Ayaqqabı - Coşqun Xəliloğlunun hekayəsi

Kim nə deyir, desin, geyim aksesuarlarının rahatlığı insanın birbaşa əhval-ruhiyyəsinə təsir edir. Əlim-ayağım yerindədir və buna görə də yaradanıma şükürlər edirəm, ona görə də ayaqqabı mövzusuna toxunmağım sizə naşükürlük kimi görünməsin. Əgər ayaqqabı ayağı sıxırsa, yaxud ölçüsü böyükdürsə, bütün günü narahat olacaqsan.
Həmişə ayaqqabı haqqında düşünəndə – Bu, məndə tez-tez baş verir, – gözümün önündə köhnə xatirələrim canlanır və bu xatirələr çox vaxt bir-birinə qarışır…
Birinci sinifdə oxuyurdum. İki gün idi ki, yağış yağırdı. Küçələr palçıqdan keçilməz olmuşdu. Uzunboğaz çəkməm omadığndan beş yaş böyük qardaşımın keçən il geydiyi nimdaş rezin çəkməsiylə məktəbə gedirdim. Çətinliklə addımlayır, qətran kimi palçıqdan ayaqqabımı güclə qoparırdım. Məktəbə bir az qalmış çəkməm saqqızlaşmış palçığa elə batdı ki, nə qədər cəhd etsəm də çıxa bilmədim. Ayaqqabı az qala boğazına kimi batmışdı, balaca ayaqlarımın böyük çəkməni dartıb çıxarmağa gücü çatmırdı. Xoşbəxtlikdən arxadan gələn Lətif müəllim məni qucağına alaraq palçıqdan çıxardı.
Həmin gün dərsdən qayıtdıqda öskürməyə başladım. Möhkəm soyuqlamışdım və üç gün dərsə gedə bilmədim.
Nədənsə, heç vaxt rahat ayaqqabım olmazdı. Ayaqqabımın tez-tez altı deşilirdi, gah karton kəsib qoyurduq, gah altlığını dəyişdirirdik, bəzən ayaqabım elə vəziyyətə düşürdü ki, pinəçi Kamran da ona yamaq vurmaqdan imtina edirdi. Hələ yerli ayaqqabının tərliyindən gələn xoşagəlməz qoxunu demirəm. Sintetik dərili ayaqqabımın dabanımda yaratdığı qabar yadıma düşəndə ağrısını indi də hiss edirəm. Bir dəfə ayaqqabım elə deşilmişdi ki, həmin yerdən corabımı da cırmışdı... Fizika olimpiadasına gedərkən rayon mərkəzində avtobusdan yenicə düşmüşdük ki, çəkməmin altı qopdu. Onu yaxındakı mağazadan aldığım iplə bağlayıb yüyürə-yüyürə özümü güclə məktəbə çatdırdım.
Səkkizinci sinifdə oxuyanda tələbə qardaşımın köhnə, amma xarici ölkə istehsalı və o vaxt dəbdə olan, “Platforma” adlanan ayaqqabısını geymişdim. İnsafən, ayağıma azca böyük olsa da özümü yaxşı hiss edirdim. Amma həmin ayaqqabını cəmi bircə dəfə geyindim. Şirinbala gözünü ayağıma zilləyərək qımışdı, ağzını Vəlinin qulağına dirəyib nəsə dedi. Hər ikisi qəh-qəhə ilə güldülər. Növbəti tənəffüsdə qızların da ayaqqabıma nəzər yetirdikləri diqqətimdən yayınmadı.
İnstitutun birinci kursunda oxuyurdum. Dərsdən sonra qrup yoldaşlarımla futbol oynayanda onsuz da köhnə olan ayaqqabım cırıldı. O vaxtlar ayaqqabı tapmaq çətin idi, indiki kimi hər addımda ayaqqabı dükanı yox idi.
Mərkəzi univermağa girəndə iş vaxtının qurtarmasına az qalırdı. Bakının istehsalı olan qara-qəhvəyi rəngli ayaqqabının sağ tayını ayağıma yoxlayıb kassaya pulu ödədim və karton qutunu götürdüm. Səhər tezdən ayaqqabımı geyib instituta getdim. Sağ ayağım rahat idi, sol ayağımdan isə ayaqqabı az qalırdı ki, çıxsın. Sən demə, ayaqqabımın sol tayı bir ölçü böyük imiş. Bir neçə ay həmin ayaqqabı ilə keçinməli oldum. Pulun olmayanda nə etməlisən ki...
Üçüncü kursda yataqxanada yer olmadığına görə kirayənişin qalmalı olduq. O zaman münasib qiymətə ev tapmaq asan deyildi. Əksər tələbələrin qaldıqları yer çox zaman kommunal şəraiti olmayan, ya yarımzirzəmi otaqlar, ya da şəhərdən uzaqda, nəqliyyat vasitələri az-az gedən ala yarımçıq tikililərdəki darısqal otaqlar olurdu.
...Ev bazarında xeyli adam toplaşmışdı. Ora yaxınlaşanda bizi gözləyirmiş kimi, orta yaşlarında bir kişi gülə-gülə:
– Millətimin gələcəyi, xalqımın ziyalıları, nə yaxşı sizə rast gəldim. Maşallah, ürəyim necə də arxayındı. Üzünüzdən halallıq yağır, abır-həya tökülür, – kişi şirin diliylə, bər-bəzəkli cümlələrlə bizi sanki ovsunlamışdı. – adım Mayılxandır, Sovetskidə əntiqə evimiz var. Yaxşı ki, sizə qismət olur. Ayrıca mətbəxi olan böyük otağı sizə verəcəm. Üstəlik, hamam da beş addımlığınızdadır. O, bizimlə neçə ilin tanışı kimi danışırdı. Üçümüz də – mən, Vaqif və Rüstəm bu ağıllı kişiyə diqqətlə qulaq asırdıq.
– Nə dayanmışıq... Gedək evə baxmağa, piyada da getmək olar, taksiylə də. Mənə fərqi yoxdur. Amma istəyirsinizsə taksiylə gedək.
Taksi tapmaq çətin deyildi. Daha doğrusu, münasib məkan olduğu üşün taksilər yaxında gözləyirdilər. O, yol boyu elmdən, təhsildən, məşhur elm və ədəbiyyat adamlarından, milli dəyərlərimizdən, mədəniyyətimizdən elə şövqlə danışırdı ki, biz də sakitcə, tələbə müəllimə qulaq asan kimi, onu dinləyirdik. “Sovetski”nin dar məhəllələrinin birində maşın ünvana çatdı. Vaqif taksinin pulunu verdi, həyətə girdik. Mayılxanın işarəsi ilə dəmir pilləkənlərlə ikinci mərtəbəyə qalxdıq.
Otaq həqiqətən də geniş idi, içində, qaz piltəsi, su krantı da olmaqla, yığcam mətbəxə oxşar bir şey də vardı. Bəyəndik, qiymətini razılaşdıq. Elə həmin axşam tələbə yoldaşımızgilə qoyduğumuz mitilləri gətirib köçdük .
Mayılxanın dediyinə görə həyətdə birinci mərtəbədə yaşayanlar həkim bacıqızısı və onun klarnetçalan həyat yoldaşı idi. Bizə intizamlı olmağı, kənar hərəkətlər etməməyi xahiş etdi. İnsafən, sakit adamdılar, təsadüfən onlarla rastlaşırdıq. Bəzən klarnetçalan otaqlarında məşq edirdi, gözəl ifasını dinləmək xoş olurdu.
Burada bir müddət yaşadıq, dərsdən sonra rahat dincəlir, dərslərimizi oxuyurduq. Ən yaxşı cəhət o idi ki çox vaxt instituta piyada gedirdik. Hamamın yaxınlığında olmağımız isə daha bir üstünlük idi.
Deyəsən, mətləbdən uzaqlaşdım. Gecələrin birində ev sahibinin həyəcanlı səsini eşitdik. O, ucadan qışqırır, kimisə söyürdü. Bundan sonra 3-4 gündən bir yenə də Mayılxanın qışqırığı yuxumuzu pozmağa başladı. Belə mülahizə yürütdük ki, o, həyat yoldaşı ilə tez-tez dalaşır, arvad küsüb gedir atası evinə və gecənin bir aləmi Mayılxanın ağlına nəsə gəlir və ona zəng edir. Yavaş-yavaş bizə aydın olurdu ki, Mayılxan qeyri-sağlam həyat tərzi keçirir. Qəribə idi ki, o, bizimlə qarşılaşanda olduqca mədəni davranırdı.
Fevral çatmışdı, burada qalmağımıza peşman olmuşduq. Amma dərs ilinin ortasında kasıb tələbələr üçün bir yerdən başqa yerə köçmək asan deyildi. Ona görə gözləyirdik ki, dərs ilini birtəhər başa vuraq.
Qış semestrindən sonra rayondan gələndə atamın aldığı Yuqoslaviya (bəlkə də Çexoslavakiya) istehsalı olan tuflini geydim. Əldə 150-160 manata verirdilər. Atamın keçmiş şagirdi, univermağın müdiri Səfər, müəlliminə hörmət əlaməti olaraq, ayaqqabını, dediyinə görə, öz qiymətinə - 80 manata vermişdi. Ayaqqabı çox rahat idi, sanki yerişimi də dəyişmişdi. Hətta qrup yoldaşlarımdan ikisi onu haradan aldığımı soruşdu və dəbli geyimi ilə seçilən Zamiq, – əntiqə ayaqqabıdır, – dedi.
Axşamdan yağış yağdığından “Təzə heyifdi,” fikri ilə növbəti gün dərsə köhnə ayaqqabımı geydim. Dərsdən qayıdandan sonra bir tikə “allahverəndən” tapıb yedik, sonra dincəldik. Axşam-çağı “havamızı dəyişmək” və bir az da ərzaq almaq üçün paltarımızı geyindik, dolabın aşağı gözündən ayaqqabımı götürmək istəyəndə onu tapmadım. Ayaqqabı yağlı əppək olub yoxa çıxmışdı. Elə pis oldum ki...
Otaq yoldaşlarımın da qanları qaraldı.
Mayılxanın otağının qapısını döydük, ayaqqabının yoxa çıxdığını ona bildirdik. O:
– Nə danışırsınız, mən millətimin oğullarına, xalqımın balalarına xəyanət edərəm? Mən mömin, halal adamam. Yadınızdan çıxmasın, sizə otağı mən vermişəm. Bu mənim “sağ olum”dur? Məndən şübhələnirdinizsə, vaxtında qapının açarlarını dəyişəydiniz.
İçimizdə dilli-dilavər olanVaqif hirslə:
– Mən vurmadım, sən yıxılmadın, Mayılxan. Ayaqqabını sən götürmüsən. Qaytar, qoy yerinə.
Mayılxan kəkələyə-kəkələyə:
– Alə, dadanışığına fifikir ver. Kikişinin ayaqqabısını öözünüz oğurlayıb sasatmısınız, indi də mənə böböhtan atırsınız?
Təp-təzə ayaqqabının oğurlanması, özü də yaşadığım evin sahibi tərəfindən oğurlanması mənə çox pis təsir etdi. Atam onu öz qiymətinə alsa da ailə üzvlərinin boğazından kəsmişdi. Buna görə də valideynlərimin, qardaşlarımın solğun çöhrələri gözümün önündən getmirdi
Daha burada qalmaq olmazdı. Həftənin altıncı günü Dərnəgüldəki fəhlə yataqxanasına köçdük, dərs ilinin sonuna kimi orada yaşadıq.
Aradan 20 ilə yaxın vaxt keçmişdi. Bir gün televizorda kriminal xəbərlər verilişində evlərdən uzun müddət oğurluq edən peşəkar cinayətkar qrupunun üzvlərinin “iş başında” yaxalanmaları haqqında sujet göstərilirdi. Maraqlıydı ki, ifşa olunanların oğurladıqları əşyaların arasında ayaqqabılar çoxluq təşkil edirdi. Sanki o ayaqqabıların içərisində oğurlanan ayaqqabımı da gördüm. Müstəntiq bir-bir qrupun üzvlərini danışdırırdı. Qrupun rəhbəri... bu ki, Mayılxandı... Bir az yaşlaşsa da fiziki cəhətdən sağlam görünürdü. O, son məqamda da hiyəgərliyindən istifadə etmək istəyirdi:
– Millətimin balalarının, xalqımın övladlarının evindən oğurluq etdiyimə görə üzr istəyirəm. Peşman olmuşam. Bunların hamısı təsadüfi hadisələrdir, şeytanın fitnəsinə uydum. Məni bağışlasanız, bir daha oğurluq etməyəcəyəm
Məni qəribə bir gülmək tutdu, onun sonrakı danışığını dinləmək istəmədim
Veriliş xeyli vaxt idi qurtarmışdı, xəyallarım isə 20 il əvvələ, ayaqqabımın oğurlandığı günə uçmuşdu.
01-05.09.2025
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.