manera.az
manera.az

32 illik ömrün qəm nəğmələri - TƏRCÜMƏ | MANERA.AZ

📅 11.05.2016 12:32

32 illik ömrün qəm nəğmələri - TƏRCÜMƏ | MANERA.AZ
1935-ci ildə Tehranda doğulub, 1967-ci ildə bir avtomobil qəzasında faciəvi şəkildə həlak olan Foruğ Fərruxzad 32 illik ömründə beş kitablıq şeir yazıb. Onlardan dördü- "Məhbus" (1955), "Divar" (1956), "Üsyan" (1957), "Yeni təvəllüd" (1963) şairənin sağlığında, beşincisi -"İnanaq soyuq mövsümün başlanğıcına" (1974) ölümündən sonra nəşr edilib. Bu kitablar klassik şeirin bu günədək aktuallığını saxlayan poetoloji və texniki təcrübəsinin modernist ədəbiyyatla sintezi üzərində qurulmuş yeni fars poeziyasının estetik ideallarını özündə əks etdirən ən uğurlu nümunələrdən sayılır.

Foruğ Fərruxzad çox qısa şair ömrü yaşasa da, onun "Məhbus"-dan "Yeni təvəllüd"ə qədər keçdiyi yol bütöv bir ədəbi epoxanın təkamülünün xarakterik cizgilərini izləmək baxımından maraq doğurur. Əgər "Məhbus"dakı şeirlərin əksəriyyəti ölçü, qafiyə, ritm baxımından ənənəvi şeir formalarına çox yaxın idisə, şairənin son kitabında toplanan əsərlər bütün çərçivələri dağıdaraq tam "sərbəstləşmişdi" ("ağ şeirlər" idi). Bununla yanaşı, mərhələlər arasındakı fərq obyektiv gerçəkliyin poetik təcəssümündə də özünü göstərirdi; əgər ilk kitablarda hər şey lirik qəhrəmanın yaşantıları kimi təqdim olunurdusa, "Yeni təvəllüd"də həyatın, gerçəkliyin, hətta hisslərin obyektiv mənzərəsi yaradılır və oxucu onlarla baş-başa buraxılırdı.

Təqdim etdiyimiz şeirlərin hamısı şairənin "Məhbus" kitabından götürülüb. Foruğ Fərruxzadın yaradıcılığı ilə maraqlananlar və ümumiyyətlə, yeni fars poeziyası ilə yaxından tanış olmaq istəyənlər üçün bu tərcümələrin maraqlı olacağını guman edirik.


Üsyan

Mənim dodağıma qıfıl vurma sən,
Şairin deməyə öz dastanı var.
Ağır qandalları aç ayağımdan
Qəlbimdə bir sevda həyacanı var.

Gəl ey dost - özündən müştəbeh adam
Gəl aç bu qəfəsin nəfəsliyini.
Sən mənim ömrümü elədin zindan,
Gəl barı bir anlıq azad et məni.

Mən həmin quşam ki, xeyli zamandır
Beynimdə bir uçuş əndişəsi var.
Bil ki, dar köksümdə nəğməm də qandır,
Məni həsrətlərə tuş edib ruzgar.

Ağzımı bağlama bir qıfıl kimi
Sirrimi mən dilə gətirməliyəm.
Odlu nəfəsimlə nəğmələrimi
Bütün Yer üzünə yetirməliyəm.

Gəl aç qapıları, qoy çalım qanad
Şeirin bu nurlu asimanında.
Eh, imkan versəniz pərvazlanaraq
Bir gül olacağam söz bostanında.

Bu ətir qoxuyan bədənim sənin,
Bu şirin busəli ləblərim sənin,
Gizli atəşlərdə yanan baxışım,
Haləsi qan daman bu qəlbim sənin.

Lakin sən, ey insan, ey xudbin vücud,
Demə sözüm çılpaq, şeirim xəcalət!
Coşqun duyğularçın özün bilirsən
Bir qəfəs fəzası dardır, dar fəqət.

Demə günahlardan yoğrulub şeirin-
Doldur o günahla mənim badəmi.
Behişt, kövsər suyu, hurilər sənin
Cəhənnəm küncünə atarsan məni.

Bir kitab, bir xəlvət, bir söz, bir sükut
Mənimki məstlikdir,
sərsəm bir həyat.
Nə qəm, behiştə də gedə bilməsəm,
Qəlbimdə behiştə bənzər bir büsat.

Sükuta qərq olmuş göy üzü bomboş
Orda rəqs eləyir ay aram-aram.
Bu vaxt sən yatırsan, mən isə sərxoş
Ayı ehtirasla qucaqlayıram.

Məndən min-min busə alır küləklər,
Günəşə min öpüş verirəm hər gün.
Gecə sən qoruyan məhbəsdə fəqət
Vücudum titrəyir bir busən üçün.

Ehtiras yaradır rüsvay olmaq,
Sən alma eyninə bu cəfəng sözü.
Məni tanrı mütləq bağışlayacaq
Şairi divanə yaradıb özü.

Gəl aç bu qapını, qoy çalım qanad
Şeirin işıqlı asimanında.
...Eh, imkan versəniz pərvazlanaraq
Bir gül olacağam söz bostanında.

Sonralar

Bir gün ölüm qapayacaq gözümü-
Nur selində cilvələnən baharda,
Ya kədərli - qüssəli bir qış günü,
Ya da payız bihal olan diyarda.

Bir gün ölüm qapayacaq gözümü-
Bu günlərdən boylanmaqda o səhər.
O gün başqa günlər kimi üzücü
Bu günlərin kölgəsinə bənzəyər.

Gözlərimdə dalanların zülməti,
Yanaqlarım mərmər kimi soyuq, sərt.
Qəfil yuxu məni alıb - aparar
O boşluğa çatmaz daha nalə-dərd.

Söz sehrindən çıxan kimi əllərim
Enib düşər dəftər üstə səssizcə.
Yadımdadır, şeirimin qanından
Od qalxardı bir ruzigar əsincə.

Torpaq hər an pıçıldayar nəğməmi
Bu yerlərdən keçsə hər kim eşidər.
Ah, bəlkə də gecəyarı qəbrimə
Gül gətirən aşiqlərim eşidər.

Məndən sonra bir gün mənim dünyamın
Üzərindən qara pərdə çəkilər.
Dəftərimin, kağızımın üstünə
Təəccüb dolu yad baxışlar dikilər.

Mənim kiçik otağıma gələrlər
Məndən sonra biganələr, özgələr.
Saçlarımın, əllərimin yerini
Saxlayacaq illər boyu güzgülər.

Mən özümdən ayrılaram, gedərəm
Məndən sonra hər nə varsa dağılar.
Ruhum qayıq yelkəni tək bir zaman
Üfüqlərdə gözdən itər, yox olar.

Məndən sonra günlər, həftələr, aylar
Gəlib - keçər hövsələsiz, çaparaq.
Bir məktubun sorağıyla gözlərin
O yollara dikiləcək, baxacaq.

Mənim soyuq bədənimi o anlar
Bu ac torpaq hər tərəfdən bürüyər.
Sənin qəlbin döyünəndə uzaqda
Mənim qəlbim torpaq altda çürüyər.

Lap sonralar yağış, külək adımı
Daş üstündə ovxarlayıb, toz elər.
Yol üstündə adsız qalar məzarım,
Unudular büsbütün əfsanələr.

Sınıq güzgü

Dünən sənin o sevginin şərəfinə,
Geydim yaşıl paltarımı mən əynimə.
Durub baxdım o aynada öz əksimə
Saçlarımı açıb tökdüm ağ çiynimə.

Üst - başıma və sinəmə ətir səpdim,
Gözlərimi süzüb, sürmə-sığal çəkdim.
Saçlarımı çiynim üstə həşəm etdim,
Dodağımın lap küncünə bir xal çəkdim.

Öz-özümə təəssüf etdim ki... o, yoxdur,
Mat qalaydı bu əfsuna, bu qəmzəyə.
Əynimdəki yaşıl dona baxıb-baxıb,
"Ah, nə yaman gözəlləşdin yenə"- deyə.

O yoxdur ki, gözlərimin qarasında
Baxıb görə öz əksini, öz şəklini.
Eh, bu gecə həşəm saçın nə faydası?
Hanı onun barmaqları, çala məni?

O yoxdur ki, ağuşuma girən anda
Bədənimin ətrin çəkə dəli kimi.
Sən, ey güzgü, bu həsrətdən öldüm daha
O, yoxdur ki, sinəsinə sıxa məni.

Mən baxmaqda, güzgü məni dinləməkdə
Dedim:"Güzgü, bu müşküldən qurtar bizi".
Güzgü sınıb fəryad çəkdi ki, ey qadın,
Öz qəminlə sən sındırdın qəlbimizi".

Qayıdış

Sən yazan məktubdakı acı tənəyə görə
Gecəyarıya qədər gözümü yummamışam.
Ey mənim ümid yerim, ey mənim qibləgahım,
Şeirimdəki eyhamdan incimə heç bir zaman.

Bəlkə, gücüm çatmadı boz sükutun içində
Bu kiçik qəlbimdəki hissləri gizlədim mən.
Qoy onda nəğmələrim yaysın mənim şeirimi,
Qoy bütün gizlinləri indi bəyan edim mən.

Keçib gəldiyim yola dönüb baxıram yenə,
Qürub etmiş günəştək səni xatırlayıram.
Yarım, əzabdan özgə şerim nə verdi mənə?
Qana batmış qəlbimdən bir nalə qopur bu an.

Qəlbim səndən çox möhkəm incidiyi zamanlar
Söylə bu dərdi-səri necə saxlayım gizli?
Ruhuma əzab verən bu şeirlərim ki, var
Məhəbbətlə döyünən bir qəlbin naləsidi.

Mən qəfəs söyləsəm də, nə deyim bundan öncə,
Gördüyüm riyakarlıq öldürüb atdı məni.
Ey dərd, bil ki, oyunbaz, aldadıcı bu fələk
Cilvə və təmtəraqla sonda aldatdı məni.

Eh, indi mənəm məkr, yalan torunda yorğun
Yenə də sığınmışam bir qəfəsin küncünə.
Aç qapını, bu qəfəs milləri arxasından
Uzaqda heç bir zaman rahat olmayıb mənə.

Mənim ayaqlarımı yenə zəncirlə bağla,
Ki, fitnə və yalanlar yerimdən oynatmasın.
Rəngbərəng həvəslərin dəmir əli bir daha
Başqa halqa düzəldib mənə kəmənd atmasın.

Ardı var...

Farscadan tərcümə edəni: İbrahim Quliyev
MANERA.AZ


Baxış sayı - 2 154 | Yüklənmə tarixi: 11.05.2016 12:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031