Rusiyanın Qafqaz siyasəti
![]()
Rusiyanın Qafqaza dair siyasəti işğalçılığı və müstəmləkəçiliyi ilə seçilmişdir. Çünki, əlverişli və hərbi-strateji cəhətə malik olması Rusiyanın buranı işğal etməsinə səbəb olmuşdur. Qafqaza dair Rusiyanın böyük maraqları olduğu kimi, imperialist Avropa dövlətlərinin də siyasi planları var idi. 1722-1723-cü illərdə çar I Pyotrun qafqaza ilk yürüşü, Avropa dövlətləri tərəfindən çox böyük narazılıqlarla qarşılandı. Bu vaxt da, İsveç tərəfdən müharibə yarandı və Osmanlı imperiyası isə Şimali Qafqazın müsəlman xalqlarını ayağa qaldırdı.
I Pyotrun dövründə, Rusiya hərbi cəhətdən tam güclü deyildi. O öz xələflərinə Vəsiyyətnaməsində dəfələrlə Qafqaza dair işğalçılıq planlarını gücləndirməyi və Gürcüstan yolunu ələ keçirməklə Qafqazın şah damarını qırmağı tapşırırdı. Çünki, Gürcüstan Qafqazın əsas hərbi yoludur. Tarixən, İmperialist dövlətlər buranı işğal etmək istəyərkən, birinci olaraq Gürcüstandan keçmişdirlər.
Qafqaza ən böyük hücumlar çar I Aleksandrın dövründə(1801-1825) oldu. İlk əvvəl olaraq belə qərara alınmışdı ki, Cənubi Qafqaz tutulandan sonra şimali qafqaz cənubdan mühasirəyə alınsın, belədə etdilər. 1801-1828-ci illərdə Cənubi Qafqaz(Azərbaycan, Gürcüstan, Abxaziya, Acariya) tam tutuldu. Gürcü knyazlıqları ilə əlaqələr yaradıldı, dostluq münasibətləri adı altında gürcüstan ilhaq edildi. Azərbaycan xanlıqlarının da bəzisi zor gücünə işğal olundu və bəziləri isə müqavilələr əsasında Rusiyanın hakimiyyəti altına keçdilər. Daha sonra Rusiyanın Azərbaycanda komendant idarə üsuluna qarşı üsyanlar baş verdi. 1830-cu ildə Car-Balakəndə, 1831-ci ildə Lənkəranda, 1837-ci ildə Qubada, 1838-ci ildə Şəkidə və ən axırıncı üsyan isə 1863-cü ildə Zaqatalada oldu. Rusiya höküməti, bu üsyanların od-alovunu söndürmək üçün bir çox islahatlar həyata keçirdi. Cənubi Qafqazda 1905-ci ilə kimi sakitçilik oldu. Burada vəziyyət tam sabitləşdirildikdən sonra əsas diqqət Şimali qafqazda müqavimət göstərən xalqlara qarşı yönəldildi. 1817-ci ildə başlamış, 1864-cü ildə qurtarmış və “Qafqaz Müharibəsi” adını almış bu vuruşma, həqiqətən də Rusiyaya çox baha başa gəldi. Osmanlı dəstəyi şimali qafqaz xalqlarını daha inadlı müqavimət göstərməyə həvəsləndirmişdi. Demək olar ki, XVIII əsrin 70-ci illərindən başlayaraq, artıq Dağıstanın, Çeçenistanın, Kabardanın və Osetiyanın bir hissəsi ələ keçirilmişdi. Bu ərazilərin tam ələ keçirilməsinə mane olan isə Şeyx Mansur idi.
1791-ci ildə Anapa döyüşündə Şeyx Mansurun əsir tutulmasından sonra müqavimət hərəkatı 1817-ci ilə kimi səngidi. Ləzgi əslli Məhəmməd Yaraqskinin təsiri altında Müridizm hərəkatı geniş vüsət aldı. Rusiya Qafqazın içərilərinə doğru irəliləmək və burada möhkəmlənmək üçün hərbi istehkamlar qurur və qalalar tikərək güclü qoşun birləşmələri yerləşdirirdi. Çeçenistanın indi ki paytaxtı olan Qroznının da əsası məhz, 1817-ci ildə qoyuldu. Əslində, Şimali Qafqazda müharibə 1859-cu ildə Müridizm hərəkatının süqut etməsi ilə qurtardı.
Döyüşün 1864-cü ilə kimi davam etməsi, çərkəzlərin bu işğalçılıq siyasəti ilə barışmaması idi. Uzun müharibələrdən sonra Qafqaz tamamilə tutuldu. Qafqaz işğal olunandan sonra çeçenlər və çərkəzlərin çoxu Sibirə və Osmanlı ərazilərinə sürgün olundu, burada ruslaşdırma və köçürmə siyasəti aparılırdı. XIX əsrin sonunda, Çar höküməti zəiflədi. 1898-ci ildə “Rusiya Sosial-Demokrat Fəhlə Partiyası” təşkilatı yaradıldı, başçısı isə Vladimir İliç Ulyanov (Lenin) oldu. Bolşeviklər, Qafqaz xalqlarının daxilində çar imperiyasına qarşı təxribat işləri aparırdılar. 1917-ci il Fevral inqilabı nəticəsində Rusiyada çar idarə üsulu devrildi və Menşeviklər hakimiyyətə gəldi. RSDFP-in iki yerə bölünməsi ilə menşeviklər və bolşeviklər arasında mübarizə başladı, 8 ay davam edən qarşıdurmadan sonra menşeviklər devrildi və Kommunistlər hakimiyyətə gəldi. Onların dövründə, Qafqaz xalqlarına qarşı çox təzyiqlər göstərildi. Qanlı döyüşlərdən sonra Qafqaz yenidən işğal olundu. Qafqaz 74 il yeni bir iyrənc siyasətlə idarə olunmağa başladı. 1944-cü ildə Çeçen və inquş xalqları sürgün edildi.
1991-ci il dekabrın 8-də SSRİ-nin dağılması ilə Qafqaz xalqları müstəqillik qazanacaqlarına ümid etməyə başladılar. Amma bu ümid də doğrulmadı. SSRİ-nin varisi olan Rusiya Federativ Respublikası tərəfindən Ermənistan-Azərbaycan, Gürcü-Abxaz münaqişələri və çeçenlərə qarşı müharibələr törədildi. 2008-ci ildə Gürcüstanın NATO-ya qoşulmaq niyyətində olması, rusiyanın ona qarşı müharibə etməsinə səbəb oldu. Yaxın dövr ərzində də, Rusiya Qafqazda öz müstəmləkəçilik siyasətini davam etdirməkdədir.
Ərtoğrul Mehdizadə