manera.az
manera.az

Çiçək Məmmədli: “Valideynlər autizmli övladlarından imtina edirlər” | MANERA.AZ

Çiçək Məmmədli:  “Valideynlər autizmli övladlarından imtina edirlər” | MANERA.AZ

2 aprel Beynəlxalq Autizm günüdür

Manera.az-ın məlumatına görə, təxminən 70 milyon insan autizmin qurbanıdır. Bu hesabla ölkəmiz autizm sindromlu uşaqların artımına görə dünya ölkələri sırasında 3-cü yerdədir.


Autizm İB-nin sədri Çiçək Məmmədli Autizm sindromuyla bağlı MANERA.AZ-a danışıb. Söhbəti təqdim edirik:

- Çiçək xanım, Autizmin yaranma səbəbləri nədir?

- Autizmin irsi faktorlar səbəbindən ortaya çıxması təsdiqini tapmış bir yanaşmadır. Ən azı 5 gen autizmin yaranmasına cavabdehdir Uşaq autizmi termini ilk dəfə 1943-cü ildə Leo KANNER tərəfindən söylənilmişdir Səbəbləri: Psixogen, Ailevi, İrsi, Orqanik, İmmun.

- Bəs autis uşaqlar həmyaşıdlarından necə fərqlənirlər?

- Autizm sindromlu uşaqlar həmyaşıdları ilə ünsiyyət qura bilmirlər. Nəinki həmyaşıdları, ümumiyyətlə sosial problemlərinin olması, fikirlərini ifadə etməkdə çətinlik,nitqin olmaması və s. problemlərlə onlar yaşıdlarından geri qalır. Onlar təkliyi xoşlayır, öz-özləri ilə oynayır,yüksək səsləri xoşlamır, göz təmasından çəkinirlər. Oyuncaqlarıyla saatlarla oynayırlar. Onlarda təsəvvürün olmaması fantaziya yaratmağa mane olur. Autizmli uşaqların çoxu bu kimi problemlərin olması ucbatından əqli gerilikdən əziyyət çəkirlər. Onlar səbəbsiz ağlayır, yaxud gülürlər,tez-tez ağır qəzəblənmə tutmaları olur və s.

- Valideyn övladının autist olduğunu müəyyən edə bilir?

Valideyn uşağının lap erkən aylarından belə onun autizm sindromlu olmasını müəyyən edə bilər. Belə ki, əgər uşaq yaşına uyğun olaraq psixoloji reaksiyalara cavab vermirsə məs.:qucağa gəlmirsə, gülümsəmirsə, çağıranda baxmırsa,əlinə bir şey verəndə tutmursa , yatanda özü çönə bilmirsə, qucaqlayanda qoymursa, oyuncaqlara reaksiya vermirsə, deməli ilkin autizm əlamətləri görsənməyə başlayıb.Əgər valideyn erkən olaraq bunları müəyyən edə bilsə, həkimə, mütəxəssisə dərhal müraciət etsə faiz etibarı ilə bu uşağın autizmdən qurtulmasında böyük əhəmiyyətə malikdir.

-Bəs həkimlər uşağa nə zaman autizm diaqnozu qoyurlar?

-Həkimlər adətən 3 yaşında yəni uşağın normal ünsiyyətə girə bilən zamanında, ətraf aləmi dərk edə biləcək vaxtında diaqnoz qoyurlar.Çox zaman da yanlış diaqnoz qoyulur. Bu da hər ayın autizmli uşağın həyatında boyuk zaman olduğunu, onun cəmiyyətə inteqrasiyasında zamanın gecikməsini nəzərə almırlar.

-Azərbaycanda autizmli uşaqların dəqiq sayı məlumdur ki?

-Azərbaycanda 2008-ci ildən fəaliyyət ğöstərən, 2011-ci ildə H.Əliyev Fondunun dəstəyi ilə dövlət qeydiyyatına alınmış “Autizm-Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi fəaliyyət göstərir. İctimai Birlyimiz tərəfindən aparılmış xüsusi sorğulara əsasən (qeyri - rəsmi stastistika) ölkəmizdə təxmini 5000-ə yaxın uşaq autizm sindromundan əziyyət çəkir. Getdikcə bu say artır. İctimai Birliyimizdə 1000 nəfərə yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyatdadır.

-Çiçək xanım oğlanlarda bu xəstəliyə daha çox rast gəlinir. Səbəb nədir ki?

Bunun səbəbi elmə məlum deyil. Ümumiyyətlə, autizmin yaranma səbəbi 100% elmə məlum deyil. Söylənilən fikirlər ancaq güman və fərziyyə olaraq nəzərə alınır. Hətta alimlər deyirlər əgər autizmin yaranma səbəbi elmə məlum olsa, onda beyində baş verən bütün proseslərin sirrləri açıla bilər.

-Belə uşaqlar üçün xüsusi məktəblər varmı?

-Çox təəssüf ki ,ölkəmizdə bu uşaqlar üçün nə dövlət səviyyəsində fəaliyyət göstərən mərkəz yoxdur. AR-nın “Uşaq hüqüqları haqqında” Qanununda göstərilir: Əlil, əqli və ya fiziki çatışmamazlıqları olan olan uşaqların növbədənkənar, pulsuz və ya güzəştlə tibbi, defektoloji və psixoloji yardım almaq hüqüquna malikdir.Dövlət bu uşaqların sosial və psixoloji reablitasiya imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə,əməyə cəlb olunmalarına köməklik göstərilir. Amma əslində, ölkəmizdə bu cür uşaqların defektoloji və psixoloji yardım almaları üçün heç bir nə müəssisə, nə də güzəşt mövcuddur. Autizmli uşaqların sayı artmağa doğru gedir. Bundan istifadə edərək onların üzərində biznes qururlar. Son dövrlərdə valideynlərin əlacsızlığından maddi maraqları üçün istifadə edən müxtəlif reablitasiya xartakterli xidmətlər göstərən qeyri-peşəkar mərkəzlər və fərdi şəxslər çoxalıb. Hazırda belə uşaqların erkən yaşlarda düzgün reablitasiya olunması üçün geniş spektrli xidmət göstərən reablitasiya mərkəzlərinə ciddi ehtiyac duyulur. Reallıqda valideynlər uşaqlarına vaxtında və düzgün qoyulmayan diaqnoz, reablitasiya ucbatından, həm də maddi imkansızlıqdan övladlarından imtina etməyi çıxış yolu seçirlər.

"Azərbaycanda autizm sindromlu uşaqların və onların valideynlərinin qarşılaşdıqları əsas problemlər " və onların həllinə dair təkliflər layihəsi ƏƏSMN-nin sosial sifarişi və maliyyə dəstəyi ilə AUTİZM Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Sağlamlıq imkanları Məhdud (Autizm) Uşaqlara Defektoloji və Psixoloji Yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanan və Respublika səviyyəsində geniş müzakirəsi təşkil edilən bu təkliflərin müəyyən hissəsi qanunvericiliyimizin yenidən işlənməsi zamanı dövlət tərəfindən nəzərə alınmaqdadir.

-Çiçək xanım autislarla necə davranmaq lazımdır? Autizmli uşaq anası kimi autis uşağı olan ailələrə tövsiyəniz?

- Autizmli uşaqlar da bütün uşaqlar kimi individualdırlar, buna görə də ümumi tövsiyələrdən istifadə edərkən onların spesifik reaksiyalarını nəzərə almaq və bunun əsasında öyrətmə prosesini qurmaq lazımdır.Məsələn, bəzi autizmli uşaqlar hesablamağa meyilli olurlar və gələcəkdə onlardan yaxşı muhasib və ya vergi müşaviri ola bilər.

Uşaqla hər gün məşğul olmaq lazımdır. Bu əlbəttə ki, çox çətindir, amma ancaq belə olan təqdirdə müsbət nəticə əldə etmək mümkündür. Məşğələlərə öncə 5 dəqiqədən başlayaraq, tədricən bu müddəti artıraraq gündə fasilələrlə 2-3 saata qədər çatdırmaq lazımdır. Uşağa "stop" sözünü anlamağı öyrətmək lazımdır. Çünki autizmli uşaqlar təhlükəni başa düşməyə bilərlər, məsələn,yolu maşın gəlməsinə məhəl qoymaraq düz qarşısından keçə bilərlər, qaynar əşyalara yaxınlaşa bilərlər. Əgər uşaq "stop" sözünün mənasını öyrənərsə, bu onu travmalardan qoruyar. Bunu necə öyrətmək olar? Müəyyən bir hərəkəti qəflətən dayandırın və "Stop" deyin. Zaman keçdikcə uşaq ondan nə tələb olunduğunu anlayacaq. Autizmli uşaqlar televizora baxmağı çox sevirlər, amma onları buna məhdudiyyət qoymaq lazımdır. Başqa uşaqlarla təmasda olmağına çalışın. Uşaq bağçasına getməsi çox yaxşı olardı, heç olmasa, gündə 2-3 saatlıq. Stereotip, mənasız hərəkətlərdən yayındırmağa çalışın.

Bunu rəqs etməklə, yerində hoppanmaqla əvəz etmək olar. Uşaqla mümkün qədər çox söhbət etmək lazımdır. Hətta o sizə fikir verməsə belə, unutmayın ki, o sizin ünsiyyətə adi uşaqlardan da çox ehtiyac duyur. Bütün insanlar bəzən tək qalmağa ehtiyacı olur, autizmli uşaqlar da istisna deyil. Belə uşaq üçün heç kimim maneçilik törətməyəcək, ancaq ona aid bir güşə ayırın ki, o hərdən burada öz düşüncələri ilə təkbə-tək qala bilsin. Uşağın mexaniki hərəkətlərinin səbəbini öyrənməyə çalışın və bu hərəkətləri məhsuldar bir fəaliyyətə yönləndirməyə çalışın.

Autizmli uşaqlar yelləncəyi çox sevirlər. Bundan uşağın vestibulyar aparatının inkişaf etdirilməsi üçün istifadə etmək olar. Uşağın ev heyvanları ilə təmasda olmasına diqqət yetirmək vacibdir. Çünki autizmli uşaqlar bəzən heyvanlara qarşı aqressiv ola bilər. Buna görə də ev heyvanını evə gətirməkdən öncə uşağa yumşaq oyuncaq heyvanlar bağışlayın. Uşaq üçün yaxşı psixiatr tapın ki, həmişə eyni həkimə müraciət edəsiniz. Bir çox autizmli uşaqlarda gizli formada qida allergiyası olur. Allergeni aşkar edərək uşağın qida rasionundan çıxarmaqla onun davranışında müsbət nəticə əldə etmək olar. Autizmli uşaqlarda sinkin çatmamazlığı və misin artıq olması müşahidə edildiyinə görə, mütəmadı olaraq uşağın qanını bu mineralların səviyyəsini yoxlamaq üçün analiz etdirin. Autizmli uşaqların inkişafına müxtəlif inkişaf etdirici mərkəzlərə aparmaq müsbət nəticə verir.

-Xarici ölkələrdə autizmli övladı olan anaya uşağa baxması üçün məvacib verilir və o da işləmir, uşağın reablitasiyası ilə məşğul olur. Bəs bizdə autis uşaqlı ailələr qayğı nə səviyyədədir?

-Bəli doğrudur. Elə yaxın qardaş Turkiyə Cumhuriyyətində bu sahədə qanunvericiliklə müəyyən olunmuş bir sıra qanunlar var. Autizmli övladı olan ailələrə xüsusi güzəştlər, uşaqla məşğul olan valideynə uşağın reabilitasiyasi ilə məşğul olmaq üçün pul vəsaiti, həm də dövlət hesabına reabilitasiya müəssisələri və s. mövcuddur.

Bizdə isə nəinki reabilitasiya pulu verilir, hətta valideyni bu cür uşağı olduğuna görə işdə yol verdiyi nöqsanlara görə qovurlar. Mən övladıma görə işini itirən valideynlərdənəm. Bu sahədə İctimai Birliyimiz tərəfindən araşdırmalar aparmışıq. Belə məlum olub ki,bu cür işini itirən valideynlərin sayı çoxdur və artmağa doğru gedir.İctimai Birliyimizin hazırladığı təkliflər layihəsində bu məsələ də öz əksini tapmışdır.Biz bu layihənin müzakirə olunması və qanunvericiliyin yenidən işlənməsi zamanı nəzərə alınması üçün Milli Məclisə və aidiyyatı qurumlara təqdim etmişik.

-İB olaraq autizmlə bağlı tədbirlər keçirir, maarifləndirmə işləri aparırsız. Bəs nəticəsi necə olur?

XXI əsrin qlobal problemi hesab edildiyini, dünya əhalisinin 1 faizi, yəni 70 milyon insanın autizmin qurbanına çevrimişdir. Hər 68 uşaqdan biri autizmli doğulur. İctimai Birliyimizdə 1000 nəfərə yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyatdadır. Onlarin fərdi və qrup məşğələləri şəklində, müəyyən layihələr çərçivəsində mütəmadi olaraq xüsusi təlimlər alaraq cəmiyyətə adaptasiya olunaraq normal insanlar kimi yaşaya bilməsi üçün çalışırıq. Autizmli uşaqların 90% -nin daimi bezə ehtiyacı olur.Onlar mütəmadi olaraq nervpotaloq müayinəsi və müalicəsi alırlar. Bu kimi problemlərin həlli maddi vəsait tələb etdiyindən heç də autizm sindromlu övladı olan valideynlərin hamısının gücü çatmır. Yaranma səbəbi elmə 100% məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir. XXI əsrin psixoloji və əqli problemi olan Autizm qlobal olaraq Respublikamızda da həlli vacib məsələlərdən biridir.Bütün inkişaf etmiş ölkələrdə Autizm Araşdırma və Bərpa Mərkəzləri fəaliyyət göstərir.Azərbaycanda Autizm sindromlu övladı olan valideynlər xarici ölkələrə üz tuturlar.Bu problemlərini xarici ölkələrdə həll etməyi üstün tutan və orada yaşamağı seçən valideynlər çoxdur. Autizm sindromlu övladı olan ailələr çıxılmaz vəziyyətə düşərək autizmləşirlər.

Biz İctimai Birlik olaraq Azərbaycanda olan ixtisasçıları bu birlikdə birləşdirməyə və Autizm sindromlu uşaqların cəmiyyətə qatılmasına yardımçı olmağa çalışdıq və bunu bacardıq.Mütəmadi olaraq qeydiyyatda olan autizmli uşaqların pulsuz fərdi təlim almaları, bezi ehtiyaclarına və digər vacib olan problemlərinin həlli zamanı Ictimai Birliyin sədri olaraq çox çətinliklərlə üzləşirəm.Ölkəmizdə autizm problemi məşğul olan ilə ilk və yeganə təşkilat olan İctimai Birliyimiz 100-lə autizmləşmiş ailələrə dayaq olmuşdur.Bu problemlər ucbatından ailə başçısının autizmli uşağından imtina edərək ananı bu problemlə təkbaşına buraxaraq boşanmaya üstünluk vermə faktları ilə rastlaşırıq. 24 saat xidmətdə olan telefonumuza edilən zənglərə ətraflı dəqiq məlumatlar və psixoloji yardımlarla cavab veririk. İctimai Birliyimiz valideyn himayəsindən məhrum autizmli uşaqlara da xidmət göstərir.Vaxtaşırı regionlarda “Autizm maarifləndirmə” layihələri çərçivəsində geniş tədbirlər təşkil edirik.Bunun da nəticəsində valideynlər autizmli uşaqlarını atmaqdan çəkinirlər və onun reablitasiyasının mümkünlüyünü öyrənirlər.

İctimai Birliyimizin xüsusi orqanı olan “Autizm”qəzeti demək olar ki,bütün regionlarda pulsuz yayımlanır.İntenet səhifələrində Autizm.az saytı vasitəsilə autizmli övladı olan valideynlərin autizm haqqında maariflənməsi üçün geniş maarifləndirmə materialları yerləşdiririk. Autizmin maarifləndirilməsinə həsr edilmiş kitabçamız”Autizm əl kitabı”geniş tirajlarla çap edilərək yayımlanır. Xarici donor təşkilatların və ölkəmizdə bu sahədə dövlət qurumları tərəfindən elan edilən layihələrə qatılaraq bütün regionları əhatə edən İctimai Birliyimiz autizmli uşaqların mütəmadi təlim almalarına çalışır.Çünki, özəl olan fərdi təlimlərin davamsız aparılması maddiyat baxımından vəsait tələb edir və heç də bütün valideynlərin buna imkanı çatmır.Hal-hazırda 100-lərlə autizmlı uşaq evdə kəndirlənmiş vəziyyətdə,ağır depressiya vəziyyətində yaşamağa məhkumdur.

-Uğurlar!

-Sağ olun.

Şəhla Aslan,
MANERA.AZ





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031