Mənim gözlərimi xoxan qorxudub - Telman Hüseynin şeirləri

Telman Hüseyn Anadil - 85
XOXAN APARDI
Uşağı xoxanla qorxutma, bala,
Pozular iştahı, qaçar yuxusu.
Qalar ürəyində, qalar canında,
Qalar xəyalında xoxan qorxusu.
Bir vədə beləcə qorxudub məni,
Səsimi beşikdə batırıbdılar.
Ağlasam, xoxanla hədələyiblər,
Xoxanla qorxudub yatırıbdılar.
Qırx birdən o yana dadlı çağlarım,
Bu yanda taleyim tufan qopardı.
Günbəgün azaldı oyuncaqlarım,
İstədim, dedilər: xoxan apardı.
Məni o bucaqdan, məni bu küncdən
Gözünü bərəldib baxan qorxudub.
Gözüm açılandan, gözüm açandan
Mənim gözlərimi xoxan qorxudub.
Cırıb paltarımı, ayaqqabımı,
Süfrədən dadamı xoxan apardı
Bəlkə müharibə xoxan deməkmiş,
Bax, mənim atamı xoxan apardı.
Böyüdüm, yar sevdim, yarıdım dedim,
Xoxanlı günlərim day keçib gedir.
Bir səhər eşitdim, toylu-busatlı,
Bu kənddən o kəndə yar köçüb gedir.
Qaçdım səksəkəli qapılarına,
Görən deyərdi ki, atlı çapardı.
Soruşdum qızını, anası güldü,
Dedi ki, ay bala, xoxan apardı.
Qorxular çoxalır, ömür yuxalır,
İlahi, dünyada xoxan nə çoxmuş.
Mənim xoxanlarım artır, çoxalır,
Xoxanı törəyib, doğan nə çoxmuş.
Evimdən xoxana nəzir verirlər,
Yoxsa var-yoxumu çalıb-çapardı.
Maaşda pulumu kəsir verirlər, -
Deyirlər: qalanın xoxan apardı.
Aşkara xoxan var, gizli xoxan var,
Aşkara xoxannar qəmiş xoxanmış.
Dostluq eyləmişəm on il, on beş il,
Sonradan bilmişəm Məmiş xoxanmış.
Mənə deyirlər ki, möhkəm ol, kişi!
Dostların tənəsi çox gəlir mənə.
Atmaq istəyirəm mən bu vərdişi,
Xoxannar o saat "xox" gəlir mənə.
Uşağı xoxanla qorxutma, bala,
Pozular iştahı, qaçar yuxusu.
Qalar ürəyində, qalar canında,
Qalar xəyalında Xoxan qorxusu.
TƏZƏ PALTAR
Həyat yoldaşıma
Tutubsan əlində təzə paltarı,
Mənə gey deyirsən, geyə bilmirəm.
Bilirsən, sinəmdə nə ağrılar var?!
Demək istəyirəm, deyə bilmirəm.
Deyirsən, gör necə soluxub, solub,
Cırılıb, sökülüb astar içində.
Belə geyinməyin heç yaxşı düşmür,
Tanışlar yanında, dostlar içində.
Gülüm, sən onları qatla qoy evə,
Mənim ta bəzənmək nəyimə gərək.
Adamın paltara həvəsi ola,
Paltar da yaraşa əyinə gərək.
Bir qəmli bayatı ötər dilimdə,
Dərdlərim dil açar gör indi harda.
Mənim paltarlarım dava ilində
Tökülüb qaldılar mağazalarda.
Neynirəm təzədən təzə paltarı?
Kimsədən inciyib, küsən deyiləm.
Geyinib, kecinib toy mağarında
Təzədən qol açıb süzən deyiləm.
Gecikmiş qayğıdı, ta necə deyim,
Mənim də bəxtimə ləngimək düşür.
Toxunma, sən Allah, dəymə qoy geyim,
Soluxmuş paltarlar rəngimə düşür.
BU AN
Bir qaya qopaydı bu an, sonra da,
Bir çay yatağında yırğalanaydı.
Bir duman çökəydi, duman, sonra da
Çiçəklər bəzənib, sırğalanaydı.
Bir dəniz susaydı, dinib, sonra da
Bir nəfəs alaydı elə dərində.
Öz çapar atını minib, sonra da
Dəlisi tutaydı küləklərin də.
Bir bulud qalxaydı, qalxıb, sonra da
Bir leysan həvəsi üzə çıxaydı.
Baxıb təbiətə, baxıb, sonra da
Qara gözlərini yumub sıxaydı.
Bir şimşək zirvədə gülüb, sonra da
Bir qaya başından vurula idi.
Yer alın tərini silib, sonra da
Göylərin bənizi durula idi.
Bir göy qurşağı da enib, sonra da
Çözülüb gedəydi hey ilmə-ilmə.
Qəfil boylanaydıq dönüb, sonra da
Çiçəklər günəşə, mən sevgilimə.
İTİK
Əlimdən düşəni tapa bilmirəm,
İtkilər ömrümdən gün oğurlayır.
Elə bil dayanıb, durub qəsdimə,
Şeytan çırpışdırır, cin oğurlayır.
Qapının ağzında əlimdən düşən,
Gedib çarpayımın altından çıxır.
İtirib, gəzdiyim yalan olmasın,
Torpağın o biri qatından çıxır.
İtik itirəndə, itik gəzəndə,
İtik axtaranda gic olur adam.
Sonradan-sonraya tapa bilirsən,
Sonradan tapanda gec olur, atam!
İtirib, dalınca göynədiklərim,
Dövlət deyildir ki, var deyildi ki.
Mən də bir vədələr yar sevmiş idim,
Yarı canım idi, yar deyildi ki!
Meh sığal çəkərdi yanaqlarına,
İpək saçlarında yel oynayardı.
Axıdıb, tökərdi üzüaşağı,
Sinəsi üstündə tel oynayardı.
Ovcumun içində dəstələyərdim,
Bəxtimi o ipək telində gördüm.
Bir gün də sürüşüb düşdü əlimdən,
Sonralar bir özgə əlində gördüm.
İtirdim ağlımı - caşdım, karıxdım,
Sözümü itirdim yurd itirəndə.
Bütün itiklərə dözdüm, dayandım,
Özümü itirdim yurd itirəndə.
Ağlını itirmiş bir şairəm mən,
Məni töhmətləyər, ya danlarsınız.
Elə də çox fikir verməyin mənə,
Ağıl itirəndən nə anlarsınız...
MƏZARLIQDA ŞEİR GECƏSİ
Görüşdük sözümün şam işığında,
Ay burda yatanlar, ömür keçəndi.
Bu gecə sizinlə söz görüşümdü,
Bu gecə sizinlə şeir gecəmdi.
Dərd tüğyan edəndə söz kömək gəlir,
Qardaş əvəzinə, ata yerinə.
Mənim də əlimdən söz demək gəlir,
Sizə şeir oxudum fatihə yerinə.
Ay vaxtsız köçənlər, vaxta nə deyim,
Yazmışdım oxudum sizə şeirimi.
Nakam ömrünüzə həsr elədiyim -
Sevgidən yazdığım təzə şeirimi.
Bu dünya qaranlıq, o dünya işıq,
Sinəmdə ürəyim atım-atımdı.
Alqış elədiniz sükut qarışıq,
Bu mənim şairlik mükafatımdı.
Dirilər haqqımı bilməyib orda,
Orda sözlərimə şəkk olunubdu.
Burda məzar-məzar baş daşınıza,
Mənim şeirlərim həkk olunubdu.
Alnımdan axmayıb xəcalət təri,
Dostlarım bilir ki, haqq şairiyəm.
Çoxdu dirilərin xalq şairləri,
Mən də ölülərin xalq şairiyəm.
Səmada buludlar qalından qalın,
Salır damcısını üstümə tək-tək.
Hələlik, hələlik, salamat qalın,
Sizinlə yenidən görüşünədək.
SONRADAN DÜŞMƏLƏR
Əzəllər bu qaya, bu dağ bütövdü,
Uçqunlar, yarğanlar sonradan düşüb.
Şahin şığıyardı, qartal uçardı,
Bu dağa qarğalar sonradan düşüb.
Əzəl atlarımız dartılmış yaydı,
Atdısa, at təki gərək qaçaydı.
Qıratdı, Düratdı, Alapaçaydı,
İlxıya yorğalar sonradan düşüb.
Bu ulu dağlarda qarğa nə idi,
Örüşdə, ilxıda yorğa nə idi,
Öyüd-nəsihətdi, sırğa nə idi,
Qulağa sırğalar sonradan düşüb.
İŞIQÇI
Mən işıq alanam, sən işıq verən,
İşıqçı, işığı kəsməkdi qəsdin.
İşıqdı evimə yaraşıq verən,
Ay işıq paylayan, niyə tələsdin?!
Əlindən nə gəlir bu işdən özgə,
Hər çətin məqamın işıq yolu var.
Onu da bilirəm Günəşdən özgə,
Bütün işıqların işıq pulu var.
Huşum bir dağınıq quş yuvasıdır,
Perikmiş xəyalım yurd gəzir indi.
Bəxtimə yazılıb "kəsilmək" sözü,
Yerə tum salıram, qurd kəsir indi.
Haqq sözüm özümə dəyən oxudu ki,
Budandım kökümlə, budaqlarımla.
Kəsiblər dilimi, dilim yoxdu ki,
İndi danışıram dodaqlarımla.
Su açdım bağçada, su dara düşdü,
Gəldi su kəsənlər, bulaq kəsənlər.
Bircə yol əlimə pul-para düşdü,
Kəsdi "qulağımı" qulaq kəsənlər.
Gərək bu sirrimi car çəkəm, yayam,
Mənim eldən yana nə sirrim qalıb?
Bir yetim sevginin dannağındayam,
Məhəbbət dərsindən "kəsirim" qalıb.
Gənclikdə sevirdim riyaziyyatı,
Arzuma çatsaydım, salim olardım.
Belə bir xırdaca şair olunca,
Bəlkə bir yekəcə alim olardım.
Ələyib üstümə qəmi, ələmi,
Saya salmadılar səsdilər məni.
Çəkib taleyimə tiyə qələmi,
Kəsirin üstündən kəsdilər məni.
Fəndi var, feli var dünya işinin,
Qoymadı yaşayaq nəs oğlu, nəslər.
Ülgücü sınaydı dəllək kişinin,
Ondan başlayıbdı bu kəsakəslər.
Qəsdin var, xeyiri şərə yozmağa,
Qəsdini bilirəm, qağa, filankəs.
Gecələr oturub şeir yazmağa,
Bircə işığım var, onu da sən kəs!
XOCALIM
Ürəyimdə dəfn olunub Xocalım,
Gözlərimdə, sel başına qalıbdı.
Hanı yurdun Bay-Becanı, Beyrəyi?!
İgid ölüb, el başına qalıbdı.
Nər nəfəsi qaralıbdı bu kəndin,
Yolu-izi qaralıbdı bu kəndin.
Bağ-bağçası saralıbdı bu kəndin,
Bülbül uçub, gül başına qalıbdı.
Bu kişinin şəhid olub obası,
Uçub evi, qaralıbdı sobası.
Taya üstə sancılıdı yabası,
Şum üstündə, bel başına qalıbdı.
Vətən oğlu hələ qayıt, belə bax!
Bu dünyada fitnəyə bax, felə bax!
Qaçqın gələn el qızına hələ bax,
Daraq düşüb, tel başına qalıbdı.
Bu torpağı mahal-mahal verdilər,
Yağı düşmən məskən salıb yurd elər.
Telman Tale öz-özünə vird elər,
Ağıl çaşıb, dil başına qalıbdı.
***
Çevirmək istədi Arximed yeri,
Bir sual önündə qəddini əydi.
Aləmi kəşf edən bəlkə bu sirri,
Tapardı - özünü kəşf eləsəydi.
Söykənib, gücümü sınamaq üçün,
Mən kömək gözlədim, özgələrdən hey!
Sonradan anladım, bildim ki bir gün,
"Dayı" ayrı şeydi, "dayaq" ayrı şey.
Dayaqdı - çəkicə zindanın səsi,
Qaytar, dəmirçiyə ver kürəsini.
Sinədə ürəkmiş dayaq nöqtəsi,
Söykənən çevirər yer kürəsini.
YALANMIŞ
Kim deyibsə dünyaya
Bəhrəli bağ,- yalanmış.
Meyvəsi göz aldadır,
Bir yaxşı bax - yalanmış.
Ay doğur - para yalan,
Baxırsan hara yalan.
Gecələr qara yalan,
Gündüzlər ağ yalanmış.
Kəpəzin beli yalan,
Üstündə gölü yalan.
Ölülər ölü yalan,
Dirilər sağ yalanmış.
Şah başında tac yalan,
Ocaq üstə sac yalan,
Kasıb-kusub ac yalan,
Tox elə tox yalanmış.
Pul əldə nəzik yalan,
Parala, kəsik yalan.
Yoxsulda əzik yalan,
Varlıda şax yalanmış.
Sevirəm sözü saxta,
Uyduq bu sözə, ada.
Axırda gördük o da,
Çox yumuşaq yalanmış.
Can çox canlar içində,
Ömür anlar içində.
Bu yalanlar içində -
Telman ən çox yalanmış.
İKİDİ
Kimə deyim sinəm altda,
Ürək birdi, şiş ikidi.
Bu işə Tanrı neyləsin,
Tanrı birdi, iş ikidi.
Bu dünya yüyrükmüş, atam,
Qoymadılar rahat yatam.
Süfrə üstə yüz cürə tam -
Ağzımdakı diş ikidi.
Bərə qurum, pusqu yatım,
Nişan alım, necə atım?
Barıdım var, bircə atım
Budaqdakı quş ikidi.
Biri Tağı, biri Nağı,
Biri dostdur, biri yağı.
Yarı şərbət, yarı ağı,
Qədəhimdə nuş ikidi.
Telman ömrü borandadı,
Hünər yolu yorandadı.
Gah dağda, gah arandadı,
Dağılıbdı, huş ikidi.
***
Var yığdın, insan oğlu,
Gedəndə nə apardın?
Yedin, qarnın doymadı,
Gödəndə nə apardın?
Gözün doymadı vay-vay,
Aldıqca dedin: "davay".
Beş arşın ağdan savay,
Bədəndə nə apardın?
Nə gördün umdun, kişi,
Hər yerə cumdun, kişi,
Gözünü yumdun, kişi,
Didəndə nə apardın?
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.