Könlüm sənə, ruhum sənə acıb, gəl - Ayaz Arabaçının şeirləri

MANERA.AZ Ayaz Arabaçının yeni şeirlərini təqdim edir.
* * *
İndi sənə nə yazım bu uzun ayrılıqdan,
Nə yazım, heç bilmirəm, heç nə təsəlli deyil.
Daha sözlər özü də yorulubdu qılıqdan,
Sənə xoş gələcəkmi heç o da bəlli deyil.
İndi sənə nə yazım, xatirə arxivindən,
Səni bir ahu kimi oxuduqca mələdə.
Məni işığa çıxart ürəyinin dibindən,
Səndə qalan anların dustağıyam hələ də.
İndi sənə nə yazım bu uzun ayrılıqdan,
İndi sənə nə yazım qəlbin ovsuna gəlsin.
Yəqin ki, istəmirsən qərib könlü qırıqdan,
Sözlər qaranquş kimi uçub ovcuna gəlsin.
Bizim də nəğməmizdə notlar eyni gedirdi,
Təzə yağan qar üstə qoşa düşən iz kimi.
Ən gözəl sevənlərin sonu həmişə birdi-
Gecikmiş və tələsmiş iki talesiz kimi.
O isti duyğulardan çıxıb getməyi seçdin,
Könlümün ekranında bir ömür zədə qaldın.
Sən abzasdan başlayıb başqa cümləyə keçdin,
Mənsə bu hekayədə köhnə cümlədə qaldım.
Çıxsaydım bir anlığa bu sonsuz qaranlıqdan,
Canla-başla ödərdim ötən günlərə rüsum.
İndi sənə nə yazım bu uzun ayrılıqdan,
İçimdə qışqırmayan hansı söz var ki, susum.
İndi sənə nə yazım bu uzun ayrılıqdan,
Qayıtsın ömrümüzə o eşqin sərxoşluğu..
İndi sənə nə yazım söylə, bu saat, bu an,
Bir az doldura bilsin aradakı boşluğu..
Bu gün sənsizliyin min ili tamam oldu..
Havalanıb dəlitək dolaşırdım şəhərdə,
Heç cür tapa bilmirdim evimizin yolunu.
Şirinlik axtarırdım ölüm adlı zəhərdə,
Gözlərimə sıxmışdım pencəyimin qolunu..
Yeridikcə daha çox nəfəsimi kəsirdi,
İti bir bıçaq yeri,
qanayan kürəyimdə.
Yanvarın qara qanlı küləkləri əsirdi,
Qarmon kimi yığılıb açılan ürəyimdə.
Düşüncələr içində bir dirəyə söykənib,
Ötüb-keçən günləri bir-bir varaqlayırdım.
O son dəfə gördüyüm, xəstə, məzlum görkəmi,
Xəyalıma gətirib,
elə hey, ağlayırdım.
Mənim gülüm-gülşənim, mənim Ayım-Günəşim,
Gedim harda axtarım, səndən bir də harda var.
Ömür boyu içimdə yanan odum-atəşim,
Səndən sonra o oğul yoxdu daha lay divar.
Tonqal-tonqal alışıb, od tökürdü üstümə,
Günlərin ən qarası, ən acısı, ən bozu.
Bir əlac tapammamış içimdəki tüstümə,
Ürəyimə çökürdü, bütün yolların tozu.
Belə danışmamışdıq, Tanrım bu nə hesabdı-
Sual dolu nəzərlə uzaq göylərə baxdım.
Cırıb küçəyə tökdüm cibimdəki resepti.
Sabah bir neçə dərman alıb aparacaqdım.
Necə ifadə etsin, real mənanı kədər,
Güc tapa bilmirdim ki, qollarımı dirildim.
Axşam üstü aldığım o pis xəbərə qədər,
Mən özümü necə də inandıra bilirdim.
Sənə necə çatdırım, necə deyim ki, ana,
Otağıma yayılmış ağrı-acından öpdüm.
Titrəyən əllərimlə götürüb yana-yana,
Bir darağın dişində qalan saçından öpdüm.
Qara rəngə boyayıb yaşılını-alını,
Bütün arzularımın qanadını dağladım,
Köksümün üstə sıxıb qara ipək şalını,
Fasiləsiz olaraq səhərəcən ağladım..
Ağırdı, çox ağırdı,
dünyada heç bir qayıb,
Ana itkisi qədər adamı iki bölmür..
Balaca oğlum Azər boynumu qucaqlayıb,
Dedi ata, ağlama, analar axı ölmür..
* * *
Qaranquşlar qanadına götürsün,
Pənbə-pənbə buludları qucub gəl.
Göylər səni ürəyimə ötürsün,
Qatar yoxdu, maşın yoxdu,
uçub, gəl..
Süd qoxulu qumral quzum, hardasan,
Bir gün yaram, bir gün duzum, hardasan,
Görünmürsən, dan ulduzum, hardasan,
Hardasansa işığını saçıb gəl..
Göz yaşlarım yol gözləyir çəpiknən,
Vermə mənə bu sevgini qəpiknən,
Nə vaxt gəlsən ürəyimi təpiknən,
Çəkinmədən qapı kimi açıb gəl..
Həyatdı də, o keçəndə bu keçmir,
Lap çoxdandı göz yaşımdan qu keçmir,
İnanmazsan boğazımdan su keçmir,
Könlüm sənə, ruhum sənə acıb, gəl.
Mən bütövəm hər sözümdə, qayda bir,
Min görüşə üstün gələr sayda, bir,
Çox demirəm, heç olmasa ayda bir,
Gəl də nolar, bircə dəfə qaçıb gəl..
* * *
Unudulmaq istəyir adam,
Tamam unudulmaq.
Udulmaq istəyir adam
Keçmiş xatirələrin qara dəliyində udulmaq.
Silinmək istəyir adam yaddaşların rütubətli divarlarından.
İz buraxmadan, bir ömrün civarlarından.
Unudulmaq istəyir adam
adından, özündən, sözündən
baxışlarda donub qalan
kölgələrdən.
Geydiyi paltarlardan, içdiyi sulardan, gəzdiyi ölkələrdən.
Unudulmaq istəyir adam, görsün necədi unudulmağın nəşəsi.
Unudulmaq istəyir adam, hayqırmaq istəyir bu səsi.
Mən
adımı susmaqla başladım unudulmağa,
Gözümdəki aynaları
qırmaqla başladım..
Xatırlanmaq
əzabdır, qovrulmaqdır,
Gözəldi unudulmaq və
Allahın belə
adını bilmədiyi
bir heç kimə çevrilmək.
Unudulmaq istəyir adam,
Unudulmaq zamanı yenidən qurmaqdır,
Vaxtın dizini yerə vurmaqdır.
Özünü tanıyan kimi unudulmaq istəyir adam
tərk etmək istəyir bu tanışlığı
və dinmədən çıxır
öz kölgəsinin altından.
Unudulmaq istəyir adam.
Kim var ki dünyada?
Onsuz da hamı bir izdə bir sözdə
bir rəsmdə qalır.
* * *
Yazmaq istədiyim o qədər çox şey var ki-
Qorxulu, həyəcanlı.
Yazmaq istədiyim o qədər şey var ki,
Hər bir sətiri qanlı..
Bir qəfil baxışda gizlənən səssizlik,
Uzun gecələrin içindəki sənsizlik.
Bir küçənin tininə qısılmış xatirə,
bir çinar kölgəsi yuxu.
O qədər çox şey var ki..
O qədər çox şey var ki yazılası.
Payız gecəsi kimi çiskinli-dumanlı.
Qış gecəsi kimi soyuq.
Elektrik naqilində fikrə getmiş qaratoyuq.
Bir xəyal kimi sönük.
zər kimi dönük.
O qədər susmuşam ki, o qədər yazılası
susqunluğum var ki.
Bir gəlinin gözlərində donmuş ümidsizlik,
bir ana gözlərindəki qorxu..
Dörd divarlar arasında sorğu.
Bir körpənin atasızlıq fəryadı,
O qədər yazılası şey var ki-
içim dəryadı.
Yazmaq istədiyim çox şey var-
Dərdini içində gizlədənlər.
Qul bazarlarında hər gün ölən
Akiflər, Sərvərlər, Orxanlar.
Dözməyə məcbur olunanlar, danışmağa qorxanlar.
O qədər çox şey var ki,
yarımçıq nəğmələr,bəstələr.
Əzab içində son çırpınışa ümid olan xəstələr.
Ayaq altında yorulan yollar,
Sarılmaq arzusu gözündə qalmış qollar.
O qədər çox şey var ki-unutdurulmuş..
O qədər arzular var ki, qan uddurulmuş..
Yalnız bir hekayə yox, min roman..
Qarasına deyindiyimiz illər..
60 qəpiklik
çörəyin arxasında gizlənmiş qabarlı əllər.
Bir yetim uşağın corabsız qışı..
Kasıblığı utanc kimi bir tinə qısan meqapolis.
Bir xalqın susdurulmuş qüruruna gülümsəyən
yekə polis..
Dərdlər addım boyu deyil, ömür boyu..
Yazmaq istədiyim o qədər şey var ki.
Tural Adışirinin təqdimatında...