Net - Aliq Nağıoğludan yeni hekayə
MANERA.AZ Aliq Nağıoğlunun yeni hekayəsini təqdim edir.
– Aleksandr ağlaya bilmir, – sonbeşik qardaş ortancıla dedi.
– Ağlaya bilmir, yoxsa ağlamır?
– İstəyir ağlasın, gəl ki, gözlərindən yaş çıxmır.
– Ən çətin işdir bu... Çadırda çox adam var?
– On nəfər ola-olmaya. Molla “Net”nən danışır.
– “Net”in də başı xarab olub eyy... Cəhənnəmə ki, qoy danışsınlar.
– Gəlin çadırda oturun da, özümüz oturmasaq, özgə oturmaz axı...
– Sovxa siqaret qoyur ki, dərd vurub içimə, nə yaxşı bu zəhrimar varmış...
Çadırda hələ də kəndin mollası keçmiş sovxoz direktoru ilə mübahisə edirdi.
– Ən birinci kənddə mənim kompüterim olub, ali məktəbə girəndə böyük qıza almışdım. Ancaq özüm, sözün düzü, düymələrini tanımıram.
– İstəsən, öyrənərsən. Mən gör neçə yaş səndən böyüyəm. Sən dünənki uşaqsan. Orda hər şeydən öyrənmək olur. İstədiyin məlumatı bir anın içində tapa bilirsən.
– Onsuz da özümə aid olan şeyləri bilirəm. Qoy cavanlar öyrənsinlər.
– Cavanların işi fırıqdır. Müharibə başlayacaq axı...
– Deyirəm də, Balı korluq eynəyini bir həftədir vurur...
– Onu niyə deyirsən, dezertir Cimi motosikleti sürmür daha, yenə axsayır, bu səfər lap əcaib... Ara yerdə badımcanlar yanacaq... Vəziyyət yaman gərgindir. Televizorda açıq demirlər ki... Bu dəfə torpaqlarımızı mütləq alacağıq, inşallah!.. Qəbir üstə dünənki vaxtı gedəcəksiz?
– Həə... Qal ehsana, onsuz da adam azdır.
– Yoox... Vaxtdır, dəli kimiyəm, görüm nə var, nə yox netdə... İki saatdan sonra burdayam.
Qalxdı, çadırın ayağına çatmamış, qayıtdı, sarı kəhrəba təsbehini unutmuşdu.
Kəndin mərkəzində iri marketin qabağında sahibi Vadardan başqa kimsə yox idi. Narahat, əsəbi halda var-gəl edirdi. Salam verib, keçmək istədi.
– Daha dözə bilmirəm, “Net”...– ağlamaqdan qalırdı. – Oğraş utanmır, alverə bura gəlir, gədə də onun xidmətində durur. Qərəzəynən hamısı da gözlərimin qarşısında baş verir.
– Səbirli ol. Deyirdin “Naftalan”a yazılıbsan, çıx get də... Unudarsan.
– Nəyi?! Sən nə danışırsan? Heç nə dediyini başa düşürsən? Mütləq ölməlidir! Başqa yol yoxdur!
– Öz ömrünü puç edəcəksən. Bəlkə bu işi oğlun görsün, hə? Cavandır...
– Suss... Gədənin bu işdən xəbəri yoxdur. İndiyə kimi toyuq başı kəsmiyib.
Heç anası da bilmir...
– Bu ətrafda o yekəlikdə cavan var?! Neynək, onda erməni başı kəsər.
– Elə niyə?
– Bə bimirsən?! Müharibə başlayacaq!.. Bu dəfə dığaları tamam qovarıq, görərsən.
– Netdə yazıllar?
– Həəə....– qəfildən Vadarı gic gülmək tutdu; yadına düşdü ki, bu cür qeyri-adi hərəkətlərinə görə məclislərdə görünəndə kənd əhli “gecə-gündüz intenetdə oturduğundan havalanıbdı” deyə arxasınca şəbədə qoşur.
– Nöş keçindin? Buna da inanmırsan?
– İncimə, “Net”, alayı şeyi xatırladım. Sən orda axtar, gör belə vəziyyətdə adam öldürənə neçə il iş kəsilir. Al, bu da haqqın.
– Hər şeyi pulnan ölçmə, tacir qağa, sənə xatir baxaram. Getdim.
* * *
Saat dördü göstərirdi, bir yarpaq belə tərpənmirdi. Bu il istilər yaman tez düşmüşdü. Hətta həyət quyularının suyu da xeyli azalmışdı. Odur ki, bağçanı suvarmaqdan vaz keçib, yas yerinə yollandı.
Çadırın ağzında mərhumun axırıncı oğlu qoluna girib kənara çəkdi.
– Xətrinə dəyməsəydi, “Net”, bir söz soruşardım,– həyəcanlı olduğu aşkar görünürdü.
– Nədən istəyirsən soruş, – bir anda qürurlandı, –xətrimə dəysə, çay içərəm.
– Bizim Aleksandr son illəri Rusiyada yaşayıb. Kişi canını tapşıranda da onu görməyib. İndi ağlamaq istəyir, ancaq bacarmır. İnan ki qovrulur, çırpınır, haldan-hala düşür, amma gözlərindən bir damcı yaş çıxmır. Sənnən sovet dönəmi sovxozda işləyib, xasiyyətinə də bələdsən, bəlkə çarəsini biləsən, bu zülümdən canı qurtarsın binəvanın.
– Keçib day, onu apar tövləyə, bir dənə taraş ver, amma bilən olmasın.
– Hə-ə?
– Hə. Bura bax, bunu mən demədim haa,– sağ qolu dirsəkdən qatlaqlı halda ayrılıb çadıra adladı. Molla, sən demə, onları kənardan müşahidə edirmiş.
– Onun əlacı məndədir, ay bala... Hər şeyin qiyməti var da... Kompüter bilən iş deyil bu... Belə görürəm, bir azdan ölülərinizi də telefon yerdən götürəcək. Çaylarınızı için, Quran tapşıracağıq, sonra da qəbir üstə ziyarətimiz olacaq.
Tapşırma bitməyə az qalmış sonbeşik oğlan gəlib sakitcə yanında oturdu.
– Allah səndən razı olsun, “Net”. Amma dayanana oxşamır, görəsən çox çəkəcək, – xısın-xısın irişdi.
– Qoy ürəyini boşaltsın!..– heç halını pozmadı.
Qəbiristanlıqdan qayıdandan sonra, fatihə verildi, mərhumun yaxınlarından başqa hər kəs dağıldı.
* * *
Kəndin yeganə böyük marketinin qabağında sahibi Vadar arxası yola tənha durmuşdu. Onu görcək dərhal çevrildi.
– Hamının möhübünü düzüb-qoşursan, allah saxlamış. Kənd arvadları danışır ki, Aleksandrı ovundura bilmirdilər. Səbəbini bilən olmasa da, savabını səndə görürlər.
– Kənddən sirr çıxmır, özün bilirsən ki... Deməyin nədir? – duruxdu.
– Mənim işimə də əncam elə, başına dönüm, açıb-ağartmaram vallah, dərd içimi yedi qurtardı... Yazığın gəlsin, o hadisədən bəri bir nəfər də olsa, həndəvərimdə dayanmır.
– Belə baxanda sənin işin lap asanmış,– elə bil nəyisə xatırlamağa çalışırdı.
– Obeddə girmişdim yenə... Dünya praktikasında oxşar hadisələr çox olub...
– Necə yəni?..
– Ştirlisi tanıyırdın? Yəni kinosuna baxmısan da...
– Həə...
– Onu oynayan aktyoru necə?
– Tixonovu o vaxtı hamı tanıyırdı...
– O mütrüf özü gəlib arvadını məşhur yazıçı ilə tutub, eynən sənin kimi, fərq burasındadır ki... – əlindəki siqareti damağına qoyub tez yandırdı. – Fərqi sənə başa salmağa gərək yoxdur...
– İndi çıxır üzə?
– Bizim zəmanədə hamı hər şeyi bilir. Çoxu üzə vurmur, lakin fürsət düşəndə kitab yazır. Arvad oynaşına haqq qazandırıb, “noolsun sən məşhur və yaraşıqlısan, amma o qədər qurusan ki, mənə vaxt da ayırmırsan” deyib. Belə-belə işlər... Bu traktorist it oğlu, adama-zada da oxşamır, əli-üzü latar-latardır. Mən kişiliyimnən eşidəndən özümə yer tapammıram. Dəyyusun dədəsi yas yerində oturub yekə-yekə abırdan-ismətdən danışır...
– Elə bu?!..
– SSRİ-nin əvvəl-axır prezidentinin də arvadı ayağısürüşkən imiş, babalı yazanın boynuna, guya əlbəəl təhvil verirmiş asılı olduğu özündən böyük vəzifəliyə...
– O xallı kişini deyirsən də...
– Boğazını arıtla... Hmm... Arvadı çoxdan dünyasını dəyişib, kişi qırığı hələ durur, qurban olduğum bunun da “mükafat”ını belə verir. Odur ki, çox dərinə getməyinə dəyərmi, yoxsa yox, uje sənlikdi, – dəyirmilənmiş dodaqlarından çıxan tüstünü düz onun sifətinə üfürdü. Bərəlmiş nəzərləri bir müddət yaraşıqlı marketin üstündəki iri hərflərdə ilişib qaldı.
– Bu nədir beləə?!..
– Oğlanın adıdır... Onun şərəfinə qoymuşam– “DƏYANƏT”, – qımışmaq istədi.
– İmkan olsa, dəyişərsən, oğlanın adında işin olmasın, – şlayapasını başından qaldırıb market sahibinin başına keçirdi, – heç olmasa buna heyfin gəlsin, iyunun günəşi yandırır axı. Gedim görüm netdə daha nə var, nə yox?!