manera.az
manera.az

Ölüm haqq olsa da... MANERA.AZ

📅 20.05.2016 12:49

                               Ölüm  haqq  olsa da...     MANERA.AZ

Vaxtsız ölümünə heyfisləndiyimiz çox tanınmış insanlar var ki, aradan aylar-illər ötsə də, həmişə aramızda yerləri görükür, tez-tez xatırlanır, yad olunurlar. Onlardan ikisini - filologiya elmləri doktoru, professor Zeydulla Ağayevi və xalq artisti İlham Əsgərovu Azərbaycanda kim tanımırdı ki?! Və təkcə Azərbaycandamı? Çalışdığı sahələrdə hər ikisinin istedadı, zəhmətsevərliyi, humanistliyi, əxlaqı keyfiyyətləri çoxlarına bəlli idi...

Sanki Allah-təala onların hər iksinə yaşlarından xeyli gənc görünməyi ürəklərinin saflığına, düzlüyünə görə mükafat olaraq vermişdi. İlham Əsgərovun “qəfil” ölümü barədə ilk dəfə “Persona Az” saytında yayımlanan “Mənəvi terrorun qurbanı” yazımda ətraflı bəhs etmişəm. Hətta 30 ildən çox çiyin-çiyinə çalışdığı sənət yoldaslarına onunla səhnədə vidalşmağı belə çox gördülər...
İki il əvvəl professor Zeydulla Ağayevə qarşı edilən haqsızlıqlar silsiləsi də 68 yaşlı görkəmli alimin, gözəl insanın, cəfskeş müəllimin, mehriban atanın, sevimli babanın ömrünə son qoydu. Ölüm xəbəri onu yaxından tanıyanları sarsıtmışdı. Hələ qırxı çıxmamış “BayMediya” informasiya agentliyində “Alimin alimə zülmünü Allah da bağışlamaz!..” adlı yazım yayımlanıb, sonra qəzetdə dərc olundu. O yazını ürək ağrısı ilə qələmə alsam da artıq gecikmiş etiraz idi... Çox təəssüflər olsun ki, paxıllıq, vəzifə hərisliyi, mənəm-mənəmlik yenə öz işini görmüşdü, nahaq haqqa qalib gəlmişdi, yalan doğrunu əsir alıb, haqsevərliyi vələm-yesir eləmişdi və Zeydulla Ağayevin əzizlərini yasa batırmışdı, dostlarını, həmkarlarını bərk sarsıtmışdı. Dəfələrlə cəhd etsəm də, sağlığında ona edilən haqsızlıqdan nəinki bir kəlmə yazmağı izn vermədi, hətta bu haqda danışmağı belə xoşlamazdı. Ona görə çox sirrləri özü ilə axirət dünyasına apardı.
Bu günəcən Zeydüulla müəllimin vaxtsız ölümü hamını, o cümlədən, onun alim dostlarını, dərs dediyi tələbələri, qohum-qardaşını, ən çox da ailəsini yandırıb-yaxır. Və inanıram ki, bu yanıb-yaxılmalar hər birinin ölən gününə qədər davam edəcək!.. Yazıqlar olsun ki, o cür saf insanın, görkəmli alimin ömrünü qayçılayan da, ölümünü tezləşdirən də elə alim həmkarlarından biri olmuşdu!..
Alimin də sən demə, zalimi olurmuş...
Bəli, böyük mərifət yiyəsi, əxlaq sahibi olan Zeydulla müəllimin incə ruhu, həssas qəlbi ətalətsizliyə, haqsızlığa tab gətirmədi və tab gətirə bilməzdi də... Zaman bizdən keçcə də, Zamanə çox adamları dəyişmişdi. Qədim yunan filosofu Demokritin təbirincə desək, şərait dəyişəndə, çox zəiflər və nadanlar zəka sahiblərindən önə keçir, qüdrətli şəxslər geridə qalır...
Azərbaycanın adını onun hüdüdlarından uzaqlarda zirvəyə qaldıran cəfakeş elm adamı, vətənpərvər ziyalı, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev 1945-ci ildə Masallının Qəriblər kəndində dünyaya göz açmışdı. Orta təhsilini Masallı şəhərində alıb, 1968 - ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsini uğurla bitirmişdir. Həmin təhsil ocağında 1969-cu ildən 1983-cü ilədək çoxtirajlı “Bilik” qəzetinin redaktoru, 1983-cü ildən 1994-cü ilədək Azərbaycan Dillər Universitetində tərcümə kafedrasının müəllimi, baş müəllimi, dosenti, sonra professoru, 2000-ci ildən 2005-ci ilədək Azərbaycan Dillər Universitetində elmi işlər üzrə prorektoru, 2007-2009 – cu illərdə Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri vəzifələrində çalışmışdır Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
Zeydulla müəllimin yazıçı kimi imzası ötən əsrin 80-ci illərindən Azərbaycan oxucusuna “Məhəbbət nəğməsi”, “Beş günün intizarı”, “Yenilməzlik”, “Dünyanın düz vaxtı” və s. nəsr kitablarından çox yaxşı tanış idi.
Öz orijinal nəsr əsərləri ilə yanaşı, o, həm də gözəl mütərcim idi. Tərcümə ədəbiyyatında sahəsində də böyük uğurlara imzasını ataraq, Cek London, Artur Konan Doyl, Teodor Drayzer, Ernest Heminquey, Ayra Levin, Somerset Moyem, Ayzek Əzimov, Artur Heyli kimi dünyaşöhrətli böyük yazıçıların əsərlərini dilimizə çevirib, çap etdirmışdır.
1988-ci ildə “Yazıçı” nəşriyyatında çapdan çıxmış tanınmış ABŞ yazıçısı Artur Heylinin “Aeroport” romanı milli ədəbiyyatımızın tarixində birbaşa ingilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş ilk əsərdir. On il sonra Züydulla müəllim oxuculara Ayra Levinin “Ölümqabağı öpüş” romanını (Bakı, Hərbi nəşriyyat, 1998) təqdim etdi. Zeydulla müəllim mənimlə söhbətlərində deyərdi ki, tərcüməçi əsər müəllifinin TALE söykəncidir.
Zeydulla Ağayev həm də Azərbaycan-ABŞ əlaqələrinin yorulmaz, fəal tədqiqatçı idi. Bu sahədə xidmətlərinə görə ABŞ-ın Luiziana ştatının Fəxri vətəndaşı adına layiq görülmüşdü. Dəfələrlə ABŞ-da elmi ezamiyyıtlərdə olan alim iki il ərzində Vaşinqton və Kaliforniya Universitetlərində çalışaraq elmi araşdırmalar aparmışdı. Los-Anceles Universitetində dərs demişdi.
Zeydulla müəllim dünya şöhrətli Ayzek Əzimov, Artur Heyli, Stiven Kinq kimi məşhur yazıçılarla məktublaşmış, hətta Ayzek Əzimovun sağlığında Nyu-York şəhərindəki evində şəxsən qonağı olmuşdu. Səmimi söhbət zamanı Ayzek Əzimov Zeydulla Ağayevə etiraf etmişdir ki, o, əslən Azərbaycanın Quba rayonundandır.
Amerika səfərindən sonra Zeydulla müəllim öz həmkarları ilə söhbətlərində soykökü Quba yəhudilərindən olan Ayzek Əzimov kimi nəhəng şəxsiyyətlərdən Azərbaycan həqiqətlərini dünyaya yaymaqda istifadə etməyin necə əhəmiyyətli olduğunu vurğulayırdı.
Bədii ədəbiyyat tərcüməsində kamil sənətkar zirvəsinə yüksələn Zeydulla müəllim Azərbaycan yazıçılarının hekayə və pyeslərini ingilis dilinə çevirib “Modern Azerbaijan Prose” (Bakı, Azərnəşr, 2003) kitabını çap etdirmişdi. Bu kitaba İsmayıl Şıxlı, Anar, Elçin, Sabir Əhmədli, Yusif Səmədoğlu və başqalarının əsərlərindənndən ingilis dilinə tərcümə etdiyi nümunələri daxil etmişdir.
Onun rəhbərliyi və təşəbbüsü ilə Səmyel Uimzin “Ermənistan - terrorçu “xristian” ölkəsinin gizlinləri”. (Bakı, Azərnəşr, 2004) ingiliscədən tərcümə olunaraq rus dilində böyük tirajla çap edilmiş, MDB məkanında olan ölkələrdə yayılmışdır. Yeri gəlmişkən qeyd edək ki, bu kitabda erməni millətçiliyinin iç üzü tutarlı faktlarla ifşa olunur...
2005-ci ildə Zeydulla Ağayevin ingilis yazıçısı Somerset Moemin “Qisas” povesti əsasında yazdığı “Haray” faciəsinin Azərbaycan Dövlət Gənclər Teatrında tamaşası göstərildi. Bakıda və Masallıda 60 illiyi ərəfəsində nümayiş etdirilən bu yeni səhnə əsəri tamaşaçılar və teatr mütəxəssisləri tərəfindən çox rəğbətlə qarşılandı. Bu faciə əsəri Faşist Almaniyası üzərində QƏLƏBƏNİN 60 illiyinə həsr olunsa da, bu çağımızla səsləşir, “Qara bağrımız nə vaxt NİCAT tapacaq?” deyə haray çəkən qadın qəhrəmanı sanki Azərbaycanın erməni faşiszminin işğalı altında Qarabağı azad etməyə çağırır... Zeydulla müəllim özü də etiraf edirdi ki, bu səhnə əsərində baş verən hadisələri Qarabağla bağlamaq məqsədi güdüb...
...Zeydulla müəllimin 45 yaşı olanda ondan “Qala” qəzeti üçün aldığım müsahibəyə belə bir sualla başlamışdım: “Dünyanın düz vaxtı” kitabının müəllifi dünyanın əndişəli çağında nə fikirləşir?” Cavab: “Dünya yaranandan düz vaxtı olmayıb! Hətta tarixçilərin dediyinə görə müharibəsiz, qansız-qadasız dünya cəmi-cümlətanı 280 gün “ömür sürüb”. Dünyanı əndişəli eləyən insandır. İnsan –yer üzünün məhsuludur. Yer üzü nahamvardı, girintili-çıxıntılıdır. İnsan da öz təbiəti etibarı ilə yer kürəsinə bənzəyir. Baxın, kosmosu insan kəşf edir, yerin tərkini insan öyrənir, gəl ki, heç vaxt özünü öyrənib qurtara bilmir və görünür bilməyəcək də... Bir mahnıda deyildiyi kimi: Dünya köhnə dünyadı... Təzələnənsə insanlardı, yaşayış tərzimiz, sosial qayğılar, ədəbi mühütimiz, maddi və mənəvi durumumuzdu...”
Bu müsahibən iki il sonra - 1992-ci ilin payızında mənim təşəbbüsümlə Masallıda keçirilən həkim, alim, bəstəkar Mirkazım Aslanlı -Sarəngin 80 illik yubileyində görüşdük. Sarəngi yaxından tanıyan və onun tərcümələrini vaxtilə redaktor olduğu “Bilik” qəzetində dərc edən Zeyduılla müəllim çox maraqlı çıxış elədi. Həmin çıxışın lent yazısı indi internetdə yer alıb.
Zeydulla müəllim 2005-ci ildə Sarəngin həyat və yaradıcılığı haqqında qələmə aldığım “Yarımçıq qalmış şikəstə” kitabıma rəy verib, “Doğma yurda övlad məhəbbəti ilə...” başlığlı ön söz yazdı. Və təkcə rəy verib ön söz yazmadı, həm yazdığı əlyazmanın üstünə 100 dollar qoyub: “əlim yüngüldür dedi, bu kitab tez nəşr ediləcək”, - dedi, - “Sənin xoşbəxtliyin ondadır ki, öz məhdud maddi imkanlarına və gözəl qələmin, qəlbin olmasına baxmayaraq, daimi iş yeri axtara-axtara ünvanlar dəyişdiyin bir vaxta bu müqəddəs işin qulpundan yapışmış və bu kitabı bizim mühakiməmizə ərmağan etmisən!”
Zeydulla müəllim deyərdi: “Məncə şöhrət naminə vətəndən, onun dərd-sərindən üz döndərmək, yazmamaq elə vicadanın səsini eşitməmək kimi bir şeydir...”
Sağlığında Bakıda və Masallıda 60 illiyi təntənəli şkildə qeyd olunan professor Zeydulla Ağayevin əfsuslar olsun ki, ölümündən sonra 70 illiyinin üstündən sükütla keçirildi. Yazıçı dostum, vaxtilə Zeydulla müəllimin tələbəsi olmuş Kamran Nəzirli demişkən, belə bir şəxsiyyətin Azərbaycan ədəbiyyatı, tərcümə sənəti, elmi qarşısında böyük xidmətlərini heç kəs dana bilməz...
Allah rəhmət eləsin! Adına, şəxsiyyətinə, universal yaradıcılığına və əziz ruhuna böyük etiramla,

Nurəddin ƏDİLOĞLU


Baxış sayı - 5 597 | Yüklənmə tarixi: 20.05.2016 12:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031