manera.az
manera.az

"Balaca Qara Balıq" tələbələrin gözü ilə

"Balaca Qara Balıq" tələbələrin gözü ilə
Hörmətli “Manera.Az!”

Əgər desək ki, ali məktəblər təkcə gələcəyin savadlı, qabiliyyətli və ixtisaslarını dərindən bilən kadrlar hazırlamır, həm də paralel olaraq onları tədqiqatlara cəlb etməklə qarşılarına qoyduqları digər vacib bir missiyanı da həyata keçirirlər, yanılmarıq. Lənkəran Dövlət Universiteti də bu istiqamətdə vacib işlər görür. Bir müəllim olaraq biz də harada yaradıcılığa meyilli istedadlı tələb görürüksə, istəyirik ona nəsə bir dəstək olaq; əgər sırf yaradıcılıqa məşğuldursa, məhz o sahədə ona bilgilərimizi ötürək, düzgün yol göstərək, yox, əgər tələbə tədqiqata, araşdırmaya həvəslidirsə, onda elmə olan sevgisini bir qədər də artıraq. Əslində, bədii və elmi yaradıcılığı bir-birindən ayırmaq fikrimiz də yoxdur.

Dərs dediyim tələbələr içərisində həmişə istedadlıları olub. Ötən illərdə Aytəkin Əziz, İlkin Öz, Sevinc Hüseyn, Aytac Hüseynova məhz belə istedadlardan olublar, həm də məhz sizin sayt vasitəsi ilə onları çoxsaylı oxucu kütləsinə tanıtdırmışıq, bu da onlarda əlavə stimul yaradıb. Bu dəfə də dörd filoloq tələbə dünya şöhrətli ilk nasirimiz Səməd Behrənginin “Balaca Qara Balıq” əsərini özünəməxsus bir şəkildə tədqiq ediblər. Bunun bir tələbə tədqiqatı olmağını oxucular nəzərə almalıdırlar. Həm də əsas niyyətimiz onlara diskurs üzərində necə işləmək bacarıqlarını aşılamaqdır. Təbii ki, onların gözlərində yazdıqları şedevrdir, istəyirəm qəlblərinə toxunmadan, gənclikdən doğan bu aldadıcı tentensiyanı tədricən, ehmalca alt-üst edim və onlar inansınlar ki, ən böyük məşəqqət mətn hazır olandan sonra onun üzərinə dəfən-dəfən qayıdandan sonra başlanır.

Tələblərim çox istedadlıdalrlar və onları sizə təqdim etməkdən məmnunluq hissi keçirirəm.

Təşəkkürlər, “Manera.Az!”

Ümid edirəm ki, bu istiqamətdə gələcək əməkdəşlığımız davam edəcək!

Hörmətlə: Mehman Qaraxanoğlu




Ağazadə Çiçək

“Balaca Qara Balıq" hər birimizin içində yaşayan kiçik bir “niyə?” sualının hekayəsidir. Qara Balığın “Bəs bu suyun axdığı yer hara gedir?” sualı sadə bir maraqdan çox, şüurun oyanışı kimi görünür. Səməd Behrəngi demək istəyir ki, böyük dəyişikliklərin başlanğıcı məhz sual verməkdən keçir. Cəmiyyətin ən çox qorxduğu da budur: “Sual verən insan əvvəlki kimi itaətkar olmur”. Balaca Qara Balıq cəsarətin şəklə düşmüş halıdır; bu cəsarət həm kədərli, həm də ümidlidir. Fərd-cəmiyyət qarşıdurmasına əsasən söyləmək olar ki, bu, qorxunun içindən keçməyin, gördüyünlə kifayətlənməyib görmədiyini axtarmağın simvoludur. Onun yolçuluğu ətrafdakı balıqların qorxusu ilə yox, öz içindəki maraqla ölçülür. O, qarşılacağı təhlükələri düşünmədən yeni dünya axtarışına çıxır, öz suallarının cavabını tapmaq istəyi onu tamam qorxusuz edir. Çətinliklərlə üzləşir, ancaq həmin yolçuluq onun daxilindəki azadlığı genişləndirir. Bizi qoruyan divarlar əslində bizi kiçildən sərhədlərdir; Balaca Qara Balıq bizə göstərir ki, bir dəfə cəsarət edib çölə çıxan fərdin bu qərarı verən ürəyinə artıq “GERİ DÖN” kəliməsi yaddır.

Əsər bizə göstərir ki, kiçik olmaq düşüncənin kiçik olması deyil. Su arxının darlığı da dünyanın darlığı deyil. Humanist ədəbiyyatda olduğu kimi, “Bəzən ən böyük suallar ən balaca qəhrəmanların ağlından keçir”. Balaca Qara Balıq mənə öyrədir ki, yol uzun olsa da, gerçək azadlıq ilk addımı atmaqdan başlayır. Qara Balığın hər addımında bir azadlıq var, hər azadlıqda isə bir ağrı vardır.

Balaca Qara Balığın yaşadığı kiçik arx sanki cəmiyyətin insan üçün çəkdiyi görünməz sərhədlərin simvoludur. Ətrafındakı digər balıqların “buradan kənara çıxma, həyat elə budur” kimi fikirləri, insanın yeniliyə meyil etdikdə qarşılaşdığı sosial təzyiqləri xatırladır. Məncə, bu mənada arx insan şüurunda olan düşüncə darlığınının göstəricisidir.

Ədəbiyyatımızda yeniliyi təbliğ edən digər obrazlar necə ki, çətinliklərlə üzləşmiş və onların yeniliyi anlaşılmazlıqla qarşılanmışdır, eyni ilə Balaca Qara Balığın da yeniliyi, azad fikirləri anlaşılmazlıqla qarşılanır. Buradan da aydın olur ki, yenilik hər zaman ilkin mərhələdə qəbullanmayıb.

Cəsarət hər zaman tənha olur. Arxdakı digər balıqlar Qara Balığı anlamır, onu dəli, gərəksiz risk edən biri kimi görürlər. Bu, həyatda hər zaman yenilik edənlərin qarşılaşdığı gerçəklikdir : "İnsan dəyişmək istəyəndə əvvəl təhna qalır, sonra doğru yolda olduğunu anlayır”. Səməd Behrəngi də sanki burda çox incə bir həqiqəti bizə çatdırır: Bəzən insan içindəki səsi dinləməsə, həyatı boyunca “kaşki”lərlə yaşayar.

Balaca bir canın dünyaya sığmaması syasi-sosial faciədir. Onun içindəki yanğı, axınların arxasınca deyil, öz arzusunun arxasınca üzməsidir. Çünki bəzən azadlıq bir yol deyil, bir yara kimi içimizdə açılır. Balaca Qara Balıq öz yolunu axtardıqca mən də anlayıram ki, insanın ən böyük mübarizəsi başqalarıyla deyil, onu “qorumaq” adı ilə dayandıran səslərlədir.

Sonda isə bir həqiqət qalır. Bəzən dünyanı dəyişənlər dünyadan ən çox qorxanlar yox, ən çox sual verənlər olur.



Zəhra Həşimova

Təlqin etdiyi ideya baxımından, simvollarla İran Şahlıq rejiminə və Savak kimi yırtıcı rəsmi cəza orqanına çevrilmiş səhifələri qələmə almaq Behrəngidən hünər və cəsarət istəyirdi.

“Balaca Qara Balıq” başda müəllifi S.Behrəngi olmaqla suyu bulanmış arxa sığmayan azad və cəsarətli ruhların avtoportretidir. Azadlığa çıxmaq üçün əvvəl yol gərək deyil, düşüncə gərəkdir. O artıq yolda idi... Balaca Qara Balıq bu yolun sonunda onu nə gözlədiyini həm düşünürdü, həm də düşünmürdü. (Olum ya da ölüm dilemması. Şekspir)

Bəs bu azadlıq nəyin azadlığıdır? Bu azadlıq mənəvi axtarışda, özünü tapmaqda idi. (“Həyat eşqi C.London) Hər kəsin içində qara balıq yatır, hamının balaca qara balığı var. Santyaqonun qara balığı da yeni “dənizlər” kəşf etmək istəyi ilə bağlı idi.

Azadlıqları üçün Santyaqo (“Qoca və Dəniz”), adını bilmədiyimiz Ümidli Qəhrəman (“Həyat eşqi”) və Balaca Qara Balıq necə də əzmkardırlar. Çətinliklərdə, qarşılaşdıqları problemlərdə onlara işıq olan yaşamaq yanğıları olur, elə həyatın mənası bu deyilmidir?!

Yaşamaq yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.

(B.Vahabzadə)

Budur həyatın anlamı, asanlıqla əldən edilən qələbə heç bir zaman daimi ola bilməz, ədalət qanununa ziddir məncə. Həyat eşqiniz sizə yoxuşları enişlərdən çox olan həyatınızı düzənliyə çıxarmağa yardım edəcəkdir. Behrənginin Balaca Qara Balığı buna nail oldu. Cismən balaca olsa da, cəsarəti böyük olan qara balıq ...

Bəzən bir hekayəni oxumaq romandan daha çox zövq verir. “Balaca Qara Balıq” da bu silsilədəndir: Obraz saylarının çoxluğu, onlar vasitəsilə ötürülən mesajlar, simvollar, numerologiyaya müraciət və s.

Niyə Qara Balıq? Qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Qara rəng burada balaca balığın böyük xarakterinin təcəssümüdür, onun libasının qara olması onun mübariz ruhunun, cəsarət və mübarizlik ehtirasının göstəricisidir.

Qara Balıq dalğalı yoluna işıq salan Ayın, qabağını kəsən böyük Qara Bulud isə vahimənin, qorxunun ifadəsidir. Amma bu balaca Qara Balığı qorxutmurdu, çünki hər qaranlıqda bir aydınlıq vardır. Nəticədə Ay da öz işığını Günəşdən alırdı. (Hekayədə Ayın öz dilindən bunu eşidirik)

Diqqətimi çəkən məqamlardan biri də nə üçün çayın ətrafında Balaca Çobanın, keçi- qoyun sürüsünün, kəndin, kənd qadınları və qızlarının qab-qacaq, paltar yumasının təsviri olması idi. Müəllif vətənindəki Araza işarə edir, axı Araz çayı da başqa yerə tökülür. Çox maraqlıdır, nə üçün Behrəngi şah zabiti Həmzə Fərahati tərəfindən çayda amansızcasına boğulub öldürüldü? (Həmzə Fərahati "Digər illərdən" adlı xatirəsində öldürdüyünü etiraf edir)
Azadlığa gedən yol fədakarlıqdan keçir, bəlkə də bu yolda ən böyük fədai elə yolçunun özüdür.

Axı Balaca Qara Balığın xəncəri vardı?! O ki Balıqudanın qarnını yırtıb, Saqqa quşundan qurtulduğu kimi qurtula bilərdi. Axı Balaca Qara Balıq ölməmişdi, o. sadəcə, qeyb oldu, qeybə çəkildi.

Sizcə, müəllif nə anlatmaq istəyir? Burdakı məna ilə 11 999 kod arasındakı tapmaca nədir?



Xumar Hüseynova

Səməd Behrənginin “Balaca Qara balıq” əsəri yanlız ədibin yaşadığı dövrdə deyil, ədəbiyyatımızın və həyatın müxtəlif dövrlərində ən mühüm problemləri özündə birləşdirən mükəmməl sənət nümunəsidir. Səməd Behrəngi öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edir. Əsərdə balaca, çəlimsiz cismi ilə böyük ideallar uğrunda çarpışan balaca Qara Balıq keçmişə də, bu günə də, gələcəyə də nümunə, etalondur.

Onun yaşadığı arxı tərk etmək istəməsi necə də cəsur addım idi. Ancaq anası kimi qonşular da ona məhəl qoymur : “Balacam, dəli olubsan?” Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadır ki, biz yaşayırıq, həyat da ki elə gördüyün yaşayışdan ibarətdir!. Lakin cəsarəti dəstəkləməyin özü də cəsarətdir. Arxda yaşayanlar, çömçəquyruqlar da eyni düşüncədədir. Fikrimizcə, onları günahlandırmaq olmaz. Onlar nəyi görüb, nəyi eşidirsə ona inanırlar. Bu eyni ilə ədəbiyyatımızda müxtəlif mərhələləri əhatə edən XII və XX əsr ədəbiyyatımızda gedən prosesləri xatırladır. XII əsr saray ədəbiyyatı kiçik bir arxın ədəbiyyatı idi. Hökmdarların təriflənməsi (mədhiyyə), sarayda baş verən hadisələr, saray həyatı, siyasi və sosial mövzular saray xeyrinə yozumu, bu idi əsas qayə. Bu divarların sərhədlərini aşanlar barmaqla sayılacaq qədər az idi. (Nizami Gəncəvi, Xaqani Şivani və.s) Bertolt Brext demişkən, qələmi yerə qoyub əlinə silah almasa da, ən azı uca səslə bağırıb öz nifrətini cəlladlara göstərməliyik. Lakin saray şairləri diktatorların etdikləri cinayətlərə etirazını bildirmir heç, əksinə, onu mədh etməklə onların tökdüyü qanların haqlı olduğuna imza atırlar. XX əsr sovet rejimi üçün də eyni hal keçərli idi. Sovet ideologiyasının təsirindən qurtula bilməyən xalq yüksək zümrəyə, hakimiyyətə boyun əyməkdən başqa çarə tapmırdı. Necə deyərlər, cəsarətin bitdiyi yerdə əsarət başlayır. Görən gözlərin çıxarıldığı, eşidən qulaqların, danışan dillərin kəsildiyi zamandan nə gözləmək olar? Əsərdən verilən parça elə buna isbatdır:

“-Ey qəşəng ay, sənin işığını çox sevirəm. Ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın.

- Mənim balığım, düzünü axtarsan, mənim işığım yoxdur, işığı mənə günəş verir, mən də onu yerə saçıram.

Ay sözünü qurtara bilmədi. Qara Bulud gəlib onun üzünü örtdü, yerə qaranlıq çökdü”.

”Balaca Qara Balıq” dünya ədəbiyyatında mövzu orijinallığı və ideya baxımdan Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” adlı əsəri ilə tutuşur.

Burada əsas yaxınlıq hər iki əsərin adında balaca sözünün verilməsi yox, hər iki qəhrəmanın mənəvi, daxili aləmindəki mübarizəsidir. Balaca Şahzadənin də çəkdiyi rəsmə ,Balaca Qara Balığın dediyi sözlər kimi əhəmiyyət verilmir. Balaca Qara Balıq yaşadığı arxı tərk etmək istədiyi kim, Balaca Şahzadə də planetini tərk etmək, yeni planetlə tanış olmaq arzusu ilə çırpınır. Bir neçə planetdə olan Balaca Şahzadə, ikinci planetdə bir hadisəylə rastlaşır. İkinci planetdə içən bir adam yaşayır. Onun məntiqi belədir:

“-Niyə içirsən? — “Unutmaq üçün.” Nəyi unutmaq üçün? — “İçdiyimi”.

Tam bir dairə… Balaca Şahzadə bu mənasızlığa təəccüblənir. Balaca Qara Balıq da qurbağaların, xərçəngin sözünə belə mənasız yanaşır. Bəlkə də Balaca Qara Balıq qəlbinin dərinliyində bu arxın sonunun olmayacağını bilirdi, lakin yenilmir. İnam, həyatın mənasını dərk etmək və bu dərketmədən irəli gələn vəzifələri qəbul etməkdir. Balaca Qara Balıq da bu vəzifələri qəbul etmişdi.




Nazi Paşayeva

Bu məqalədə azadlığı əldə etmək üçün son nəfəsinə kimi savaşan Balaca Qara Balıqdan danışacayıq. Buradaki balıq azadlığın, cəsarətin simvoludur. Səməd Behrəngi bu obrazı yaratmaqla, insanlara subliminal mesaj ötürərək demək istəyirdi ki, hər kəs öz düşüncələrinin ardınca gedərək, digərlərinə mesaj ötürməlidir. Bu yolda hətta canından belə keçməyə hazır olmalısan. İnsan arzularından qorxmamalı, əksinə, arzuları üçün daim vuruşmalıdır. Çünki arzularından qorxan heç vaxt öz həyatının qəhrəmanı ola bilməz. Balaca Qara Balıq ondan böyük olanların necə dar düşüncəyə sahib olduğunu, nə qədər böyük olsalar belə, atdıqları addımların onların mənəvi cəhətdən necə kiçik olduğunu görür. Məsələn, azadlıq axtaran İlbizi də yaşadığı yerdən qovurlar. Çünki onlar yeniliyi qəbul edəcək düşüncəyə sahib deyildirlər.

Balaca Qara Balıq yaşadığı arxın sonunu görmək istəyirdi. Səməd Behrəngi də öz xalqını arxlardan xilas edib geniş fəzalara çıxmağı arzulayırdı.

Qara Balığın taleyi Səməd Behrənginin taleyi ilə, demək olar ki, eynidir. Belə ki, Səməd Behrəngi də öz xalqının inkişaf etməsi üçün vuruşurdu. Bu vuruşun əks-sədasını verdiyi msajlarda, simvollarda və sətiraltı mənalarda görə bilərik.

Qara Balıq dövrünün intibahını özündə əks etdirirdi. Çünki o, yeniliyə can atırdı. Çömçəquyruqlar isə orta əsrin geriliyini simvolizə edir.

MANERA.AZ


Baxış sayı - 991 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031