“"Belə mütilik qürurdan əzəmətlidir” – Joze Saramaqo _MANERA
![]()
MANERA.AZ görkəmli Portuqaliya yazıçısı Joze Saramaqonun “Qəhrəmanlar müəllifi necə öyrədir” adlı Nobel nitqini təqdim edir:
_________________________________________________________________
Ömrüm boyu rastlaşdığım ən müdrik adam nə yazmaq bilirdi, nə oxumaq. Təxminən, səhər saat dörddə, şəfəq hələ haradasa, Fransa üzərində qızaranda o, öz taxtından qalxıb beş-altı donuzunu örüşə qovurdu - onunla arvadını yedirən bu heyvanların məhsuldarlığı idi. Anamın valideynləri bir az donuz saxlayıb, çoşqalarını Azinaqa kəndində yaşayan qonşularına satmaqla dolanırdılar. Babamın adı Jeronimo Melrinyo, nənəminki Jozefa Kayşinya idi; hər ikisi savadsızdı. Vedrədə suyu donduran soyuq qış gecələrində onlar pəyədəki ən zəif çoşqaları götürüb öz yataqlarına salırdılar. Kobud yorğanlar və insan bədəninin istisi yeni doğulmuş körpələrin donmasına imkan vermir, onları aşkar ölümdən qurtarırdı. Babam və nənəm mərhəmətli insanlar idilər, lakin belə davranmalarının səbəbi heç'də şəfqətləri deyildi. Sentimentallıq hər ikisinə yad idi, sadəcə olaraq, onlar güzəranlarını təmin edən şeyləri qoruyurdular və bu, yaşamaq naminə yalnız ən zəruri şeylər barədə düşünməyə adət etmiş insanlar üçün çox təbii idi.
Mən babama işlərində tez-tez kömək edirdim. Evin yanındakı bostanı belləyir, odun doğrayır, kənddəki su quyusunun nasosunu hərəkətə gətirən ağır dəmir çarxını hərlədib vedrə-vedrə su daşıyırdım. Tez-tez dan yeri sökülməmiş biz qarovulçuların gözlərindən yayınıb dırmıx, kəndir və kisələri götürüb qarğıdalı zəmilərinə girir, məhsul yığımından sonra qalmış yarpaqları, zoğları yığışdırıb aparır, donuzlarımızın altına sərirdik. İsti yay günləri, şam yeməyindən sonra babam bəzən mənə belə deyirdi:
"Joze, bu gecə səninlə əncirin altında yatacağıq". Yaxınlıqda daha iki ağac vardı, amma evimizdə hamı başa düşürdü ki, söhbət məhz hansı ağacdan gedir - o çox böyük, deməli, qoca və demək olar ki, əbədiyaşar idi.
Bax belə bir "antonomaziya" - bu ağıllı sözü mən çox illər sonra öyrəndim və bunun nə demək olduğunu bildim... Gecənin qaranlığında yüksək budaqların arasından gözümə bir ulduz görünüb üsulluca yarpaqların arxasında gizlənirdi, gözlərini ondan azacıq yayındıran kimi isə səma qövsündə dinməz çay kimi axan "müqəddəs İakov yolu"nun sakit ağartısını görürdüm; o zamanlar bizim kənddə Saman yolunu hələ bu cür adlandırırdılar. Yuxum gəlmirdi, gecə babamın söhbətləriylə dolurdu: əfsanə və həqiqi olaylarla, kabus və dəhşətlərlə, qeyri-adi hadisələrlə, çoxdan ötmüş ölümlərlə, paya, dəyənək, daş dava- larıyla, ulu babalarımızın sözləriylə - xatirələrin susmaz uğultusuyla dolur, məni yatmağa qoymur və eyni zamanda da şirin bir layla çalırdı. İndiyədək bilmirəm ki, babam məni yuxu apardığını görəndə susurdu, yoxsa söhbətini bilə-bilə ən maraqlı yerdə kəsdiyi an verdiyim "bəs sonra necə oldu" sualını cavabsız qoymamaq üçün danışmağına davam edirdi. Bəlkə də, o, bu əhvalatı təkrar-təkrar özünə danışırdı ki, ya unutmasın, ya da onu yeni-yeni təfərrüatlarla zənginləşdirə bilsin. Söyləmək artıqdır ki, yəqin, bütün yaşıdlarım kimi elə mənim də gözlərimdə babam Jeronimo dünya müdrikliyinin hər şeydən hali gözətçisi idi. Dan yeri söküləndə quşların səsindən oyanarkən isə onu artıq yanımda görməzdim - məni oyatmadan donuzlarını otarmağa yollanırdı. Mən yerimdən dik qalxıb yorğanımı bükür və ayaqyalın - on dörd yaşma kimi mən həmişə ayaqyalın gəzirdim - saçlarıma dolaşmış saman çöplərini təmizləmədən evə sarı gedirdim. Daim babamdan da tez qalxan nənəm isə qabağıma içinə çörək doğranmış iri bir fincan qəhvə qoyub mütləq necə yatdığımda maraqlanardı. Və əgər babamın söhbətlərindən sonra gecə nəsə qorxulu bir yuxu görmüşdümsə deyərdi: "Çıxar bunları başından, yuxuya inam yoxdur". O zamanlar mən əmin idim ki, nənəm özünün bütün müdrikliyinə baxmayaraq, babamın yüksəldiyi zirvələrə varmaq gücündə deyil - babam öz nəvəsi Joze ilə böyür-böyürə əncir ağacının altında uzanaraq cəmi bir neçə sözlə bütün Kainatı hərəkətə gətirə bilirdi. Çox illər ötəndən, Jeronimo babam bu dünyanı tərk edəndən, mən isə böyüyəndən sonla bəlli oldu ki, sən demə, nənəm özü yuxulara möhkəm inanırmış. Yoxsa daha necə izah etmək olardı ki, bir axşam artıq tək yaşadığı evinin kandarında oturub başının üstündəki nəhəng və xırda ulduzlara baxaraq dedi: "Dünya necə gözəldir, amma çox heyif ki, öləsi olacam", o demədi ki, "ölməkdən qorxuram", sadəcə, "heyif" dedi, sanki, onun ağır, zəhmətlə dolu həyatı özünün lap sonunda bir bərəkət, bir nemət - ətrafındakılann qənirsiz gözəlliyi ilə qəlbinə təsəlli olan ali və sonuncu vida mərasiminin bərəkətini əyan etmişdi ona. O, öz evinin qarşısında əyləşmişdi və bu evin bənzərini mən bütün dünyada təsəvvürümə gətirə bilmərəm - bu evdə yatağına çoşqaları öz balası kimi salan, həyata əlvida deyərkən yalnız onun qənirsiz gözəl-liyinə təəssüflənən insanlar yaşayırdı; babam - donuzota- ran və nağılçı Jeronimo da belə idi; ölümün tezliklə ziyarətinə gələrək onu özüylə aparacağını duyan kimi bağdakı ağaclarıyla vidalaşırdı - hər birisiylə ayrıca. Yaxınlaşır, qucaqlayıb ağlayırdı, çünki bilirdi ki, daha heç vaxt görməyəcək onları.
Yenə neçə illər sonra, Jeronimo və Jozefadan ilk dəfə yazanda (unutdum deyəm ki, nənəmi cavanlığında tanıyan insanların dediyinə görə, o, nadir gözəlliyiylə fərqlənirmiş), birdəfəlik əmin oldum ki, mən adi insanları ədəbi qəhrəmanlara çevirirəm; bəlkə də, bu, onları unutmamaq üçün fikirləşib tapdığım bir üsuldur - onların simasını bərpa edib yaddaşın özünü belə dəyişməyə qadir bir qələmlə canlandırmaq; sanki, kiminsə öz ömrünü sürərək başa vurmağı qərarlaşdırdığı bir ölkənin qeyri-təbii irreallığını dəyişkən yaddaş kartının üzərində təsvirə gətirib gündəlik həyatın cansıxıcı, üfüqsüz ənginliklərini aydınlatmaq və bütün mənzərəni müxtəlif rəng və çalarlara boyamaq. Köhnə bir fotoşəklə (indi artıq bu şəklin səksən yaşı var) baxaraq onu təsvir edərkən elə eyni hisslər məni məcbur etdi ki, bərbər babamın mübhəm cazibəyə malik simasını yaddaşımda canlandıraraq yazım: "Valideynlərimin hər ikisi gənc, gözəldir, fotoqrafa ciddi və təntənəli bir görkəmlə baxırlar, nigarandırlar bir az; bəlkə də, qəliz, bic şüşələri artıq növbəti günə qovuşmağa hazır bir günün bir daha təkrar olunmayacaq anlarından birini elə indicə dayandıracaq fotoaparatı görəndə qorxublar... Anam sağ əlinin dirsəyini hündür yastığa söykəyərək barmaqlarında çiçək tutub. Atam onun çiynini qucaqlayıb və qabarlı əlləri anamın kürəyindən qanad kimi boylanır. Onlar budaq kimi naxışları olan xalçanın üstündə utancaq bir görkəmlə durublar, şəklin fonu isə psevdoantik nələrisə bulanıq, aydın olmayan bir tərzdə təsvir edən bir tablodur... Gün gələcək, mən bu barədə söhbət açacağam. Bunun məndən savayı kimsəyə dəxli yoxdur. Babam - Şimali Afrikadan bərbər, ikinci babam - donuzotaran, bir də ecazkar gözəlliyə malik nənəm, valideynlərimin ciddi, gözəl sifətləri, şəkildə təravətli, təzə-tər çiçək - daha hansı genealogiya axtarmalıyam, hansı nəsil şəcərəsinə söykənməliyəm ki?"
Bunu, demək olar ki, otuz il bundan qabaq yalnız bir məqsədlə yazmışam - varlığım üçün borclu olduğum, mənə ən yaxın insanların həyatından bir anı bərpa edərək təsvirə gətirmək; mən əmin idim ki, haradan peyda olduğumu, hansı materialdan biçildiyimi, indi kiməmsə, bu cür necə olduğumu izah etmək üçün təkcə bu kifayət edər.
Mən yanılırdım - biologiya hər şeyi müəyyənləşdirmir, o ki qaldı genetikaya, onun bu dərəcədə dərinliklərə sirayət elədiyi yolların özü bir sirr olmalıdır... Mənim nəsil ağacım (ifadəmin təmtərağını bağışlayarsınız yəqin, çünki o köklərdən qidalanan meyvənin özü miskindir) nəinki zamanın əliylə həyat səhnəsinin döyüşlərində kəsilmiş budaqlarının çoxundan, həm də onun köklərinə torpağın ən dərin qatlarına işləməyə kömək edən, meyvələrinin rayihəsi və dadını qiymətləndirə, qol-budağını möhkəm-ləndirə, şaxələndirə bilən, köçəri quşların bu sıx budaqlar arasında özünə sığınacaq tapıb yuva qurmasını təmin eləyən nəsnələrdən məhrum olub. Valideynlərimi, nənə- babalarımı ədəbi üsullarla təsvir edərək, ət və qandan ibarət adi insanları mənim həyatımı yenidən quran, müxtəlif cür quran ədəbi personajlara çevirəndə mən heç özüm də bilmədən cığır tapdayırdım və sonra başqa, mənim uydurduğum, artıq kitab meyarlarına tam uyğun gələn qəhrəmanlar həmin bu cığırla mənə materiallar, alətlər gətirəcəkdilər və mən onların köməyi ilə - bilmirəm yaxşılığamı, yoxsa pisliyə, qazanaraqmı, yoxsa ziyan edərək, birisində gərəkəndən az, digərində qat-qat çox - özümü elə yaradacaqdım ki, indi bu yaradılmışın, həqiqətən, özüm olduğumu, daha doğrusu, bütün bu obrazların, eyni zamanda, həm xaliqi, həm də məxluqu olduğumu etiraf edə biləcəkdim. Bəlkə də, mən hərfbəhərf, sözbə- söz, səhifəbəsəhifə, kitabbakitab tədricən yaratdığım obrazları mənimsəyir, onları öz içimdə yerləşdirirdim. Əminəm ki, onlarsız mən indiki kimi olmazdım; çox mümkündür ki, onlar olmasa, mənim həyatım tələsik və natamam eskizə, həyatda tez-tez tuş gəldiyimiz, yerinə yetmək nəsibi olmayan vədə bənzəyərdi; nəsə etmək imkanı olan, amma bir şey eləyə bilməyən bir insana oxşayardım.
İndi həyatın bu ustalarını - məni ağır yaşam sənətinə inadla və israrla öyrədən müəllimlərimi aydın görürəm; budur, onlar romanlarımın, pyeslərimin onlarla qəhrəmanlarından ibarət bir səf çəkib gözlərim önündən keçirlər, kağız və mürəkkəbdən yaranmış, zahirən mənim müəllif iradəmlə idarə olunan, hərəkətləri və davranışları onları hərəkətə gətirən, mənim dartaraq idarə etdiyim iplərdən heç bir vəchlə artıq ola bilməyən kuklalar. Və onların birincisi orta istedadlı bir portretçi-rəssam idi; onu, sadəcə, "X" adlandırdım, iki əllə yönəldilən (həm özü və həm də bəlli mənada menim yaratdığım), "Təsviri sənət və kalliqrafıya dərsliyi" adlandırdığım əhvalatın qəhrəmanı; bu odur, həmin o personajımdır ki, mənə şikayətlənmədən, deyinmədən öz məhdudluğunu etiraf etmək kimi sadə və düzgün sənətin əlifbasını öyrətdi. Zira mən kiçik süjet xəttimdən kənara addımlayaraq nə uğur qazanmağa ümid edə, nə də ki bu addımı ata bilərdim və mənə qalan bircə yol idi - daha dərindən qazımaq, daha dərinə nüfuz etmək, məsələnin lap kökünə çıxmaq. Öz kökümə və əgər ambisiyaların belə həddən ziyadə şişməsi yolveriləndirsə, onda lap elə dünyanın köklərinə də. Təbii ki, bu səylərimin nə dərəcədə məhsuldar olduğunu qiymətləndirmək mənlik deyil, lakin bu gün bir şeyi lap şübhəsiz sayıram. Mənim o zamandan bəri və bu günə kimi bütün fəaliyyətim bu prinsipə tabedir və bu məqsədi güdür.
Sonra növbə Alentejo bölgəsinin sakinlərinə yetişdi - nəsibləri torpaqda işləmək olan, babam Jeronimo ilə nənəm Jozefanın da aid olduğu sadə kəndlilərə; əllərinin gücünü və əməklərini "alçaq" kəlməsindən başqa bir şeyə layiq olmayan elə şəraitdə, elə qiymətə satmağa məcbur olan insanlar idi onlar. Mədəni və inkişaf etmiş olmalarıyla öyünən adamların - vəziyyətdən asılı olaraq - qiymətsiz, müqəddəs, ilahi nemət adlandırdığımız şeyləri ən alçaq dəyərdən də düşük qiymətə verirdilər var-yoxlarını. Mənə yaxşı tanış olan sadə adamların dövlət və latifun- diyaçıların öz hakimiyyət və gəlirlərini ədalətlə böldüyü kilsənin başdan elədiyi insanların, polisin ayıq-sayıq nəzarəti altında olan, belə tez-tez özbaşınalığın, ədalətsiz məhkəmənin qurbanı olanların növbəsi çatdı. Mau- Tempodan olan bir kəndli ailəsinin üç nəslinin əsrimizin əvvəllərindən başlayaraq diktaturanı yıxan 1974-cü ilin Aprel inqilabına kimi həyatı öz əksini "Torpaqdan ucalanlar" romanının səhifələrində tapdı və həmin bu ayaq üstə dik qalxmış, əvvəlcə real, sonra isə mənim uydurduğum adamlar mənə səbir etməyi, zamana inanmağı və ona bel bağlamağı öyrətdilər, çünki zaman bizi eyni zamanda həm qurur, həm də dağıdır ki, sonra bir də qursun, bir də dağıtsın. Bu insanların xarakterindəki bir cəhəti - ağır sınaqlar bahasına məziyyətə çevrilmiş tək bircə şeyi, bunu etiraf etməliyəm, tam mənada qavraya bilmədim - həyata münasibətdə boğazdanyuxarı yox, təbii sərtliyi. Lakin əzbərlədiyim bu dərsin indi, üstündən iyirmi ildən artıq bir müddət ötəndən sonra belə yaddaşımdan silinmədi yini, onun tələblərinin hər gün içimdə səsləndiyini, özünü tələbkarcasına xatırlatdığını nəzərə alsaq, bunu demək istəyirəm: bir zamanlar Alentejonun nəhayətsiz düzlərinin qoynunda mənə açılan yüksək ləyaqət nümunələrinə nə vaxtsa, az da olsa, yaxınlaşa biləcəyim barədə ümidlərimə heç də son qoyulmayıb. Amma hər şeyi zaman göstərər.
Bəs XVI əsrdə yaşamış, "Luziada"larda öz vətəninin şöhrətini vəsf etmiş, bədbəxtliklərinə və dərdlərinə ağlamış, poetik dühanın mütləq təcəssümü olan, özünü "Kameonsdan əzəmətli" adlandıran Fernando Pessoa, nə qədər dərin kədərinə səbəb olsa da, söz sənətimizin ən böyük bu siması mənə hansı dərsləri verməliydi? Mənim axı yalnız bir şeyi mənimsəməyə gücüm çatardı, yalnız bir dərsin mənə faydası olardı - Luis de-Kamoensin saf humanizminin təklif etdiyi bütün dərslərdən ən sadəsinin - əsil-nəcabətli bisavadların nifrətinə tuş gələn, kralın və onun güclü əyanlarının saymazyana biganəliyindən, əsrlərdən bəri şairlərin, peyğəmbərlərin və təlxəklərin yer üzünə hər gəlişinə dünyanın göstərdiyi kinayə və istehza ilə qarşılanan yazıçının vüqarlı bir mütiliklə qapılar döyərək qələmə aldığı kitabı çap etməyə razılıq verənlərin axtarışında dolaşarkən nümayiş etdirdiyi qürurlu bir mütilik dərsinin. Həyatında, ən azı, bir dəfə hər bir yazıçı Luis de-Kamoensin vəziyyətində ya artıq olub, ya da hələ olacaq, əgər bu yazıçı heç "Zənglər Tanrı məbədinə səsləyirdi..." kəlmələrini yazmayıbsa belə. Və budur, əyan- əşrəf, saray adamları və Müqəddəs İnkvizisiyanın senzorları arasında, çoxdan ötmüş məhəbbətlərin və vaxtsız qocalmadan doğan xəyal qınqlığının ağuşunda çoxlarının yalnız varlanmaq üçün yollandığı Hindistandan yoxsul qayıdan bu xəstə insan göründü - qəlbi şırımlanmış təkgöz əsgər, saray xanımlarının beynini bir daha dumanlandıra bilməyəcək uğursuz sevgili mənim "Mən bu kitabı nə edim?" adlandırdığım, finalında tamam başqa sual, yeganə məna daşıyan sual səslənən, lakin "Siz bu kitabı nə edəcəksiniz?" deyib cavablandırsalar da, cavabını tapmadığımız pyesdə səhnəyə çıxdı. Bəli, belə mütilik qürurdan əzəmətlidir - qoltuğunun altında dünyanın ədalətsizcəsinə rədd etdiyi ölməz şedevr gəzdirəsən. Qürurdan başqa bu mütilikdə bir divanəlik də var. Biz mütləq bilmək istəyirik ki, bu gün yazılan kitablar sabah hansı məqsədlərə qulluq edəcək və bununla yanaşı, ətrafımızdakıların, ya da elə özümüzün bizlərə təsəlli üçün təklif etdiyi dəlillərin uzun zamanmı (və dəqiq nə qədər?) ömür sürəcəyinin tərəddüdləri içində özümüzü didib-tökürük. Aldadılmaq istəyən adamı aldatmaqdan asan heç nə yoxdur.
Budur, qarşımızda sol əlini müharibədə itirmiş bir kişi və gözlərdən mübhəm qalanları görməyə qadir ecazkar vergisi olan bir qadın durub. Kişinin adı Baltazar Mateus, ayaması isə Yeddi Günəş, qadının adı Blimundadır, sonra isə Yeddi Ay çağıracaqlar, zira artıq çoxdan deyilir. Günəş olan yerdə ay da olmalıdır, çünki onların hər ikisinin məhəbbət adlandırılan ahəngdar vəhdəti bizim yer üzünü həyat üçün yararlı eləyir. Dünyada sadə mərhəmətin, ondan daha bəsit məfhum olan hörmətin günəşi və ayına çevrilməkdən savayı nəyə desən qadir, bu adi nəsnələrə dönməyi nə istəyən, nə bacaran, nə də ki bilən insan iradəsinin, yalnız və yalnız insan iradəsinin gücüylə hərəkətə gələn, qanadları üstündə adamı göylərə qaldıraraq uçmağa qadir qəribə bir maşın kəşf etmiş İyezuit Bartolomeu da səhnədə peyda olur. Bu üç qəribə insan on səkkizinci əsr Portuqaliyasında yaşayırlar. Həm dövr, həm ölkə mövhumat və inkvizisiya tonqallarının istisindən alışır, xudpəsəndlik və böyüklük xülyasına düşmüş kral isə hamını, bütün dünyanı - təbii ki, dünya əgər öz nəzərlərini Portuqaliyaya salsa və onun gözləri Blimundanınkı kimi görünməyən şeyləri görməyə qadir olsa - heyrətə gətirməli olan bir bina - eyni zamanda həm monastır, həm saray, həm məbəd ucaldır... İllər uzunu qabarlı əlləriylə daşı daş üstə qoyaraq monastır divarları, əzəmətli saray zalları, sütunlar və pilyastrlar, zənglər səslənəcək qüllə, boşluqda süzən məbəd günbəzini ucaldan əldən düşmüş, əzabkeş insanlar görünür... Bizim qulaqlarımıza Dome- niko Skarlatinin klavesinindən qopan səslər yetişir - o heç özü də bilmir ki, ağlayırım, gülürmü?.. Bu, "Baltazar və Blimunda"nın əhvalatıdır və bu kitabda şəyird-müəllif bir zamanlar babası Jeronimo və nənəsi Jozefanı yaxşı dərk etdiyindən bir qədər poetiklikdən də xali olmayan bu sətirləri yaza bilib. "Qadının nitqindən savayı, bir də arzuları onu orbitdə saxlayır. Lakin arzulardır onun başına aydan çələng taxan. Bax elə buna görə də insanların beynində göylər parlaq şöhrətlə eyniləşir, baxmayaraq ki bizim tək bir göyümüz var - insanların beynindəki göy". Qoy belə olsun.
Yeniyetmə bir zamanlar Lissabondakı texniki liseydə oxuyaraq həyat yolunun başlanğıcında qədəm qoymalı olduğu peşəsinə - sadə dillə desək, mexanik olmağa hazırlaşarkən poeziya haqda dərsliklərdən, müntəxabatlardan artıq bir az məlumatlanmışdı. O, yaxşı poeziya müəllimləri tapmışdı özünə və kitabxanalarda keçirdiyi bitib-tükənmək bilməyən axşamlar ərzində kataloqlarda sövq-təbii eşələnib heç kəs tərəfmdən yönəldilmədən, istiqamət almadan da tapıntılar edir və bu zaman sözün bütün çalarlarında yeni torpaqlar kəşf edən dənizçinin yaradıcı heyranlığını yaşayırdı. "Rikardo Reysin ölüm ili" orada - məktəbin kitabxanasında yaranmağa başladı; həmin kitabxanada ki, mexanik orada "Afina" jurnalını taparaq Rikardo Reys adıyla imzalanmış şeirlər aşkarladı və ölkəsinin ədəbi topoqrafiyasını çox zəif bildiyindən, təbii olaraq, doğrudan, elə sandı ki, belə bir portəgiz şairi həqiqətən olub. Amma çox tezliklə aydınlaşdı: müəllif Fevnando Nogeyra Pessoa adlı birisi imiş və o, şeirlərini yalnız təxəyyülündə mövcud olan şairlərə verirmiş. O, onları "geteronimlər" adlandırırdı - o zamanların lüğət-lərində belə bir söz yox idi, odur ki bizim ədəbiyyat şeyir- dinin bu məfhumu anlamasının çətinliyi tam təbiidir. Rikardo Reysin bir çox şeirlərini o əzbər bilirdi ("Əgər əzəmət istəyirsənsə, bütöv olasan gərək... Hər işinin qul-pundan, lap boş bir şey olsa da, möhkəm tutasan gərək"), lakin şəyird özünün bütün yeniyetmə bisavadlığına baxmayaraq, o yüksək zəkanın yaratdığı bu sərt postulatla qətiyyən barışa bilmirdi: "Müdrik o insandır ki, dünyanı seyr etməklə kifayətlənir". Çox illər sonra başını ağartmış və bir qədər müdrikləşmiş şəyird bir roman yazaraq onun müəllif iradəsindən ömrünün bir neçə son gününü 1936-cı ilin dünyasında keçirməli olan "Odalar"ın müəllifinə bu dünyada nələr baş verdiyini göstərir - nasistlər Reyn əyalətini işğal ediblər, İspaniyada Franko respublikaçılara qarşı müharibəyə başlayıb, Salazar Portuqaliya legionunu yaradıb; şəyird, sanki, ona deyirdi: "Bax gör dünya indi necədir, ey acı hüzn və incə skepsis şairi. Seyr et və zövq al, əgər öz müdrikliyini, həqiqətən, bunda görürsənsə..."
"Rikardo Reysin ölüm ili" melanxolik sözlərlə başa çatır: "Burada, torpağın bitdiyi və dənizin gözlədiyi yerdə". Nəzərdə tutulan bu idi ki, Portuqaliya daha böyük kəşflər etməyəcək və yalnız naməlum gələcəyinin intizarında gözləməyə məhkumdur... Yalnız indiyədək gördükləri yalnız gerçəkləşməyən arzular olacaq və bir də bəzi başqa şeylər... Onda usta şəyirdinə elə gəldi ki, gəmiləri yenidən səfərə yollamaq üçün yenə yol var - bunun üçün torpağın özü yerindən qopub dəryaya çıxmalıdır. Avropanın biganəliyinə "kollektiv-şüursuz-portəgiz" incikliyi (daha doğrusu, mənim şəxsi incikliyim) səbəb oldu ki, "Daş bərə" romanı yaransın; orada bütün İberiya yarımadasının qitədən qoparaq özbaşına, "sükansız və yelkənsiz" - vintlərdən heç söhbət də gedə bilməzdi - üzən əzəmətli bir adaya çevrilməsi təsvir olunur və "üzərini şəhərlər və kəndlər, çaylar və göllər, zəmilər və çəmən-liklər, fabrik və zavodlar, qalın ormanlar və məhsuldar tarlalar örtmüş torpaq və daşdan ibarət nəhəng kütlə özünün bütün adamları və heyvanlanyla yerindən tərpənərək üzməyə başlayır, buxtadan açıq dənizə - kimlərinsə çoxdan kəşf etdiyi, lakin yenə də naməlum olmuş açıq dənizə çıxan gəmiyə dönür", yeni Utopiyanı axtarmağa başlayır. İki sivilizasiyanın - Pireney və Atlantikanın o üzündə gözləyən - görüşü Birləşmiş Ştatların bu regiona sırıdığı boğucu qanunlara qarşı (bax mənim strateji fikirlərim bu istiqamətə kimi uzanırdı) çağırış idi... Bu ikiqat utopiya siyasi uydurmanı daha nəcib və insani metaforaya çevirirdi və onun bütün mənası o nöqtədə təmərküzləşirdi ki, Avropa bütün Avropa! - cənuba sarı hərəkət etməlidir ki, dünyada müvazinəti bərpa edərək, özünün keçmiş və indiki müstəmləkəçi günahlarını yusun. "Daş bərə"nin personajları - iki qadın, üç kişi və it - Pireney yarımadasında səyahət edirlər, onun özü isə okeanda üzür. Dünya dəyişir, qəhrəmanlar isə bilirlər ki, bir zamanlar mütləq çevriləcəkləri insanların cizgilərini tapmalıdırlar özlərində (təbii ki, it hesabdan deyil, çünki o, onsuz da, başqa itlərə bənzəmir).
Sonra şəyird xatırlayır ki, əgər artıq bizdən uzaq olan zaman kəsiyi korrektor rolunda çıxış edir və "Daş bərə" gələcəyə yeni nöqteyi-nəzərlə baxırdısa, keçmişə də belə yanaşma, onu təzədən idrakın süzgəcindən keçirmək pis olmazdı və "Lissabon mühasirəsinin tarixçəsi" romanını yazır. Onun qəhrəmanı, nəşriyyatda korrektor çalışan birisi eyni adlı kitab üzərində - bu artıq əsl tarixi tədqiqatdır - işləyərkən getdikcə özünün heyrətləndirmək qabiliyyətini itirən "Tarixçə"ni izləməkdən bezərək, əsərin bir yerindəki sözün sonuna inkar şəkilçisi qoyub "tarixi həqiqət"i dəyişir. Raymundo Silva adlı korrektor ən sadə, ən adi bir insandır, bütün qalanlarından yalnız onunla fərqlənir ki, bir inamı var: yer üzündə hər şeyin bir görünən tərəfi var, bir də görünməyən və nə qədər ki biz onların hər ikisini dəqiq seçə bilmirik, hadisələrin və əşyaların mahiyyətinə varmaq iqtidarında olmayacağıq. Görün o, "Tarixçənin" müəllifıylə bu barədə necə söhbət aparır: "Sizə xatırlatmalıyam ki, korrektorlar ədəbiyyatı və heyatı bilən ciddi adamlardır - unutmayın ki, mən tarix yazıram - senyor, ədəbiyyata aid olmayan nə varsa, həyatdır. - Bəs tarix? - Xətrinizə dəyməsin, amma tarix xüsusilə belədir. - Bəs təsviri sənət, bəs musiqi? - Musiqi lap əzəldən buna müqavimət göstərir, gəlir və gedir, dünyadan qurtulmağa çalışır, amma məncə, yalnız paxıllıqdandır bu, onsuz da sonda tabe olur həyata. - Bəs təsviri sənət? - Təsviri sənət elə fırça və rənglərlə yaradılan ədəbiyyatdır da, siz axı ümidvaram ki, insanların yazmağa başlamamışdan şəkil çəkdiklərini unutmamısınız, siz, yəqin, bu məsəli də bilirsiniz. "Gerbli kağızın yoxluğundan adisində yazırlar", başqa sözlərlə desək - yazmağı bilməyənlər şəkil çəkirlər, uşaqlar necə eləyirsə, bax elə.
- Yəni siz demək istəyirsiniz ki, ədəbiyyat dünyaya gələndən xeyli qabaq mövcud olub? - Məhz elədir və bu baxımdan o, eynilə anadan olanadək bəlli mənada mövcud olan insan kimidir. - Təəssüf ki, siz filosof olmamısınız, yaxşı filosof çıxardı sizdən, ya da ki tarixçi; sizdə bu peşə üçün gərək olan hissiyyat da var, temperament də.
- Savadım çatmır, savadsız da nə edə bilərsən ki? Mənim bəxtim, onsuz da, gətirib ki, bu dünyaya gözəl irsiyyət göstəriciləriylə gəlmişəm, amma bu, necə deyərlər, xammaldır, təhsilim isə yalnız orta məktəbdən ibarətdir.
- Özünüzü inadlı səyləri nəticəsində müdrikliyə yetişmiş bir insan kimi təqdim edə bilərdiniz, bundan utanmaq lazım deyil, keçmiş zamanlarda cəmiyyət belə fitri istedad sahibləriylə qürur duyurdu. - O zamanlar keçdi, tərəqqi bütün bunlara son qoydu və indi fitri istedad sahibi yalnız maraqlı şeir və hekayələr yazan xoşbəxtlərə deyirlər, mən isə, etiraf edim ki, hər cür ədəbi istedaddan tamam xali birisiyəm. - Fəlsəfəyə üz tutun. - Görürəm ki, sizin yumor hissiniz çox böyükdür, ironik idrak yapınız var,
niyə özünüzü tarix kimi ciddi və dərin bir elmə həsr etmisiniz? - Mən yalnız heyatda ironiyaya yol verirəm. - Mən həmişə tarixin həyat deyil, yalnız ədəbiyyat olmasına heyran qalmışam. - Axı tarix hələ tarix adını daşımamışdan real həyat olub. - Deməli, siz inanırsınız ki, real həyat elə budur? - Təbii ki, inanıram. - Mən demək istəyirdim ki, yəni "tarix real həyat olub"? - Heç şübhəsiz. - Görün insanlar korrektura üçün çıxdaş işarəsini tapmasaydılar, başımıza nələr gələrdi, - deyə korrektor köksünü ötürərək dedi".
Demək artıqdır ki, korrektor Raymundo Silva müəllif- şəyirdə tərəddüd dərsi vermiş oldu. Bu dərs çox vaxtında idi.
İstisna etmək olmaz ki, artıq mənimsədiyi bu tərəddüd onu qələmdən yapışıb "İsanın İncili"ni yazmağa məcbur elədi. Həqiqətən də, elə müəllifin özü deyən kimi, əsərin adı adama göz yanlışlığı kimi gəlir, lakin soruşmaq yerinə düşərdi ki, bunda pis nümunə göstərən, yeni romanın cücərdiyi torpağı çox uzun müddət hazırlamış korrektorun günahı nə dərəcədədir? Lakin bu dəfə məsələ onunla yekunlaşmırdı ki, müəllif Əhdi-Cədidin səhifələrini ziddiyyət və uyğunsuzluqlar axtarışında diqqətlə oxusun, yox, o hələ, üstəlik, bütün hadisələri məxsusi bir bucaq altında nəzərdən keçirməyə can atırdı; qədim sənətkarların tablolarını nəzərdən keçirən kimi - daha dərin relyef vermək, pozduğu, yenidən işlədiyi yerləri tapmaq, ruhi çaşqınlıq məqamlarını aşkarlamaq üçün. İndi artıq İncil qəhrəmanlarının arasında olan müəllif bu nurun işığında körpələrin qətli səhnəsini, sanki, ilk dəfə oxudu və oxuyandan sonra çox şeyi anlaya bilmədi. Anlaya bilmədi ki, dində əzabkeşlər niyə yaranıblar, niyə dinin xaliqi bunun haqda yalnız otuz ildən sonra müjdə verib; niyə vifliyemli oğlanları xilas etmək iqtidarında olan yeganə şəxsin bu addımı atmağa cəsarəti çatmayıb; anlaya bilmirdi ki, niyə ailəsiylə bir yerdə Misirdən qayıdan İosif öz üzərində nə məsuliyyət yükünün ağırlığını duydu, nə vicdan əzabı çəkdi, nə də adi maraq hissi yaşadı. Vifliyemli körpələrin İsanın nicatı naminə mütləq ölməli olduqları haqda dəlil də inandırıcı deyildi. Həm ilahi, həm də insani işlərdə rəhbər tutulmalı olan sadə sağlam məntiq bizə deyir ki, Tanrı əgər bilsəydi ki, oğlunun nəsibinə hələ lap körpə yaşlarında İrodun döyüşçülərinin əlindən ölmək yazılıb, onu yer üzünə yollamazdı, özü də elə-belə yox, bəşəriyyətin günahlarım yumaq üçün yollamazdı... Şəyirdin bu böyük drama layiq bir hörmətlə qələmə aldığı İncildə İosif günahından doğan əzablar içində didilir, çəkdiyi vicdan ağrısını məhz törətdiyi günahın cəzası kimi, elə ölümün özü kimi müqavimətsiz qəbul edir - ölüm onun üçün dünya ilə haqq-hesab çürütməyin yeganə vasitəsinə çevrilir. "İsanın İncili" isə öz növbəsində tanrılar haqda, onların mərhəmətlərindən bəhrələnən adamlar barədə növbəti ibrətamiz əfsanəyə yox, bir neçə adamın əzəmətli bir gücün təsiri altına düşmələrinin tarixçəsinə çevrildi - onlar bu güclə mübarizə aparır, lakin ona qalib gələ bilmirlər. İsa atasının neçə-neçə yollar, cığırlar dolaşdığı tozlu səndəllərdən savayı bir miras kimi öz günah və məsuliyyətinin faciəvi dərkini də aldı və bu acı hiss o artıq çarmıxın üstündən səslənəndə də onu tərk etmir. "İnsanlar, bağışlayın onu, çünki nə etdiyini bilmir!"
- bu sözlər, heç şübhəsiz, onu edama yollayan Tanrıya aiddir, lakin bununla yanaşı, həm də onu dünyaya bir cisim kimi gətirən (əgər ölümqabağı cançəkişmədə onu xatırlayırsa) İosifə, onun "dünyəvi atasının" özünə də aiddir. Özünüz görürsünüz, şəyird çox yollardan keçməliydi ki, özünün küfr İncilində İsayla əhli-kitabın arasındakı söhbət səhnəsini qələmə alsın. "Günah bir canavardır ki, atanı udandan sonra oğlunu didir. - Mənim atamı bu canavar yeyib? - Hə, indi isə sənə girişəcək. - Bəs sənin özünü necə, heç didib, yeyib bu canavar? - Yalnız didməyib, yalnız yeməyib, həm də qusub, qaytarıb".
Əgər Böyük Karl Şimali Almaniyada monastırın əsasını qoymasaydı, əgər bu monastır Münster şəhərinin əsa-sını qoymasaydı, əgər Münster özünün 1200 illik yubileyi
münasibətilə XVI əsrin dəhşətli hadisələrindən - katoliklər və protestant-anabaptistlər arasındakı müharibədən - bəhs edən operanı səhnəyə çıxarmaq qəranna gəlməsəydi, şəyird də özünün "İn Nomine Dei" ("Tanrının adıyla") pyesini yazmazdı. Yenə də, heç kimin köməyi olmadan, yalnız miskin şüurunun nurunda insanı belə asanlıqla öldürməyə və ölməyə məcbur edən dini inancların qaranlıq labirintinə qədəm basmazdı. Şəyird orada yenə də dözümsüzlüyün mənfur simasını gördü, Münsterdə divanəlik paroksizminə çatmış, təmizliyi naminə hər iki qarşılaşan tərəfin hər şeyə hazır olduğu ideyaların özünə belə mütləq ləkə salan dözümsüzlük gördü. Zira bu müharibə bir-biriylə düşmən olan iki Tanrının deyil, eyni Tanrının adıyla aparılırdı. İnanclarından kor olmuş Münster katolikləri və anabaptistləri bütün dəlillərin ən əsaslısını da dərk etmək iqtidarında deyildilər. Hər iki tərəfin öz dünyəvi həyatlarında gördükləri əzablar müqabilində mükafat almağa gəldikləri Məhşər ayağında Tanrı - əgər onun hərəkətləri insan məntiqiylə hər hansı bir yolla uzlaşırsa - hər iki tərəfə ilahi səltənətinin nemətlərini təkcə elə o səbəbdən verməlidir ki, onların hər ikisi bu səltənətin mövcudluğuna inanc bəsləyirlər. Dəhşətli Münster qırğını şəyirdi buna öyrətdi. Heç vaxt heç bir din insanlara nə vəd etməsindən asılı olmayaraq, bəşəriyyətin birləşməsi naminə istifadə olunmayıb və bütün müharibələrin ən ağlasığmazı elə din naminə müharibədir, çünki, ən azı, bir şeyi nəzərə almaq lazımdır ki, Tanrı - əgər istəsə belə - özü özünə müharibə elan edə bilməz...
Korluq. "Biz koruq", - şəyird düşündü bir dəfə və oturub "Korluq barədə düşüncələr"ini yazdı ki, onu oxu-yanlara bunları xatırlatsın: həyatı alçaltmaqla biz şüuru təhrif edirik, insan ləyaqəti hər gün dünyanın güclüləri tərəfindən əzilir, həqiqətlər çoxluğu bir universal yalanla əvəz edilib və insan digər bəşər övladlarına layiq olduqları hörmətini itirən kimi, özünə hörmət etməyə də son qoyub. Onda, sanki, şüurun korluğundan doğan əcinnələri qovmaq üçün öz əhvalatlarının ən sadəsini yazmağa başladı: bir adam başqa birisini axtarır, çünki anlayır - həyat onun qarşısında bundan mühüm vəzifə qoya bilməz daha.
Bu kitab "Bütün adlar" adlanır. Bizim bütün adlarımız, hələ yazılmamışlar belə buradadır. Dirilərin və ölülərin adları.
Fikrimi yekunlaşdıraraq deyim ki, bu səhifələri oxuyan səs mənim qəhrəmanlarımın səsinin əks-sədasına çevrilmək istəyirdi. Mənim başqa səsim yoxdur. Əgər mənim üçün hər şey olan nəsnələr sizə çox xırda və bəsit gəldisə, bağışlayın!
Tərcümə: İlqar Əlfioğlu
MANERA.AZ