manera.az
manera.az

Torpağı kimsə belinə çatıb apara bilməz... | MANERA.AZ

📅 04.04.2016 16:41

Torpağı kimsə belinə çatıb apara bilməz... | MANERA.AZ
Manera.az Sabir Rüstəmxanlının "Şair və şər" romanından bir hissəni təqdim edir:


"DƏLİ ŞAİR"


Qədim qalaya dikələn yolla qalxsa da, sanki baş aşağı uçurumun dibinə, zamanın donduğu, qaranlıq, hərəkətsiz, bir boşluğa yumalanırdı. Bu yüksəklik onsuz da təbiətin yaratdığı alınmaz bir istehkamdır, ancaq bu yetərli olmayıb və onun üstündə divarlarla dövrələnmiş bir qala da ucaldıblar. Ölkə yad əllərə keçəndən, neçə əsrlik qədim səltənət dağılandan sonra qala da, divarları da əhəmiyyətini itirib. Divarları hissə-hissə söküb aparıblar, yalnız qaya sırtlarmda qalan qalıqları uzaqdan seyrək dişlərə bənzəyir. İndi bütün bunlar Məhəmmədi qorxudur, ona elə gəlir ki , ora qalxan kimi qalanın çənəsi qabaracaq, sınıq dişləri onu qəzəblə xıncımlayıb çeynəyəcəkdi. Ot dizə qalxıb, bəzi yerlərdə ayağına dolaşan sarmaşıqlar irəliləməsini çətinləşdirir. Buna baxmayaraq, sanki arxadan qovurlarmış kimi geri baxmadan gedir... İlahi, belə də gözəllik olar? Mənə acıq verirsən bununla? Bilirsən ki, Əminədən sonra gözüm də, ruhum da, duyğularım da kor oldu. Bircə çiçəyi ilə ürəyimi yerindən oynadan bahar indi payızın viran bağçalarından daha artıq xarabadır. Hər şey dərd saçır, qiyamət qoxuyur...

Hara getdiyini özü də bilmir. Bilmirsə niyə başqa, rahat yolu qoyub yolsuz, cığırsız biçənəklərlə, kimsənin çıxmadığı uçurumun üstüylə irəliləyir?

Bir vaxt bura anasını ağlamağa gəlirdi. İndi anasıyla, Əminəyə, bütün itkilərinə birdən ağlayacaqdı... Elə bu qalanın itkisinə də. Bəlkə bütün fəlakətlər elə bu qalanın tərk edildiyi gündən başlanıb...

Görəsən əmisi "başıma bir iş gəlsə, ocağımızı sönməyə qoymazsan" deyəndə ürəyində kimsəyə açmadığı bir gizli niyyət də var idimi?

İndi o toy səsindən, zurna səsindən qaçır. Ancaq bu mümkün deyildir. Şəhərdən uzaqlaşdıqca qulağında çal-çağır güclənirdi. Bu gün sanki bütün təbiətin bir səsi var: Əminənin toyunun səsi. "...Ya pir, ya ocaq, bəs hanı sənin müqəddəsliyin, gücün? Niyə bizim niyyətimizi unutdun? Əmimin məzarı da yanır indi."

Səs gəlmir. Nə pirdən, nə uçuq qara divarlarından, nə köhnə yurd yerlərində bitən ağaclarından.

Birdən-birə Məhəmməd pirin də acizliyinə və çıxılmaz vəziyyətə düşdüyünə heyrətləndi...

Sanki həyat bitmiş, yaşamağın heç bir mənası qalmamışdır.

Sözlər öz-özünə axıb gəlir. Göz yaşıyla birgə, göz yaşına qarışıq. Köksündə bir yumaq çözələnir, bir buz əriyir və dodaqları əsə-əsə bu sözləri pıçıldadıqca bədənini sıxan mən-gənələr boşalır, üzünə çökmüş ağırlıq misralara qoşulub axır:

Cahanə gəlməkdən məqsəd nədir insanə, bilməm ki!
Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki!
Mən idrak etmədim dünyaya gəlməkdə nədir hikmət,
Yaratmaqdan nədir niyyət, bizi sübhanə, bilməm ki!
Sitəmpərvərlərin çoxdur müinü yan aləmdə,
Neçin rəhm eyləyəcək yox halı məzlumanə, bilməm ki!

Bu sözlərdə nə sirr vardısa, onu dikəltdi, üzü üstə düşdüyü otların arasından qalxıb üzü gəldiyi yola doğru oturdu. Göylər yenicə suya çəkilmiş kimi tərtəmizdi və sanki ən uzaqda bir kəpənək uçsa, o da görünərdi. İlahi bu nə gözəllikdir vermisən bizə! Bəs ürəyimiz, vicdanımız, onlar niyə bu gözəlliyə uyğun deyil? Bu təbiət kamilliyi içində bu qədər natamam İnsanları və ilahi düzəninə uymayan çirikinlikləri niyə yaratmısan?

Alça ağacındakı bülbül də sanki onun hıçqırığının kəsilməsini gözləyirmiş kimi susmuşdu.

Məhəmməd pıçıldadı:

Həzəran bülbüllər baği-fənada naləpərvərdir,
Nə məcbur eyləmişdi bunları əfqanə, bilməm ki!

Kimin misralarıdır bu, hafizəsindən öz-özünə süzülüb gələn!.. Kim yazıb bu şeiri. Füzulimi, Seyid Əzimmi, Namiq Kamalım, Əbülhaq Hamidmi, Bixudmu?

Xatırlaya bilmirdi!.. Onlardan və onlarla başqa şairdən alinə nə keçmişdisə oxumuşdu, çoxu da bir dəfə oxumaqla köçmüşdü hafizəsinə. Yox, bu misralar yenidir, heç bir cüngdə, kitabda oxumamış, şəhərin şeir məclislərində, müəllimlərin ədəbiyyat söhbətlərinin heç birində eşitməmişdir.

Bu misraların müəllifi yoxdu. Daha doğrusu, bu misralar elə otların arasında ürəyini boşaldarkən doğulmuşdu... Göz yaşı ilə qarışıq...

Doğrudanmı, bu sözləri ondan öncə kimsə deməmişdi? Doğrudanmı, Allah onu da şairlərin karvanına qoşmaq istəyir? Doğrudanmı, ocaq öz qüdrətini göstərdi? Əhdini pozmadığı üçün mükafatlandırdı onu?! Yüzillərcə şeir sevginin övladı kimi doğulub, o da Əminəylə bir yerdə olanda, onun sevgi havasını xoşbəxtlik kimi udanda ona onlarla şeir yazıb. Ancaq onların hamısına bir məktub, düşüncələrinin birbaşa izharı kimi baxmışdı. Ancaq indiki misralar içini sökür. Çünki bu sadəcə sevgi izharı deyildir, həyatın sirlərinə, Allahın işlərinə əl atmaqdır. Niyə sevginin oyada bilmədiyi duyğularını dərd oyatdı? Bəlkə, bu gün bu uzaq yola onu şövq etməkdə Allahın məqsədi də elə buymuş: qoy özünü tapsın!

Hansı vicdandan, hansı ədalətdən danışır, dörd yanı yalan, hiylə, zorakılıqla dolu zülmətxana deyilmi? Niyə təəccüblənir? Bu gün faciə sənin başına gəlib, amma xalq hər gün bu qəddarlıqların içindədir. Deyək ki, başqasına verməyəydilər. Bacılarına bir gün ağlamadan neyləyə bilərsən? Tək sənin öz istəyinə yetməyinlə nə dəyişəcəkdi? Bu zibilxanada gül becərmək olur?

Sanki boyu ucalmış, sinəsi genişlənmişdi.

“Axtarmadığım yer qalmadı. Yoxa çıxmısam! Allah sənə insaf versin!"

Dostu Şövqüydi - "Ümidimi üzdüm səndən, dedim yəqin sən də çıxıb getdin təzə paytaxta. Sonra fikirləşdim ki, iki gündən bir şəhərdən qaçıb dərdləşdiyimiz bu yerlərlə vidalaşmadan heç yerə getməzsən..."

Məhəmməd Şövqünün gəlməsinə sevindi, yenidən öz əvvəlki yerində, daşın üstündə oturdu və asta-asta dedi:

“Nənəmi görmürsən, əldən düşüb? Bəs qızlar? Onlar nə olsun? Mənə qalsa, çoxdan çıxıb gedərdim!"

"Gedin! Gedin! Ayağınız yer tutan kimi qaçın burdan. Atın dağları, gedin! Qoy ermənilər, uruslar gəlib yerləşsin. Dədələrimizin qəbirlərini uçurub yerinə ev tiksinlər."

Şəhərin taleyi, ziyalıların, əsilli-nəsilli ailələrin köçüb getməsi, gələnlərin artması qədim yurdlarının tarixi, bu şəhərin adını bütün dünyada tanıdan böyük həmyerliləri, oxuduqları yeni kitablar onların daimi söhbət mövzularındandır.

"Hirslənmə! Gəl otur. Görürsən ki, heç yana getməmişəm" deyə ona yanında yer göstərdi.
Şövqü onu başa düşür. Başa düşür və buna görə də onu tək qoymur, qarabaqara ardınca gəzir...

"Allahın işinə bax, Məhəmməd. Gör qala üçün necə yer seçiblər e! Sağ-sol, yuxarı-aşağı, hər yer aydın görünür. Hansı yoldan gələn, hansı dağdan aşan olsa, burdan görünür. Ona görə alınmaz olub da! Bilirsən burda yaşayanların gücü nədə olub?"

Başqa vaxt olsa, Məhəmməd onun sözündən yapışıb tarixi tökər ortalığa. Yanında oturduqları bu saray divarlarının nələrə şahid olduğundan, yeddi yüz il dünya fatehləri önündə əyilmədən yaşamış balaca, ancaq məğrur dövlətin danışıldıqca bitməyən macəralı keçmişindən vəcdə gələrdi. Ancaq indi susur.

Dizdən yuxarı qalxmış otların arasında ayağı ilə yer açdı, yığıb ətrafdakı otların üstünə atdığı quru budaqları sındırıb kümələdi və kibritlə alışdırdı.

Nəyinə lazımdı isti havada bu ocaq? Şövqü anlaya bilmirdi.

Çırpılar tam alışandan sonra Məhəmməd cibindən çıxardığı iki bükülü kağız topasını alova atdı.

"Yandırdığın nədi belə?"

Məhəmməd dostunun bu sualına cavab verməyə tələsmədi, kağızlar elə olduğu kimi qat-qat külə çevrildikdən sonra:

"Əminənin yadigarlarıdır!"

Şövqü yerindən fırladı və birdən ayıldı:

"Nə yadigar? Ona yazdığın məktublar?"
"Yox, ona yazdığım şeirlər!"

Şövqü dostunun şeir dəlisi olduğunu bilirdi, ancaq bu qədər sevgi şeiri yaza biləcəyi ağlına gəlməzdi. Özündən asılı olmadan ocağa əl atdı, yanmış vərəqlərin şəkli pozuldu, əlinə küldən başqa bir şey gəlmədi.

"Dəlisən sən, ağlın yoxdur, adam da öz sözünü yandırar!"

"Mən yandırmadım, Şövqü, yandırdılar. Təkcə sevgi şeirlərimi yox, sevmək duyğusunuda yandırdım..."

"Bəsdir də, Məhəmməd! Guya heç belə hadisə olmayıb, sən birincisən! Bütün yaralar sağalır! Özünü üzmə! Yoluna elə gözəllər çıxacaq ki!"

"Yol ayrıdı, ürək ayrı!"
"Ürəyin də yolu var!"

"Mənim ürəyimin sevgi yolları birdəfəlik qapandı." Sonra dodaqaltı pıçıldamağa başladı:

Dəfn oldumu ərzi-adəmə tili məhəbbət,
Ey əqli çocuq! Doğru sözü eyləmə inkar!
Mən bilməz idim dürri-məhəbbət satılmış.
Satdın, mələyim! Səhınni məndən qıl iqrar!

Şövqü dostunun tərsliyini bildiyindən mübahisəni uzatmadı. "Dərdi soyuyar, yaz selləri yenidən tərpədər içini" , - deyə düşündü.

Hər dəfə bu qalaya və ya şəhər kənarına gəzməyə çıxarkən dil-ağıza qoymadan danışan dostunu anlamaq çətin deyildi.

Anlamadığı bir şey vardı: Şeirlərini niyə yandırırdı və burada? Evdə ocağa atıb yandıra bilməzdimi?

"Şövqü!"

Eşidirəm!"

Mənim dərdimi nə ilə ovundura bilərsən?"

Şövqü hirsləndi:

Sən də iş tapmısan özünə! Qələt eləmədim bir ağız oxudum burda! Məcburam hər dəfə sənin üçün məclis qurmağa?"

Dostu sakit idi:

Utanmırsan? Nə məclis? Görmürsən nə haldayam? Gərək heç təklifimi gözləməyəsən e! Dostunun bu günündə də oxunumayıb nə vaxt oxuyacaqsan? Amma qəmli bir şey olsun!.."

Şövqü Məhəmmədin əl çəkməyəcəyini bilirdi. Boğazını arıtlayıb Füzulidən oxumağa başladı və birdən səsini kəsib soruşdu:

"Bəsindir?"

Dostundan səs çıxmadığını görüb ayağa qalxdı. Məhəmməd səssizcə ağlayırdı.

"De ki, ağlamaq istəyirəm. Muğam da bəhanədir. Ağla, əğla! Başqa nə çarən qalıb ki!"

Şəhərə doğru enirdilər. Yadına düşdü ki ötən il bu vaxt əmisi dostlarıyla Cəngi meşəsinin ayağındakı İsti suya gedərkən onu da özüylə götürmüşdü. Keçdikləri malakan kəndinin gözəlliyinə heyrətlənmişdi. Sırayla tikilmiş yüngül çərçivə evlər, həyətlərin, bağ-bağçanın səliqə-sahmanını gizlətməyən alçaq taxta çəpərlər, küçə boyu evlərin qapısında quraşdırılmış oturacaqlar. Bura köçüb gəlmələrindən cəmi on beş-iyirmi il keçsə də, yol boyu sıralanan qoz, göyrüş ağacları, həyətlərin alma-armud bağlan firavan bir həyatdan xəbər verir. Şəhər əhli onlara ehtiramla yanaşırdı. Bu diyara qara günlərdən qaçıb gəlmişdilər, ancaq işgüzar adamlardı, yolda-izdə, bazarda tez-tez görürdü onları, qısa müddətdə türkcəni də öyrənmişdilər və şirin bir ləhcəylə danışırdılar.

Onun yaşıdı olan oğlanlar-qızlar yol kənarındakı oturacaqlarda zarafatlaşır, deyib-gülürdülər, hardansa, musiqi səsi gəlirdi.

Bəs biz niyə belə azad, sərbəst deyilik? Niyə biz öz həyatımızı həbsxanaya çevirmişik? Bulaq başında iki qoca kişi oturub söhbət edirdi. Məhəmməd salam verib ovuclarını doldu-rub bulağın buz kimi suyundan tərləmiş üzünə vurdu, sonra diz çöküb ağzmı bulağm gözünə söykədi, yanğısını söndürdü...

Qocalar yandakı daşı göstərib:

"Otur, otur dincəl bir az!" - dedilər.
Məhəmməd razılığını bildirib oturdu.

"Yaylaxa gedirsən?"

"Yox! Cəngiyə!"

"Yaxşı! Yaxşı! Allax kömek olsun! Sen genc, molodoy, güzəl olan!"

Məhəməd nə deyəcəyini bilmədi. Utana-utana:

"Sizin də genclər gözəl!" - dedi.

Onu danışdıran qoca səssizcə güldü:

"Bəyəndinmi bizim kızları? Birini seç, verək, apar!"

"Sizin qızlar mənə gəlməz. Mən müsəlman, onlar xaçpərəst!"

"İkimizin də Allaxımız birdir, oğlum? Nə müsəlman, nə xristian! Biz baptıstık! Bilirsənmi nə demək baptıst?"

"Yox, bilmirəm!"

"Biz də xaçpərəst! Amma başka! Biz altı gün səhərdən axşama çalışırıq, bazar günü işləmək olmaz! Yığışıb dua oxuyarık! Siz müsəlmanlar üçün də dua edirik. Bax, küçələr boşdur. Bizim kimi, bazara gedənlərdən başqa bütün adamlar bir yerdə."

Məhəmmədin içində bir qısqanclıq baş qaldırmışdı. Nədən şimaldan gəlmiş bu qonaqlar bu qədər səliqəli, abad kənd sala bilirlər, bizimkilər yox? Bütün evlər bir boyda, bir cür. Torpaqları da bərabər bölüblər. Hasarsız, güllü-çiçəkli həyətlərə baxırsan ürəyin açılır. Hər evin yanında su quyusu. Çal-çağır ara vermir. Öz torpaqlarından qopub gəldikləri veclərinə deyil. Elə yaşıyırlar ki, sanki dünya yaranandan onlar da burda kök atıb çoxalıblar.

Bunu düşünə-düşünə:

"Öyərəşə bilirsiniz bizim yerlərə?" - deyə soruşdu.

Bununla qocaya: "Bax, bizim qonağımız olduğunuzu, bu gözəl meşələrin, torpaqların əsl sahiblərinin kim olduğunu unutmayın ha!" - demək istəyirdi.

Sonra birdən əmisinin sözlərini xatırladı. Elə burda, bulaq başında yol yoldaşlarının "bu urus hökuməti belədir, ən gözəl torpaqlarımızı əlimizdən alıb malakanlara bağışlayır, görürsən torpağın qaralığını, elə Qobustanda yerləşdirəydilər də bunları, bizim Padarların qonşuluğunda! Başımıza niyə çıxardıblar?"- deyə şikayətlənməsini eşidən əmisi: "Tarix bir sovruqçudur, bala, narahat olma, kimin hara düşəcəyi, sünbüldən çıxan dənin hansının dolu, hansının boş olması sonra bilinər... Biz də elə hələm-hələm əzilib gedən deyilik.

Ərəblər də gəlmişdilər. Əriyib getdilər, adlarından başqa izləri qalmayıb. Bunlar da gedər. Amma nə qədər burdadırlar yaxınlaşmalıyıq, onların səliqə-sahmanlarını, çalışqanlıqlarını öyrənməliyik. Torpağı kimsə belinə çatıb apara bilməz..."

Allah sənə rəhmət eləsin, əmi! Bəlkə də nə vaxtsa dediyin kimi olacaq. Amma bu şəraiti yaradan adamlar bir daha başqa yerə getməzlər. Yüz dəfə görək, nə fərqi! Bizim camaat öz halını pozan deyil. Heç o boyda şəhərimizdə belə təmizlik yoxdur...

Qocalar onu evə dəvət etsələr də, təşəkkürünü bildirib ayrıldı.

... Əmisigilə gedə bilmirdi. Ürəyi sınmışdı o evdən. Aclıq və ehtiyac nənəsinin yanında qalmağa da imkan vermirdi. Nənəsinin tutulmaqda olan gözləri nəvəsindən imdad umurdu. Bu gözlərdəki sual onun vücudunu titrədirdi. "Mən bu halla sənə, bacılarına necə baxım, bala! Dağıldı, tifağımız dağıldı. Allah bizi göydən yerə vurdu. Daha əlimdən heç nə gəlmir".

"Şövqü, - deyə şəhər kənarında gəzərkən az qala qışqıra-qışqıra deyirdi, - Allah adamları sınağa çəkməyi, imanlarını yoxlamağı sevir. Bilirəm ancaq mənimki sınaq-zad deyil, ərşi-əlaya dirənən bir zülmdür. Bunu çəkmək olmaz... Ata, əmi bir-birinin dalınca getdilər. Əgər o Allah dediyimiz varsa, niyə hələ əli çörəyə çatmamış bir yeniyetməni bu qədər yükləyir?

Bəs Əminəni niyə aldı əlimdən! O qalsa, dərdim olmazdı. Ev-eşik, dükan..., hamısını ayağa qaldırardım... Dünyanın ən böyük eşq şairini öldürdülər, Şövqi! Boş söz demirəm sənə, inan! Ustadların, Füzulinin, Seyid Əzimin ruhu bağışlasın məni! Amma içimdə elə bir güc var idi ki!.. Hamısı məhv oldu."

Şövqi onu sakitləşdirməyə çalışır: "Darıxma, Məhəmməd, Sən nə birincisən, nə axırıncı! Allah qismət edst, ürəyə yatan biri yenə çıxar qarşına, küsmüş ilhamın yenidən qayıdar!"

Məhəmməd etiraz etdi: "O sel keçdi-getdi. Mən Əminədən incimirəm. İxtiyarı əlində deyildi... Belə məmləkətdə adamın anasının da başını pulla aldadarlar, əmisi qızmı da bazar malı kimi satarlar. Çünki hüriyyət yoxdur! Hamısı ondandır. Bizim dərdimiz azadlıq dərdidir! İstiqlalına qovuşmamış millətin övladları heç bir arzularına çata bilməzlər. Bundan belə Şirrvanın dəli şairinin dəli bir sevdası var: İstiqlaliyyət! Bir sevgilim var: Hürriyyət..."

Gözü dostların, qohumların evlərini axtara-axtara, bu dəhşətli mənzərələrə tamaşa edə-edə özündən asılı olmadan şəhərin küçələrində dolaşa-dolaşa qalmışdı. Allahın işinə bax! Zəlzələ balaca çəkməçi dükanına da aman verməyib, onu da böyrü üstə aşırıb. Görəsən dükanın sahibi sağdırmı?


Baxış sayı - 1 966 | Yüklənmə tarixi: 04.04.2016 16:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031