manera.az
manera.az

Min manatlıq qoduğa “Sadığın toyu” olub |MANERA

📅 16.03.2016 18:18

Min manatlıq qoduğa “Sadığın toyu” olub   |MANERA

Gəncə Dövlət Dram teatrının yaradıcı kollektivi 10 mart peşəkar Azərbaycan teatrının yaranmasının 143-cü ildönümündə tamaşaçıların görüşünə yeni səhnə əsəri ilə gəlib.

Hər zaman repertuar zənginliyinə xüsusi önəm verən teatrın yaradıçı kollektivi filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimlinin “Sadığın toyu” adlı iki hissəli məzhəkəsini tamaşaçılara təqdim etdi.

Əslində Gəncə Dövlət Dram teatrı artıq dördüncü dəfədir ki, Sahib İbrahimli dramaturgiyasına müraciət edir. Yaradıçı kollektiv 1992-ci ildə Sahib İbrahimlinin ilk dəfə olaraq qələmə almış olduğu “Maşın” komediyası ilə onun peşəkar bir dramaturq ola biləçəyinə böyük ümidlər bəsləməklə səhnə həyatı bəxş etmişlər. Ümumiyyətlə qeyd etməliyəm ki, Gəncə Dövlət Dram teatrı hər zaman regionda eləçə də paytaxt teatrlarına böyük dramaturq kadr potensialının yetişməsində xüsusi əhəmiyyətə malikdir. Çünki bu gün bir çox dramaturqların əsərlərinin ilk səhnə həyatı məhz Gəncə Dövlət Dram teatrından başlamaqla digər teatrların repertuar zənginliyinə böyük şərait yaratmışdır.

“Maşın” komediyasından sonra Sahib İbrahimlinin qələmə aldığı “Bəylər və xanımlar” və “Yaponlar gəlir” komediyaları da peşəkar Azərbaycan dramaturgiyasında yeni bir fikir və baxış demək idi. Ancaq 1999-cu ildən sonra Sahib İbrahimlinin komediyalarına nədənsə rast gəlmək mümkün deyildi. Onun yenidən “Sadığın toyu” iki hissəli məzhəkəsi komediya janrında yaza biləçək dramaturq kimi ən maraqlı səhnə əsərlərindən biri olaraq diqqəti cəlb edə bildi. Qeyd etməliyəm ki, Azərbaycan dramaturgiyasında komediya janrında Sabit Rəhman yaradıçılığından sonra yaranan boşluğu öz tamlığı ilə 60 və 80-ci illərdə aradan qaldıra biləçək Altay Məmmədov dramaturgiyası mövcud idisə bu gün artıq bu janrda dramaturgiyanın ən layiqli davamçısı məhz Sahib İbrahimli komediyalarıdır.

“Sadığın toyu” komediyası ailə-məişət mövzusunda qələmə alınmışdır. Lakin müəllif bir ailə daxilində baş verən əhvalatların miqyasını bilərəkdən genişləndirərək yaşadığımız cəmiyyətin neqativ görüntülərini bəzi reallıqlar ilə üzvü şəkildə əlaqəli formada təsvir etmişdir. Əsərin qəhrəmanı olan Cəfər kişi (respublikanın xalq artisti Alim Məmmədov) qoduğu satıb evin sonuncu oğlu olan Sadığa (aktyor Samir Abbasov) toy eləmək fikrinə düşür. Onun ömür gün yoldaşı Nərgiz də (aktrisa Zəminə Cəfərova) ərinin bu fikri ilə razılaşır. Beləliklə Cəfər kişi qoduğu öz həmkəndlisi olan Tat Vəliyə (aktyor Mətləb Təhmazi) satır. Elə tamaşadakı bütün komik planda olan hadisələr də bundan sonra başlanır. Hadisələr bir qoduğun satılan məbləğinin üzərində 1000 (min) manatın başında cərəyan etməklə daha da gərginləşir.


İnsanların pula olan hərisliyi, rüşvətxorluq və korrupsiya hallarının baş alıb getməsi balaca bir kəndin həyatında maraqla izlənilir. Əslində müəllif bu əsəri ilə bir daha göstərir ki, pula olan hərislik bütün insani keyfiyyətlərin fövqündə öndədir. Pyesdə ailədaxili gərginliyi artıran ən maraqlı hadisələrdən biri də Sadığa evlənməkdə, qız seçməkdə ailə başçısı olan Cəfər kişi ilə evin xanımı olan Nərgizin fikrlərinin qəti şəkildə bir-birindən ayrı olması, üst-üstə düşməməsidir. Onlar bu barədə bir-biri ilə bərk mübahisə edir və fərqli ailələrin qızlarını təkidlə oğullarına təklif edirlər. Sadığ isə bunun qarşılığında özünün sərbəst bir seciminin olduğunu bildirərək tamam başqa bir ailənin qızını sevdiyini bildirir.

Maraqlı cəhət burasındadır ki, hadisələrin cəryanı fonunda çox keçmir ki, ailədəki bu gərginliyə başqa bir gərginlik də əlavə olunur. Belə ki, Cəfər kişinin ailəli oğlanları olan Mozu (aktyor Rauf Hüseynov), Şəppəli (aktyor Elnur Abbasov), Hoppadan (aktyor Ramil Hüseynov) və hətta Moskvada yaşayan qızı Qızbəs də qoduğun satıldığını eşidib bu qazancdan onlara düşən payı təkidlə tələb edirlər. Burada hadisələrin cəryanı fonunda övladların hər üçü də səhnədə çox dinamiq və maraqla izlənilən xarakterlər kimi təqdim olunur. Mozu (aktyor Rauf Hüseynov), Şəppəli (aktyor Elnur Abbasov), Hoppadan (aktyor Ramil Hüseynov) obrazlara özlərinə xas olan ştrixlərlə hadisələri daha da maraqla izlənməsinə şərait yarada bilirlər. Pyes boyu oğlanların atası olan Cəfər kişi (xalq artisti Alim Məmmədov) ilə anası Nərgiz xala (aktrisa Zəminə Cəfərova) övladlarına başa salmağa çalışırlar ki, qoduğun satışından əldə olunan pulla Sadığa toy eləmək istəyirlər. Lakin övladları valideynlərinin sözlərinə nəinki məhəl qoymur, hətta müxtəlif tərzdə atalarını hədələyirlər də.

Tamaşa boyu maraqla izlənilən obrazlardan biri də Respublikanın xalq artisti Alim Məmmədovun yaratmış olduğu Cəfər kişi obrazıdır. Hər zaman dramatik obrazlar yaradan xalq artisti Alim Məmmədovu bu gün ilk dəfə olaraq komediya janrında görmək tamaşanın quruluşçu rejissoru olan xalq artisti Vaqif Şərifovun böyük tapıntısı kimi qiymətləndirilməlidir. Cəfər kişi tamaşa boyu öz maraqlı danışığı ilə diqqət mərkəzində olmaqla, eləçə də obrazın xarakterinə uyğun olan təmkin və tədbirlidir. Kənar təziq və təsirlərə baxmayaraq Cəfər kişini heç bir qüvvə öz fikrindən döndərə bilmir. Xalq artisti Alim Məmmədovun səhnədə hər bir sözü və jestləri rejissor traktofkası ilə uyğunlaşaraq əsərin mahiyyətinin acılmasında əsas rol oynayır. Aktyorun oyunu maraqla izlənilir.

Maraqlı obrazlardan biri də evin xanımı Nərgiz xaladır. Aktrisa Zəminə Cəfərova öz ifasında övladlarının hər birinin xarakterini dərindən bilən, hər birinin dili ilə onları danışdırmağı bacaran hətta yeri gəldikdə övladlarını təlqin edən bir obraz kimi göstərilir. Aktrisa obrazın daxili aləmini açaraq öz ifası ilə şöhrətpərəstlik və qohum olaçağı şəxslərin hətta vəzifə, tutduqları mövqelərinə görə seçilməsinin əsas olduğunu səhnədə böyük ustalıqla göstərə bilir. Nərgiz xala – aktrisa Zəminə Cəfərova həm də ailəsinin qürurunu qorumaqla həyat yoldaşı Cəfər kişinin müdafiəsinə qalxmaqla ailə daxili vəziyyətlərin dəqiq ştrixlərlə oynanılmasını maraqla göstərə bilir.

Sadığın (aktyor Samir Abbasov) ata-anasından xəbərsiz sevdiyi Lalənin (aktrisa Nailə Əhmədova) az qala zor gücü ilə bu evin gəlini olmaq cəhdi, qoduğu alan Tat Vəlinin (aktyor Mətləb Təhmazi) öz sövdasını pozmaq, verdiyi pulu geri almaq istəyi də tamaşadakı ümumi gərginliyə yeni bir rəng qatır. Aktyor Samir Abbasovun səhnədəki Sadığ obrazı ilə maraqlı ifası tamaşanın ümumi axarına, maraqla izlənilməsinə və hadisələrin cəryanına böyük təsir göstərir.

Kənd məmurları-Kənd icra nümayəndəsi Tanrıverdinin (aktyor Vasif İsmayılov), kənd bələdiyyəsinin sədri Salmanın (aktyor Elnur Məmmədov) və polis sahə müvəkkili Qocuyevin (aktyor Akif Səfərov) gəlişi ilə tamaşadakı gərginliyin yeni və həm də daha güclü bir dalğası başlanır. Belə ki, hər zaman “Kəndin ağası” sayılan bu “qocular” – kənd rəsmiləri də qoduğun satışından əldə olunan puldan pay umurlar və bunun üçün müxtəlif hiylələrə əl atırlar. Hər vəçlə Cəfər kişidən pul qoparmağa calışan bu “kənd ağaları” onu min bir bəhanə ilə şərləsələrdə sonda istəklərinə cata bilmirlər. Tamaşa gözlənilməz və nikbin bir sonluqla başa çatır. Heç kimin gözləmədiyi halda Sadığ və Lalə bir-birilərinə qovuşurlar.

Tamaşanın quruluşçu rejissoru, respublikanın xalq artisti Vaqif Şərifovdur. Rejissor pyesin ideyasına, ana xəttinə uyğun olaraq maraqlı bir səhnə əsərinin ərsəyə gəlməsinə nail olmuşdur. Onun quruluşunda səhnədə olan hər bir detal belə maraqla izlənilir və baxılır. Əslində hadisələr pyesdə müəllifin ideyasına görə bir məkanda cərəyan edir. Ançaq rejissor Vaqif Şərifov bir məkan görünüşünü öz traktofkası ilə ikiyə bölməsi tamaşanın daha da baxımlı olması üçün ümdə şərait yarada bilmişdir.

Tamaşanın maraqla izlənilməsində quruluşçu rəssamın da işi xüsusi olaraq qeyd edilməlidir. Quruluşçu rəssam Elnur Axundovun maraqlı tərtibatı rejissor işi ilə həmahəng səslənməklə maraqla baxılır. Kənd həyatının canlılığı və absurt təxəyyül mənbəyi olan detalların daha çox istifadə edilməsi həm də tamaşaya xüsusi bir zövq verməklə diqqəti cəlb edir.

Tamaşanın finalında Qoduğun portretinin önə gətirilməsi ilə yaradıçı kollektiv bir daha insanları gənclərin qayğısına qalmağa, ailədə sağlam əhval-ruhiyyə yaratmağa, mənəvi-əxlaqi dəyərlərimizə hörmət və ehtiramla yanaşmağa, pul hərisliyindən çəkinməyə, məmur özbaşnalığına və tamahkarlığa qarşı mübarizəyə səsləyir.

Əslində teatr bir növ ictimai səsdir, baxışdır, qınaqdır, xalqın fikri və dilidir. Xalq həyatda gördüklərini fərdi olaraq düşünər, amma vahid dili olmadığına görə danışa bilməz. Məhz teatr və bu kimi digər sənət növləri xalqın dilidir. Məhz teatr bu çür neqativ halları, gördüklərini səsləndirər. Sətirlərin arasında incə bir halda, komediya janrında səsləndirər və xəfifcə gülər. Bu gün “Sadığın toyu” komediyası ilə bir qoduğun 1000 (min) manata satılması ölkədə hələ də burokratik əngəllərin olmasından xəbər verməklə, korrupsiya və rüşvətxorluğun ustalıqla tənqid olunmasına və mübarizənin güclənməsinə səslənən cağırışdır.


Anar Bürcəliyev, teatrşünas
MANERA.AZ




Baxış sayı - 1 707 | Yüklənmə tarixi: 16.03.2016 18:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031