Mağara - dağların əsnəməsidir | Elromanın yeni şeirləri

MANERA.AZ Elromanın yeni şeirlərini təqdim edir.
***
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey -
Adamlar torpağa, kağız torpağa...
Göyərsə göylərdə bir ağ göyərçin,
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.
İstəsən, küləyə çevrilərəm
Və
Saçların tərəfə çevrilərəm,
Gəl.
Sən kimin olmusan min illər əvvəl?
Adını oxudum cam kasalardan...
Deyən olmadımı vaxtı dayandır?
Tanrısan, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
Məni də bir dəfə yada sal orda...
Mağara?!
Görəsən, nəyin nəsidir?
Mağara - dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...
Bir qoca dedi ki, hələ diriydi
Dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
Adamlar torpağa, kağız torpağa.
***
Payız gələr, işıldaquş işıldar,
Külək əsər, ağacları boşaldar.
Ayağının altına bax,
Xəzəldi!
Mən demişdim, payız fəsli gözəldi.
Yol gedərik.
Bu yol hara, biz hara?
Bu aylarda ağaclarda qızaran
Mandarinlər bircə-bircə bozarar,
Yerə düşər, əyilsəmmi,
Bilmərəm.
Fikrim uçar bayağıdan bayağı,
Səmalarda qağayılarsayağı,
Sonra dəyməz ayağına ayağım,
Mənimsənmi, deyilsənmi,
Bilmərəm.
Götürəndə yerə düşən çörəyi
Sünbül kimi ovxalanar ürəyin.
Görərsən ki, sonra hər şey düzəldi;
Mən demişdim, payız fəsli gözəldi.
Sonra bütün sevgilərin gücündən
Öpmək üçün güc yığaram içimdə -
Dəmiryolu vağzalının səsinə
Titrəyərək ürəyimiz diksinər.
Qatarları tələsdirən həmin səs
Öpüşləri gecikdirər, əksinə.
Görərsən ki, yer ilə göy birləşər
İkisinin arasında yerləşən
İşım-işım işıldarkən işıqlar,
Üşüm-üşüm üşüyərkən uşaqlar,
Danə-danə dənə dönər başaqlar
Bir qırıq da külək əsdi,
Gözəldi!
Mən demişdim, payız fəsli gözəldi.
***
Ağac olacaqsan önümdə, ağac,
Bir qız qoparacaq yarpaqlarını.
O gün mən yıxacam barmaqlarımı
Küləyin saçını yıxdığı yerə.
Hanı o əvvəlki yuxular, hanı?
O nəm kirpiyində yuxularammı?
Nə vaxtsa təzədən yıxılar hamı
Bir vaxtlar ayağa qalxdığı yerə.
Heç həmin yuxular belə darıxmaz...
Ay mənim hər dərdə, zülmə dözənim,
Səbir elə, düzəlir, hər şey düzəlir...
Bir kürd nənnisiylə yatmış gözəli
Öpsəm dodağından...
Hələ darıxmaz.
Sən də qayıdasan keçmişə - dərdə,
Sənin də könlünə qəm düşə hərdən.
Bircə gün uzaqda qal bu şəhərdən,
Gör nələr darıxar, nələr darıxmaz...
Adam heç darıxmaz?
De ki, darıxar...
Adamın başında tükü darıxar.
Adam bir darıxar, iki darıxar,
Adam üçüncüdə ölər, darıxmaz...
***
Səni tanımamış ulduzlar - nöqtə,
Aypara - göydəki tək vergül idi.
Bütün səhvlərimin adı uşaqlıq,
Bütün çiçəklərin adı gül idi.
Səni tanımamış yalan - yalandı,
Bir gündə zəhərin dadına döndü.
Səni tanımamış salam - salamdı,
Bir gündə Allahın adına döndü.
Səni tanımamış ölmək - qorxulu,
Yaşamaq - ölməyin ikiqatıydı.
Səni tanımamış saçlar - ətirsiz,
Ətir - oksigenin plagiatıydı.
Səni tanımamış heykəl - adamdı,
Adam - heykəllərin ağır yuxusu.
Dünyada nə qədər adamda var ki
Səni tanımamış ölmək qorxusu?!
Səni tanımamış səmalar - şəhər,
Buludlar - səmaya cızılmış ölkə.
Elə doğmasan ki, səni görməmiş,
Səni tanımamış tanıdım, bəlkə.