manera.az
manera.az

Firuz Mustafa: “Hamıdan narazıyam...”|MANERA.AZ

Firuz Mustafa:  “Hamıdan narazıyam...”|MANERA.AZ

Manera.az-ın bu dəfəki müsahibi yazıçı Firuz Mustafadır.

Firuz müəllim, hazırda nə işlə məşğulsuz?

-Bir xeyli vaxtdır ki, öz yazı-pozularımı nizama salmaqla məşğulam. İş elə gətirib ki, mən eyni zamanda ədəbi və elmi fəaliyyətlə paralel zamanda məşğul olmuşam. Uzun illər populyar qəzetlərə indiki ibarə ilə desək “köşə yazıları” yazmışam.
Çoxlu səhnə əsərlərim, fəlsəfi məqalələrim var.
Düzü, indi yazdıqlarımı nəzərdən keçirəndə heyrət edirəm: bu qədər yazını mən nə vaxt qələmə almışam?

Yazdıqlarınız sizi qane edir?

- Bir çoxu qane eləmir. Amma mən onların heç birindən imtina edə bilmərəm. Bəzən görüb eşidirik ki, bir çox yazıçılar öz əsərlərinin bir qismindən imtina edir. Yaxud əsəri çap etdirib “alaverdi” qeydlər edənlər də olur.

Bununla nə demək istəyirlər ki?

-Yəni, zatən əsərin zəifliyi üçün məni tənqid etməyin, zira bu yaradıcılığımın ilk dövründə qələmə alınıb. O vaxt uşaq olmuşam, ağlım kəsməyib, zəif əsər yazmışam. Bu, çox əsassız, həm də gülünc iddiadır. Adamdan soruşarlar: yaxşı, bəs o zəif əsəri niyə nəşr etdirmisən?

Necə düşünürsüz, zamanın önəmi varmı yazılmış mətn üçün?

-Şəxsən mən nadir hallarda öz yazılarımın altından tarix yazıram.

Niyə?

-Ona görə yazmıram ki, yazıldığı vaxtdan asılı olmayaraq mən bu yazıların hamısının altından öz imzamı qoya bilərəm. Bü günlərdə bir neçə ədəbiyyatşünas dostum mənə bir xahişlə müraciət etmişdi. Onlar pyeslərimin yazıldığı vaxtı öyrənmək istəyirdilər. Onlara dedim ki, mən yalnız o pyeslərin səhnəyə qoyulduğu tarixi xatırlayıram. Yazıldığı tarixi isə xatırlamıram. Sonda zarafatla bildirdim ki, qoy bu işlə tədqiqatçılar məşğul olsun. Axı onlar da bir işlə məşğul olmalıdır ya yox?

Bəs Azərbaycan ədəbiyyatında Firuz Mustafanın çəkisi necə bilmək olar?

-Bunu ölçmək üçün nə mizanım var, nə də tərəzim. Bu məsələ haqda dəqiq bir söz deyə bilmərəm. Amma orasını dəqiq bilirəm ki, çox populyar deyiləm və düzü, buna heç can atmıram da. Baxmayaraq ki, bir çoxu mənim yaradıcılığımı məhsuldar hesab edir.

Deyirlər, tanınmaqçün bir az da bəxtə ehtiyac var...

-Baxır nə cür tanınmağa. Bu məsələdə səbəb çox olduğu kimi, nəticə də çox ola bilər.

Nədən narazısız?

Heç kəsdən və hamıdan. Ən çox da özümdən.

Özünüzə layiqli diqqət görmürsüz?

-Baxır kim tərəfindən. Mənə diqqət yetirənlər də var, diqqətsizlər də. Amma diqqət göstərməyənlərə daha çox minnətdaram. Çünki mənə çox diqqət yetiriləndə çalışıram ki, diqqətdən yayınım.

Firuz müəllim, maşallah, əsərləriniz çoxdu. Oxucularınızın sizi maraqla oxuduğunu görəndə nə hissləri keçirirsiz?

-O zaman özümün də ürəyimdən həmin əsərləri oxumaq keçir.

Sərbəst, istədiyiniz yazını yazıb yayımlaya bilirsiniz?

- Baxır harada, hansı şərtlərlə, hansı auditoriya üçün.

Yazmağa çəkindiyiniz mövzular var?

-Çəkindiyim mövzu yoxdur. Amma bilərəkdən yazmadığım mövzular var.

Yaradıcılığınızda hansı əsər sizı daha əzizdir?

-Hamısı. Hər yazım üçün məsulam. Bəzən öz yazdıqlarından imtina edənlər də olur axı...

Firuz müəllim, təkcə oxumaqla yazıçı olmaq olur?

-Təkcə oxumaqla, mütaliə etməklə uzaqbaşı oxucu olmaq olar. Yazıçının, hər halda böyük söz sahiblərindən söhbət gedir, mütləq bir “yaradıcı” tərcümeyi-halı da olmalıdır. İndi ədəbiyyatda olanların və ya ədəbiyyata gələnlərin əksəriyyətinin bəsit bioqrafiyası var: bağça, məktəb, universitet... və uzaqbaşı əsgərlik. Ona görə çoxunun yazdığı da tərcümeyi-halı kimi bəsitdir. Sanki belələrinin ömrü başqaları tərəfindən yaşanır və ya diktə olunur. Hərə öz ömrünü özü “yazmalı” və özü “yaşamalıdır”.

Necə bilirsiz, ədəbiyyat insan qəlbinin dərinliklərini fəth etməyə qadirdir?

-Əlbəttə. Ədəbiyyatın başlıca vəzifələrindən biri, bəlkə də elə birincisi budur.

Bəs ədəbiyyat dünyanın gedişinə necə, təsir göstərə bilirmi?

-Bəli, göstərir.

O zaman niyə dünya bu gündədir?

-Təsəvvür edin, görün tarixdə Homer, Nizami, Şekspir, Tolstoy, Hüqo, Heminquey... olmasaydı bu dünya nə gündə ola bilərdi?.. Adını çəkdiyim və çəkmədiyim insanların və onların kitablarının hesabına dünyamız bir az “dünyaya” oxşayır.

Beyninizdə yaratdığınız obraz xarakterilə əsərlərinizdə canlandırdığınız tip arasında hansı fərqlər var?

-Fərqlər çox olur. Həm də təkcə nəsrdə yox. Mən bu cür “ziddiyyətlərlə” dram əsərlərində daha tez-tez üzləşirəm. Hətta, bəzəm müsbət obraz kimi nəzərdə tutduğum personaj səhnədə mənfi obraza “çevrilir” və ya əksinə. Dediyim odur ki, təxəyyüldə və təsəvvürdə (sizin dediyiniz kimi “beyində”) yaradəlan obraz heç də hər zaman nəzərdə tutulan tipin tam adekvat inikası ola bilmir.

Məsələn, doğma bir insanı itirməyi necə ifadə edərsiz?

-Heç nə. Susaram. Axı bəzən sözlə heç də hər şeyi ifadə etmək olmur.

Firuz müəllim, dünya ədəbiyyatı yazarları içində ruhən özünüzə yaxın hesab etdiyiniz var?

-Əlbəttə, tam, istisnasız yaxınlıq və eyniyyət ola bilməz. Amma nisbi mənada dünya ədəbiyyatında “ruh qohumlarım” çoxdur.

Kimdir o siyahıya daxil olanlar? Məsələn, on ən yaxşı yazıçınız?

-Mən on yox, onlarla yazıçının adını çəkə bilərəm. Amma indi buna ehtiyac duymuram.

Niyə?

- Mənə dəfələrlə bu cür “onluğa” (on yazıçı, on əsər, on obraz) aid suallar ünvanlanıb. Və hər dəfə də onluğa daxil olanlar dəyişib. Yəni, bu dünyada ehkam olan nəsnələr azdır; məşhur filosofun dediyi kimi hər şey, o cümlədən də baxışlar dəyişir, axır, yeniləşir...

Firuz müəllim, bir az da mütaliədən danışaq. Sizcə,bu gün kitab niyə az oxunur və oxucu auditoriyasını necə genişləndirmək olar?

- Bəzən deyirlər ki, yaxşı əsərlər olmadığına görə oxucu azalır. Bu, əslində avantüra dolu bir mülahizədir. Dünya ədəbiyyatında saysız-hesabsız şedevrlər var. Bəyəm o cür “psevdooxucular” həmin əsərlərin hamısını oxuyub qurtarıblar ki?..

Mən Sovet dönəmində işimlə əlaqədar sosial sorğu keçirmişəm, Əslində elə o zaman da bizdə oxucu qıtlığı vardı. Amma ta bu günkü kimi yox.
Belə hesab edirəm ki, bizdə kitaba bu cür etinasızlığın səbəbi çoxdur.

Məsələn...

- Yəqin ki, başlıca səbəblərdən biri bizim insanların hədsiz dərəcədə “praqmatik” olması ilə bağlıdır. Yəni, bizdə az qala hər şeyə sırf kommersiya baxımından yanaşmaq bir qanuna çevrilib. Məsələn, adamlar düşünür ki, hələ bir görüm bu “kitaboxuyanlar” necə yaşayır? Ötəri tanışlıqdan belə məlum olur ki, kitaba bağlı adamların ekonomik vəziyyəti elə də ürəkaçan deyil. Elədə “mən nə üçün kitab oxumalıyam?” sualı meydana çıxır.

Doğrudan da, adamlar nə üçün kitab oxumalıdır?

- Bizdə demək olar ki, hamı diplom almaq arzusu ilə yaşayır. Lakin bilik almağa elə də həvəs yoxdur.

Şübhəsiz ki, bizim insanlar digər xalqların nümayəndələrindən heç də geridə deyil. Əksinə, bir çox sahələr üzrə bəlkə bir xeyli irəlidəyik. Məsələn, musiqi sahəsində. Bayaq dediyim kimi, adamlar praqmatikdir, təcrübədən keçənlərə, mənfəətli olanlara daha çox inanır. Yəni, musiqidən “çörək çıxdığını” indi hamı bilir.

Bəs yazıb, oxumaqdan necə?

-Şekspiranə sual və cavabla qarşılaşırıq: “Sual budur, bu...”
Məsələ burasındadır ki, kitabı təbliğ etməli olan yayım mərkəzləri –radio və televiziyalar da kitab təbliğinə soyuq yanaşırlar. Amma mahnı. Musiqi təbliği hətta lazım olandan dəfələrlə çoxdur. Bəzən ifrata da gedirlər bu sahədə...

Yaxşı, sonuncu dəfə oxuduğunuz kitabdan sizi düşündürən bir cümlə söyləyə bilərsiz?

-Amerikan yazıçı və aktyoru Uill Rojersin bir fikri yadıma düşdü: “Qəhrəmanlıq- dünyada ən qısa sənətdir”.

Yaхınlarda yeni kitabınız olacaqmı?

-Sağlıq olsa, yeni kitablar olacaq. Oxucu varsa, kitab da olmalıdır. Hazırda çoxcildliyimi hazırlayıram. Çox güman ki, bir neçə on cild olacaq.

Söhbətləşdi: Şəhla Aslan,
MANERA.AZ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI