Müslüm Maqomayev zirvəsi|MANERA.AZ
![]()
Dahi müğənni Müslüm Maqomayevin vəfatından artıq yeddi il keçdi...
Özünün bütün nailiyyətlərinə, titullarına və xidmətlərinə baxmayaraq, Müslüm Maqomedoviç sadə insan olaraq qalırdı. Zirvədə olarkən belə o, hər zaman olduğu kimi qalırdı – vicdanlı, mehriban və sadə. Müslümün babası – Azərbaycanlı bəstəkar Əbdül Müslüm Maqomayev, Üzeyir Hacıbəyovla birlikdə Azərbaycan klassik musiqisinin banisi idi. Müslümün atası Məhəmməd Maqomayev istedadlı rəssam idi. Anası Ayşət Maqomayeva dram aktrisası idi.
Müslümün atası Böyük Vətən Müharibəsində, Qələbəyə bir neçə gün qalmış cəbhədə həlak olmuşdu. Anası institutu bitirdikdən sonra işləmək üçün Vışniy Voloçek şəhərinə göndərilmişdi və o, oğlunu qaynı Cəmaləddin Müslümoviçin yanında qoymuşdu. Camal oğlanın özünə qapanan olmaması və özünü yetim kimi hiss etməməsi üçün hər şey etdi. O, Müslümə öz kökünə, Vətəninə qürur, sevgi hissini və bütün həyatı boyunca Müslümü izləyən məhəbbəti – musiqiyə məhəbbəti aşılayırdı. Müslüm konservatoriya nəzdindəki musiqi məktəbinə fortepiano və kompozisiya sinfi üzrə daxil oldu. Anasının yanına, Vışniy Voloçek şəhərinə getdikdən sonra da Müslüm orada musiqini öyrənməyə davam edirdi və orada teatrla tanışlıq baş verdi. O, rəsm çəkmək həvəsini irsən atasından almışdı.
Vışniy Voloçekdə olarkən onda rəssamlıq və heykəltaraşlıq istedadı özünü göstərməyə başladı. Bir ildən sonra musiqi təhsilini davam etdirmək üçün Müslüm Bakıya qayıdır, bu, Müslümün anasının qərarı idi. O, 1956-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur və burada ona o dövrün ustadları (vokalçı A.A.Milovanov, Bakı Opera Teatrının solisti V.A.Popçenko, konsertmeyster Tamara Kretinqer) dərs keçirdilər. 1959-cu ildə o, musiqi texnikumunu bitirir. O, 1961-ci ildə Helsinkidə keçirilən Tələbə və Gənclərin Ümumdünya Festivalında nümayəndə heyətinin tərkibində SSRİ-ni təmsil edirdi. O, festivalın laureatı olur. Müslüm Maqomayev “Buhenvald harayı”nı ifa etmişdi. 60-cı illərdə Müslüm şöhrət qazanmağa başlayır.
Müslümün ilk addımlarını yada salarkən mən, onun karyerasının başlanğıcında yanında olan bir insana, gənclik dostu İldırım Qasımova müraciət etmək qərarına gəldim.
«SSRİ-nin paytaxtı Moskva şəhərində Kremlin ərazisində “Qurultay Sarayı” inşa olunmuşdu və hər bir Respublikaya incəsənət sahəsində nailiyyətlərini nümayiş etdirmələri üçün bir həftə ayrılmışdı. Bizim proqramın bədii rəhbəri Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Ələkbər oğlu Quliyev təyin olunmuşdu. Bu dövrdə o, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru idi, mən isə o dövrdə yuxarıda qeyd olunan filarmoniyada adi inzibatçı işləyirdim.
İfaçıların siyahısı böyük idi: Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və digərləri, o cümlədən gənc Müslüm Maqomayev. Mədəniyyət Nazirliyinin kollegiyasında iştirakçıların siyahısı tam və yekun təsdiq üçün gözdən keçirilirdi. Kollegiyaya gedərkən Tofiq Quliyev məni özü ilə götürdü. Hər bir ifaçının soyadı və repertuarı ayrı-ayrılıqda nəzərdən keçirilirdi. Sıra gənc müğənni Müslüm Maqomayevə çatdı. Nazirlik kollegiyasının bəzi iştirakçıları etiraz edirdilər ki, “o, hələ gəncdir və onun üçün hər şey irəlidədir, biz daha öncə başqa məsul tədbirlərdə sınaqdan çıxmış adlı-sanlı ifaçıları göstərməliyik”. Bu zaman proqramın bədii rəhbəri Tofiq Quliyev söz aldı. O, «Müslüm Maqomayev gənc və çox istedadlıdır və o, ifaçıların bu siyahısında təsdiq olunmalıdır. Əgər kollegiya üzvləri təklifimlə razı deyillərsə, mən bu proqramın bədii rəhbəri olmaqdan imtina edirəm» dedi, ayağa qalxdı, kollegiya zalından çıxdı və getdi. Mən onun arxasınca çıxa bilməzdim, belə ki, iclasa dəvət olunanlardan deyildim. Kollegiya məsələnin müzakirəsinə uzun müddət davam etdi və nəticədə məsələ Tofiq Quliyevin təklifinin xeyrinə həll oldu. Müslüm Maqomayev Qurultay Sarayının səhnəsində çıxış edəcək ifaçıların ümumi siyahısında təsdiq olundu! ŞÖHRƏT zirvəsinə gedən yol başlandı».
Bundan sonra Moskvada, Çaykovski adına konset zalında birinci solo konsert baş tutdu. Uğurlu çıxışlarına görə SSRİ Mədəniyyət Naziri Yekaterina Furtsevanın qərarı ilə onu təcrübə üçün Milandakı məşhur La Scala teatrına göndərirlər (1964-1965). Parisdə baş tutmuş qastrollar (1966 və 1969-cu illər) müvəffəqiyyətlə keçdi. SSRİ-yə qayıtdıqdan sonra ona Böyük Teatr truppasının solisti olmağı təklif etdilər. O, imtina edir, o, “bir rolun aktyoru” olmaq istəmirdi. Müslüm Maqomayev qeyri-adi şəxsiyyət idi, onun repertuarı zəngin və çox çeşidli idi. O, rəsm çəkirdi, oxuyurdu, filmlərə çəkilirdi, musiqi bəstələyirdi, o, hər bir şeydə istedadlı idi. O, 1973-cü ildə 31 yaşında SSRİ-nin Xalq artisti oldu.
Hər bir məşhur kişinin arxasında çox güclü qadın dayanır. Tamara İlyiniçna Sinyavskaya Müslümün yol göstərən ulduzu oldu. Müslüm həqiqi, vəfalı sevginin bir nişanəsi olaraq “Melodiya” mahnısını yazdı və ona həsr etdi. Onların ailəsində liderlik və ya idarə edən yox idi, onlar bərabər, ideal, bir-birini sevən cütlük idilər. Tamara İlyiniçnanın sözlərinə görə, onların nigahı möhkəm idi, çünki: “Sevgidən, bağlılıqdan başqa daha bir hiss var – dərin hörmət. Bax, əgər biz bir-birimizlə mübahisə etsək də, bu çox emosional, ucadan olur – amma 3 dəqiqəlik. Biz ayrı-ayrı otaqlara çəkilirik...və sonra çıxırıq: söhbət nədən gedirdi, yağışmı keçdi?Vəssalam. Mən Müslümə kişi mənşəyinə görə çox hörmət edirəm. O müdrikdir...Ümumi maraqlarımız çox idi. Xüsusən söhbət musiqidən, oxumadan gedəndə. Müslüm televizorla onda güclü emosiyalar yaradan kiminsə çıxışını görən kimi dərhal mənə deyirdi: “Sən bunu eşitdin?!”. Və “suallar və cavablar”, heyranlıq və ya hiddətlə dolu axşam başlayırdı. Müslüm çox emosional insan idi, lakin buna baxmayaraq bizim zövqlərimiz və rəylərimiz demək olar ki, hər zaman üst-üstə düşürdü. İndi bu əyləncəli dialoqları aparmaq üçün heç kim yoxdu...»
Müslüm Maqomayev və Tamara Sinyavskaya səadət, harmoniya, qarşılıqlı anlaşma ilə dolu 35 il ailə həyatı sürdülər.
Müslüm Maqomayevin bütün xidmətlərini və mükafatlarını saatlarla saymaq olar. Uzun olmayan həyatı boyunca o, Azərbaycan və Rusiya mədəniyyətinin inkişafına əvəzsiz töhvə vermişdir. Müslüm və onun yaradıcılığı barədə keçmiş zamanda danışmaq olmaz. Onun pərəstişkarları yaşadıqca, onun yaradıcılığı da yaşayacaqdır. Və mən inanıram ki, bu əbədi olacaqdır.
Tamerlan Ələkbərov