manera.az
manera.az

Qarabağı istəyirəm - Ramilə Qardaşxanqızı | MANERA.AZ

Qarabağı istəyirəm - Ramilə Qardaşxanqızı | MANERA.AZ

Dili olsaydı, “getməyin, bura sizin yurdunuz, vətəninizdir” – deyərdi...

Son illər anasına həsrət körpə misalı, yalnız bir qoxunu arzulayıram. Yağış yağıb saralmış yarpaqları islatdıqca, nəmin çürütdüyü xəzanın altından yayılan torpaq qarışıq o qoxunu… O qoxu ki, səkkiz yaşımdan sonra bir daha duymadım, hiss etmədim.

Kəndimizdə keçən səkkiz illik ömrüm bu günə qədər dəfələrlə təkrarlanıb. Elə çoxalıb ki, hələ yaşamadığım illər, yaşamadığım ömür döngələrindəki ayaq izlərim zaman tanımayan həyat təcrübəsinə çevrilib. Təcrübəm artdıqca içimdə olan VƏTƏN məni özü ilə birlikdə böyüdüb.

Həsrətimin ən az yüz yaşı var. Mənə elə gəlir ki, hələ də doğulduğum torpaqlarda yaşayıram və yaşlanmışam. Əllərim əsir, əsam yerə düşür. Torpaqla əsanın görüşündən bir çığırtı meydana gəlir və həmin çığırtıda oyanış doğulur. Bircə o an mənə həqiqəti danışır. Gerçəyə, geriyə qaytarır. O an…

Dabanlarımı günahsız torpağa döyəcləyib “Qarabağı istəyirəm!” dediyim vaxtlar yadıma düşəndə dərdim körpə gözlərdən yox, vətən həsrətli baxışlardan süzülüb hələ də ümid dadan arzularımı isladır. Harda olmaq istədiyimi dilə gətirənə qədər, harda dayandığımı xatırlayıram və gerçəklikdən sarsılıram. Həqiqət həmişə şirin olmurmuş…

Başımı qaldırıb görürəm ki, zaman ötüb, mənsə vaxt tapmamışam. Bəlkə də vaxtla, zamanla əlaqəsi yoxdur, sadəcə gecikmişəm. Köhnələrdə qalmış davamı çəkməmişəm, çəkəcək qədər böyüməmişəm də. Kinolardakı “20 il” tezliyilə yaşanıb ömür...

İllər necə keçdi, hardan keçdi xəbərim belə olmadı. Mən hələ də balaca qızcığaz kimi yanımı yerə qoyub, dabanlarımı torpağa döyəcləmək, zıldır-zıldır göz yaşı axıtmaq istəyirdim ki, atam icazə versin. İcazə versin ki, mən də Qarabağa gedim.


Sən mənim ən yüksək, ən ulu andım.
And içib ananda gözlərim dolur.
Bir udum su üçün üz tutduğum qab,
Sənsiz yurd həsrəti, kədərlə donur.

Laçın körpəliyin qocalıq anı,
Laçın, adın elə ucaldır ki, adımı…

Xəyalım, xatirəm, ötən anlarım,
Ey mənim itginim, əsirganlarım,
Sizi taleyimin talanlarında,
Sizi tariximin dalanlarında,
Bir ömür axtarıb, arayacağam,
Ağarmış saçıma darayacağam.

Laçın körpəliyin qocalıq anı,
Laçın, adın elə ucaldır ki, adımı…

İnsan çox hallarda öz-özünə sual verir.
- Həsrətin bu qədər yaşı olar?
- 24 il…

Xatirələr

Altı yaşım olardı, deyəsən hələ məktəbə də gedirdim, amma elə bilirdim Qarabağ Kürün bu tayında, aran bölgəsində, Ağcəbədi ərazisində salınmış Laçın yataqlarına, qışlaqlarında yerləşir. Çünki hər qış qohumlarım həmin qışlağa köç edərdi. Mən də yanımı yerə qoyar, dabanlarımla torpağı döyəcləyər, ağlayaraq Qarabağı istəyirəm – deyərdim. Məni birtəhər sakitləşdirər, “böyüyəndə gedərsən” deyərdilər. Hava qaralana qədər tez böyüməklə bağlı xəyallar qurardım və sabah yuxudan oyananda hər şey indiki kimi keçmişə dönərdi, kiriyərdim. Sonra uşaq beynimdə o anla bağlı nə varsa hamısını unudar, başımı başıma gələnlərlə qatardım. O qışlaq mənim Qarabağım idi.

Uşaq təxəyülündən, kövrək baxışlarımdan, küskün anlarımdan boylanan Qarabağ, işə bir bax, hər şey yalana oxşayır.

Təxminən təzə yeriməyə başladığım vaxtlardan sonra biz bütün fəsilləri doğma kəndimizdə, Cağazurda qarşılayıb yola salmışdıq. Fermerliklə məşğul olan anamın atası, Bəylər dədəmin (anam “dədə” deyərdi) Ağcəbədidəki Laçın qışlaqlarından birində yerləşən fermasına ancaq dayımgil, bir də xalamgil hər qış ailəlikcə köç edərdilər. Lap çoxdan, hardasa 1984-cü illərə qədər isə, elə rayon ərazisindəki “Kömürquyu” adlı qışlaqda saxlayarmışlar mal-qaranı. Çünki o vaxtlar “Kömürquyu”daki otlaq ərazilər hələ Sovet hakimiyyətinin qoruğuna, gəlir mənbəyinə çevrilməmişdi.

Beləliklə, Ağcəbədidəki qış yatağı qışlaq, kəndimiz isə, yaylaq idi dayımgillərə. Onlar da həyatlarını o cür, köçəri yaşayırdı.

Yayda köçlər kəndimizə qayıdar, mən də xalam, dayım uşaqlarını görüb sevindiyimdən qanad açar, Qarabağ qoxusu duyardım. Bir az böyüdükdən sonra anladım ki, aran camaatı bu cür həyat tərzinə tərəkəməçilik, dağ camaatı isə köçərilik deyir.

(Deməli o vaxt heç kim balaca kəndləri böyük şəhərlərə dəyişməz, hətta ferma həyatında belə xoşbəxt olmağı bacararmışlar. Sadəcə müəyyən vaxlarda yurdlarını bölüşər, çətinliklərə dözər və yay-qış ruzilərini yığarmışlar.)

Xalamgilin kənddəki evi bizim evdən bir zahman yuxarıda, Qəfər dayıgilin qonşuluğundaydı. Qışlağa köç başlayanda həyətlərinə uzun qarqaraya bağlanmış Petalan (it) keşik çəkərdi. Xalamgilin köçü gələnə qədər Petalanın yalını-suyunu anam hazırlayıb verərdi.

Biz kəndimizdən çıxanda 17 may 1992-ci ilin son gecəsiydi. O itin ağzını göyə tutub ulamağı, üzüaşağa süzülən göz yaşları ömrümün sonuna qədər unutmayacağın hadisələr sırasındadır. Dili olsaydı, “getməyin, bura sizin yurdunuz, vətəninizdir” – deyərdi. Bəlkə də inanılmazdır, amma mənim bu an ağladığım kimi, həqiqi göz yaşlarıyla ağlayırdı Petalan.

(Ardı var)
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31