manera.az
manera.az

Keşləli Qaregin - Xəlil Mirzənin hekayəsi

📅 13.12.2025 17:45

Keşləli Qaregin - Xəlil Mirzənin hekayəsi
MANERA.AZ Xəlil Mirzənin "Müqəddəs Zəfər" silsiləsindən "Keşləli Qaregin" hekayəsini təqdim edir.


Bir günlük antiterror əməliyyatı uğurla başa çatsa da, hələ də yaşayış məntəqələrdə gizlənən silahlılar mövcud olduğu üçün xüsusi yoxlanış qrupları yaradılmış, təmizləmə işləri aparılırdı. Yəqin ki, hələ bir neçə gün də gərginlik davam edəcəkdi...

...Mayor Ağaxan Qədirbəyli bu günkü “təmizləmə əməliyyatı”nın başa çatdığını elan elədi. Əsgərlərinə bir güllə da atmadan zərərsizləşdirdikləri sepatçıları qərargaha aparmaq tapşırığı verib, özü piyada yola düşdü. Üç günün yorğunluğunu canından belə çıxarmaq istəyirdi- özü ilə tək qalmaqla.

Özü ilə tək qalanda ruhundan çıxan yoğunluq yavaş-yavaş canını da tərk edirdi. Həm də yolüstü yaxınlıqdakı posta baş çəkmək istəyirdi...

...Bugünkü iş gününün yorğunluğunu çıxarmaq üçün Günəş də Qırxqız dağının arxasında dincini almağa başlamış, ardınca soyumaqda olan al rəngli şəfəqlərini də yığışdırmaqla məşğul idi. Ağaxan da elə o şəfəqlərin arxasınca düşüb, kənddən yamaca dırmanan torpaq cığırın sağa-sola əyilməklə, ara-sıra sıxlaşan böyürtkən kollarının arasında yolçusunu azdırmağa çalışan döngələri ilə irəliləyirdi. Cığırın sağında, kolların arxasında kahaya, ya da ki, qazmaya bənzətdiyi lal qaraltı və ətrafında dincliyi ərşə çəkilmiş digər iki qaraltı nəzərini çoxdan cəlb etmişdi. XTQ mənsubu belə şübhəli məqmları diqqətdən qaçıra bilməzdi.

Ağaxan da XTQ mənsubu olaraq elə həmin andan kabusa çevrilmişdi. Təkcə kabus yox, həmin andan o həm də mahir ovçu, ora-bura vurnuxan qaraltılar isə şikar idilər. Həm də bu kabus olduqca həssas, olduqca diqqətli və ehtiyatlı idi. Qaraltılara yaxınlaşdıqca onların hansısa çirkin bir planın icraçıları olduqları aydın hiss olunurdu. Həzin səmt küləyinin gətirdiyi pıçıltı səsləri bunu bir daha sübut edirdi. Bu səsləri eşidə bilmək üçün öz şikarlarına lazımi qədər yaxınlaşmışdı. Hətta payız ömürlərini başa vurmuş, ana bətnini tərk edərək torpağa qovuşmaq eşqilə ona pənah gətirmiş saralmış yarpaqların bu nankor qaraltıların ayaqları altındakı iniltili xışıltısını da eşidə bilirdi. Təkcə susan lal qaraltı idi ki, nəhayən o da cırıltı və taqqıltı səsləri ilə özünün dəmir qapı olduğunu biruzə verdi. Ardınca onun yoxa çıxma prosesi baş verməyə başladı. Qısa zaman kəsiyində o, aşağıdan başlayaraq üzü yuxarıya doğru kol-kosa və ağac budaqlarına çevrildi...

Ağaxan indi dinc dayanmayan, lal qaraltıdan istiqamət götürüb irəliləyən qaraltıları ürkütməmək üçün onların izi ilə daha ehtiyatla, səsiz-səmirsiz hərəkət edirdi. Qaraltının biri hərdən parıltı verir, digəri isə daşıdığı yükü gah qucağına alır, gah da çiyninə aşırır, hər dəfə də cürbə-cür məxluqlara bənzəyirdi. Onlar tülkü məharəti ilə pusa-pusa həmin cığırın yoxuşunda daha da görünməz olurdular. Bu yoxuşun daha çox hərəkətli olan köhnə asfalt döşəməli yola bitişməsinə az qalırdı. Qaraltılar hündürdə yerləşən döngəyə çatıb sal daşlar arasında tam görünməz oldular. Adamdan çox böyük olan bu daşların arasından asfalt yol nişangaha çevrilirdi. Bu isə Milli Ordumuza məxsus hərbi texnikaların Ballıca istiqamətində hərəkət etdiyi yolun pusqu altında olması demək idi.

...Yaxınlığından keçəndə o, lal qaraltının qazma sığınacaq yeri olduğunu müəyyənləşdirmişdi- belə düyünləri açmaq XTQ mənsubu üçün adi hal idi. XTQ mənsubunun gözü qartal gözündən iti, pəncəsi ayı pəncəsindən güclü, ayaqları bəbir ayaqlarından yüyrək, sıçrayışı aslan sıçrayışından vahiməli, qəzəbi qasırğa qəzəbindən şiddətli olur. XTQ mənsubu xəyanəti bağışlamaz; dost dediyini darda qoymaz; yaralısını, şəhidini hərb meydanında atıb qaçmaz; başladığı işi yarımçıq saxlamaz. XTQ mənsubu olmaq- ən çıxılmaz vəziyyətdən çlxlş yolu tapmaq, ən mühüm anda qərarların ən düzgünü qəbul etmək, məqamında Tanrı qədər mərhəməti olmağı bacarmaq deməkdir...

Qabaqdakı çaxır çəlləyinə oxşayan qaraltı daşların ən hündürünün üstünə sərilib əlindəki başı uzunsov toppuzu xatırladan alətin uzunsov-şiş ucunu yola sarı tuşlayıb yerini rahatlamaqla məşğul idi. İkinci- uzaqdan quyruğu hərdənbir parıltı verən gecə böcəyinə bənzəyən, yaxınlaşdıqca isə daha çox qurdun pəncəsindən güclə qurtulmuş yaralı quyruğunu qucağında gizlətməyə çalışan tülkü kimi pusa-pusa sal daşların ayaqları altda gizlənməyə münasib yer tapmağa can atır, aradakı boşluqdan oğrun-oğrun yola baxır, öz tülkü məqamının yetişməsini gözləyirdi.

Əsgərlərimizi gecə növbəsinə aparan hərbi yük maşını yaxınlaşmaqda idi, iki-üç dəqiqə yetərli idi ki, qumbaraatanın nişangahına çevrilsin. Artıq mövqelənmiş qaraltıların öz alarında 7-8 metrə qədər məsafə olardı. Onların birini atəşlə məhv etmək, ikincisinin hədəfinə çevrilmək təhlükəsi yaradırdı. Çaxır çəlləyini dəlikləyib ikinci tərəfi nişangaha götürənə qədər tülkü bicliynin güdazına düçar olar, əksinə hərəkət etsəydi onda digərinin hədəfinə çevirərdi. İstənilən halda yük maşını hədəf olaraq qalacaqdı. Vaxt isə, alıcı quş cəldliyi ilə, artıq bir neçə addımlığına çatdığı birincini, yəni, çaxır çəlləyini zərərsizləşdirməyə çatardı. Tülkü aşağıdan boylanıb nə baş verdiydini anlayana qədər çaxır çəlləyi iy verməyə başlayardı...

...Ağaxanın illərin gərgin məşqləri, təlimləri sayəsində bu an məngənəyə çevrilən güclü qollarının arasında sıxılmış çaxır çəlləyi heç çabalamağa da imkan tapmadı. Çünki Ağaxan onun boynunu sıxırdı, üstəlik peysərinə necə zərbə vurmuşdusa, daşa dəyib yerbə-yerdən deşilmişdi. Ardınca donuz boynu arxaya burulanda “qulunc sındırılması” səsi ilə xırçıldamışdı. Elə həmin andan da başı ilan ağzında sıxılan qurbağanın ətraflarını xatırladan qolları və qıçları əsim-əsim əsirdi. Ağzından tökülən maye köpüklü çaxırı xatırladırdı. Ağaxan üçün bu səhnəyə tamaşa eləmək maraqlı deyildi, buna heç vaxtı da yox idi. İndi tülkü ovuna çıxmağın vaxtı idi.

Qoca və qozbel tülkü yuxarıda nə baş verdiyini anlamağa macal tapmamış qarşısında ölüm hökmünün surətini gördü.

-Бросай автомат и подними руки, старик!

-Qurban olum, turksan?

-Türkəm qoca, at silahı yerə, əllərini qaldır ki, boş olduğunu görüm.

-Başım usta, qurban olum.

-Çıx tülkü deşıyındən, cəld ol!

-Başım usta, qurban olum.

Ağaxan yaxınlaşmaqda olan qocanı yaxalayıb yerə yıxdı, qollarını qocanın öz kəməri ilə arxadan bağladı. Bu an yük maşını da şütüyüb onların yaxınlığından keçib getdi. Ancaq maşındakılar onları görmədilər, görə də bilməzilər, aralarında sal daşlar dayanmışdı.

Qocanın avtomatını da götürüb çiyninə keçirdi. İndi onun çiynindən üç silah asılmışdı, öz avtomatı, qocanın “Kalaşnikov”u, bir də çaxır çəlləyinin qumbaraatanı. Qocanın silahına etibar etmədiyi üçün öz silahını çiynindən çıxarıb qocanın üstünə tuşladı:

-Qoca, düş qabağıma, bayaq çıxdığınız qazmaya gedirik.

-Hansı qazmaya, qurban olum? Qazma nadir?

-“Qurban olum” kəlməsini bir də işlətmə qoca, aydındır?

-Başına donum, san neca desan, man edaram.

-Yeri.

Gəlib qazmaya çatdılar. Qocanın qollarını açdı.

-Qoca, o kol-kosu təmizlə və qapını aç.

Qoca dinməzcə kolları kənara yığdı, təzəcə rənglənmiş dəmir qapı göründü.

-Qoca, kol-kos şəklini niyə çəkmisiz bu qapının üstünə, uzaqdan seçilməsin deyə?

-Başına dönum oğul, manim ela şeylardan başım çıxmaz ha.

-Yaxşı, çıxar açarı aç qapını.

-Manda haçar na gazir, ay oğul?

-Ay...-kişi deməyə dili gəlmədi.- aç də. Axırıncı sən çıxdın bu deşıkdən.

-Haa? Qoy baxım ciblarima... qocalmışam da... haa...

-Tələs görüm. Qocalmısan, get otur xarabanda, buralarda nə sü.... aç görüm, cəld ol,- Ağaxan onun ciblərini axtaranda açarı qəsdən götürməmişdi.

Qoca guya açarı xeyli axtardı. Nəhayət Ağaxanın qəzəbinə tuş gələcəyini hiss edib şalvarının cibibdən “tapdı”, qapını açdı. Ağaxan qumbaratanı açıq qapıdan içəriyə tuşladı. Gözaltı qocanı süzürdü, o, rəng verib- rəng alırdı.

-Başına dönum oğul, atma. Orda çoxlu snaryad var, ikimiz da ölarik...

-Bəlkə silahdaşlarındı orda, qoca?! Çəkil kənara.

-Yox, qurban olum, olar qaçıblar.

-Bəs sən niyə qaçmadın? Qoşulub onlara gedəydin də.

-Manim dardim ağirdir, ay bala... manim oğlum burda ölub- 2020-də, onu axtarıram...

-Burda olub, ya ölüb? Anlaya bilmədim.

-Ha daa... ölub... meyidini tapa bilmiram... sanin kimi cavan idi...

-Qoca, ağzına gələni danışma, mən Vətənimi qoruyuram, siz nə sü... veyillənirsiz burda?

-Buy, qadan alım, man da Bakidanam da... Bakidan, Keşladan...

-Deyirəm axı, bizim dili harda belə öyrənmisən. Bəyənmədiniz bizi, bu da axırı.

-Ha bala, biz nankor çıxdıq. Ehh... Bakida ela dostlarım qaldi... Burnumun ucu göynayir... Neca dostlar qaldi... Mani Keşlada hami taniyirdi. Man
Keşlali Qaragenam...

- Keşləli Qaragen? Bu ad mənə tanış gəlir. Sənin həyət evlərin vardı, kirayəyə verirdin?

-Ha, vardi. Montin bazari eşitmisan? Düz onun yaninda on otağim vardi. Hamisıni da kiraya verirdim. Arvdimin da doqquzmaratabada manzili
vardi...

-Dayan, dayan... sən məni çaşdırdın. Arvadının adı Roza idi?

-Ha, Roza idi, man ona Rozanna deyirdim, haa...

-Vay səni, dünyanın işinə bax ey... Çəkil qapıdan qoca.

Qoca dizlərini yerə atıb yalvarmağa başladı:

-Qurban olum, atma. Orda lap çox snaryad var, qranata var, minamyot var... çox şey var. Partlasa, tikamız da tapilmaz...

-Nə çox istəyirsən canını qoca?

-Sana da qiymiram da, qurban olum.

-Dedim ki, mənə “qurban olum” demə. Aydın olmadı sənə?

-Ha, oldu, demaram. Sandan soruşum qoy, Rozannanı hardan taniyirsan?

-Mən uşaq olanda onun mənzilində kirayədə qalmıışııq. Onda beş yaşım olardı.

-Ha, yadinda qalib deməli. Çox xeyirxah arvad idi. Sizi da qonaq saxlayib. Yağın Çapayevdaki manzilin deyirsan. Ay sani balaca, man sani orda
gormuşdum. Haa... Atanın adı... görum... Mir.... ara, seyid adi idi da. Ona dedim ara, gal sana Montinda hayat evi verim yaşa da. Galmadi ki... ara, nə
idi onun adı? Mir...

-Mirağa. Atamın adı Mirağadır. Səni görsə, dəqiq bilirəm ki, boğub öldürər. Arvadının hayfını səndən çıxar. Arvadın hardadır, o da buralarda gizlənib? Bəlkə bu kaftar yuvasındadır, hə?

-Allaxin raxmatina getdi, oğlumun dardina doza bilmadi...

Qoca hönkürüb göz yaşlarını axıtmağa başladı.

-Yaxşı, sakit ol görək. O yaxşı dediyin arvad atamdan 6 ayın pulunu qabaqcadan almışdı. Hələ mətbəxi də atama təmir elətdirmişdi. 6 ay tamam
olmamış mənzili satıb getdi Moskvaya, bizi də atdı çölə. Gedib Moskvadan uzun uzadı bir şikayət ərizəsi yazdı. Az qalmışdı mənzili alanı damlasınlar.

Şahidlərin köməyi ilə, bir də ki özünün sənədlərə atdığı imzalar üzə çıxandan sonra işə xitam verildi.

-Ara, man hardan bilim bu işlari? Ara, böyraklarım partlayir, qoy gedim peşap elayim. San Allah icaza ver.

-Sən Allah tanıyırsan, qoca?

-Ela da taniyiram ki. Atam dindar olub, ona gora adimi Qaragen qoyub da.

-Hə, əvvəlcədən bilirmiş də, keşişinizin adı Qaragen olacaq.

-Keşişlarimizin adi ya Vazgen olur, ya da Qaragen,- qoca qımışdı, eybəcər seyrək dişləri göründü.

Ağaxan başı ilə “get” işarəsini verdi, tapşırdı ki, uzağa getməsin, nişangahdadı.

Ağaxan onunla ovladığı siçanla oynayan pişik kimi davranırdı. Bu qoca tülkünün gözlərindən həm biclik, həm qəddarlıq, həm satqınlıq, həm
şərəfsizlik, həm də oğraşlıq yağırdı. Onun yazıq, rəzil görkəminin arxasında çox əzazil, yırtıcı, həm də çoxlu məlumatlara malik olan amansız bir düşmənin gizləndiyini də əminliklə bildirdi. Elə bu məqsədlə də ona səhv, yaxud səhvlər etməyə şərait yaradırdı. O səhvləri isə yalnız XTQ mənsubu aşkarlaya bilərdi.

Tülkü, tülkü təmbəki,
Quyruğunda nəlbəki...


Ancaq bu qoca tülkünün quyruğundakı nəlbəki deyil, ölüm silahı idi. Öz tülkü bicliyi ilə quyruğundan onu götürüb tülkü qollarının arasında gizlətməyə çalışsa da, Ağaxan qartal baxışları ilə onun 45 mm-lik avtomat silahı olduğunu dərhal müəyyənləşdirmişdi. Qocanı tərksilah edəndən sonra ciblərini axtarmış, tipik erməni iyi verən gödəkçəsinin sağ yan cibindən “Makarov” tapançasını, sol yan cibindən xəritəni və qoltuq cibindən sənədlərini tapıb çiynindən asdığı çantaya, çaxır çəlləyinin sənədlərini qoyduğu yerə qoymuşdu.

Qoca qazmanın qapısının yanından keçəndə şübhəli şəkildə ətrafa baxdı, bir qədər irəlidə basdırılmış dəmir dirəyə astaca dirsək vurdu. Bu Ağaxanın diqqətindən yayınmadı. Onun ardınca gedib dirəyi nəzərdən keçirdi. Təxminən yerdən bir metr yuxarıda dirəyə bir düymə bərkidilmişdi. Düymədən çıxan elektrik naqili dirəkdə açılmış deşiyə girib yox olurdu. Başını qaldırıb yuxarıya baxdı- dirəyin ucuna rabitə qurğusu və siqnal ötürücü antenna bərkidilmişdi.

Qoca duymasın deyə sakitcə geriyə döndü. Telefonu çıxarıb qərargaha mesaj göndərmək qərarına gəldi. Lakin dalğa yox idi. Ancaq əmin idi ki, döyüşçü yoldaşları onu tezliklə axtaracaqlar. Çünki, hələ postları yoxlamalı, keşik çəkənləri əvəzləməli idilər. Silah-sursat gizlədilən bu qazmanı nəzarətsiz buraxıb getmək olmazdı. Atəş səsi ilə də yoldaşlarına xəbər vermək düzgün olmazdı, “sülhməramlılar”ın postu daha yaxında yerləşirdi, onların duyuq düşməsi işləri korlaya bilərdi. Həm də ki, qoca düyməni basmaqla kiməsə siqnal göndərmişdi, bəlkə elə onlara?!..
Qoca qayıdıb gəldi. Ağaxan qazmanın qapısını bağlatdırıb yenə qocanın qollarını arxadan bağladı.

Ağaxan imkan tapıb onun RF tərəfindən verilmiş pasportunu nəzərdən keçirmişdi.

- Bəlkə sənin adın Qaregindi? Sizin milli qəhrəmanınız... Dadamyan Qaregin Sumbativiç. Qeydyyatda olduğun ünvan da Tula şəhəri. Hə, qoca?

-Başına dönum, ayaqlarin altinda ölum, burax mani gedim cahannama. Radd olum gedim, harda koparam, koparam. Sanin uçun na parqi var, Qaragen, ya Qaregin... Qoy galim sanin ayaqlarindan öpim...

-Dayan görüm! Sən heç köpən qocaya oxşamırsan. Narahat olma, köpməyə imkanın olacaq. İndi mənə bir az özündən danış. Harada işləyirdin Bakıda? Nə işlə məşğul olurdun?

-Ölduracaxsan? Günahsız qoca kişini?

-Sənsən günahsız? Öldürəsi olsaydım nazınla niyə oynayırdım?! Qorxma. Suallarımı cavablandır, fırlatma söhbəti.

-Qoy deyim da sana. Zavodda, beton buraxirdik. Ara, na dostlarim vardi orda. Har hapta sonu baliq tutmağa gedirdik. Zavod maşin ayirmişdi, ha.

Yayda da gedirdik Nabrana. Ozumuzun çadirlarimiz olurdu. Ara, zavodun stalovasindan camdayi pulsuz gotururduğ gedanda, man kabab bişirirdim.

Profsayuzun şotuna verirdi qoyun camdağini zavod. Ara, birini vermirdi, ikisni vermirdi... ara adamin sayina gora dordunu, beşini... Basdirma elayirdim,
ustuna çaxir sapirdim... ara neca yumşax olurdu... Ara, biz nayi gözlayirik? Geca düşür ki...

-Gözlə, biləcəksən. Sən goplamağa davam elə. Niyə qatdınız aranı, ay bədbəxtlər? Bakı da az qala sizin əlinizdə idi də. Hökümət idarəçiliyinin bütün mərhələlərində təmsil olunurdunuz, hər yerdə adamlarınız vardı, kef edirdiniz...

-Ha, vardi. Har şeyimiz vardi. Dostlarim da... Ağlimiz olmadi...

Uzaqdan maşın işıqları göründü. Ağaxan hər ehtimala qarşı qumbaraatanı əlində hazır saxlamışdı.

“Sülhməramlılar”ın zirehli texnikası yaxınlaşıb Ağaxanın 25-30 metrliyində dayandı. Texnikanın üstündəki projektoru düz onun gözünə yönəltdilər. Qoluna ağ lent bağlamış yekəpər bir zabit maşından düşüb bir neçə addım atıb dayandı, ucadan səsləndi:

-Кто такие? Что вы делаете здесь так поздно?

-Я офицер спецназа Азербайджанской Республики майор Гадирбейли. Теперь вы представьтесь.

-А так не видно кто мы такие?

- Представьтесь, пожалуйста. Вы находитесь на территориях суверенной Республики Азербайджан. Пожалуйста, представьтесь.

Dialoq artıq mübahisəyə çevrilirdi. Qoca məqamdan istifadə etmək qərarına gəldi. Hay-qışqırıq qopara-qopara maşına tərəf qaçmağa başladı:

-Помогите, спасите! Этот варвар насилует меня! Умоляю… спасите… Он зарезал моего зята. Теперь меня хочет убить…

-Qoca, bir addım da atsan tikələrin dostlarının üstünə səpələnəcək. Sən ki, dost qədri bilənsən.

Yekəpər zabit hədə-qorxunun işə keçmədiyini anlayıb yumşalmağa doğru meyilləndi. Özlərinin dili ilə desək Ağaxana “мораль” oxumağa başladı. Qoca yarı yolda donub qalmışdı. Yavaş-yavaş geriyə dönüb dizləri üstə çökdü:

-P... yedim ağzimnan, ara, dadamin ağzinnan, bağişla mani...

Ordumuza məxsus PDM də gəlib çatdı. Tabor komandiri polkonik-leytnant Kərim Nəbizadə PDM-dən düşərək yekəpər rus zabitinə yaxınlaşdı:

-Вам же было сказано, не высовывайтесь. Немедленно уезжайте!

Ağaxan qumbaraatanı qazmanın divarına söykəyib antenna bərkidilən dirəyi dartıb dibindən çıxartdı. Borunun içindən, alt tərəfdən naqil çıxırdı.

Baxdılar ki, naqil qazmaya girir. Döyüşçü yoldaşlarından biri Ağaxana köməyə gəldi. Qazmanın qapısını açıb naqilin akkumlyator batareyalarına birləşdirildyini müəyyənləşdirdilər. Axtarıb elektrik açarını da tapıb işığı yandırdılar. Batareyalardan daha bir naqil də tavandan çölə çıxırdı. İçəri kifayət qədər geniş idi. Doğrudan da silah-sursatla dolu olan otaqda üç cərgə sağ-sol divar boyu taxta çarpayılar da düzülmüşdü. Uzun müddət yaşamaq üçün şərait yaradılmışdı.

-Komandir, qazmanın üstündə günəş batareyaları da var. Dirəkdə isə düymə var. Qoca o düyməni basandan bir qədər sonra bunlar özlərini yetirdilər bura,- Ağaxan “sülhməramlılar”a işarə etdi.

-Hər şey aydındır. O düyməni bir də bas görüm.

Ağaxan düyməni basan kimi yekəpər zabitin əlindəki planşetin ekranı işıqlandı və sirenayabənzər siqnal səsi ətrafa yayıldı. Nəbizadə rus zabitinə baxdı.

-Что скажите, полковник?

Zabitdən səs çıxmadı. Nəbizadə planşeti onun əlindən alıb baxdı. Monitorda ərazinin xəritəsi, xəritədə isə müxtəlif yerlərdə xüsusi işarələnmiş məntəqlələrin əks olunduğu aşkarlandı. Məhz həmin məntəqələrin birini əks etdirən işarənin üstündə işıq yanıb-sönürdü. Onlar indi həmin yerdə dayanmışdılar.

Qocanın cibindən çıxan xəritə rus zabitinin planşetindəki xətirənin eyni idi. Bu ana qədər döyüşçülərimiz tərəfindən aşkarlanıb zərərsizləşdiririlmlş məntəqlər hər iki xəritədə çərçivəyə alınmışdı. Ən qəribəsi də bu idi ki, bütün məntəqələr, daha doğrusu qazmalar, bir az da dəqiqləşdirsək, “kaftar yuvaları” “sülhməramlılar”ın nəzarət postlarının yaxınlığında yerləşirdi.

Qocanın qollarını arxadan bağlayarkən Ağaxan onun qolundakı şübhəli saatı da açıb götürmüşdü. Çünki, saatın CPS proqramı ola bilərdi, ya da saatın özü partlayıcı mini bomba ola bilərdi- bir sözlə “ağıllı saat” ola bilərdi. Gözləri daim axtarışda olan bu qoca tülküdən nə desən gözləmək olardı.

Əgər saatın GPS proqramı vardısa, onun şəbəkəyə qoşulması sayəsində onları qocanın quldur yoldaşları asanlıqla axtarıb tapa bilərdilər. Elə “sülhməramlılar” da onları izləyə bilərdilər. Səssiz snayper tüfəngi ilə Ağaxanı aradan götürmək onlar üçün su içmək qədər asan olardı. Qolları arxadan bağlandıqdan sonra isə qoca özü də istəmədən siçana çevrilmişdi. Ovçusu da onu oynada-oynada bu məkana gətirib çıxara bilmişdi. Siçan yol boyu nə qədər tülkü bicliyini işə salıb Ağaxanı yolda ləngitməyə çalışsa da buna nail ola bilməmişdi. Bura çatanda isə artıq quldur həmkarlarının Ağaxanı nişangah edə biləcəklərinə ümid qalmamışdı. Çünki bu ovçu çox ayıq-sayıq idi, tülkü bicliyi işə yaramırdı. Bura çatanda isə hava qaralmışdı, bir dənə də olsun ulduz görünmürdü, ay da qəsdən qara buludların arxasında gizlənmişdi. Ağaxan kimi səma da onunla “siçan-pişik” oyunu oynayırdı. İndi heç gecəgörmə cihazı da quldurların köməyinə çata bilməzdi. Çünki, belə zil qaranlıq vaxtlarda cihaz nə aydan, nə də ulduzlardan şüa qəbul edə bilmirdi, yəni işləmirdi.

Son əlac yalnız borudakı düyməni basmaqla “sülhməramlılar”a siqnal ötürməkdə idi ki, bunu da edə bilmişdi. Ancaq Ağaxanın buna qəsdən imkan yaratdığını anlamamışdı. Bu dəfə tülkü bicliyi onun özünü aldatmışdı. Çünki, Ağaxan həm yolboyu öz təhlükəsizliyini təmin edə bilmişdi, həm “qazmalar”ın sirrini öyrənə bilmişdi, həm də kifayət qədər vaxt qazanmışdı ki, yoldaşları onun axtarışına çıxsınlar. Yarım saat əvvəl Ağaxan asfaltın kənarında təyin olunmuş yerdə olmamışdı, telefonuna da zəng çatmırdı.

Deməli bunun ciddi səbəbi vardı və onu hərəkət marşrutu üzrə axtarmaq lazım idi. Ağaxan bu səbəbdən qoca tülküyə imkan vermişdi ki, xilaskarlarını köməyə çağırsın, öz mühafizəsini təmin edib döyüşə hazır vəziyyətdə gözləmişdi. Bu qaranlığın zülmətində Ağaxan yenidən qartal gözlü ovçuya çevrilmişdi. “Sülhməramlılar” belə şəraitdə ona atəş aça biməzdilər. Birincisi ona görə ki, buna Ağaxan imkan verməzdi, o, dərhal qumbaraatanın tətiyini çəkərdi. İkincisi isə, Ordumuzun döyüşçüləri dərhal alıcı quş kimi onların başının üstünü kəsdirərdilər, necə ki, etdilər.

“Sülhməramlilar” tərksilah edilib qərargaha aparıldılar. Dərhal əlavə qüvvələr cəlb edilərək gecə əməliyyatına start verildi. Səhərə yaxın əməliiyat başa çatdı. Müqavimət göstərənlər yerindəcə məhv edildi. Əsir, yaralı və meyitlər qərargaha gətirildi. Yaralılara ilkin yardım edildi, ağır yaralılar isə hərbi hospitala göndərildi.

Tabor komandirinin stolunun üstündə Ağaxanın verdiyi əşyalardan savayı da xeyli əşya və sənədlər vardı. Nəbizadə əşya və sənədləri bir bir-bir nəzərdən keçirib, bir neçəsini çıxmaq şırti ilə, qalanlarını kənara qoyurdu. Nəhayət başını qaldırıb bayaqdan stolun küncündə oturub tülkü gözlərini dizlərinə zilləmiş qocaya baxdı:

-Adın, soyadın...

-Qaragendi, qurban olum.

-Bəlkə Qaregindi? Qaregin Dadamyan Sumbatoviç.

-Ha, qadan alım, eladi.

-Arvadın, uşağın, nəyin var?

-Deyim da, qurban olum. Arvadım vardı, allaxın rahmatina gedib. Bir dana oğlum da var...di. Rudik... onu tapa bilmiram... itib... burda... 3 il avval...- zır-zır ağlamağa başladı.

-Sakit ol, qoca. Hələ sorğu-sual davam edir.

-Ha, başına dönim, buyur.

-Deyirsən arvadın ölüb, oğlun da itkin düşüb, eləmi?

-Ha, qurban olum, ha.

-Bəs sən nə vaxt gəlmisən Qarabağa?

-Bu yaxinlarda galdim. Bir dapa galdim o vaxt, muhariba vaxti... oğlumu tapmadim, getdim. Anasi ölandan sonra yena galdim. Mana dedi Rudiki axtar tap, yoxsa gorum yanar...

-Arvadının adı Rozadır?

-Ha, naçannik, başına dönum. Roza idi... rahmatlik...

-Oğlun da ki, Dadamyan Rudik Qareginoviç.

-Ha.

-Yaxşı... Sən Abonu hardan tanıyırdın?- Nəbizadə gözlənilmədən söhbətin səmtini dəyişdi.

-Abo?.. Hansi Abo?... Yox... tanimiram.

-“Arçax qəhrəmanı Qareginə. 27.02.92. Abo”- yəni Xocalı soyqırımının səhəri günü... Elə bilirsən biz erməni dilini bilmirik, yoxsa sənin əməllərindən xəbərimiz yoxdur?- əlindəki tapançanın qundağındakı yazını göstərdi. – Sən doğrudan da “qəhrəman” olmusan. Bakıda “Krunq” təşkilatının fəal üzvü, Qarabağda da saqqallı quldurların biri. Sənin haqqında hər şeyi bilirik və sən axtarışda idin. İşimizi asanlaşdırdın, qoca, özün düşdün tora.

Qoca bu dəfə tülkü gözlərini zilləməyə yer, nöqtə tapa bilmirdi.

-Yaxşı saatın var, Nijde.

-Naçannik, o kimdir?

-Sənin quldur dostların arasındakı kliçkan.

-Allax mani öldursun, yooxx... man yox...

-Hə, yadıma düşdü oğlunun kliçkasıdır.

-Naçannik, bu ola bilmaz.

Nəbizadə qocanın saatını götürüb düyməsini iki dəfə basdı. Stolun üstündəki telefonlardan birindən mesaj səsi gəldi.

-Bu telefon kimindir?

-Bilmiram... yağın tutulanlardan birinin olar...

Nəbizadə qocanın telefonunu götürüb yaddaşdakı nömrələrin birinə zəng etdi. Yenə həmin telefon səsləndi.

-Nijdenin telefonuna getdi ki, zəng. Ekranında da sənin şəklin çıxdı. Bəlkə bu sənin oğlunun telefonudur?!

-Naçannik, Allax mana qanim olsun yalan deyiramsa, oğlum ölub...

-Ay bədbəxt. Arvadın ölüb, oğlun itkin düşüb... Amma bunu düz dedin, oğlun həqiqətən ölüb,–növbətçini çağırdı,- aparın bunu.

...Əsirlər saxlanılan otaqlarla yanaşı olan balaca otaqda üç meyit var idi. Meyitlər iylənməsin deyə otaq qızdırılmırdı, pəncərə gözlüklərini də açmışdılar. Qoca meyitlərdən birinin qarşısında çömbəltmə oturub dizlərini qucaqlayıb için-için ağlayırdı:

-Rudik can ooyy... Rudik can ooyy...

Bir az sonra boynundan önlük asılmış, həm də yaşam tərzi aşxana siçovulunun eyni olan yaşlı bir qadın da həmin otağa girdi. Yarısı tökülmüş
saçlarının qalanını yola-yola toppuş, sallaq cəmdəyini meyitin üstünə yaydı:

- Rudik can vayy... Rudik can vayy...

O meyidin cibindən çıxan pasport Dadamyan Rudik Qareginoviçə məxsus idi.

03.03.2025


Baxış sayı - 355 | Yüklənmə tarixi: 13.12.2025 17:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031