Ramiz Novruz: "Peşmanam..." MÜSAHİBƏ _MANERA
MANERA.az-ın Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Novruzla müsahibəni təqdim edir:
- Yaradıcı insanlar adətən bahar fəslini daha çox xoşlayırlar, qışda isə özlərini bir az diskomfort hiss edirlər. Siz ilin hansı fəslində özünüzü rahat hiss edirsiniz?
- Mən də bahara daha çox meyilliyəm, amma yalnız aprelin ortasına kimi. Bir də payızı, noyabrın əvvəlinə kimi. Yəqin bu daha çox geyimlə əlaqədardır, çünki bu zaman geyim daha rahat olur, hava şəraiti buna imkan verir. Əsas odur ki, yaradıcılıqda bahar olsun, təqvimdə yox ( gülür)
- Hal hazırda yaradıcılığınızda bahardır, yoxsa təqvimdəki kimi qış?
- Ümumiyyətlə, yaradıçı insanların təqvimi yalnız bahardan ibarət olmalıdı...
- Olmalıdı, lakin təəssüf ki, hər zaman belə olmur...
- Bəli, ona görə də deyirlər ki, aktyorun ürəyi oynanmamış rolların qəbirstanlığıdır.
- Sizin bu “qəbirstanlığınızda” artıq hansı rollar məskunlaşıb?
- Mənim bu qəbirstanlığımda nəinki oynanmamış, oynanılmış rollar da var! Elə rollar ki, teatrın repertuarından çıxan kimi onları qəlbimdən də çıxardıram, çünki bu elə zay pyeslər olub ki, orada oynamağımı tezliklə unutmaq istəmişəm. Əlbəttə, oynamaq istədiyim rollar da olub, misal üçün Hamlet ya da bizim Kefli İskəndər. Bunlar yaşnan əlaqadar olaraq artıq əlçatmazdı. Olub ki, hansısa bir tamaşaya baxıb heyfislənmişəm ki, mən bu rolu daha yaxşı oynaya bilərdim. Misal üçün, Artur Millerin pyesi əsasında qurulmuş “Körpüdən mənzərə” tamaşasında.
- Çox aktyorlar fəaliyyətə uşaq tamaşalarında oynamaqla başlayırlar. Siz istisna olmamısınız ki?
- Xeyr, mən də hamı kimi uşaq tamaşalarında oynamışam. Xüsusi ilə yadda qalan tamaşa Hüseynağa Atakişiyevin quruluşunda “Məlik Məmməd” tamaşası idi. Bu tamaşada oynayan aktyorlar demək olar ki, bütün baryerləri sındıraraq tam sərbəst oynadılar, çoxlu improvizasiyalar oldu və uşaqlar tərəfindən çox sevildi.
- Doğrudanmı uşaqları aldatmaq çətindir?
- Əlbəttə! Çox çətindir! Uşaqlar heç vaxt yalandan əl çalmırlar, onları yalandan güldürmək də olmur, bunu yalnız ürəkdən edirlər. Böyüklər isə hansısa aktyorun xətrinə, o zəif oynasa belə, əl çalıb onu alqışlayırlar. Dahi Çarli Çaplin əbəs yerə öz filmlərinə ilk dəfə yalnız uşaqları yığıb baxmırdı ki! Çaplin məhz onların gülüşlərini nəzərə alıb, filmdə hansısa epizodları saxlayırdı və ya gülmədiklərini görüb, onu filmdən çıxarırdı.
- Bəs öz uşaqlarınızı necə, çox aldatmısınız?
- Yox. Maksimum onlara təsəlli vermişəm ki “yaxşı olacaq”. Amma başqa aldatmağım olmayıb. Çünki uşaqlarım çox ayıq olublar, hər şeyi başa düşüblər. Çətin vaxtlarımızda sadə yeməkləri elə yeyirdilər ki, sanki böyük bir banketdə oturub, ən ləziz xorəklərdən dadırdılar! Buna görə də mən onlara minnətdaram və pulum olanda çalışmışam onlara istədiklərindən daha çox verim, axı aclıq vaxtı kişi kimi dayanıblar!
- Yaxşı, aldatmamısınız, bəs ağlatmaq neçə?
- Boynuma alıram. Vurmuşam da, ağlatmışam da. Qızımı da, oğlumu da. Ola bilər, gənc ata kimi təcrübəsiz olmuşam. Amma günahları olub ki, onlara əl qaldırmışam. Bilirəm, bəlkə də düzgün etməmişəm, amma peşman deyiləm.
- Bəs nədən peşmansınız? Üç ən peşman olduğunuz məqam...
- (Fikirə gedir). Barat Şəkinskaya ilə görüşmədiyim. Mənə məktub yazmışdı, məni orada çox tərifləyirdi, görüşmək istəyirdi, lakin mən tənbəllik edib onunla görüşə getmədim. Sonra dünyasını dəyişəndə çox peşman oldum ki, axı mən niyə onunla görüşmədim. Sonra anam məndən incimişdi ki, bayramlarda heç zəng də eləmirsən mənə. Mən də ona paltar hədiyyə aıb hazırlaşmışdım ki, yayda mütləq gedib dəyəcəm, lakin o da gec oldu... Və ən peşman olduğum, kimlərləsə on illərlə dostluq elədiyim olub. Onların sənin üzünə durub, səni tutdurmağa belə hazır olduqlarını görəndə, adam fikirləşir ki, “İlahi, gör mən kimlərlə dostluq etmişəm. Mən belə bir şeyi hansısa romanda oxusaydım, inanmazdım
- Bunu yəqin ki, digər Xalq atristi ilə əlbəyaxa olduqdan sonra anladınız.
- Bəli, amma mən həmən o Xalq artistindən incimirəm, hətta ona minnətdaram ki, mənə belə “dostlarımı” tanıtdı. Təsəvvür edin ki, biz dava edikdən cəmi beş-on dəqiqə sonra mənə dedilər ki, bu məlumat artıq internetdədir. Və biz dava edəndə mənim üzümə durmağa, məni tutdurmağa belə hazır olan insanlar, biz barışmaq istərkən, mənim yanımda deyildilər və bu addımımızı dəstəkləmədilər. Ona görə də boş yerə demirlər ki, hər ziyanda bir xeyir var. Və mən bu xeyiri belə dostlarımın iç üzünün açılmasında, onların ifşa olunmasında gördüm.
- Indi keçək pozitiv məqamlara. Ciddi görkəminizə baxmayaraq, sizi yaxından tanıyanlar bilir ki, çox gülərüz və pozitiv insansınız...
- Hər zaman çalışıram ki, ətrafdakılara da pozitiv bəxş edim, buna çox meyilliyəm. Sadəcə saxta ola bilmirəm. Gərgin vəziyyəti hansısa xoş bir əhvalatlarla, lətifələrlə aradan qaldıra bilirəm.
- İki oğlunuz, bir qızınız var. Onların adlarını kim qoyub? Eşitdiyimə görə, bunun maraqlı tarixçəsi var...
- Şəfəqin və Nərimanın adını özüm qoymuşam, Cavidanın adını isə bacım. Nərimanın adını demək olar ki, təsadufən, təzyiq altında qoydum. O vaxt biz tamaşa oynayırdıq, Sumqayıt teatrında, “Qoy, bütün Şərq bilsin” adlanırdı Nəriman Həsənzadə onu “Nəriman” poeması əsasında qurmuşdu. Mənim də birinci rolum idi. Şıxlinskini oynayırdım. Məlik Dadaşov isə Nəriman Nərimanovu oynayırdı və biz birlikdə çox vaxt keçirirdik. Premyera günü usə oğlum oldu və Nəriman Həsənzadə də, Məlik Dadaşov da soruşanda ki, uşağın adını nə qoyacaqsan, anladım ki, variantım yoxdu və “Nəriman” dedim.
- Bəs həyat yoldaşınız bu ad qoyma proseslərindən kənarda qalırdı?
- Yox , adla bağlı təkliflər edirdi, lakin sonda mən dediyim olurdu (gülür). Mən nə deyirəmsə, o razılaşır.
- Artıq necə ildir ki, vəziyyət belədir?
- Evləndiyimiz ildən. Gələn il 40 il olacaq.
- Doğrudanmı məhəbbət zamanla ötüb geçir və ərlə arvad arasında yalnız bir birlərinə bağlılıq qalır?
- Mən belə deməzdim... Əlbəttə, indi iyirmi il, otuz il bundan qabaqdakı kimi sevgi olmur, yəni əvvəlki kimi yalnız onu fikirləşmirsən. Lakin bu ona görə baş verir ki, sənin sevgin illər keçdikcə bölünür. Əvvəl işinlə, sonra uşaqlarınla, sonra nəvələrinlə, nəticələrinlə... Biz bir kənddə, Biləsuvar rayonunu Səmədabad kəndində böyümüşük, bir məktəbdə oxumuşuq, elə o vaxtdan bir-birimizi istəyirdik. Hərdən zarafatca deyirəm ki, mənim səninlə evləmnəkdən başqa əlacım yox idi, cünki sənin altı qardaşın var idi (gülür). Amma bir şeydən razıyam ki, doğrudan da yaxşı ki, tez evləmdim. 60 yaşımda nəvəmin də toyunu gördüm. Bu hər adama qismət olmur. Özümü düz əməlli ata hiss etməmiş, artıq bir-iki ilə ulu babaya çevriləcəm...
Vüqar Vüqarlı/atv