Durnalar cənuba uçur - Romandan parça

Görkəmli nasir Əlabbas (Bağırov) Qarabağ müharibəsindən bəhs edən “Durnalar cənuba uçur” romanını yenicə tamamlayıb. Müəllif romanı yaxın vaxtlarda “Azərbaycan” dərgisinə verməyi planlaşdırır. Hələlik əsərdən bir parçanı oxucuların ixtiyarına veririk.
Laura gecəni qonaq evində qalıb ertəsi gün Stepanakert avtobusuna bilet alanda qət etdi ki, nə olur-olsun vecinə alan deyil. Yüzünün, mininin başına gələn işdir, niyə özünü həlak eləyir? Vay o gündən ki, murdar məxluqun Albertdən olmadığını bilən olaydı, bəs onda canını hara qoyardı? Həə də, hara? Dua eləsin ki, tutunacaq yerisə də var, heç olmasa bunu bilən yoxdur.
O zəhlətökən səs yenidən qayıdıb gələndə isə hər şey təzədən başlandı: “Başa düşməlisən ki, əgər bir iş baş tutmursa, demək, onu Allah istəmir. Yoxsa elə bilirsən, bətnində özün ona yer vermisən? Yoox, aldatma özünü, ora sənin deyil. O ərazi Allaha məxsusdur”
Necə hiss etməyə bilərdi ki, bəduğur tale onu qarabaqara izləyir. Gəl də inan ki, bir-birinə “Mən də sənin anan, eşit məsləhətimi. Hər işdə bir xeyir var. Onu tələf etməyə nə sənin haqqın çatır, nə mənim. Günaha batarıq... O sənə xoşbəxtlik gətirəcək, inan mənə” deyən nabələd adamla “Sənə onu da deyim. Hiss edirəm ki, o, Müqəddəs Tanrıların ruhunu daşıyır. Bunu mənə pıçıldayan səs var. Mən öz Rəbbimə qarşı çıxa bilmərəm” deyən adam arasında hansısa rabitə və əlaqə yoxdur, onlar bir yerdən idarə olunmur? İnana bilərsən?...
Avtobus növbə ilə qəsəbələri, dərə boyunca səpələnmiş qırmızı, yaşıl, göy kirəmitli kənd evlərini, zirvəyə qalxdıqca isə bir-birini əvəz edən narıncı mənzərəli dağ aşırımlarını keçəndən sonra da eyni açılmadı. Hər şey onun əleyhinə idi, hər şey...
Özünə təsəlli verə-verə yolüstü “Gorus” pavilyonunda qəlyanaltı elədi. Qalın şüşə arakəsmədən görünən ucu şiş dağlara üz tutmaq, hara gəldi gedib də qayıtmamaq barədə düşündü. Qoy qurd-quşa yem olsun, ilan-çayan gözlərini oysun, siçovullar sümüklərini gəmirsin, əgər bundan da ağır bir cəza varsa, qoy lap ona düçar olsun, bəlalar saçan qara daşlar doğsun, təki dünyaya türk gətirməsin, gətirməsin türk!
Bu vaxtlar çöllər çoxdan bəyaz yorğanını üstünə çəkib dərin yuxuya getmiş olardı. Hələ dünən üzü vilayət mərkəzinə yol alanda hiss etmişdi ki, bu payız bir ayrı payızdır, bircə zirvələrdə tozanqı qar gözə dəyir. Onu geri qayıdanda da sezdi. Silsilə dağlar yenə onu qoynuna, genişliyə, asudə çöllərə səsləyirdi. Orda qar olmasa da, ayazı, şaxtası ilə bərabər, ələdüşməz bir azadlıq və xoşbəxtlik hökm sürdüyü gendəncə hiss olunur. Nə ola, baş alıb həmişəlik gedə, bir daha qayıtmayasan...
– Axçi, avtobusun getdi! – ucadan kişi səsi eşidildi.
Yerindən qalxıb dişi bağırsağını kəsə-kəsə vaqon kimi uzun, bərbəzəkli avtobusun dalınca götürüldü. Qulağında da o səs: “Təəccüblənmə, bu dünya belə dünyadır, şəkəri ilə zəhəri bir kapsuldadır!”
O adamlar ki onu bayaqdan pəncərədən pişik kimi marıtlayırdılar, qət təzə avtobusun ensiz, uzun salonuna qədəm qoyar-qoymaz onların yana əyilmiş bədənsiz başlarını gördü. Kimi onu kəc-kəc süzür, kimi eləcə üzünə gülür, kimi də səssizcə tamaşa eləyirdi. Biri eşitdirdi ki, onda günah yoxdur, təzə eşqə düşəndə hamı belə olur. O biri dedi, yəqin, sevgilisi ilə sözü çəpləşib, bu da küsüb. Müxtəsəri, hərənin ağzından bir avaz gəlsə də, birinin mülahizəsi daha ağlabatan oldu:
– Adam Artsaxa qayıtmaq istəməyəndə nə etməlidir? Deyirsiniz, qol götürüb oynasın?
Dinib-danışmayan Laura axırda ona qahmar çıxanın – o, bir dəri, bir sümük olsa da çuxura düşmüş xırda gözləri par-par parlayırdı, – sözünə qüvvət verəsi oldu:
– Düzü sən deyəndir. Əlbəttə, Artsax!
– Deyirəm də, gördünüz ki! – cılız adam nədənsə sözünün ardını azərbaycanca dedi, – Gərək saqqal saxlayam.
Belə-belə ara açıldı, Laura hiss elədi ki, boğazını yaşlamağı əməlli-başlı işinə yarayıb, kefi ala buluddadır. Gah xəyala, gah yuxuya daldı, arada deyib-gülən qızlara qoşulub qəmli mahnılar oxudu. Başını bir də o vaxt qaldırdı ki, hamının dilindən kədər süzülür:
Ğars, Ğars, Ğars,
Ay in sirun hars!
Yerb du norits
Hayastan kveradarnas?
O böyüklükdə avtobusu öz əhvalına necə köklədi, radionun səsi nə vaxt azaldı, yol haçan yarı oldu, bilmədi. Hamı zümzümə, o isə xəyal edirdi: bəxt üzünə gülməyə bilər, burda anlaşılmaz nə var ki? Qismətdir bu. Bəs ürək qızdırası yar-yoldaşa nə söz? O niyə olmasın? Bəyəm dərdini deyib yüngülləşmək, həyatdan az-çox zövq almaq da bəxtlədir? Əgər belədirsə, çox pis. Onunku bu işdə də gətirməyib. Biri elə Liana. Hər şeyi yaxşıdır, yanımcıl, qaynayıb-qarışan, amma niyə tək onun əri özünü çardaqda asdı? Məgər davaya getmək istəməyən bir o idi? Asıb, özünü bədbəxt, arvadını isə divanə elədi. O gündən çarxı döndü zavallının, havalanıb çöllərə düşdü. Dinib-danışmaz, key-key tamaşa edər, hamıdan gen gəzərdi. Azar-bezarı azdırmı, bir yandan da o gedib yük olsun?
Yaxud Marquş özü, ürəyini də çıxarıb verər adama, di gəl ağzıyırtığın biridir, peşmansan söz deyəsən, səhərin gözü açılmamış bir də baxacaqsan, bütün kənd səndən danışır.
Beləydi işlər, Lauranın rəfiqə sarıdan da bəxti gətirməmişdi.
Sürücünün maqnitofonu işə salmağı ilə müğənninin şaqraq səsi salonu bircə anda doldurdu:
Yağış yağır, sevgilim,
Sular axır, sevgilim.
Yarpaqlar gəlin kimi
Sırğa taxır, sevgilim.
– Ara, bu, Zeynapdı, – deyən bayaq Lauraya qahmar çıxan adam idi, – Düşmən də olsa, gərək düzün deyəsən, yaxşı oxuyur kopah qızı.
– Bəlkə, Nairuhi ondan pis oxuyur? Hah?... – onun sözünü ağzında qoyan dərisi alabəzək – görünür o, vitiliqo xəstəliyinə mübtəla idi – sanki acığa azərbaycanca cavab verdi.
Mübahisə də bundan sonra başladı. Kimi dedi, müğənninin milləti olmur, kimi dedi, o, yalan sözdü, necə olmur, olur, lap yaxşısından. Belə oldu ki, məşhurların müzakirəsi də söz-sovsuz ötüşmədi. Söhbət Aznavura çatanda isə ara qarışıb məzhəb itdi. Sürücü moqnitofonu söndürüb:
– Qırın bir-birinizi, – dedi, – Siz nə bilirsiniz musiqi nədi?
Cüssəsiz adam:
– Hər oxuyanı Yerevana dəvət olunur? Ona Xalq artisti adı verirlər? Stadionda oxudurlar? – deməyini görmüşdü ki, qabaq sıralardan boy göstərən qadının şirin ləhcədə oxusu eşidildi:
Alnı açıq, qəlbi açıq Yerevan,
Əzəl gündən biz qardaşıq, Yerevan...
– Во, Во… – cılızın ayağı lap yer aldı: tək ona görə yox qadın azərbaycanca oxuyurdu, həm də ona görə ki, ona qoşulanlar da bir deyil, iki deyil, sanki xor oxuyurdular:
Havan təmiz, suyun sərin,
Qoynun geniş, eşqin dərin,
Könül verməz vəfasıza,
Qaragözlü gözəllərin...
Alnı açıq, qəlbi açıq Yerevan,
Əzəl gündən biz qardaşıq, Yerevan...
– Buna sözünüz nədi?! – deyib arıq adam təşəkkür gözləyən qadına başı ilə minnətdarlıq eləyəndən sonra o oturdu, – gec-tez elə də olacaq...
– Nə də olsa, bir o olmayacaq, – etirazını hikkə ilə bildirən uzun saçları ağappaq, qaşı-bığı isə qapqara tökməbədən bir adam ayağa qalxdı, – sən necə ermənisən ki, öz dilini qoyub itin-qurdun dilində danışırsan, bunlar da sənə baxıb oxuyur.
– Oxumaq pisdi?
– Yaxşıdı, amma türkcə yox! Bura səninçün Bakı deyil, erməni torpağıdır... Bura bizim vətəndir. Biz onu qanla əldə etmişik! Elə eləmə ki, səni avtobusdan düşürək.
– Ara matağ , Bakının bura nə dəxli? Biz musiqidən danışırıq. Yaxşı oxuyana niyə pis deyim? – arıq səsini qıssa da, dilini dinc qoymadı.
– Necə yaxşı oxuyurlar ki, oğrudur onlar, nələri var bizdən çırpışdırıblar, – qaraqaş yüz dərənin suyunu bir arxa caladı, – Moskvaya da yazdım bunu, “Известия” özü istəmişdi. Bilirsən adı nə idi?
– Deyərsən, bilərik.
– “Ad oğruları”...
– Hardan bildin oğru onlardır, biz yox? – sualı qaraqaşın ağzını şampan tıxacı kimi açdı:
– Mən sübut eləmişəm ki, dolma, plov, kabab kimi onlarla istilah tarixən erməni mətbəxinin məhsulu olub. Bu, bisavadların başı üçün deyil.
– Görürəm necə savadlısan, kababa erməni sözü deyirsən.
– Tək bu deyil. Mən onların qədim qrabar dilində olduğunu da üzə çıxarmışam.
– Onda sən böyük adamsan ki! – arıq qımışdı.
– Bu gün məni Akop Dilaçar, Yervand Sevortyan kimi dilçilərlə müqayisə edirlər. Artsax uğrunda gizli mübarizələr dövrü olmasaydı, çoxdan professor idim.
– Maqbet Filipoviç, narahat olmayın, millət sizi o cür də tanıyır, – bakılı ilə yan-yana oturan bir çoxbilmişin – ensiz sifəti, uzun burnu onu o qədər gülünc göstərmirdi, nə qədər ki qalın şüşəli eynəyinin arxasından görünən oynaq gözləri göstərirdi – yuyulmamış qaşıq kimi özünü ortaya atmağı ona ad-famili ilə müraciət edən professorun canına yağ kimi yayıldı, – Mən Nevtonun balaca qardaşıyam, həmişə deyirdi, kamança bizim olub.
– O da bizim olub, tar da! Gen-bol yazmışam bundan.
– Bəlkə, deyəsiniz “Sarı gəlin” də bizimdi?
– Şübhən də var? – cəvcələri ağ köpüklü qaraqaş yerindən irəli dartındı. Deyəsən, arığın üstünə hücum etmək fikri vardı.
– O səninçün Puy-puy siçanı deyil, – bakılı da asanca təslim olana oxşamırdı, – Sən orda bir erməni sözü göstər, avtobusdan özüm də düşərəm... Ara,
Sedrak, saxla, düşən var! – Hah... Göstər görək!
“Professoru” müsahibinin tərsliyindən də çox, onun lağ-loğazı hərəkətə gətirdi:
– Sayat Novanı tanıyırsan?
– Onu kim tanımır? Bizi savadsız bilmisən?
– “Sarı gəlin” onundu. Zəhmət çək, get qəbrini aç, özündən soruş niyə yoxdur?
– Onda da belə deyirsən. Mənim Tiflisə getməyə həvəsim var? Professor sənsən, sən də get!
Filipoviç daha özünü saxlaya bilmədi:
– Səni bura vəkil göndəriblər?
– Ara, nə vəkil? Adam düz danışanda vəkil olur? Elə bilirsən kefdən gəlmişəm? Bakıdakı ordan qovub, Yerevandakı burdan. Rədd olsun hamısı. Bəs mən harda yaşamalıyam, göydə, ya köstəbək kimi yerin altında?
– Bakıdakı qohumlarını yaxşı tanıyırıq biz.
Diktor elan edəndə ki, Vahan Teryanın həyat və yaradıcılığına həsr olunmuş ədəbi-musiqili veriliş başlayır, “professor” hələ də susmamışdı:
– Desəm ki, tarixdə Ermənistan erası başlayıb, buna şübhəniz olmasın. Artıq reallıqdır bu. Ağır, çətin günlərdən keçirik. Aramızda ictimai fikri çaşdıran təxribatçılara qətiyyən yer olmamalıdır. Bizi öz yolumuzdan heç nə sapdıra bilməz. Görürəm, bu adam agentdi, özü də xəbərsizdir ki, onu şəxsi ambisiyalarının alətinə çevirənlər var. Fikrim bunu demək deyil, söz açıldı ona görə... İstəyirəm biləsiniz ki, vaxt gələcək misal gətirdiyim bu təbirlər, yəni incə dil faktları bizə ideoloji silah kimi çox lazım olacaq. Türkdən daha qədim olduğumuzu sübut üçün! Ermənistan tək ordusu deyil, tarixi, dili, maddi-mənəvi irsi ilə də böyükdür.
Radio öz işində idi:
– Vahan Teryanın davası su olmayan yerdə körpü, sərbəst şerdə qafiyə axtaranlarla idi...
Qaraqaş susandan sonra pıçıltılar da kəsildi, hamı tısbağa kimi ehmal-ehmal qınına çəkildi. Gərgin mübahisə yüyrük kimi yırğalanan avtubusa özü ilə
şirin yuxu əhvalı gətirmişdi. Yan-yana oturmaqlarına baxmayaraq, bir-birini xəlvətcə, altdan-altdan süzməkləri olmasaydı, heç bakılı ilə çoxbilmişi də bayaqkı adamlar sanmazdın.
– İstəyirəm bir söz deyim, üzüm gəlmir, – yolboyu gözünü Lauradan çəkməyən bir nərmə-nazik yerini ön cərgədən dəyişib onun yanında oturmağa icazə alanda salon artıq sükuta qərq olmuşdu. Radiodan aparıcının səsini müşayiət edən klassik musiqi süzülürdü.
– De, Allahın sözüdür, – Laura dinləyicilərə mane olmasın deyə ehmalca eşitdirdi, – burda utanmalı nə var axı?
– Bilirsənmi?
– Desən, bilərəm, – Laura xəfifcə gülümsündü, – elə bil ürəyini açırsan, on yeddi yaşın var...
– Elə o cür bir şeydi, – təbəssümdən qadının üzündə çiçək açıldı sanki, – Bayaqdan göz qoyuram sənə, ürəyimə yatmısan. Qadın ola-ola özüm də sənə vuruldum. Görürəm, üz-gözün, ağız-burnun kimi ağlın da yerindədir.
– Aha!
– Bedros gündə Krasnodardan yazır ki, bacı, mənə bir yaxçı qız... Mən də qalmışam belə. İcazə verəsən dilindən ona bir söz yazam, həm bizim, həm də burdakıların ürəyi açıla. Xahiş edirəm, yox demə, bir qız bir oğlanındır.
– Yaz, niyə yazmırsan? – Laura əllərini şappıldadıb güldü. Bunu görən qadın lap açılışdı:
– Orda şahlara layiq imarəti var, özüm də gedib görmüşəm. Adam gəlmək istəmir. Artsaxdan da canın qurtarar.
– Sən Lauranın nəyini görmüsən, canım-gözüm, nəyim qalıb mənim? – Laura elə dərindən köks ötürdü, sanki rüzgar sona vardı, – Yaz ki, bir qız gördüm, Laura adında, davada ölübdü cavan yaşında... İndi isə müqəvvasını gəzdirir.
– Silva Kaputikyan özünün mənəvi atası sandığı şair barədə haqlı olaraq yazırdı: “Vahan Teryan bizim günlərdə yaşasaydı, Artsaxın öz azadlığına, hayların öz ikinci vətəninə qovuşması onun üçün əsl ilham mənbəyi olardı” – radio yenə öz işində idi...
Avtovağzalda həmkəndliləri Baməzə Oveslə totuq-motuq Firanı gendən görəndə çiçəyi çirtladı Lauranın. Gözlədiyi kimi, çöpəgülən arvad öz həyatını ona bittə-bittə danışdı: Oveslə harda tapışıblar, ürəklərini bir-birinə necə açıblar, yetmiş-səksəninci illərin unudulmaz Rusiya xatirələri, bir çoxu kimi onların da Artsaxa kabab iyinə gəlməyi, daha nələr, nələr... Kəndə çatmağa üç-dörd kilometr qalanda Lauranın o cür şən-şux məclisi yarımçıq qoyub səbəbsiz-filansız isti və yimşaq “Jiquli”dən düşmək qərarı maşın yiyələrini əməlli-başlı şübhəyə salsa da, təəccüblərinə rəğmən o bunu da elədi.
– Siz gedin, yolunuzdan qalmayın, – Laura dördyolda onlara son xəbərdarlığını elədi, – yəqin ki, bir-iki saat ləngiyəcəm burda, işim var.
– Lazımdır gözləyək, – nədəsə Lauranın qəlbinə dəydikərini güman edən ər-arvad dərhal əl-ayağa düşdü. Fira onun nədən belə qərara gəldiyini pıçhapıçla soruşsa da, Laura xəlvətcə qarnını göstərib uşağa görə qalan yolu bir yük maşınında getmək fikrində olduğunu Oves onları baş-başa qoyub düşəndən sonra da bu dünyadan bixəbərə anşıra bilmədi ki, bilmədi, söhbətin uzandığını gördükdə isə:
– Belə gətirdi, siz mənə fikir verməyin, – deyib kipçərək çantasını yeniyetmə çılğınlığı ilə çiyninə aşıraraq yol kənarındakı sınıq-salxaq maşına tərəf getdi.