Bərzəx sakininin etirafları - Qafar Cəfərlinin hekayəsi

Yazçı Qafar Cəfərlinin "Bərzəx sakininin etirafları" adlı seçilmiş hekayə və novellalardan ibarət kitabı çap olunacaq.
MANERA.AZ müəllifin eyni adlı hekayəsini təqdim edir.
BƏRZƏX SAKİNİNİN ETİRAFLARI
Atamın əziz xatirəsinə
Altmış yaşımın tamam olmasına altı gün qalmış xəstəliyimdən xəbər tutdum. Həkimin oğlumla danışığını təsadüfən eşidib bildim ki, o murdar xəstəliyə tutulmuşam, xərçəngi deyirəm. Onkoloji Mərkəzdə olduğum 3-4 gün ərzində dar gün üçün yığdığım min manat pul göz qırpımında müayinələrə xərcləndi. Neftçilər xəstəxanasında isə qara ciyərimi dəyişmək üçün elə məbləğ oxudular ki, ağ ciyərimin belə bağrı yarıldı. Xəstəxanadan gözlərimi yumub hövüllü qaçdım və ayılanda gördüm evdəyəm. Fikirləşdim ki, nə uşaqlara, nə də ki, özümə əlavə əziyyət verməyim.
Bir də ki,nə fərqi var idi? Bu cür yaşamağın daha bir-iki il uzanması heç kimə lazım deyildi, heç mənə də. Son üç ildə çəkdiyim iztirablar, mənəvi sarsıntılar sözünü deməyə bilməzdi və bu da nəticəsi. Evdə on iki gün yorğan-döşəkdə uzandım və on üçüncü gün dünyamı dəyişdim. Cismim torpaq altında olsa da ruhum burda, sizlərin dili ilə desəm o biri dünyadadır.
Buralar barədə ucundan-qulağından da olsa bir-iki kəlmə deməyim yəqin sizlər üçün də maraqlı olar.
Əvvəla ondan başlayım ki, sizləri tərk edəndən sonra gəlib düşdüm qəbir evinə. Büründüyüm ağ mələfənin ətəklərini yığıb yerimi rahatlamaq istəyirdim ki, Ruman adlı bir mələk əməl dəftərimi yaratmaq üçün təşrif gətirdi. Dəftər hazır olan kimi İnkir və Minkir adlı iki mələk başımın üstünü kəsdilər. İnanc və əməllərimlə bağlı sorğu-sual edib “şəxsi işimi” vərəqlədilər. Üzlərinin ifadəsindən başa düşdüm ki, deyəsən xətalarım az olub.
Yəqin, buna görə məni çox yormayıb birbaşa bura yolladılar. Olduğum bu yerin adına Bərzəx deyirlər, yəni iki aləmi bir birindən ayıran, daha doğrusu, sizin dünya ilə axirət arasında olan bir dünya, necə deyərlər gözləmə məntəqəsi. Mənə elə gəlir ki, göyün hansısa qatındayıq, amma neçənci qat olduğunu bilmirəm, bildiyim isə bu yerin behiştlə cəhənnəmin yol ayırıcısında olmasııdır. Deyilənə görə bizdən yuxarı daha bir neçə qat var və oralarda həddən artıq soyuq, dəhşətli istilər olur. 
Baxmayaraq ki, biz soyuğu, istini hiss etmirik, amma o tərəflərə bizi buraxmırlar. Qiyamət günündən tez xəbər tutmaq üçün elə buralarda qalmağımızı məsləhət bilirlər. Qiyamət günü demişkən, burdakıların ən çox danışdıqları o gün barədədir. Söhbət edirlər ki, həmin gün çatanda baş mələklərdən hesab olunan İsrafil surunu, yəni şeypurunu, üç dəfə çalacaq. Birinici dəfə xəbərdarlıqdır ki, bu səsdən cəmi aləm lərzəyə gələcək. İkinci dəfədə hələ salamat olan insanların qorxudan ürəyi partlayıb öləcəklər.
Nəhayət, üçüncü dəfədə isə bütün ölülər dirilib məhşər ayağına, yəni Allahın hüzuruna, sorğu-suala gedəcəklər. İsrafilin ikinci suru barədə eşidəndə məni bir gic gülmək tutdu.Lap sizin ölkədə olduğu kimi əvvəl küçələri qalın-qalın asfalt edir, sonra isə kanalizasiya, su, yaxud qaz xətti çəkmək üçün başlayırlar qazıb dağıtmağa.İndi bunlar da, əvvəl şeypuru çalıb adamların ürəyini partladır, sonra isə başlayırlar diriltməyə.Nə isə, əsas məsələ cənnətə gedən yolun üstündə olan tük kimi nazik, ülgüc kimi iti Qıl (Sirat) körpüsündən keçməkdir. Burda əsas şərt yaxşı-pis əməlin, savabın-günahındır, yer üzündəki rəftar və hərəkətindir, hansı ki,etdiklərimizdən nəyisə dəyişməyə bizim artıq imkanımız yoxdur. Təəssüf ki, hamı kimi mən də sizin dünyada olanda bu barədə az fikirləşirdim.
Dediyim kimi olduğumuz aləm boş,eni-uzunu,aşağısı-yuxarısı bilinməyən, sizlərin yerdə gördüyü göy üzü qədər sonsuz bir səmadır.Milyon illər öncədən tutmuş bu günə kimi bütün ölənlər mehriban bir ailə kimi burda yaşayırlar və deyilənə görə Qiyamət gününə kimi burda olacaqlar. Say-hesabımız bilinməsə də hamımız bir-birimizə oxşayırıq,heç birimizdə fərqlənəsi bir şey yoxdur. Heç kim nə,necə olduğunu bilmir,cavanmı qocamı,gözəlmi çirkinmi olduğundan xəbərsizdir. Bir də ki, bunun bir elə fərqi də yoxdur.Hava kimi, nəfəs kimi görünməz olsaq da biz bir-birimizi görürük,amma tanımıırıq.Bəlkə də belə olmağı yaxşıdır, yoxsa insanlığımıza salıb çirkin əməllərimizdən yenə əl çəkmərik.
Burdakı həyatım əvvəlkindən qat-qat yaxşıdır.Günüm xoş keçir,heç nəyin dərdini çəkmirəm, eləcə gəzib dolanıram, vaxtın necə keçdiyini də hiss eləmirəm. Nə vaxt, nə yediyimi bilmirəm, amma həmişə toxam, heç vaxtı aclıq nədir hiss etməmişəm.Yoxsa, sizlərin yanında çörək dərdi məni çərrətmişdi.Böyüklər bu dərdi anlasalar da uşaqlar axı başa düşmürlər. Onların yeməyini vaxtı-vaxtında vermədinsə hər şeyə nifrət edirsən.Kimsə gündə yeməyinin çeşidini sifariş verir, kimsə quru çörəyin dərdini çəkir.O gün görürəm ki, bizlərdən ikisi öz aralarında söhbət edirlər.Özlərini tanımasam da danışıqlarından başa düşdüm ki, bizimkilərdir. Deyəsən onlardan biri böyük adam (lap nazir kimi danışırdı) olub, digəri isə gününü kasıbçılıqla keçirib.Elə o bədbəxt kasıb dilinə güc vermişdi:
-Vəzifədə işləyənlər o cür gözəl dünyanı başımıza dar elədilər.Heç insaf olmadı onlarda, nə cibləri doldu, nə də ki, gözləri.Bu boyda pullar, cəvahiratlar yığır, saysız-hesabsız evlər, obyektlər, maşınlar alır, amma yenə bədbəxt xalqın qəpik-quruşuna göz dikirlər.Axırı nə olur, lüt ətcəbala bu dünyaya gəlirlər.Gör bir fərqimiz var?
-Bilmirəm kimsən, nəçisən,amma zəhmətkeş adama oxşayırsan.
-Gündəlik qul bazarına çıxıb fəhləliklə ailəmi saxlamışam.
-Lap yaxşı! Sən elə bilirsən vəzifədə işləmək asandır? Elə bilirsən səni öz başına qoyurlar ki, ürəyin istədiyin kimi işləyəsən? “Ölünü özbaşına qoysalar kəfəni yırtar”.Yəqin eşitmisən də bu məsəli,ağıllı kişilər oturub söz fikirləşiblər.
-Günahı yumağın ən asan yolu başqasının üstünə yıxmaqdır.
-Deməli, mənə inanmırsan? Onda qulaq as,bir-ikisini deyim sən də bil.Tutalım ki,vəzifəyə getmək üçün borca-xərcə düşüb filan qədər pul verdin və getdin oturdun o bəzəkli kresloda. Gör bundan sonra nələr olur: rayonun və ya şəhərin rəhbərindən tutmuş Nazirlikdə oturanlara qədər vaxtı-vaxtında “hörmətini” etməlisən, bir az da yuxarıdakıların heç olmasa bayramlarda (maşallah olsun, bayramlarımız da nə qədər istəsən) pul-parasını, pay-puşlarını göndərməlisən.Lap böyüklərin xərci-xəcarəti isə elə özləri kimi böyük olur.Bunlar bir yana dursun. İldə bir neçə dəfə cürbəcür “tədbirlər” keçirilir ki, bunun üçün də tərləməlisən, gəlib-gedən qonaqları da adına görə razı yola salmalısan, hələ təftişə, yoxlamağa gələnləri demirəm.Bəsdi, yoxsa dalın deyim.Bəs bu boyda xərci mən necə çıxartmalıyam? Bu boyda xərcləri çəkən evinə də bir şey aparmalıdı ya yox? Əgər bilmək istəsən, evimizə apardığımız qazandıqlarımızın tör-töküntüsüdü. Yadında saxla, qul bazarında fəhləlik edən səni də vəzifəyə qoysaydılar ən azından bizim kimi olardın, çünki,xəmirimiz eyni mayadan yoğrulub.
-Bunları başa düşdüm, bəs Allahın verdiyi bu boyda yeraltı və yerüstü sərvətləri olan ölkənin vətəndaşları niyə bu gündə yaşamalıdı?Düzdü, küçələrə,meydanlara pullar xərcləndi, bəs biz insanlar? Neçə illər bu hökümətin yolunda canımı qoydum, nəticəsi nə oldu? Aldığım pensiya heç dava-dərmanıma çatmırdı, hələ yeyib-içməyimiz bir yana qalsın. Hə, nə oldu, başını aşağı dikdin,cavab ver də? Quru yurdda olan ölkələrin camaatı bəy kimi yaşayırlar, bizə isə quru bəylik qalıb.
-Məni dilləndirmə,eşidən olar zibilə düşərəm... Amma, madam ki, soruşursan, onda ,- o üz, bu üzə baxıb pıçıltı ilə deyir,- belə şeylərə baş qoşmasan yaxşıdır, yoxsa başın ağrıyar. Heç olmasa bu dünyada rahat yaşa.
Burda bu cür söhbətlərə arada qulaq şahidi oluram.Hər kəs başına gələnləri danışır. O gün biri qışqırıb bağırırdı ki, iki ali təhsilim olsa da özümə iş tapa bilmədim, dərmana pulum olmadığından xəstəlik axırıma çıxdı.Vəzifədə olanlar isə ancaq qohum-əqrəbalarını,yerlilərini başına yığırlar, yaxud da yaltaq, ikiüzlü (bəlkə də min üzlü), satqın, şərəfsiz adamları tapıb işlədirlər, amma ağıla, bacarığa, zəhmətə qiymət verən yoxdur.
İnsafən, burda vəziyyət tamam başqa cürdür,burda vəzifə, kreslo, qohum, yerli söhbətləri keçmir. Bura hamı eyni cür gəlir və hələlik eyni cür də yaşayır,heç kimə ciddi fərq qoyulmur,azacıq fərq isə ilkin sorğu-sual zamanı “şəxşi işdə” olan bəzi xətalara görə olur.Bu vəziyyət Qiyamətə qədər çəkəcək, məhşər günündə isə necə deyərlər:”Ayranı ayran, yağı yağ olacaq”.
Onu da deyim ki, burda heç kimin başqası ilə işi yoxdur. Kiminsə xainliyini çəkmək, badalaq vermək, kiməsə quyu qazmaq, ayağından tutub dala çəkmək, üzdə bir cür arxada başqa cür danışmaq, ruzusuna bais olmaq kimi halları görməmişəm. Bəlkə də buna səbəb bir-birimiz üçün tanınmaz olmağımız,ad-soyadımızın bilinməməsi,kimin kimdənsə asılı olmaması və hamının bir cür yaşamasıdır. Əvvəllər çətin olsa da get-gedə buranın qayda-qanununa öyrəşməli olursan.
Sizlər heç vaxtı yadımdan çıxmırsız.Bütün günü sizlər barədə düşünürəm, ürəyim sizi görmək istəyir, əlbəttə ki, öz yanımda yox, kənardan. Burdakı qaydaya görə biz müsəlmanlara həftənin yalnız bir günü- cümə axşamında və müqəddəs bayramlarda (ramazan, orucluq, novruz və sair) aşağı düşməyə icazə verilir.Amma bu icazə Bərzəxə gələn kimi olmur, yerini-yurdunu dəqiqləşdirəndən, sənə az-çox bələd olandan, etibar qazanandan sonra olur. Bu fürsətdən yararlanıb həm sizləri görmək, həm də dünyanızı gəzib dolanmaq üçün bizlər həmin günü səbirsizliklə gözləyirik. Nəhayət ki, bu şərəf mənə də qismət oldu.
Keçən cümə icazə alan kimi bir neçə aylıq ayrılıqdan sonra səhərin alatoranında sizin dünyaya ayaq basdım. Bir müddət ətrafı həyacanla seyr elədim,keçmiş günləri xatırlayıb pərişan oldum. Amma, vaxtı boşuna keçirmək olmazdı, odu ki, düz evimə yollandım. Yolum işlədiyim məktəbin yanından keçəndə ürəyim dözməyib bir-iki dəqiqəlik məktəbə girdim. Bu məktəb mənə evim qədər əziz, doğma olub, ömrümün yarısından çoxunu burda keçirtmişəm.Düz otuz beş il bu məktəbdə müəllim işlədim, sonda bəzi “qanunsuz hərəkətlərimi” və müəllim adını “ləkələdiyimi” əsas tutub məni sevdiyim işimdən ayırdılar.
Məktəbdən uzaqlaşdığım bu illər ərzində bir elə dəyişiklik gözümə dəymədi, bircə həyətin girəcəyindəki təzə tikilmiş bərli-bəzəkli marketdən savayı. Direktorun kabinetində səs-küy eşidib ora girdim. Minayə xanım səhər tezdən müəllimləri “pyatiminutka”ya yığmışdı. Küncdə, boş stulların birində oturmaq istəyəndə uzun illər çiyin-çiyinə işlədiyim Əbdul müəllimlə bir balaca toqquşdum.Müəllim buna etinasız yanaşanda hiss etdim ki, məni görmür, amma mən hamını görüb eşidirdim. Minayə xanımın ağzından od-alov tökülürdü, haqq-ədalətdən, təmizlikdən, xalqa, Vətənə xidmətdən elə gözəl cümlələr düzüb-qoşurdu ki, özünün tükləri belə biz-biz dururdu.Sonda verdiyi tapşırıq isə bir-iki günə məktəbə gələcək yoxlama komissiyasını yola salmaq və rayonda keçiriləcək vacib bir tədbir üçün müəllimlərdən pul yığmaq barədə oldu. Lap sonda isə odun almaq və məktəbin təmiri üçün şagirdlərdən pul toplanması barədə verdiyi tapşırığı bir daha sinif rəhbərlərinin yadına saldı. Elə bu vaxt zəng çalındı və müəllimlər suyu süzülə-süzülə kabinetdən çıxıb siniflərə istiqamətləndilər. Heç kimin adi bir narazılıq bildirməyə belə cürəti çatmadı. Məktəbin dəhlizində iki qocaman müəllimin danışığını eşidib onlara yaxınlaşdım. Biri digərinə deyirdi:
-Belə biabırçılıq olmaz ay kişi.On beş dəqiqə iclas elədi, onun on dəqiqəsi pul-paradan oldu. Məktəblərə qadın direktorlar təyin olunanda çox sevinmişdim. Fikirləşmişdim ki, hər necə olsa, qadındırlar,ürəkləri yumşaqdır, haqqı nahaqqa verməzlər, cinayət etməkdən qorxarlar, çəkinərlər. Sən demə yanılmışammış, onların hesabina keçmiş kişi direktorların ölənləri gündə min dəfə rəhmət qazanırlar.
İkinci müəllim qorxu-hürkü içində ətrafa boylandı:
-Sən Allah yavaş danış, bizi zibilə salma.Qərib müəllimi gördün, haqqın müdafiəçisi kimi ad çıxarmışdı.Axırı nə oldu, torbasını tikib atdılar bayıra. Yazıq heç üç il də işsiz dözmədi.Onsuz bizi də çıxartmaq üçün bəhanə axtarırlar ”- deyib tələsik addımlarla sinifə sarı getdi.
Adımın bu cür çəkilməsi pisimə gəlsə də “haqqın müdafiəçisi” sözünə bir az sevindim. Xülasə, gördüm ki, cəmiyyətin ən təmiz yeri hesab olunmalı olan məktəbdə vəziyyət çox natəmizdir.
Məktəbdən ayrılıb evimə, doğma ocağıma gəldim. Arvadım Nuranə, böyük oğlum Zəfər və ortancıl oğlum Səfər, onların ailəsi evdə səhər yeməyinə yığışmışdılar.Uç otaqlı bir evə kiçik oğlumu saya salsam demək olar ki, dörd ailə sığışıb. Şükürlər olsun ki, mehribandılar, amma bu mehribançılıq çoxmu çəkər, bilmirəm. Nə isə, mən də süfrənin bir tərəfində oturub onlara tamaşa etməyə başladım. Onları görüb eşitsəm də məndən xəbərsiz idilər. Hiss etdim ki, məndən sonra olan dəyişikliklər yalnız pisə doğru gedib. Arvadımın üzünə qocalıq gəlmiş, saçları ağappaq ağarmışdı.Böyük oğlumla söhbətindən bildim ki, mən öləndən bir-iki ay sonra təzə baş həkim uzun illər tibb bacısı işləyən arvadımı ixtisar bəhanəsi ilə işdən çıxarıb, yerini isə dərhal başqasına satıb. Səhiyyə Nazirliyinə yazdığı şikayəti elə həmin baş həkimin özünə göndəriblər.O da boş yer olmadığını, gələcəkdə imkan olsa iş verəcəyini boyun alıb,yəni üstü örtülü işdən gözünü çək deyib.
Mən ölməmişdən bir neçə il əvvəl ali təhsil diplomunu alan böyük oğlum Zəfər hələ də özünə iş tapa bilməyib. Dəfələrlə icra başçısının, əlaqədar nazirin qəbulunda olub, “müqəddəslərin” qəbrinə də məktub yazıb, nəticəsi olmayıb. Yazıq iki uşağını və arvadını günəmuzd fəhləliklə saxlayır.
Ortancıl oğlum Səfər də işsiz-gücsüzdür.Yazıq balam anası ilə danışanda dodaqları əsirdi. Məndən bir ay sonra bankdan kredit götürüb ki, pay torpağını əkib-becərsin, bir az pul qazansın, dolların bir dəfəlik qalxması isə onun bütün həyatını məhv edib. Aldığı beş min dollara görə səkkiz min manat pul ödəyib, hələ dörd mindən çox borcu qalıb. Bank onu məhkəməyə verib,məhkəmə də elə ilk iclasında banka haqq qazandırıb, uşağın və ona zamin duranların ev-eşiyini əlindən alacağını elan edib. Anası ağlaya-ağlaya özündə və onun arvadında heç bir zinət əşyası qalmadığını, hamısını satdıqlarını deyirdi.
Qəfil yadıma düşdü ki, ölməmişdən bir il əvvəl dostum Həmidə min beş yüz manat borc vermişəm, amma evdə deməmişəm, öləndə də deməyə fürsət tapmamışam. İnanmıram ki, Həmid həmin pulu evdəkilərə qaytarsın, heç boyun almaya da bilər, fikirləşər ki, ölənin dirildiyini görən olmayıb.Amma kim bilir, bəlkə də halal adam çıxacaq. Odur ki, arvad-uşağa tapşırdım ki, gedib həmin pulu alsınlar, amma nə qədər qışqırdımsa heç kim məni eşitmədi, eləcə yana-yana qaldım,tüstüm təpəmdən çıxdı.
Kiçik oğlum Cəfərin hazırda hərbi xidmətdə olduğunu öyrəndim.Arvad-uşağın söhbətindən onun yerini müəyyən edən kimi göz qırpımında həmin hərbi hissəyə uçdum. Bir az axtarışdan sonra oğlumu erməni ilə üzbəüz səngərdə tapdım. Onu qucaqlayıb bağrıma basdım. Əsgərlərin söhbətindən eşitdim ki, burda qulluq edənlərin hamısı elə kasıb-kusub balalarıdır.Hərbi hissənin mərkəzindəki meydanda böyük plakatda adamın gözünə girən “Vətəni qorumaq şərəf işidir!”- sözlərini oxuyandan sonra düşündüm ki, deyəsən bu şərəfli iş elə kasıb-kusub balaları üçündür.Qəfil ağlıma gəldi ki, sabah oğlum döyüşdə və ya təsadüfən ölüb eləsə mən də yoxam ki, qucağıma verdikləri bayrağı öpüm və..., dərhal da “lənət şeytana”- deyib bu fikri başımdan çıxartdım. Oğlum bərkdən-boşdan çox çıxıb, hər cür çətinliyə dözəcəyinə əmin olsam da narahatçılığım keçmirdi,amma əlimdən nə gələrdi ki? Qayıtmağa məcbur idim deyə uşağın üz-gözündən öpüb ayrıldım.
Yol boyu müxtəlif rayonların üstündə dövrə vurmalı oldum.İnsanların dərdi başlarından aşırdı, üz-gözlərini kəsafət basmışdı. Onları görəndə mənə elə gəldi ki, hamı fikirlidir, elə bil ki, “kayf” tuturlar.Ətrafda nə baş verdiyini bilib görsələr də özlərini bilməməzliyə,görməməzliyə vururlar. Hər kəs səhər evdən çıxarkən bir tikə çörəklə axşam evə dönmək arzusu ilə yaşayır. Mənim vaxtımda da bu vardı, amma bu qədər də deyildi, bu sahədə “irəliləyiş” açıq-aydın göz qabağındaydı. Rayonlarda bir-iki nəfəri çıxmaq şərti ilə demək olar ki, hamı eyni cür yaşayır. Gözə dəyən təzə evlər ışləmək üçün ölkədən vaxtında çıxıb gedənlərindir. Düzdür, tikiləndən bu günə həmin evlərdə heç kim yaşamırsa da yenə olmağı yaxşıdır. Sovetin iflasından keçən bu illər ərzində insanlar arzuladıqları həyat yoluna çıxa bilmirlər. Kənardan onların öz həyatları ilə barışmaları dərhal hiss olunur. Amma, rayon mərkəzlərində tikilən yaraşıqlı idman komplekslərin, güllü-çiçəkli meydanların,iri ticarət mərkəzlərinin sayının artması inkişaf kimi məni sevindirdi.
Yol üstü Bakı şəhərinə də dəydim.Xeyli vaxt idi ki,ölkənin baş şəhərindən xəbərim yox idi. İnsafən şəhər çox dəyişib,hündür mərtəbəli binalar,nəhəng ticarət mərkəzləri, böyük idman kompleksləri, bir-birindən yaraşıqlı şadlıq sarayları, meydanlar,asfalt yollar, yol qırağındakı yaşıllıq, gül-çiçək, səliqə-səhman göz oxşayırdı. Mənə elə gəldi ki, əsas diqqət şəhərin mərkəzinə yönəldilib. Mərkəzdə bəzi köhnədən qalma ənənənin hələ da yaşadığını gördüm.Məsələn: bəzi binaların yola tərəf hissəsi super təmirli, içəri tərəfi isə bərbad vəziyyətdə olması.Şəhər kənarındakı məmurların nəhəng villaları isə əsil sənət inciləridir.Sanki bir-birinin bəhsinə girib zövq oxşayan memarlıq nümunələri yaratmışlar.Hər bir cəmiyyətdə varlı-kasıb təbəqənin mövcud olmasını təbii hal hesab edib buna sevinməli idim. Amma, bizdə bir az başqa cürdür, məmurlarımız qüdrətli kresloya oturan kimi minimum və maksimum proqramlarla işləməyə başlayırlar.
Minimum proqram təyin olunanda verdikləri pulu qısa vaxtda çıxartmaq, maksimum isə nəyin bahasına olursa-olsun daha çox pul toplamaq.Bu vəziyyət elə bizim vaxtımızdan da belə olduğundan çox narahat olmadım.Çünki, biz özümüz də buna öyrəşmişik, məmur bizdən pul istəməyəndə və ya almayanda o saat fikirləşirik ki, deyəsən işimi düzəltmək istəmir. Xülasə, vəziyyətin bu cür olmasının günahkarı bir az da elə özümüzük. Məni ən çox ağrıdan on milyonluq şəhərimizdə 5-6 faiz adamın firon kimi, bəzən ondan da üstün yaşaması, qalan hissənin isə qarın davasına çıxmaları, hər şeyə laqeyd və biganə olmaları, göz qabağındakı pislikləri böyük mükafat kimi qəbul etmələri oldu.Gördüyüm budur ki, insanlar bu cür yaşamağa sanki adət ediblər, onları heç nəylə təəccübləndirmək mümkün deyildir. Yadıma düşür, o vaxtı ölkədə bir təhsil naziri var idi. Ona sual etmişdilər ki, bəs ölkədə təhsilin səviyyəsi necədir? O da cavab vermişdi ki, təhsilin səviyyəsi insanların inkişaf səviyyəsinə tam uyğundur. Doğrudan da kişi qızıl xırdalayıb. Əgər insanlar bu cür yaşayışı qəbul edirlərsə deməli bu yaşayış onların ürəyincədir, qəbul etdikləri, razılaşdıqları həyat olduğundan özlərini xoşbəxt hiss edirlər. Yəni, indi sizlərdə azadlıq hər kəsin istəyi dairəsindədir, bundan artıq deyil.
Məni ağrıdan başqa bir məsələ isə məmurların, yaxud böyük varidatı olanların Xəzər dənizinin bütün sahilini hündür hasara alıb sahib durmaları oldu.Allah Təalanın bütün insanlara bəxş etdiyi bu sərvətin bir qrup şəxslər tərəfindən zəbt olunması böyük ədalətsizlikdir ki, bunu da Böyük Yaradan heç kimə bağışlamaz. Mən başa düşürəm, bu məmurlar, yüksək vəzifəlilər ölkədə heç kimdən qorxmurlar, çəkinmirlər. Bəs,Allah qarşısında hesab veriləcək, edilənlər üçün sorğu olunacaq günü yaddan çıxartmaq olarmı? Onlar unudurlar ki, elədiklərinin əsas şahidləri elə öz bədən üzvləri olacaq ki, bu da sözün bitdiyi məqamdır.
Mən Bakıdan ayrılanda axşam idi.Xoşbəxt millətimiz coşqu içində hansısa günü qeyd edirdi. Göyə atılan saysız-hesabsız fişənglər, çal-çağır, alqış səsləri şəhəri başına götürmüşdü.Üç hündür qüllədən ətrafa yayılan işıq seli nəinki insanları, elə məni də valeh edirdi.Amma, fişənglərin səsindən başımı elə itridim ki, bu bayramın nə olduğunu bilə bilmədim.Dörd tərəfimdə partlayan fişənglərdən bir təhər yayınıb canımı götürüb qaçdım. Geri çönəndə Bakı səmasının tüstü dumana büründüyünü gördüm.
Qayıdıb öz yerimə gəlmişəm.Həmkarlarım səfər təəssüratlarımı danışmağı xahiş edirlər,amma mən susuram. Nədən, necə danışmağı çox götür-qoy etsəm də söz tapa bilmirəm. Fikirləşirəm ki, birdən ətrafımda olanların içində düzlüyə, təmizliyə, haqqa-ədalətə, insan ağlına və bacarığına, əqidəsinə,ümumən insana qiymət verməyi üstün tutan ölkədən gələnlər olar və danışdıqlarımla özümü də hörmətdən salaram. Yaxşısı budur ki, susum.
Gördüyüm və eşitdiklərim səbəbindən siz tərəflərə növbəti səfərimi bir müddət təxirə salmaq qərarına gəldim.
Sonda isə əlacım bu duaya çatır: ” ALLAH KÖMƏYİNİZ OLSUN ! ”
Lənkəran
2-5 iyul 2017-ci il