manera.az
manera.az

Gecə zəngi - Novella

📅 07.12.2025 18:28

Gecə zəngi - Novella
Poçt şöbəsində adam əlindən tərpənmək olmurdu. Aliyə nömrədən-nömrəyə keçir, poçtolyonların müəyyən səbəbdən abonentlərin evlərinə çatdıra bilmədikləri bağlamaların üstündəki telefon nömrələrinə bir-bir zəng edirdi. Axşama doğru hamının səsi yorulmuşdu, yalnız Aliyənin dilində quru bir “sabah şöbəyə yaxınlaşarsınız, sizə baglama var.” cümləsi qalmışdı.

– Ay qızım, poçtun rəhbərləri də elə zənn edirlər ki, biz işimizə səhlənkar yanaşırıq. İnanmaq istəmirlər ki, bu son beş abonent dəfələrlə evlərində olsaq da, nə qapı açırlar, nə də zəngə cavab vermirlər, – deyə arxa masadan poçtalyon Şölə xala sızıldadı. – Yəqin bunların hamısı elə bilib ki, onlara vergilər idarəsi zəng edir.

Aliyə gülümsündü, beş nömrədən dördü açılmasa da, beşincinin – Rəna adlı abonent xanımın nömrəsini “əminliklə” bir dəfə də yığdı. Zəng… Zəng… Yenə zəng… Heç kim açmadı.

– Hə, deməli, bu da vergilərdən qaçan kateqoriyadandır, – deyə Aliyə kağızı kənara qoydu.

Gərgin iş günü bitdi. Şöbə bağlandı. Aliyə yaxınlıqdakı ərzaq mağazasından yüngülvari bazarlıq edib evə yollandı. Əri ilə şam süfrəsində əyləşib yeməklərini yedikdən sonra neçə vaxtdır izlədikləri türk serialına baxmağa başladılar. Əri bir qədər kinoya baxandan sonra divandaca xoruldamağa başladı. Aliyə onu oyadıb yatağına yolladı. Serial bitəndən sonra özü də televizoru söndürüb yataq otağına keçdi. İşdə çox yorulduğundan yatmaq arzusu ilə bayaqdan çarpayıda uzanıb şiri-şirin yatan ərinə sığındı və tez bir zamanda da yuxuya getdi. Ta ki…

Gecə saat 02-00 radələrində mobil telefonuna gələn zəng otağı silkələdi. Aliyə gözlərini açmadan tez telefonu götürdü ki, zəng səsi ərin oyatmasın.

– Aloo… buyurun?! – dedi yuxulu səslə.

– Axşamınız… daha doğrusu, gecəniz xeyrli olsun… – o biri tərəfdən qadın səsi gəldi. – Siz bu gün mənə bir neçə dəfə zəng eləmisiniz?

– Mən? – Aliyə gözlərini ovuşdurdu. – Aaa… həə… yəqin bağlama ilə bağlı… Sabah şöbəyə gəlin, bağlamanı…

Kənardan ərinin mırıltısı eşidildi:

– Kimdir gecənin bu vaxtı?

– Qadındır, bağlama üçün zəng edir, sən yat… – Aliyə pıçıldadı.

Ancaq xəttin o başındakı qadının artıq “matoru işə düşmüşdü”, sualı-suala calayırdı, zalımın qızı dəyirman kimi dayanmadan üyüdürdü:

– Bilmirsiz kim göndərib?

– Bağlamanın çəkisi nə qədərdir?

– Üstündə əlavə ödəniş görünür?

– Bəlkə içində nə isə vacib şey var?

Aliyə əsəblə pıçıldadı:

– Ay xanım, bu vaxt adamın evinə zəng eləməyiniz bəs deyil, hələ bir əlavə suallar da verirsiniz. Sabah gəlin şöbəyə, baxıb araşdıraq daa…

Həmin o “bu vaxt adamın evinə zəng eləməyiniz…” cümləsini Aliyənin ərinin qulağı tutdu.

– Kimdir zəng edən? Kimdir o? – əri yatağın içində dikəlib sual verdi.

Aliyə əlini yelləyib pıçıltı ilə:

– Ay kişi, qadındır də… bağlama gəlmişdi…

Əri çatma qaşlarını qaldırdı:

– Həə, görüm mən o “qadını”. Nömrəni ver!

Aliyə telefonunu vermək istəməsə də, əri öz telefonu ilə həmin nömrəyə zəng etdi.

Bu vaxt digər evdə – Rəna xanımın yataq otağında onun mobil telefonuna tanımadığı nörədən zəng gəldi. Rəna hələ zəng səsini tam almamışdı ki, yanında yatan əri gözlərini açdı:

– Kimdir o gecəyarısı? Niyə cavab vermirsən?

– Vallah, bilmirəm…nömrəni tanımıram, – Rəna pörtmüş halda telefonu ərinə göstərdi.

Əri telefonu Rənanın əlindən alıb “acıqla” cavabladı:

– Alo! Siz kimsiniz?

İki kişi. İki yataq otağı. İki əsəbi nəfəs. Bir xətt. Gələcək qırğının ilk qığılcımı da elə burada çaxdı.

Telefonda ilk bozaran da Aliyənin əri oldu:

– Sən kimsən bu vaxtı mənim arvadıma zəng eləyirsən?!

Rəna xanımın əri çaşqın halda cavab verdi:

– Bəs sən kimsən mənim arvadıma zəng eləyirsən?!

Aliyənin əri əsəbi halda dilləndi:

– Ay yoldaş, sən zəng eləmisən axı!

Rəna xanımın əri:

– Yox e, sən mənim arvadımın nömrəsinə zəng eləmisən!

Kişilər artıq bir-birini eşitmir. “Dünya” od tutub yanır. Hər iki evin gecə sükutu yerini “kim kimin arvadına zəng eləyib” polemikasına verib. Burada söhbət o nöqtəyə çatır ki, danışdıqlarının heç biri artıq məntiqlə ölçülmür. Xəttdə kişilər bir-birini didişdirə-didişdirə danışır, arxadan da arvadların “ay kişi, bir hövsələ elə, dayan”, “sakit ol”, “Vallah poçtdandır” pıçıltıları gəlirdi, amma kişilərin heç vecinə deyildi.

Aliyənin əri barıt kimi alışıb dedi:

– Əə, sən bilmirsən ki, bu vaxtı evli qadına zəng eləməzlər?!

O biri tərəfdəki kişi də əsəbi halda:

– Əə, mən eləməmişəm axı! Sən eləmisən!

– Mən?! Mən nə bilirəm sənin arvadın kimdir?!

– Bəs niyə sənin telefonundan mənim arvadıma zəng gəlir?!

Bu sual hər iki evi qısa müddətlik susqunluğa qərq etdi… Kişilər bir anlıq çaşıb qaldı. Sonra hər ikisi yenə öz iddiasına qayıtdı:

– Sabah gəlin poçta, bu məsələni yerində aydınlaşdıraq! – Aliyənin əri boğuq səslə dedi.

– Gələrik! Aydınlaşdırarıq! – Rəna xanımın əri də əsəblə dilləndi. – Mən də bu işin kökünə gedəcəyəm!

Məsələnin kritik nöqtəyə gəldiyini görən arvadların hər ikisi eyni anda qışqırdı:

– Nəyin kökünə?! Bağlamadır də!

Lakin kişilər artıq özlərini “ailə namusunun müdafiəçisi” elan etmişdilər və heç nə onlara təsir etmirdi.

Ertəsi gün işə gələndə Aliyə hələ də gecədən ağrıyan başını ovxalayırdı. Öz-özünə:

– Yəqin gəlməzlər… Ay Allah, bircə bunlar gəlib dava salmasınlar… – deyə pıçıldayırdı.

Poçtolyon Şölə xala onun pərişan halını görüb soruşdu:

– Ay bala, nə olub, bütün gecəni yatmamısan? Gözün süzülür. Nişanlınla dalaşmısan?

– Ərimlə… – Aliyə acı-acı güldü. – Poçt bağlaması üstündə.

Şölə xala bir anlıq dayanıb əlindəki məktubları stolun üstünə çırpdı:

– Mən bilirdim bir gün bu poçtda qan su yerinə axacaq! Demişdim axı, bu bağlamalar bizim başımıza problem olacaq!

Qapı cingildədi və Rəna xanımın əri əsəbi halda içəri girdi. Arxasınca da yuxusuz görünən Rəna xanım şöbəyə daxil oldu. Kişi əməliyyatçının
pəncərəsinə yaxınlaşıb soruşdu:

– Burda kimdir mənim arvadıma gecə zəng eləyən?

Aliyə diksindi, amma özünü ələ alıb dilləndi:

– Mən zəng etmişəm. Çünki bağlama gəlib. Siz…

– Hə, bəs o kişi kimdir?!

Aliyə çaşıb qaldı:

– Hə, yəni, mənim ərim … – deyib ilişdi.

Bu vaxt qapı cingildədi və Aliyənin əri içəri girən kimi elə bil şöbədə zaman dayandı. Onlar bir-birinin qanını içməyə hazır olanlar kimi göz-gözə
gəldilər. Hər ikisinin sifəti əsəbdən pörtmüş və “sən kimsən mənim arvadıma zəng edirsən, əə?!” ifadəsi almışdı. Şöbədə gərginlik bircə anlıq pik nöqtəyə yüksəldi… və qəfil:

– Səəən-sən?! – hər ikisi eyni anda qışqırdı.

– Ay qağa, az qaldı səni tanımayım! Yaman dəyişmisən!

Şöbə bir anda səs-küyə qərq oldu. Heç kimin gözləmədiyi halda kişilər irəli cumub bir-birinə qucaq açdılar. O qədər səmimi, o qədər bərk sarıldılar ki, Aliyə qorxusundan qışqırdı:

– Ay, oyyy, bir az yavaş, kişinin qabırğasını sındırarsan!

Rəna xanımın əri həyəcanla dedi:

– Ay daa, 44 gün səngərdə yan-yana idik, sən mənə “can qardaşım” deyirdin. Gecə zənginə görə az qalmışdı bir-birimizi telefonda doğrayaq!

Bu dəfə Aliyənin əri gülə-gülə davam etdi:

– Bəs, yadındadı? Füzuli tərəfdə atəşkəs pozulanda ikimiz bir anın içində eyni çalaya tullandıq… Sən düşdün üstümə, az qala nəfəsim kəsilmişdi!

– Ay sağ ol daa! – o biri kişi gülərək dedi. – Qaqa, mən səni qəlpələrdən qorumaq üçün çalaya tullanmışdım!

Söhbət bitmək bilmirdi. Kişilər bir-birinin çiyninə vurur, nostalji dolu əhvalatlar danışa-danışa uğunub gedirdilər.

Poçtolyon Şölə xala bir əlini belinə qoyub, o birini də havada yellədib dilləndi:

– Ay bala, bunlar ötən gecə “mənim arvadıma niyə zəng eləmisən?!” deyə bir-birini parçalayırdılar. İndi bax gör, poçta girən kimi “can qaqaşım, qaqam”
olublar. Bu kişilər qəribədirlər də! Özləri də bilmir nə istəyirlər!

Arvadlar çaşmış halda kənardan baxışdılar. Rəna xanım asta səslə Aliyədən soruşdu:

– Bəs axşamkı zəng, dava, xəttdəkilər, söyüş-möyüş?..

Kişilərin isə axşam zəngi… Heç yadlarına da düşmədi. Kişilər şöbənin ortasında elə qucaqlaşmışdılar ki, sanki 20 il əvvəl itirdikləri doğma qardaşlarını tapmışdılar. Gülüş, qışqırıq, “ay qağa, yadındadı o gün...”, “o postu necə almışdıq...” kimi cümlələr havada uçuşurdu. Aliyə ilə Rəna xanım mat-mat kişilərini dinləyirdilər. Şölə xala isə əlini belinə qoyub “ehhh kişilər, kişilər…” deyə, onlara baxıb öz-özünə mızıldanırdı.

Bir qədər gülüşdən sonra Rəna xanımın əri qəfil ciddi görkəm alıb arvadına tərəf döndü:

– Ay arvad, sən bağlamanı götür, evə get, – dedi elə bil çox vacib dövlət tapşırığı verirdi. – Mən qardaşımla gedirəm.

– Hara gedirsən?

– Bizi bu gün yenidən görüşdürən “Gecə zəngi”ni yumağa.

Kişilər qollarını bir-birinə salıb elə döyüşdən çıxan iki qəhrəman kimi poçtdan küçəyə çıxdılar. Arvadlar isə bir-birlərinə baxıb gülümsədilər. Bunu görən poçtolyon Şölə xala öz-özünə mızıldandı:

– Ay Allah… Bu kişilər var ha… bağlama yadlarından çıxır, gecə söyüşü yadlarından çıxır… Amma “Gecə zəngi”ni yumaq yadlarından çıxmır.

Kişilər gedəndən sonra şöbə yenə sükuta qərq oldu. Hər kəs öz işi ilə məşğul olmağa başladı. Şöbəyə daxil olan yeni bağlamaların gəlməsi
haqqında abonentlərə məlumat vermək üçün Aliyə yenidən siyahını nəzərdən keçirib, əlini mobil telefona tərəf uzatdı.

Qol-boyun olaraq şöbədən çıxan kişilər isə gülə-gülə yaxınlıqdakı kafeyə doğru addımlayırdılar.

ARİF ƏRŞAD
03-XII-2025


Baxış sayı - 385 | Yüklənmə tarixi: 07.12.2025 18:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031