə uşağı idilər. Bir məktəbdə oxumuşdular,bir yerdə böyümüşdülər. Kənddə hamı Şahinin etibarlı, sözünə düz insan kimi tanıyırdı. Amma son günlər İlyasın onun da olduğu yerlərdə elədiyi söhbətlər kürkünə birə salmışdı Şahinin. Bilirdiki İlyas ona da eşitdirir. Elə srağa gün bir neçə adamın dükandan əliboş qaytardığını özü şahidi olmuşdu. Həmin adamların dükandan aralanan kimi arxasınca dediyi sözləri Şahin özünə də aid etmişdi ürəyində. Ağzı qızan İlyas hərdən nalayıq sözyüşlərə keçəndə iradını bildirmək istəsədə, nədənsə susmuşdu. Hiss etmişdi ki, İlyas əvvəlki İlyas deyil. Çünki bir ilə yaxın idi ki, özünün də nisyəsi durmadan artırdı. Hər ay azatmaq istəsədə imkan edə bilmirdi. Əksinə dəftərdəki məbləğ daha da şişirdi.

Əvvəllər kənddə dolanışıq babat idi. Kəndin əksər cavanları kimi Şahin də gah dağda odun doğrayar, gah da hansısa ustanın yanında fəhlə kimi işləyərdi. Ələxüsus kəndə hansısa dövlət səviyyəli tikinti işləri olanda uzun müddət daimi iş olurdu. Evə əliboş getdiyi gün olmazdı Şahinin. Uşaqlıqdan yetim qaldığından hər işə, zəhmətə öyrəncəli idi. Heç bir iş gözünü qorxutmazdı. Həm fiziki cəhətdən güclü olduğundan, həm də meşə işində təcrübəli olduğundan dağa odun üçün gedən maşınlar onunla getməyə həvəsli idilər. Yağışlı günlərdə - dağa qalxmaq mümkün olmayanda da dinc durmazdı. Kömür basdırardı. Əziyyətli və zərərli olsada pis pul qazanmırdı. Elə buna görə də dükandan nadir hallarda nisyə bazarlıq edərdi.Hətta imkan edib bir qədər də pul da yığa bilmişdi. Planında atasından qalma evin damını dəyişmək vardı. Əgər pul artıq qalsa ucuzvarı bir yük maşını da almaq keçirdi ürəyindən. Amma son iki ildə hər şey dəyişdı qəfildən. Tək onun üçün deyil bütün kənd üçün ağırlaşdı vəziyyət. Əvvəlcə meşələri qoruq elədilər. Xəlvət meşəyə girənləri tutanda elə cərimələdilər ki, digərlərinin də gözü qorxdu. Kənddəki ailələrin bir çoxu Rusiyadakı yaxınlarının göndərdiyi pulla dolanırdılar. Tezliklə şimaldan da narahat xəbərlər gəlməyə başladı. Az keçməmiş əvvəl paytaxda sonra rayonda gedən tikinti işləri də dayandığından işsiz insanların sayı artmağa başladı kənddə.Yeganə gəlir yeri kömür idi. Sonra bu işin də zayı çıxdı.Əvvəllər kömür üstündə dava edən yük maşınları indi heç kənd tərəfə üzükmürdülər.Hamısı sözləşibmiş kimi kafelərin, restoranların kömürə yaxın durmadıqlarını deyirdilər. Alanda da elə qiymət deyirdilər ki əziyyətinə belə dəymirdi. Alanda da nisyə alıb bir aydan sonraya söz verirdilər. Məcbur qalanda buna da razılaşırdı Şahin. Neynəsin axı? Altı nəfərlik ailədə tək özü idi işləyən, pul gətirən.

Yığdığı pulla evin damını dəyişmək istəmişdi keçən il yaz çıxdıqdan sonra. O qış hər qar, yağış yağanda damın su daman yerlərinə qab qacaq düzməkdən bezdilər. Amma qəfildən yoldaşının xəstələnməsi isə hər şeyi alt-üst elədi. Ay yarımdan artıq xəstəxana yollarında qaldı.Sonda həkimlər əməliyyat olunmağı vacib saydılar.Amma buna qədər onunki ona dəydi.Hər gün həkimlər ona bir siyahı verdi:

gündə bir analız, gündə bir müayinə illərdi yığdığı pulları göyə sovurdu.Əməliyat üçün pul qalmadığından borc aldı. Lakin bu da yetmədi. Məcbur olub tövlədəki inəkləri dəyər – dəyməzinə satdı. Daha sonra qoyunlar da yoxa çıxdı.

Nəhayət hər şey başa çatdı. Kəndə qayıtdıqdan sonra boşalan tövləyə baxanda az qalırdı dəli olsun. İllərdir əziyyət çəkib doldurduğu tövlə tamam boşalmışdı. Bir inək və dana qalmışdı o boyda mal qaradan. Amma buna da şükür edirdi. Tökdüyü pulları fikirləşəndə sıxılsada sonra hər şeyin yaxşı qurtardığını düşünərək şükür edirdi. Amma Şahini ən çox sıxan işləmədiyi bu iki ayda maqazınə və aptekə yığılan borcları idi. Yaz ayları olduğundan hələ mer-meyvənin yetişməyinə çox vardı. Heç yandan da işıq yeri görsənmirdi. Kəndə də nə tikinti vardı, nə də fəhlə axtaran. Hər işə hazır idi. Hərdən günlərlə cibində bir manatı belə olmurdu. Elə bu səbəbdən də borcu gündən günə artırdı.Bir ara çıxıb Rusiyaya getməyi düşündü. Amma ordan gələnlərin dediyindən məlum olurdu ki, oradakılar özləri qayıtmaq istəyirlər, sadəcə üzləri yoxdu. Bir də hara getsin? Kimin yanına? Tutaq ki, yer tapdı getməyə, bəs ailəni kimə tapşırsın?.

Şahinin kimsəsi vardıki? Atası Şahinin altı yaşında olanda qəzada ölmüşdü. Yevlaxdan kolxoz üçün kübrə gətirən maşının sürücüsü döngədə qarşısına çıxan uşaqları vurmamaq üçün maşını yoldan çıxararaq dərə aşağı buraxmış, hər ikisi həlak olmuşdu. Anası isə əvvəldən xəstəydi. Bu hadisədən sonra vəziyyəti daha da ağırlaşdı. Şahini birinci sinifə nənəsi aparmalı oldu. Aylardı yatağından qalxa bilməyən anası o qış vəfat etdi. Şahinin yadında yalnız kiçik otaqda qadınların ağlamağı qaldı. Bundan sonra Şahini və iki yaş böyük bacısını nənəsi böyütdü.Məktəbi qurtarar - qurtarmaz bacısını nənəsinin qonşu kənddə yaşayan uzaq qohumlarından birinə ərə verdilər. Sanki ailənin taleyinindəki qara zolaq bitmək bilmirdi. İlk övladını dünyaya gətirdiyi gün bacısının da qara xəbəri gəldi evlərinə.Uşaq üstündə dünyasını dəyişmişdi.

Bu hadisə yaddaşında ağır iz buraxdı. Nənəsini itirmək qorxusu ilə yaşadı hər gün, hər gecə. Rusiyaya hərbi xidmətə yollananda yeganə arzusu qayıdarkən nənəsini sağ görmək idi. Amma Şahinin gedişindən səkkiz ay sonra nənəsi dünyasını dəyişir. Qonşuları arvadın ölümünü iki gün sonra xəbər tutur. Tövlədə ac qalan mal qaranın səsinə gələn qonşular içəridə çarpayıda qadının soyumuş bədəni ilə rastaşır. Onu həmin gün dəfn edirlər.Evi yığışdıran qonşular nənəsinin balıncının içindən Şahinin əsgərlik məktublarını tapib hamısını mücrüsünə qoymuşdular..

Bütün bunları çox sonralar həyat yoldaşı danışmışdı Şahinə. Kəndə qayıdana qədər xəbəri olmadı nənəsinin ölümündən. Ayda bir - iki dəfə məktub yazardı. Cavabını da vaxtında alardı.Nənəsinin yazı - pozu bilmədiyindən ilk günlərdən bilirdiki o məktubları kiməsə yazdırır.

Kəndə dönəndən sonra bu məktubları kimin yazmasından xəbər tutdu. İlk gündən nənəsinin məktub yazdırdığı qonşu qızı Gültəkin nənəsinin ölümündən sonra da Şahinə ilk gündən hamıdan gizli cavab yazmaq qərarına gəlir. Bu məktub oyunu Şahin gələnə qədər davam edir. Bunları qızın dilindən eşidən Şahin qızın qəlbinə heyran qalır. Bütün bu yaxşılıqların əvəzini necə qaytaracağını fikirləşən Şahin az sonra bunun yolunu tapdı. Qəlbini qıza açdığı gün “hə“ cavabını da aldı. Qonşuların köməyi, xeyir duası ilə kiçik məclis qurdular. Hər kəs bacardığından kömək elədi, xüsusi ilə atasının dostları. İllər yaman sürətlə keçdi. Şahin bir də gözünü açanda gördü artıq dörd uşaq atasıdır.Bir - birinin ardınca üç qız, bir oğlu dünyaya gəldi. Ailəsinə, övladlarını dəlicəsinə bağlı idi. Bir gecə ayrı qala bilmirdi onlardan.

Son vaxtlar uşaqların istəklərini müxtəlif bəhanələrlə yubadırdı.Gah dükan bağlı olurdu, gah da dükanda həmən şeyin qurtardığını bəhanə gətirərdi. Bu illər ərzində ailəsini heç nədən qıtlıq çəkməyə qoymamışdı Şahin. İndi adi şeyləri ala bilməməsi onu yaman sıxırdı. Evdəkilərin üzünə baxmaq istəmirdi.

Qəfildən kürəyində sancı hiss etdi. Dükanın yaxınlığında dəmir mühəccərə söykəndi.Ürəyində qüsur olduğunu əsgərlikdə öyrənmişdi. Hətta onu Azərbaycana geri qaytarmaq da istəmişdilər. Şahinin israr etdiyinə görə vaz keçib, ona ağır yük qaldırmağı qəti qadağan etmişdilər. Hərbi xidməti boyu komandirləri onu ağır işlərə yollamırdılar.

Xidməti bitirdikdən sonra həkimi də, onun dediyini də unutmuşdu. Ağıra,yüngülə baxmamışdı. Əlinə keçən işin qulpundan yapışmışdı. Camaat iş tapanda sevinirdi. Təki pul olsun.Ailədəki uşaqlar nə anlayırdı var ya yox.Amma iki il bundan əvvəl meşədə qəfildən baş qaldırmışdı həmin ağrılar. Dərin xəndəkdə batan maşını çıxartmağa çalışırdılar . Qəfildən kürəyindən başlayan sancı onu yerə oturmağa məcbur etmişdi. Hərbi həkiminin dediyi illər sonra yenidən onda yadına düşdü.

Yoldaşları onu meşədən çıxana qədər çiyinlərində daşıdı. Kənd həkimi onu yoxladıqdan sonraağır işləri qəti qadağan etdi, “ olmaz, mikroinfakt keçirmisən, sənə belə ağır işlər olmaz” dedi. Beş - on gündən sonra hər şeyi qulaq ardına vurmuşdu. Qış girəndən artıq ikinci dəfə idiki ürəyi onu belə narahat edirdi.

Gickahındakı damarı atmağa başlamışdı. Hərbi xidmətdən qayıdandan sonra könüllü olaraq bir müddət Qarabağda da döyüşmüşdü Şahin. Lakin yaralanıb kontuziya aldıqdan sonra evə buraxmışdılar. Hərdən o kontuziyanın təsiri ilə belə tutması olurdu.Dost tanış, evdəkilər bunu bildiyindən nazıyla oynayardılar ki,tutması güclənməsin.

İyirmi dəqiqəydiki, mühəccərə soykənmişdi. Bayaqdan asta - asta yağan qar artıq hər tərəfi ağartmışdı. Ağriları azalanda kürəyinin buza döndüyü hiss etdi. “Soyuqda çox dayandım“deyə düşündü.Dükanın qarşısında duran ağ rəngli xarici maşının işıqları gözünə düşdüyündən gözlərini qıyaraq əlini dükanın qapısına atdı. İçəridən çölə işıqla bərabər İlyasın iyrənc səsi axdı. Hiss olunurdu ki, kefi kökdür. “ Ya babat vurub ya da həmişəki kimi, qonşu kənddəki sevgilisinin yanında olub bu gün” deyə fikirləşdi Şahin. Həmişə yemək yediyi restorandan, verdiyi hesabdan bəzən də gəzdiyi qadından danışardı. Bunu dəfələrlə ona irad tutsalar da başqa söhbət tapmazdı.

Tez-tez “ o kişi nə kişidir ki, ayda biir – iki dəfə bazlıq etmir” deyib hırıldayardı. Zəmanə onun kimilərinin zəmanəsiydi. Qılıncının dalı da kəsirdi qabağıda. Hamıya məlum idi İlyasın “kişi” liyi. Rusiyada işlədiyi üç il ərzində arvadı İradə min oyundan çıxmışdı. Qonşu kənddən olan İradə hələ məktəbin sonuncu sinifində oxuduğu vaxtlarda yüz oyundan çıxdığı vaxtlarda, İlyasla sevgili oldu. Günlərin birində iş işdən keçdiyini görən İlyasın qızı qaçırmaqdan başqa əlacı qalmadı.Əvvəl tay tuşlarına toydan bir - iki ay sonra boşayacağını desə də gücü çatmadı. İkinci uşaqdan sonra ümumiyyətlə evdə İradə deyən qanun oldu. Pul qazanmaq üçün İlyası Rusiyaya yola salan İradənin üç ildə bazarı xod getdi.Tezliklə ərzaq dükanını paltar dükanına çevirdi. Bir ayağı Sədərəkdə, bir ayağı sərhəddə oldu.Hər tərəfli “alver “ etdi.İlyas karlı pulla qayıtdıqdan sonra dükanı yenidən ərzaq dükanına çevirdilər. Tədricən İradənin də ayağı yığıldı ev eşiyə. Bunları yaxşı bildiyindən Şahin fikirləşirdi ki, İlyas gərək bu cür söhbətlər etməsin. Amma bunu İlyasa deməyin xeyri yox idi. Bir də ki, istəmirdi onunla münasibətləri korlansın. Günü gündən artan nisyəsi gecə - gündüz beynindən çıxmırdı. Onun da dili bu cür gödək idi.

Axır vaxtlar İlyasın onunla can dərdi danışdığının fərqinə varmışdı. Bilirdi qarnının ağrısını. Get - gedə artan rəqəm İlyası narahat edirdi.Tikanlı atmacalar,Şahinin yanında gecikən nisyə sahiblərinin dalınca yağdırdığı söyüşlərdən hiss etmişdi ki, geci - tezi onun üçün də ağzı açılacaq. Bəlkədə açılmışdı Şahin olmayan vaxtlarda.Hərdən tövlədəki yeganə inəyini sataraq onun borcunu vermək istəsədə dörd uşağı səhər - axşam necə sakit edəcəyini fikirləşib vaz keçmişdi bu fikirdən. “ Uşaqların səsini ancaq ağartı kəsər” demişdi yoldaşı.

Yoldaşının yanında aciz görünmək istəmir, tezliklə vəziyyətin düzələcəyini deyirdi. Amma hiss edir ki, nə özü nə də yoldaşı inanmır bu vəziyyətin düzələcəyinə. Pay torpağını satmaq istəsədə almaq istəyənlər elə qiymət demişdilərki bu qiymət dəftərdəki borcun heç üçdən biri belə eləmirdi.

Ayağını qapının kandarına qoyanda bir anlıq geri qayıtmaq istədi. İçəridə kənar adam olduğunu hiss etdi. İstəmirdi ki, başqası onun adi şeyləri də nisyə aldığını bilsin.Qapının arasında İlyası görcək diksindi. Əlindəki siqaretin kötüyünü açıq qapıdan çölə atan İlyas onu görcək bayaqdan gülən sifətini turşutsa da geriyə yol yox idi. Yoldaşının kiçik kağız parçasına yazaraq cibinə qoyduğu siyahını axtardı. Günorta evdən çıxanda yoldaşı israrla tapşırmışdı. Almalı idi, başqa əlac yox idi. Şahinin salamını ağızucu alan İlyas gözünü onun əlinə dikmişdi.

Şahin cibindəki kağızı axtardığı zaman maqazının küncündə peçin yanında oturan adamı tanıya bildi. Fərman idi - biriqadir Lətifin oğlu.

Onunla paralel sinifdə oxumuşdu. Məktəbi qurtarar qurtarmaz qaçmışdı Rusiyadakı dayıların yanına. Uzun illər kəndə kəsəyə qayıtmamışdı. Daha doğrusu burdakılar qoymamışdı onu qayıtmağa.Onda SSRİ tezə dağılmışdı, Rusiyadan hərbi xidmətdən dönənlərin bir çoxunu yarımçıq gəldikləri üçün yenidən hərbi xidmətə çağırdılar.Elə buna görədə Fərman kəndə dönməmişdi.

Hərbi xidmətdən yayındığı üçün uzun müddət axtarışda oldu, sonradan kənddə xəbər yayıldı ki, bəs Fərman orada rus qızı ilə evlənib, hətta bir qızı da var. Yaşı otuz beşi haqlayanda gəldi Fərman. Məlum oldu ki, rus qızından ayrılıb, kəndindən evlənmək istəyir. Kənddə sürdüyü maşından hiss olunurdu ki, imkanı babatdır.Tezliklə İlyasın məktəbi bir il əvvəl qurtarmış dayı nəvəsini ona düzüb qoşdular. Qız ondan on altı yaş kiçik idi. Heç kim bu boyda yaş fərqini düşünmədi, təki pul olsun yaşın nə fərqi.

Odun sobasının kənarına düzülmüş pivə şüşlərindən hiss etdiki bayaqdan iki qohum babat vurublar burda. Şahin doqquz il bir yerdə oxuduğu sinif yoldaşını görcək bir anlıq hər şeyi unutdu, sevincək oldu. Piştaxtanın arxasına keçərək Fərmanla görüşməyə tələsdi.Amma Fərman yerindən belə tərpənmədən laqeyidcəsinə ona əl uzatdı. Əvvəlcə bunu içkili olması ilə bağlasada sonra fikrində yanıldığını gördü.Şahinin istiqanlıqla hal əhval tutmasına Fərmanın yalnızca başını tərpətməklə kifayətlənməsi onu başlı pərt elədi.

Sükutu İlyas pozdu:

-Xeyirdimi?


Şahinin cibindən çıxartdığı siyahını ona uzadaraq nəsə demək istədiyini görcək İlyas çəmkirdi.

-Qonşu pulun var? Hər şeyi başa düşən Şahin özünü o yerə qoymadı.

- Nəyə görə soruşursan ay qonşu?

- Rəhmətliyin oğlu niyə soruşacaqamki? Özünü qanmazlığa qoyma.Borc istəməyəcəmki?( İlyasın hərdən belə qaba danışmağı olan idi.) Qapidakı yazını görmədin?

- Gördüm.


- Vəssalam da. Sənə də aiddir.

- Mənə də?

- Sən göydən zənbillə düşməmisən ki?

- Bilirsən ki, mən nisyə gecikdirən adam deyiləm (Şahin nəsə deməyə məcburdu).

- Puahhh! İlyas az qala çığırdı.Məni başa sal görüm nisyə saxlamaq nəyə deyirsən? Səkkiz aydır borcu üst - üstə yığırsan.Günü gündən də şişir.Heç vermək haqqında da fikirləşənə oxşamırsan.

- Bu həftə kömürün pulunu göndərməlidirlər.Narahat olma, çatdıracam.

- Ə bura bax, o pulla hansı borcunu verəcəksən.Dolamısan məni?Guya xəzinə keçəcək əlinə. Borcundan xəbərin var? Bilirsən hara qalxıb?
İlyasın səsi get-gedə qalxırdı. Şahin fikirləşdi ki, ya doğurdan da İlyası hirsləndirib, ya da o özünü Fərmana görsədir.

-Yox. Nə qədərdir ki? Bu dəfə səsinin aşağıdan çıxması özünə də qəribə gəldi.

-Bilməzsən də! Kisə - kisə aparıb yeyəndə heç soruşmurdun.

Qəfildən Şahinin biləyindən tutaraq əlindəki qara floamastrla ovcunun içinə məbləğı yazdı və Şahinin reaksiyasını gözləmədən dedi:

- Hardan verəcəksən, ay yetim?

Ovcunun içindəki yazıya baxanda bir anlıq bayaqkı sancıların yenidən kürəyində gəzişdiyini hiss etdi. Ürəyində “Aman allah, bu borc nə vaxt belə artıb? Necə verəcəm mən bunu”?

Küncdə oturan Fərmanın qəfil gülüşü İlyas şit-şit hırıldamağına qarışdı. Şahinin gözünün önünə bir anlıq meşədə çaqqalların ulamağı gəldi.Boğulduğunu hiss etdi.Çölə çıxmağa tələsdi.Artıq alacağı kimi deyəcəyi də qalmamışdı.Qapını açaraq özünü çölə atdı.

Qəfil aralı qalan qapıdan çölə süzülən sözlər beynini qarışdırdı. İlyas arxasınca deyinirdi: ”ac köpək uşağı! Elə bil buna mən demişdim dörd uşaq ək! İmkanları olsa arvadının paltarlarını da mənə aldırar.”

Yox bu daha ağ oldu! Sanki dünya bir anlıq qaraldı gözündə. İçəri girməyi ilə İlyasın üstünə şığımağı bir oldu.İlyas özünü tərpətməyə belə macal tapmamış boğazını Şahinin dəmir kimi barmaqlarının arasında gördü və bu barmaqlar var gücü ilə sıxırdı onu.Nəfəsinin kəsildiyini hiss etsə də nəsə deməyə heyi qalmamışdı. Küncdən dostunun köməyinə yetişən Fərman üçün də yaxşı qurtarmadı bu müdaxilə. Şahin İlyasın boğazını buraxmadan sağ əli ilə Fərmana necə tutuzdurdusa küncdəki ərzaq taylarının üstünə sərildi. İlyası küncə sıxışdıran Şahin sanki nərə çəkirdi:

-Bunlara bax! Kişi olub, adam olub ortalığa çıxıblar! Sizin var-yoxunuzu... Onun bunun artığını saxlayan nakişi! Sonuncu cümlənin ona aid olduğunu yaxşı bilsə də İlyas qorxusundan səsini çıxartmadı.

Küçəyə haçan çıxdığını hiss etmədi. Bədəni od tutub yandığından ona elə gəlirdi bayaqqkı soyuqdan əsər əlamət qalmayıb. Bir az da güclənmiş qar dənələri açıq yaxasından sinəsinə dolurdu. Kürəyindəki ağrılar onu dayandırdı. Az qaldı elə yolun ortasında, qarın üstündə otursun. Bir neçə dəqiqə toxtadı.

Yol boyu İlyasın qarasınca o ki var döşədi.Arada Fərmanı da qatdı: ”Fərari kopayoğlu! Mən Qarabağda vuruşanda, can qoyanda harda gizlənmişdin? Alçaqlar indi adam olublar pulun hesabına!”

Qapıya çatanda hiss etdi ki, o boyda yolu birnəfəsə gəlib.Yalnız darvazanıı önündə dayananda qan tərə batdığını hiss etdi. Dəmir qapıdakı yumruq boyda qıfılı görəndə yadına düşdü ki, axşam böyük qaynı qonaq çağırıb onları. Çox guman evdəkilər onu gözləməkdən yorulub getmişdilər. Əvvəlcə zəng etmədiklərinə görə qınamaq istədisədə yadına düşdü ki, evdəki telefonun konturu bəlkə bir ay əvvəl qurtarıb.

Çəpərdən içəri adlamaqdan başqa əlacı qalmadı. Onsuz da qarının ağırlığından böyrü üstə yatmış çəpərdən içəri- həyətə tullandı.Bağın ayağındakı it hənirti eşitdiyindən üstünə yüyürdü.Bir - iki addım qalmış sankı tanımayıb sahibinin üstünə yüyürməyindən utanırmış kimi başını qabaq ayaqlarının arsına soxdu.Başqa vaxt olsaydı heyvanı tumarlamamış,danışdırmamış keçməzdi. Amma indi dünya gözünə görsənmirdi. Deyəsən heyvan da hiss etmişdi vəziyyəti. Başını yana əyərək matdım-matdım baxırdı Şahinə.

Bütün fikri dükandakı hadisəyə ilişib qalmışdı. Yenidən gicgahında damar atmağa başladı. Az keçməmiş kürəyində bayaqkı ağrılar peyda oldu. Çağrılmamış qonaq bu dəfə daha üzlü idi. Getmək bilmirdi. Nəfəsinin çatmadığını hiss etdi. Əvvəlcə yaxasını açdı, yerdən götürdüyü qarla alnını, boynunu ovxaladı. Bir anlıq canına sərinlik yayıldı. Evə çıxıb əynini dəyişmək lazım idi. Pilləkəndə yenidən sancı başladı.Bu dəfə dözülməz idi. Bağırmaqdan güclə saxladı özünü.Oturmağa çalışdı.Çoxda hündür olmayan beton pilləkənda oturmağa çalışdı. Qəfildən gözləri qaraldı.Əlini mühəccərə atdı.Bir təhər mühəccərdən tutub çöməldi. Heç belə olmamışdı. Cibindən telefonu çıxartmağa tələsdi. Zəng edib gələ bilməyəcəyini demək istəyirdi. Telefonu ciblərindən axtardığı bir - iki saniyə ona bir saat kimi keçdi sanki. Amma tapdığı telefonu əlində saxlaya bilmirdi indi. Əlindən yerə düşən telefonun işığını qaranlıqda görürdü. Qəribə idi, nə illah edirdisə əyilə, götürə bilmirdi.

Bayaqdan sahibinə diqqətlə baxan alabaş ondan həmişəki nəvazişi gözləyirdi. Qəfildən üzünü göyə tutub ulayan heyvan sahibinin hələ də isti olan ovcunu yalamağa başladı. Sahibi isə etinasız idi bu dəfə.

***

İri kötüklərdən qalanmış ocağın ətrafina topolanan kişilərin sükutunu kimsə pozdu:

- Meyiti yuyat yerinə düşürmək lazımdı.Bir iki nəfər gəlsin.

Dərhal bir neçə nəfər evə tərəf yönəldi. Gecən yağan qar əmməli - başlı hər yanı ağ rəngə bürümüşdü. Özündən aslı olmayaraq hamı kimi qabağa duran İlyas, sonradan fikrindən daşındı. Hələ uşaqlıqdan meyitdən, qəbirstanlıqdan qorxardı. Bu dəfə qorxudan yox, axşamkı olanlara görə qoşulmadı meyiti düşürənlərə. Qulağı ocaq başındakı söhbətdə qalmışdı.Görəsən hadisəni bilən varmı? Səhər tezdən Şahinin ölüm xəbərini eşidən kimi Fərmana kənddən çıxmağı məsləhət bilmiş, özü isə dükanı bağlayaraq bura tələsmişdi. İçindəki narahatlığı özü də başa düşmürdü.Əslində onun narahatlığı axşam olanların kiminsə bilib - bilmədiyinə görə idi.

Meyiti müayinə edən kənd həkimin “infakt” diaqnozundan sonra kənd sahə müvəkkili də Rayon Polis Şöbəsi ilə əlaqə saxladı.Məsələni olduğu kimi danışdıqdan sonra İlyasın içi bir qədər rahatladı.

* * *

Yuyat yerinə Şahinin dostları girmişdilər. El qaydasına görə meyidi yuyulub kəfənlənəndən sonra ağlaş üçün qadınlara təhfil verəcəkdilər. Çətin oldu Şahinin sol əlini açmaq.Bir təhər, qaynar su dəydikdən sonra boşaldı. Barmaqlarını güclə araladılar. Ovcundakı kağız parçası islandığndan tikə-tikə olmuşdu.Əslində heç buna fikir verən də olmadı. Şahinin ovcundakı qara rənglə yazılmış yazını nə oxumaq oldu nə də ki təmizləmək...


MANERA.AZ


Baxış sayı - 2 986 | Yüklənmə tarixi: 27.04.2016 11:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031