manera.az
manera.az

Yay gününün sonları - Zaur Ərmuğandan yeni hekayə

Yay gününün sonları - Zaur Ərmuğandan yeni hekayə

Bu gün yenə uşaqlarla birlikdə Gülarə nənəgilin həyətinə yığışmışdıq. Qapı bir qonşumuz olan bu həyət bizim məhəllə uşaqlarının oylağı idi elə bil.

Hara getsək, hansı yerdə dolansaq, yenə axırda bu həyətə gələrdik. Gülarə nənə təkcə bizimlə dostluq edən Vaqifin yox, elə hamımızın nənəsi idi. Bircə dəfə də xətrimizə dəyməz, həmişə xoş dillə qarşılayar, xoş üzlə yola salardı bizi. Həyətdə o qədər səs-küyün içərisində bu mehriban, gülərüz qadın bir dəfə də acılamadı birimizi. Hərdən elə bilirdik ki, indiyə kimi bu adamın heç hirsləndiyi vaxtları olmayıb, amma yox, o qədər üzüntüsü, dərd-səri vardı ki, danışanda dilinə gətirməzdi. Bir oğlu cavan ikən dünyasını dəyişmişdi, özü də çox tez itirmişdi ömür-gün yoldaşını. Əzab-əziyyətlə oğul-uşaq böyütmüşdü.

Övladlarını çox istəyər, nəvələrini şirin dillə əzizləyərdi. Hərdən onları tənbeh etməyi də vardı. Nə Vaqif, nə də başqa nəvələri inciməzdi ondan, gedib başqa bir yerdə xəbərçilik etməz, yanpörtü danışmazdılar, əksinə darıxardılar ki, hansısa bir nadürüst hərəkətlərinə görə nənələri onlara söz dedi, xoşagəlməz əməllərindən ötrü danlandılar. Gülarə nənə Vaqifə bir söz deyəndə başımızdan tük qapan, bizi gözümçıxdıya salan bu başabəla uşaq az qalırdı ki, gözünü su ilə doldursun. Onu deyim ki, Gülarə nənə idi dözürdü Vaqifə, başqası tab gətirməzdi buna...

Bu gün də çox atılıb-düşdük, çox hay-küy qopardıq, axırda qərara gəldik ki, "gizlən-qaç" da oynayaq. "-- Oynayaq? -- Oynayaq da!" -- deyib başladıq. Bağın içi qalmadı, çənin arxasından tutmuş ta təndirin başına qədər evin yan-böyürünü boş qoymadıq, hər yerdə gizləndik, tapdılar, ora qaçdıq, burada tutduq... Vaqiflə həmişə aram yaxşı olub, dalaşsaq da, küsülü qalmamışdıq, tez də barışardıq həmişə. Fazil, Asim, Nurlan, Xəlil də bir yerdə oynayıb, birlikdə deyib-güldüyümüz uşaqlar idi. Asimin məftildən düzəltdiyi maşını ya mən sürərdim, ya Fazil. Xəlilin topu Nurlanda, mənim taxta tüfəngim bir gün Vaqifdə, üç gün də Asimdə olardı.

Dediyim odur ki, mehriban olmuşuq. Yenə bir yerdə idik; oynayırdıq. Gah mən yatırdım, onlar gizlənirdi, gah onlardan biri yatırdı, mən gizlənirdim o biriləri ilə. İş elə gətirdi ki, yenə yatmalı oldum. Alnımı alma ağacının gövdəsinə çarpaz söykədiyim biləklərimin üstünə qoyub gözlərimi yumdum.

Saymağa başladım: "Bir-iki -- bizimki, üç-dörd -- qapını ört, beş-altı -- başaltı, yeddi-səkkiz -- Firəngiz, doqquz-on -- qırmızı don. Açdım, qaç! Gizlən, qaç!" Göz yumub açınca uşaqların hamısı qaçıb gizləndi. Ora baxdım, bura baxdım, heç kəsi tapa bilmədim. Hərdən də yatdığım yerdən uzaqlaşmaq istəmirdim ki, kimsə bu yandan çıxıb məni "yandırar" və məni yenə "yatırdarlar", axı hər oyunun öz qaydaları var. Bugünkü qaydadan isə heç baş açılası deyildi: axı bu uşaqlar haraya çəkilib yox olmuşdular? Çox axtardım, bağın içərisinə kimi dolaşdım, bir adam gözümə dəymədi.

Ayağımın səsini eşitməsinlər deyə, asta-asta, ancaq narahatcasına gəzib dolanır, ayağımı saxlayanda isə bir gözümlə ətrafı dolaşır, bir gözümlə də meyvələrini yeyib qurtardığımız alma ağacının altına göz yetirirdim. -- Bunlar haraya soxulublar belə? -- Öz-özümə pıçıldadım. Fikirləşirdim: "Daha hara baxmaq lazımdır? Görəsən, küçəyə çıxmazlar ki?" Küçəyə də baxdım. Heç kəsi tapmayıb həyətə qayıtdım. Qorxa-qorxa, ora-bura baxa-baxa ot damına keçdim, (Bağın içindən tövləyə yol vardı və Vaqifgilin ot damı burada yerləşirdi, qorxduğum bu idi ki, birdən Gülarə nənə, ya bir başqası -- evin adamlarından birisi məni görər, ot damına girdiyim üçün danlaq alaram) yenə ins-cins gözümə dəymədi.

Alma ağacına sarı gəlib yaxınlıqdakı balaca evin banının açıq qapısından çıxan cırıltını eşitdim. Əvvəlcə elə bildim ki, qaraj qapısıdır və uşaqlardan orada gizlənən var. Tez yan tərəfə baxdım. Qapıya iri kilid vurulmuşdu. Başımı yuxarı qaldıranda isə evin açıq qalmış banını gördüm. "Aha, oradadırlar! Yəqin, nərdivanla keçiblər ora, sonra nərdivanı da içəriyə çəkib onu da özləri ilə bir yerdə gizlədiblər! Tapdım!

Əlimdən qaça bilməzsiniz!", -- ürəyimdə səslənirdim. Səssizcə evə sarı yaxınlaşdım. Meynə talvarının üstünə çıxıb bana yol tapdım. Bana keçdim. Yenə də heç kəs! Darıxırdım, banın içində isə nəfəs alınası deyildi: çox isti idi. Ehtiyatla banın qapısına yaxınlaşdım. Talvarın üzərindən keçən yel üzümün tərini sərin su ilə yuyurmuş kimi xoşlandım. Banın qapısından dəmir talvara ayaq qoymazdan əvvəl əllərimlə hər iki yandan taxta dirəkdən möhkəm yapışdım.

Birdən yuxarıdan ətrafa göz yetirdim. Məni yenə tər basdı, amma bu dəfə soyuq tər. Uşaqları tapdım, ancaq küçənin o başından aşağıya burulan torpaq yolun üstündə. Anladım; dənizə gedirdilər. Sən demə, onlar yox, mən gizlənibmişəm. Heç biri də məni axtarmaq fikrində olmayıb. Məni gizlədib aradan çıxıblarmış. Yoxsa yaddan çıxarıblarmış məni?

Amma mən tapdım. Təkcə onları yox, həm də özümü. O dənizə birlikdə o qədər getmişdik ki!... Hərdən adam çox saf olur, çox inanır, çox aldanır. Özünüz deyin, axı mənim hər gün bir yerdə oynadığımız o uşaqlara nə pisliyim keçmişdi? Heç bir şey! Xasiyyətimiz tutmurdusa, bəs bu illər ərzində niyə birlikdə idik?...

Daha qurtardı. Yayı deyirəm, axır günləri idi axı. Mən də qurtardım, uşaqlarla dostluğu yox, uşaqlıq çağlarından ayrılırdım... Nə bilim, son vaxtlar beynimdə, başımda, ürəyimdə bu idi. Atam da deyirdi ki, əsl insan gərək bir sənət sahibi olsun, özünə peşə qazansın, yaxşı əməlləri
yaşatsın.

...Payız gəlirdi, bir azdan yeni dərs ili başlayacaqdı. Məktəbdə yaxşı oxuyurdum. Sənət məktəbinə getmək istəyirdim. Bir-iki ildən sonra hazırlaşıb öz sevdiyim peşə ilə məşğul olmaqdan ötrü sənət məktəbində dərs almalı idim. Çoxdankı arzum idi; mən ki tornaçı olmaq istəyirdim.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31