manera.az
manera.az

Ey mənliyim, kimsən sən? - Ərəb şeirləri |MANERA.AZ

📅 21.03.2016 14:51

Ey mənliyim, kimsən sən? - Ərəb şeirləri |MANERA.AZ
Manera.az 21 mart Beynəlxalq Poeziya Günü münasibətiylə ərəb şairi Mixail Nuaymənin şeirlərini təqdim edir:

Ey mənliyim, kimsən sən?

Görsən azğınlaşıb dalğalar yaman,
Ya da qayalara çırpıb özünü
Ağlayır bu dəniz, sən bax o zaman,
İzlə bu dənizi ta susanacan...
Sonrasa bir səslən, səslən dənizə,
Səslən, o səsini, o harayını,
Ahını, naləni eşidə bilsin...
Gəlmisən yer üzünə, yoxsa dalğalardan sən?!

Buludlar arasında uğultusun əgər sən
Eşidərsən şimşəyin, ya da qılınc çəkdiyin
Qaranlıq ordusuna görsən sən ildırımın,
Tamaşa et sən ona, itənədək işığı.
Sonra sona çatacaq ildırımın çaxması,
Amma səndə qalacaq onun əks-sədası...
İldırımdan qopdunmu, bunu bir söyləsənə,
Enmisən yer üzünə, yoxsa şimşəkdənmi sən?!

Bir görsən, axı necə dağların zirvəsində
Qarı sovurur külək, qaranlıqda sən onun
Təpələr arasında eşit uğultusunu.
Külək susar, qalar o həsrətiylə baş-başa...
Mən səni səsləyirəm,
Sənsə məndən çox uzaq, əlçatmaz bir yerdəsən...
Gəlmisən yer üzünə, yoxsa küləkdənmi sən?!

Əgər görsən sübh çağı ulduzlar arasında
Necə süzür, yeriyir, bəzəyir naxışlarla
Ötüb keçən gecənin libasını rəngbərəng...
Vəhy alan bir peyğəmbər qapanaraq səcdəyə,
Necə dua edərsə, xuşu ilə, könüldən,
Bax, sənin də ucalar/dualarını belə
Eşidəcək sübh çağı...
Gəlmisən yer üzünə, yoxsa, sübh çağından sən?!

Coşqun sular qoynunda əgər günəşi görsən,
Heyran baxışlarıyla yer üzünü süzərkən,
Günəş gedər yuxuya, kaş qəlbim də onuntək
Rahatlıq tapa bir az...
Yer üzü də yuxuda,
Sən isə boylanırsan gündoğana səhərdən...
Enmisən yer üzünə, yoxsa günəşdənmi sən?!

Yasəmənlər içində əgər bir gün bülbülün
Ötdüyünü eşitsən, bil ki, həmin nəğmələr
Od salır aşiqlərin ürəyinə, alovtək

Alışar könüllərin kədəri də, şövqü də.
Sən isə çox uzaqsan bu kədərdən, bu şövqdən...
Bülbülün gecə vaxtı nəğmələri, görəsən,
Söylə, xatirələri oyadarmı yenidən?..
Gəlmisən yer üzünə, yoxsa, nəğmələrdən sən?!
Ey mənliyim!
Sən mənim içimdə əks-səda
Yaradan bir nəğməsən, əsrarəngiz bir nəğmə!
Görmədiyim gizli bir Sənətkarın möhürü!
Sən küləksən, sən mehsən! Dənizsən, dalğasan sən!
Sən ildırım, sən şimşək! Sən gecəsən, şəfəqsən!
Sən səni Yaradandan, sadəcə təcəllisən!

Təmənna

Olsa da arzularda bəla, sınaq, imtahan,
Yenə arzulayırıq, arzu edirik hər an...
istəyirik, kaş elə, kaş ki belə olaydı...

Arzuya, istəklərə tapınırıq gizlicə,
Bizim bu halımıza baxıb gülür arzular...
Mənsə heç sevməsəm də arzulamağı, amma
Yenə arzu edirəm, kaş heç nə İstəməyim-

Arzulayırıq... Axı arzudur bizi hər an
Gələcəyə aparan... Sanki o, attək çapan
Zamanın mahmızıdır...

Bir vaxt mən balacaykən diləyərdim,
Nə ola, kaş ki tez böyüyəydim...
Kaş ki olaydı məndə böyüklərin xisləti...
İndisə diləyirəm, nə ola, kaş yenidən,
Yenə balaca olam...
Qovuşsam, mən
Bir daha uşaqlıq illərimə...

Qayğılardan uzaqkən, kaş sevgidə qərq olam...
Eşqin əsiri ikən, azacıq azad olam...
Danışarkən, mən dilsiz, sözsüz, səssiz-səmirsiz,
Səssizkən arzularam, kaş ki incilər saçam...
Alim ikən bir cahil, cahil ikən istərəm,
Sirlərdən agah olam...

Tənhaykən ətrafımda insanlar olaydı, kaş...
Onların arasında, kaş ki mən yalnız olam..
Qəriblikdə istərəm doğmalar arasında,
Onların yanmdaykən, kaş ki mən olam uzaq...
Sadə bir insan ikən, kaş ki bir əsilzadə,
Bir əsilzadə ikən adi bir insan olam...

Yoxsul ikən sərvətim ümmantək aşıb-daşa,
Varlı ikən olmasın nə varım, nə dövlətim...
Həyatımda mən daha istədim, gör, nələr...
Ah, əldə edə bilsəm, rahatlaşaram bəlkə...
Heyif ki, köləsiyəm arzuların hələ də...
Kaş başqa cür olaydım...

Axı hamımız ümid bəsləyirik həmişə,
Nə qədər çəksək də hey əzab, ağrı, məşəqqət,
Ümid etdiyimizə əlimiz yetmir, fəqət...
Varlıq dənizi üstə ümidlər ipə bənzər,
Gəzirik üzərində biz mahir kəndirbaz kimi.
Ümidlər bir-birinin ipini üzər, kəsər,
Necə ki, bir-birini hey qovar saniyələr...

Kaş olaydım varlığımdan xəbərsiz,
Var olaydım deyə salardım haray...
Ümidlər ki, tapınıram içimdə,
O ümidlər gülər mənə aşikar...
Hər cür təmənnadan uzaq və azad –
Yaşamaq istərəm mən beləcə şad...

Yalvarış

Nurundan sürmə çək gözümə, Allah!
Çək ki, görə bilim hər yerdə səni...

Hər şeydə, hər yanda - bütün cahanda!
Səmadakı qartalda, məzardakı qurdda da,
Dənizin dalğasında, çiçəklərdə, yovşanda,
Həm otda, həm torpaqda,
həm də səhra qumunda...

Xəstənin yarasmda, sağlamın çöhrəsində,
Bir qatilin əlində, bir məqtulun nəşində,
Bir gəlin yatağında, bir körpə beşiyində,
Bir xəsisin ovcunda, bir comərdin əlində...

Bir cavanın ruhunda, bir ahılın könlündə,
Alim iddiasında, cahil cəhalətində,
Kasıbın yoxsulluğu, zənginin sərvətində,
Bakirənin saflığı, əxlaqsızın çirkində.

Gözlərim dalarsa dərin yuxüya,
Bağla gözlərimi, Allahım, bağla...
Bağla Sən, qəlb gözüm açılanadək!..

Allahım, aç mənim qulaqlarımı!
Aç ki, ona çatsın, nidan, səs-sədan...

Aslan kükrəyişində, qoyun mələməsində,
Bayquş ulamasında, qumru quğultusunda...
Şimşəyin çaxmasında, suyun şırıltısında,
Buludun süzülməsi, dəniz çırpıntısında...

Qarışqa yerişində, küləyin əsməsində,
Bülbülün nəğməsində, qarğa qarıltısında,
Qartal şığımasında, arı vızıltısında,
Gecənin fəryadında, sübhün pıçıltısında...

Uşağın ağlaması, qocanın gülüşündə,
Neyin iniltisində, dəfin gurlamasında,
Kimsəsizin, məzlumun məsum yalvarışında,
Həm hakimin, həm də ki məhkumun duasında...
Ölüm yaxınlaşanda, bir səssizlik çökəndə,
Rəbbim, qoru onları, yenə həyata qaytar!..
Sən mənə öz dilimdən iki şahid ver, Allah!
İkisi də doğrunu, həqiqəti söyləsin...

Şahidlik etsin mənə, həqiqəti söylərkən,
Danışsın əleyhimə, əgər haqsızlıq etsəm...
“Həqiqət boş şey!” - deyə, biri yolunu azsa,
Yolunu kəssin dilim onda kəskin qılınctək Qorxmasın,
haqq söyləsin, əleyhinə olsa da,
Çəkinməsin, vursun o, səhvindən dönənədək.

Əgər bir gün sözüm də dönük çıxsa qələmə,
Əgər yalan desə o, doğru olana bir gün,
Onda, qoy, məzar olsun öz sözümə öz ağzım,
Onda qoymaz o məzar bir də yolumu azım...

Əgər bir dil söyləsə doğrunu açıq-aşkar,
Gizlincə susdurarlar, gəlməz səsi-harayı.
Nə yola gətirər ki, bilmirəm onu bir də
Belə səssiz-səmirsiz bir ölümdən savayı...

Sonsuz bir vadi et qəlbimi, Allah!
Suya qərq eləsin o, dörd bir yanı...

İnancdır, inanc mənim könül vadimin adı!
Onun kökü ümiddir, məhəbbətdir, səbirdir!
Havası da ixlasdır, vəfadır, doğruluqdur...

Şübhə səhralarında, əbədiyyət uğrunda,
Düşüncələrim bir gün hədər gedərsə, onda
Yorğun-yorğun, amma ki yenə ümid içində
Diz çökərlər qəlbimdə yenə tövbə edərək...

Əgər bir gün düşərsə ümidim bu yollara,
Həyat keşməkeşində çaşıb azsa yolundan,
Onda susuzluğımu yatırmaq üçün içər
Qəlbimdə hey çağlayan o iman bulağından...
Allahım, sən tut mənim ümidimin qolundan...

İman üz çevirərsə, ümid ölərsə bir gün,
Qoy, o zaman bu qəlbim getsin dərin yuxuya,
Yatsın Qiyamətədək - Sur səsi gələnədək,
Yenidən həyat mənim üzümə gülənədək...


Çaşqın

Dərin qayğı içində yürüyürəm yollarda,
Yalnızlıq yol yoldaşım, üzüm göylərə doğru,

Torpağın üstündəyəm, bulud qalxanım mənim,
Onu qalxan seçmişəm, qədərisə rəhbərim.



Siirüyər məni anlar zamanın karvanında,
Bilmirəm, nə işim var insanlar arasında.

Nə tale kömək edər, nə göstərər ümid yol,
Nə səma aydınladar bu qaranlıq yolumu...

içimdə bir alov var, körüklər alın yazım.
Ah! O, kaş ki məni yox, seçəydi özgəsini...

Yanır könlüm, qovrulur qızmar atəş içində,
Səslənsəm, harayımı, hayımı eşidən yox...

Kaş məni yandıraryn nə olduğunu bilsəm;
'ı'aradanın şöləsi, ya ölümün şöləsi?..

Odur məni yaşadan! Həlak edən də odur!
Öz qoruyla yağıştək məni sulayan da o...

Onun qığılcımında gördüm Yaradanımı!
Olmasaydı o əgər, bilməzdim, nədir kədər...

Rəbbim! Bu bir bəlamı, ya da ki bir mükafat?
Ölümləri edər puç, sonsuzluq çəkər əzab...

Səbəb inadkarlığım, yoxsa ki bir fəsaddır,
Ya arzunun hökmünə mənim boyun əyməyim?..

Ya kasad düşüncəylə öyünməyimdir mənim?
Bəlkə görünməyənin fəhmində acizliyim?..
Rəbbim! Qınanılarmı su içsə təşnə qalan?
Qəlb kədərlə doluysa, işığı zülmət olan?..

Bəs buludlar üstündə xəyalı göydə olan?
Şərabtək içmək olar heç onun şərabından?..

Bütün bunları mənə özün verdin, rəhm elə!..
Səninki deyiləmsə, kimin səsiyəm, Rəbbim?!

Bir qurbanlığam, sanki! Sən ki bunu görürsən!
Bəs deyilmi, ey Rəbbim, korluğum, zəifliyim?!

Çevir iman közünə atəş qığılcımını,
Məlhəm eylə, ey Rəbbim, mərhəməti qəlbimə!..

Addımlaram o zaman öz yolumda sevinclə,
Bələdçim - Yaradanım, üzüm səmaya doğru!..

Ərəb dilindən tərcümə edən: Mahir Həmidov
MANERA.AZ



Baxış sayı - 2 979 | Yüklənmə tarixi: 21.03.2016 14:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031