"Tapşırıq" - Onore de Balzak | MANERA.AZ
![]()
Manera.az xəbər veri ki, bu gün XIX əsr görkəmli fransız yazıçı-dramaturqu Onore de Balzak anadan olub (1799–1850). O, Qərbi Avropa realizminin zirvəsi hesab edilir. Balzakın ən məşhur əsəri – “Bəşəri komediya” və ya “İnsan komediyası”dır. Yazıçının adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Tapşırıq
Mən həmişə istəmişəm ki, meşədə ilan görən uşaqların bir-birini qucaqladığı kimi qorxa-qorxa qucaqlaşan cavan oğlandan və onun sevgilisindən bəhs edən sadə və həyati əhvalat yazım. Mən hekayəmə olan marağı azaltmaqdan qorxsam da, əvvəlcədən məqsədimi sizə açıram. Mən bu dramın iştirakçılarından biri olmuşam. Əgər o sizi maraqlandırmasa, bunda tarixi həqiqətin günahı olduğu qədər, mənim də günahım olacaq. Həyatda baş vermiş hadisələrin çoxu maraqsız olur. Istedadın yarısı həyati hadisələrdən maraqlısını seçməkdir.
1819-cu ildə mən Parisdən Mulenə gedirdim. Mən pul kisəmin vəziyyətinə uyğynlaşmalı idim. Buna görə də dilicanın damında olan açıq yerlıərdən birində getməli oldum. Məndən bir az varlı görünən bir cavan oğlan da dilicanın üstündə mənimlə yanaşı oturdu. Dilican bir lyö yol gedənəcən mənim ağlıma minə yaxın möhtəşəm fikirlər gəldi. Mən bu fikirləri qonşuma danışmağa başladım və o məni təbəssümlə dinlədi. Təxminən eyni yaş, fikir uyğunluğu, təmiz havaya və ətrafdakı mənzərələrə vurğunluq, bir də izahedilməz cazibə qüvvəsi bizi tez bir vaxtda dostlaşmağa məcbur etdi. Biz heç otuz lyö getməmişdik, amma qadınlardan və sevgidən danışmağa başlamışdıq. Həmişə belə hallarda olduğu kimi, təbiidir ki, sevgililərimizdən də danışdıq. Biz ikimiz də cavan idik. Biz elə dövrümüzü yaşayırdıq ki, o yaşda, otuz-qırx yaşlı qadınlar bizim idealımız olur. O! Montarjidən, heç bilmirəm hansı poçt stansiyasınacan olan söhbətimizə hansısa şair qulaq assaydı, heç bir hiss təlatümü, valehedici portret və şirin etiraf eşidə bilməzdi. Bizim cəsarətsizliyimiz və utancaqlığımız özünü sözsüz hərəkətlərlə elə rəngarəng şəkildə biruzə verirdi ki, sonralar mən onları özümdə cəmləyə bilmədim. Əslində, cavanlığı başa düşmək üçün, cavan qalmaq lazımdır. Buna görə də bir-birimizi yaxşı başa düşürdük. Ən əvvəl qadınların yaşı haqqında fikir mübadiləsi etdik. Iyirmi yaşındakı qızlar kimi gözəl və təravətli olan qırx yaşlı qadınlar az deyil. Nəhayət belə qərara gəldik ki, qadınlar olduqları yox, göründükləri yaşdadırlar. Bu teoriya sevgiyə heç bir sərhəd qoymurdu və biz təmiz ürəklə sevgi okeanında üzürdük. Nəhayət, biz öz sevgililərimizi cavan, cəlbedici, sadiq, zövqlü, ağıllı, möhtəşəm qrafinya edəndən sonra bir-birimizə: o, otuz səkkiz yaşlı qadına, mən də qırx yaşlı qadına vurulduğumuzu , dəlicəsinə sevdiyimizi hərtərəfli etiraf etdik.
Bu etiraflardan sonra biz bir-birmizə sirrlərimizi etibar etməyə başladıq. Çalışırdıq ki, birimiz o birimizə daha hissiyyatcıl olduğumuzu sübut edək. Biri bir dəfə sevgilisini görmək üçün iki yüz lyö yol getmişdi. O birisi tanımadığı yerdə canavar hesab edilib vurulacağından qorxmayaraq gecə görüşə getmişdi. Bir sözlə, biz etdiyimiz hər dəliliyi sayırdıq! Əgər keçmiş təhlükələri xatırlamaq xoşdursa, keçmiş həzzləri xatırlamaq daha xoş deyilmi? Bu – iki dəfə xatirələrdən həzz almaqdır. Təhlükələr, sevinclər – böyük və kiçik, biz hamısını sayırdıq. Dostumun sevdiyi qrafinya bir dəfə onu şənləndirmək üçün siqar çəkib; mənim sevgilim mənimçün öz əliylə şokolad dəmləyib və məni görməsə və ya məktub yazmasa, bir gün də dayana bilməz; onun sevgilisi özünü məhv etmək təhlükəsini gözə alaraq üç gün onun evində qalıb; mənim sevgilimsə daha yaxşısını, bəlkə də daha pisini edib. Eyni zamanda bizim qrafinyalarımızın ərləri onlar üçün dəli-divanə idilər, nökər kimi onlara tabe idilər və ənənənin tələb etdiyindən daha axmaq idilər, onlar bizim həzzimizi artırmağa lazm olan qədər qorxulu idilər. Külək bizim sözlərimizi və şirin gülüşümüzü nə tez aparırdı!
Puyiyə çatana qədər, mən öz təzə dostuma diqqətlə baxırdım. Əslinə qalsa, onun dəlicəsinə vurulduğuna o saat inandım. Təsəvvürünüzdə orta boylu, cəlbedici və mənalı siması olan cavan oğlan canlandırın. Onun qara saçları, göy gözləri çəhrayı dodaqları və balaca, ağ, mərcan kimi dişləri var idi. Qadın əlləri kimi zərif, ağ əllərini, iti ağlını, zəka ifadə edən üz cizgilərini də bunlara əlavə etsəniz, istənilən qrafinyanın nəzərlərini özünə cəlb edə bilər fikrinə mənimlə razılaşarsınız. O, bir çox qızların özünə nişanlı kimi arzuladığı oğlanlardan idi.
Puyiyə bir lyö qalmış dilican aşdı. Mənim bədbəxt dostum, mənim kimi skamyadan yapışıb aşan dilicana tabe olmaqdansa, dilicandan tullanmağı daha təhlükəsiz hesab elədi. Düz tullanmadı, yoxsa ayağı ilişdi, burasını deyə bilmərəm, amma o, dilicanın altına düşdü və möhkəm əzildi. Biz onu ən yaxın kəndlinin evinə apardıq. O, ölüm ayağında mənə tapşırıq verdi. Ölüm ayağında verilən ən adi tapşırıq da müqədəs xarakter daşıyır. O, hətta bu anında da sevgilisinin onun ölümünü qəzetlərdən oxuyandan sonra nə vəziyyətə düşəcəyini fikirləşirdi. O, bu xəbəri ona şəxsən çatdırmağı məndən xahiş etdi. Sonra boynundan asdığı açarı çıxarmağımı istədi. Açar yarıyacan onun sinəsinə batmışdı. Mən onu çıxardım. Sonra o, Şarite-sür-Luardakı evində sevgilisinin məktublarını harda gizlətdiyini başa saldı və o məktubları yiyəsinə qaytarmağım üçün az qala mənə yalvardı. Sözünü axıra çatdırmamış səsi qırıldı. O artıq danışa bilmirdi və minnətdarlıq yerinə – tapşırığının yerinə yetirəcəyimə şübhəsi yox idi – mənə uzun-uzadı, yalvarıcı baxışlarla baxdı. Sonra dodaqlarını tərpətməklə mənimlə halallaşdı və keçindi. Dilicanın aşmağı ondan başqa heç kimə xəsarət yetirməmişdi.
– Heç kim deyə bilməz ki, o özü günahsız idi. – deyə sürücü qeyd etdi.
Şariteyə çatanda mən bədbəxt yolçunun vəsiyyətinə əməl etdim. Onun anası evdə deyildi; bu mənim üçün xoşbəxtlik idi.
Amma qoca qulluqçunun acısına şərik olmalı oldum; mən ona cavan ağasının öldüyünü deyəndə onun rəngi ağardı, yarısı qana batmış açarı görəndə isə ölümcül halda stula yıxıldı. Məni isə daha çox, taleyin axırıncı sevgisini əlindən aldığı qadının çəkəcəyi əzablar düşündürürdü. Ona görə də mən, qoca qulluqçunu göz yaşları içində qoyub məktubları da götürüb evdən çıxdım.
Qrafinyanın yaşadığı qəsr Mulendən səkkiz lyö aralıda yerləşirdi və ora çatmaq üçün mən bir neçə lyö piyada getməli idim. Həmin vaxt bu tapşırığı yerinə yetirmək mənim üçün heç də asan deyildi. Indi deyilməsi əhəmmiyyətsiz olan bəzi səbəblərə görə, mənim ancaq Mulenə çatmağa lazım olan qədər pulum qalmışdı. Buna görə də qalan yolu piyada getməli idim. Ora aparan ən qısa yolu öyrənib gedirdi. Özümü, çiynimdə həmin meyiti aparırmış kimi hiss edirdim. Mən Monpersan qəsrinə yaxınlaşdıqca bu qəribə səyahətim məni qorxuydurdu. Təxəyyülüm mənim üçün minlərlə romantik səhnə canlandırırdı. Mən xəyalımda qrafinya de Monpersan ilə, yaxud – poetik desək – cavan yol yoldaşımın dəlicəsinə sevdiyi Jülyetta ilə görüşəcəyim anda yarana biləcək hər vəziyyəti canlandırmağa çalışırdım. Mən gözlədiyim hər sual üçün cavab hazırlayırdım. Özümü komediyada fənərinə döyüşdəki şücaətlərindən danşan Soziy kimi təsəvvür edirdim. Qəsrə yaxınlaşdıqca dəhşətli bir fikir mənim ruhumu sarsıtdı. Bütün varlığı ilə o cavanı sevən, daim onun haqqında fikirləşən, indi də ona təsviredilməz sevinc bəxş edəcək oğlanın gəlişini gözləyən qadın üçün bu necə ağır xəbərdir! Kiminsə ölşüm xəbərini aparmaq necə də ağırdır. Palçıqlı yolla tez-tez getməyə başladım. Tezliklə şabalıdı xiyabanı və qəhvəyi buludların fonunda Monpersan qəsrinin cizgilərini gördüm. Qapı açıq idi. Qapının açıq olmağı mənim bütün planlarımı və təsəvvürlərimi alt-üst etdi. Bununla bərabər cəsarətlə həyətə girdim. Elə həmin anda iki it cingiltili səslə hürə-hürə üstümə gəldilər. Səsə qulluqçu gəldi. Qrafinyanı görmək istədiyimi eşidəndə qəsri əhatə eləmiş ingilissayağı xiyabanı göstərdi:
– Xanım ordadır.
Bu vaxt hardansa ağ paltarlı, çəhrayı lentli qız peyda oldu. O sualla cavabı eşitdi, ya da təxmin elədi. Məni görəndə gizləib qışqırdı:
– Ana, bu cənab səni görmək istəyir!
Mənsə onun çəhrayı lentinin külək vurduqca necə oynamağına baxa-baxa onun dalınca getdim.
Axıracan səmimi olacağam. Xiyabanın axırıncı döngəsində mən yaxalığımı qaldırdım, ucuz şlyapamı və şalvarımı sürtukumun ətəyi ilə, sürtukumu qolçaqlarımla, qolçaqlarımı isə bir-birinə sürtərək təmizlədim. Uzunboğaz çəkmələrimi otla siləndən sonra ümüd etdim ki, məni artıq yerli icra hakimiyyətinin işçisinə oxşatmayacaqlar. Amma indi, cavanlıqda etdiyim bu hərəkə yadıma düşəndə özüm-özümə gülürəm.
Mən günəş şüalarının altında qızışan sasız-hesabsız güllərin arası ilə gedə-gedə özümü necə aparacağım, nə deyəcəyim haqqında fikirləşəndə qəflətən qabağımda dayanmış Jülyettanı və onun əlini gördüm. Qız isə anasının əlindən tutmuşdu. Hiss olunurdu ki, qrafinya qızının sözlərindən maraqlandığı üçün addımlarını yeyinlədib. Gözlədiyi adamın yerinə qabağında əyilib ona təzim edən tanımadığı birini görəndə qrafinyanın siması ümüdləri puç olmuş adamın simasına oxşar mimika aldı. Mən xeyli əmək sərf edib quraşdırdığım təsəlli cümlələrindən birini axtarırdım. Bu vaxt səhnədə onun əri peyda oldu. Ağlımdan milyonlarla fikir keçdi. Mən qraf və qrafinya Monpersanlara baxa-baxa nə demək haqqında fikirləşirdim. Bu arada hər ikisinə diqqətlə fikir verdim. Qraf zəmanəmizin ənənəvi dvoryanlarına oxşayırdı. Onun ayaqlarında kobud dabanlı ayaqqabı vardı. Ona görə ayaqqabını birinci dedim ki, onlar məni onun köhnə sürtukundan, əzik şalvarından, səliqəsiz bağlanmış qalstukundan və çirkli yaxalığından daha çox cəlb elədi. Əgər bu cənabın porteretini tamamlamaq istəyirsinizsə, çopur, gündən qaralmış sifət və uzanmış çal saçlar təsəvvür edin. Amma qrafinya! O həyat yoldaşından kəskin surətdə fərqlənirdi. Bu mütənasib bədənli, ağ bənizli qadın elə zərif idi ki, ona baxanda – əlimi vursam, sınar – deyə fikirləşdim. Onun əynində çəhrayı kəmərli ağ paltar, başında isə çəhrayı lenti olan şlyapa var idi. Onun canlı, qara, mənalı gözləri, gözəl ayaqları var idi. Ona otuz yaşdan yuxarı vermək olmazdı. Xasiyyətində isə, məncə Luveniun romanındakı qrafinya de Linoll və markiza de B.-ni xatırladan nə isə var idi. Bütün bu müşahidələrdən sonra mən diölomatik qərara gəldim.
– Qraf, sizinlə təklikdə bir neçə kəlmə danışmaq istərdim. – dedim və sirrli görkəm alaraq bir neçə addım kənara çəkildim.
O mənim dalımca gəldi. Jülyetta, istədiyini hər vaxt öyrənə bilən qadınla rkimi soyuqqanlılıqla bizi tərk etdi. Mən yol yoldaşımın ölümünü qısaca qrafa danışdım. Xəbəri eşidəndə qrafın aldığı vəziyyətdən mən yəqinləşdirdim ki, o, cavan dostuna məhrəmanə və isti hisslər bəsləyirmiş.
– Yoldaşım çox məyus olacvaq. Bu xəbəri ona çatdırmaq üçün xeyli tədbir görməli olacağam.
– Cənab, – dedim – mənim vəzifəm əvvəlcə sizə müraciət etmək idi. Bundan əlavə, mənə başqa bir tapşırıq da verilib ki, onu mən ancaq xanıma deyə bilərəm.
Qraf razılıq əlaməti olaraq başını tərpətdi. Sonra mənə kifayət qədər gözəl bir kompliment dedi və necə istəyirəmsə, elə də hərəkət eləməyimə icazə verdi. Biz qrafinyanın yanına qayıtdıq. Qraf bizi tək qoymaq üçün nə isə bir bəhanə gətirdi və getdi. Qrafinya isə yalnız qadınlara məxsus baxışlarla məni süzzməyə başladı. Bu baxışlaarda göydən düşmüş kimi qabağında birdən-birə peyda olmuş tanımadığı adama maraq da var idi, bütün kişilərə qarşı – yalnız birindən başqa – etinasızlıq da, qorxu da…
Mən ona təbəssümlə cavab verdim və bir an içində onu başdan-ayağa süzdüm. Jülyetta xuyabandakı güllərin fonunda çox gözəl görünürdü.
– Xanım, mən özüm üçün çox ağır olan bir səyahət etmişəm və bu səyahəti yalnız sizin xətrinizə qəbul etmişəm.
– Cənab!
– Mən bura sizə Jülyetta deyən birinin adından gəlmişəm. – deyə davam etdim. Onun rəngi ağardı. – Siz bu gün onu görməyəcəksiniz.
– O xəstədir? – deyə sakit səslə soruşdu.
– Hə, – dedim. – Xahiş edirəm özünüzü ələ alın. O sizə aid olan və onunla sizdən başqa heç kimin xəbəri olmayan bəzi şeyləri sizə çatdırmağı mənə tapşırıb.
– Nə olub axı?
– Bəlkə o daha sizi sevmir?
– O! Yox, bu ola bilməz!
Birdən elə bil onun bədənindən cərəyan keçdi. O qızardı və geniş açılmış gözlərini mənə zillədi.
– O sağdır?
Aman Tanrı! Necə də dəhşətli sözdür! Mən bu sözlərin ağırlığına tab gətirmək üçün çox cavan idim. Buna görə də özümü itirmişdim.
– Cənab! Cənab! – deyə qışqırdı.
– Bəli, xanım.
– Bu düzdür? Mənə həqiqəti deyin, mən onu eşitmək gücündəyəm. Deyin!
Cavab yerinə gözlərimdən yaş süzüldü. O zəif səslə qışqıraraq ağaca söykəndi.
– Xanım, – dedim – əriniz gəlir.
– Mənim ərim var ki!
Bunu deyib getdi.
– Vaxtdır! Yemək soyuyar. – qraf mənə edi. – gedək, cənab.
Mən ev sahibinin dalınca getdim. O məni yemək otağına apardı. Orada Paris dəbdəbəsi ilə süfrə hazırlanmışdı. Stola beş dəst qoyulmuşdu. Ikisi ev sahiblərinin, biri onların qızının, biri mənim, hansı ki, onun olmalı idi, biri də Sen-Denidən olan kanonikin. Kanonik dua oxuyandan sonra soruşdu:
– Mehriban qrafinyanız haradadır?
– O indi gələcək. – deyən qraf bizim üçün şorba çəkəndən sonra öz boşqabını ağzınacan doldurdu və tezliklə onu yedi.
– Oho, qardaşoğlu, deyə kanonik güldü. – arvadınız burda olsaydı, belə etməzdiniz.
Qız isə dedi:
– Atamın halı yaxşı olmayacaq.
Qraf o birisi yeməklərə girişəndə qulluqçu gəldi.
– Müsyö, madamı tapa bilmədik.
Bu sözləri eşidən kimi ayağa durdum. Bəlkə nə isə olub. Həyəcanlandığımı görən kanonik də dalımca bağa gəldi. Qraf isə nəzakət xatirinə qapıyacan gəldi.
– Dayanın! Dayanın! Narahat olmayın! – deyə dalımızca qışqırdı.
Amma o bizimlə getmədi. Mən, qrafinyanı axtara-axtara kanonikə və qulluqçuya həmin cavan oğlanın öldüyünü dedim. Həm də onun necə öldüyünü təsvir etdim. Bu zaman hiss elədim ki, quluqçu qrafinyaya necə bağlıdır və onun sirrlərindən xəbərdardır. O mənim bu cür həyəcanlanmağımın səbəbini anlayırdı. Biz bağın dərinliklərini də axtardıq. Amma nəinki qrafinyanı, heç onun izini də tapmadıq. Dala qayıdanda mən bağın lap ucqarında, hardasa divar dibində hıçqırığa oxşayan səs eşitdim. Hər ehtimala qarşı ora getdim. Bir Jülyettanı gördük: O büzüşüb yerdə oturmuşdu, uşaq kimi ağlayırdı. Qulluyqçu onu yerdən qaldıranda o tabe oldu. Özünü itirən qulluqçu nə deyəcəyini bilmirdi.
– Gedək, xanım, gedək.
Qoca kanonik soruşdu:
– Ona nə olub? Sizə nə olub?
Qulluqçunun köməyilə Jülyettanı otağına apardım. Qulluqçuya tapşırdım ki, onda gözü olsun və hamıya desin ki, o, xəstələnib. Sonra bir kanonikıə yemək otağına qayıtdıq. Biz qrafı xeyli vaxt olatrdı ki, tək qoymuşduq. Bu vaxt ərzində mən onu bircə dəfə xatırlamışdım və onun soyuqqanlılığına heyrət eləmişdim. Indi qrafı görəndə heyrətim daha da artdı: o demək olar ki, stoldakı hər şeyi yemişdi və indi eyni soyuqqanlılıqla oturmuşdu. Həkimlər onu indi adını unutduğum hansısa xəstəlikdən müalicə edirdilər və ona ciddi pəhriz yazmışdılar.
Axşam çox qəmgin keçdi. Kanonik qrafinyanın nə üçün ağladığını tapmaq üçün çox fikirləşdi. Qraf yediklərini həzm etməklə məşğul idi. Hamımız tez uzandıq. Lakey məni mənim üçün ayrılmış otağa apardı. Mən onun otağının yanından keçəndə onun özünü necə hiss etdiyini təsəvvürümə gətirməyə çalışdım. Məni səsimi eşidəndə içəri girməyimi xahiş etdi, mənimıə danışmaq istəyirdi. Amma danışmağa gücü olmadığından susdu və mən öz otağıma getdim. Yorğun olduğum üçün tezcən yatdım. Gecə mən xışıltı səsinə ayıldım və gördüm ki, qrafinya çarpayının ayaq tərəfində oturub. Stola qoyulmuş lampa onun üzünü işıqlandırırdı.
– Bunlar doğrudurmu, cənab? Heç bilmirəm bu cür zərbədən sonra necə yaşayacağam? Amma indi sakitəm. Hər şeyi bilmək istəyirəm.
Mən bəzi dəhşətli məqamlardan başqa həmin hadisəni bütünlükdə danışdım. O ağlamırdı. Xəstəliyi təyin etməyə çalışan həkim kimi mənə tərəf əyilib sakitcə qulaq asırdı. Sonra mən məktubları ona uzatdım. O məktubıları alandan sonra güclə eşidilən səslə dedi:
– Mənsə onun məktublarını yandırırdım! Onun məndə heç nəyi qalmayıb. Heç nə! Heç nə!
O var gücü ilə alnına vurdu.
– Xanım. – deyəndə o mənə tərəf çevrildi.- mən onun saçından kəsmişəm. Budur.
Sevgilisindən qalan yeganə şeyi – onun saçını qrafinyaya verdim. Əgər mənim əlimə düşən göz yaşları sizin də əlinizə düşsəydi, minnətdarlığın nə olduğunu bilərdiniz. Qrafinya əlimi tutdu.
– Ah! Siz sevirsiniz! Sizi görüm xoşbəxt olasınız!
Daha danışmadı və öz xəzinəsi ilə bir yerdə qaçdı.
Səhər bütün bunları yuxu zənn etdim. Amma balışın altından məktubları tapmayanda onun həqiqiliyinə inandım.
Mən daha bir neçə günü Jülyetta ilə bir yerdə keçirtdim. Bu qadının hər sözü, hər hərəkəti onun incəliyinə, ürəyinin təmizliyinə dəlalət edirdi. O, həmin qadınlardan idi ki, ancaq sevgi üçün yaradılırlar.
Axşam qraf de Monpersan özü məni Mulenə apardı. Ora çatanda qraf mənə dedi:
– Cənab. Parisə çatanda Santye küçəsində yaşayan cənaba (adını unutmuşam) ona borclu olduğum pulu verə bilərsinizmi? O mənə yazmışdı ki, ona tezliklə pul lazımdı.
– Əlbəttə.
Mən qrafın verdiyi iyirmi beş luidoru aldım və həmin pulun hesabına Parisə gəldim. Sonra isə o miqdarda pulu qraf de Monpersanın borclu olduğu adama çatdırdım.
Parisdə, pulu həmin cənaba aparanda başa düşdüm ki, Jülyetta necə incəliklə mənə yardım edibmiş. O mənim pulsuzluğöumu hiss etmişdi və bu yolla məni utandırmadan kömək əlini uzatmışdı.
Bu əhvalatı sevdiyin qadına danışmaq necə də gözəldir. Həmin qadın sizə diqqətlə qulaq asandan sonra sizi qucaqlayır və deyir:
“Əzizim, sən ölmə!”
Çevirdi: Həmid Piriyev