Alnının qırışlarında min ilin ağrıları - Yeni şeirlər

MANERA.AZ Təranə Dəmirin yeni şeirlərini təqdim edir.
***
Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı...
Çəpərləri qamışdan,
Doqqazları taxtadan quruluydu,
Qapıları qonaqlı, qaralıydı.
Dörd tərəfi çiçəkli, otluydu,
Qızları həyalı,
Oğlanlatı ağ atlıydı.
Çörək ətirliydi,
Sevgi çətirliydi.
Tox idi İti, pişiyi,
tavanından asılardı uşaq beşiyi.
Xallı-xalçalıydı,
Mütəkkəli, nalçalıydı.
Gecələr hamı lampa başına yığışardı,
Nənələr nağıl danışardı,
Nəvələr noğullaşardı.
Göz açıb yumunca dəyişdi hər şey,
Sökdülər döşəməsi gil,
divarı şirəli evləri,
Qonaqlı evləri, qaralı evləri.
Divar-divar sökdülər,
Hasar-hasar sökdülər.
Yerində daş imarətlər ucaldı,
Bacasından tüstü çıxmayan,
Pəncərəsindən günəş baxmayan.
Nənələr babalar köç etdi,
Atalar, analar qocaldı.
Sonra cığırları kol,
Adamları qaramat basdı.
Sevgilər bölündü, azaldı, kiçildi,
Evlər rəngiylə, adamlar paltarıyla seçildi.
Kişiləri adıyla yox, cibiylə çağırdılar,
Hasarıyla, qapısıyla, bacasıyla ,"Cip"iylə çağırdılar.
Sonra nifrət başladı,
Sonra paxıllıq, bəddua, göz yaşı ,
Sonra hamı şeytanı daşladı...
Döşəməsi gil, divarı şirəli evlər vardı,
Pəncərəsi səmaya baxardı...
***
Tüstüsü başından çıxır buludun,
Hirsini dağlara, daşlara tökür.
Tökür ağaclara , tökür yollara,
Yuvalara tökür, quşlara tökür,
Mənim bu yağışa yazığım gəlir.
Kimin baharından keçir görəsən,
Kimin payızına, qışına yağır?
Kimin ocağına, kimin külünə,
Kimin ürəyinin başına yağır?
Mənim bu yağışa yazığım gəlir.
Bulud da sözünü yağışla deyir,
Harayı yağışdı, hayı yağışdı.
Göyündən Yerinə əliboş gəlmir,
Sovqatı yağışdı, payı yağışdı,
Mənim bu yağışa yazığım gəlir.
Pəncərə-pəncərə yağır səhərə,
Pəncərə-pəncərə islanır şəhər.
Yuyunur, daranır yağışın altda,
Yağış paltarında nazlanır şəhər,
Mənim bu yağışa yazığım gəlir.
***
Ağaclar kökündən yapışıb durub,
Külək acığını budaqdan çıxır.
Yayın ortasında, küləyin altda
Ağaclar neçə qat yarpaqdan çıxır.
Döyür gözlərini yenə küçələr,
Edir bir-birinə tənə küçələr,
Təzə paltarında köhnə küçələr
Yenə külək-külək sınaqdan çıxır.
Divarlar küləklə verir səs-səsə,
Hayları, küyləri düşür dənizə,
Bu gün dəli olub küləklər nəsə,
Gah qaradan çıxır, gah ağdan çıxır.
Gah göyə dırmaşır, gah yerdə əsir,
Dənizdə, limanda, sahildə əsir,
Şəhərin üstündə ayrılıq gəzir,
Bir şair hirsini varaqdan çıxır.
***
Baxıb saçımın ağına
Məni qoymadı yaxına,
Keçdim soluna, sağına,
Tanımadı güzgü məni.
Güldü üstümə, başıma,
Gəlmədim deyən xoşuna,
Tutdu tənə yağışına,
Tanımadı güzgü məni.
Düşmədi üzüm yadına,
Söhbətim, sözüm yadına,
Oxşatdı hansı qadına?
Tanımadı güzgü məni.
Məni sual-sual süzdü,
Məni xəyal-xəyal süzdü,
Mən danışdım, güzgü susdu,
Tanımadı güzgü məni.
Yatmışdı, gəldim oyatdım,
Ağladım, güldüm, oyatdım,
Yaz getdim, payız qayıtdım,
Tanımadı güzgü məni.
***
Burda zaman dayanıb,
Bu nə sükutdu, Allah.
Gün də qaçıb gizlənib,
Hər yan buluddu, Allah.
Sıra-sıra məzarlar
Hərəsi bir biçimdə.
Dayanıb yol gözləyir
Hamı daşın içində.
Burda gəlib gedənlə
Ölülər hesab çəkir.
Hərə öz daşı altda
Görən nə əzab çəkir?
Hayana boylanırsan
Ayrılıqdı, həsrətdi.
Məzar-məzar qaranlıq,
Şəkil -şəkil sərhəddi.
Hər daş yıxıla-dura
Keşik çəkir qəbrinə.
İlahi, bu daşların
Səbrinə bax, səbrinə.
***
Ay əlləri qabarlı,
Üst-başı bulaşıq qız.
Yanağını gün döyən,
Saçları dolaşıq qız.
Bu şəhərin balaca,
Ac sakini, gün aydın.
Bilirəm ağlamısan,
Gözündəki nəm aydın.
Yıxılma, dizlərini
Daş qanadır, yer əzir.
Sənin ayaqların yox,
Baxışların tələsir.
Deyirlər dilənçisən,
Öz adın nədi bəs, qız?
Sevgisi qəpik-quruş,
Xəyalları şikəst qız.
İnanma bu şəhərin,
İşığına, balaca.
Burda qaranlıq düşür
Adamın arxasınca.
Bu şəhərin gecəsi,
Gündüzü yalançıdı.
Açma ovuclarını,
Göy üzü yalançıdı.
***
Baş açmırıq sözümüzdən,
Əyrimizdən, düzümüzdən,
Hər gün bir az özümüzdən
Əlimiz üzülüb gedir.
Düz yolumuz qala-qala,
Əyilirik sağa, sola,
Yada calaq ola-ola
Kökümüz kəsilib gedir.
Səs batıb küyün altında,
Dil yatıb düyün altında,
Bu boyda göyün altında
Yer necə əzilib gedir.
***
Köhnə kənd,
Kərpic evlər,
Yollar, ağaclar, kölgələr.
Yalına yalmanan itlər,
Qoyunlar, quzular, atlar.
Araba cırıltısı,
Qurbağa qurultusu.
Dəryaz səsi,
Ot xışıltısı.
Aynabənddən sallanan arı pətəsi,
Qarışqalar, çəyirtkələr, İlanlar,
pişiklər, siçanlar.
Sərçə yuvasına daş atan uşaqlar,
Yolun qırağında tum satan qarı
ovcunda qabar,
qabarın üstündə dəmir pullar,
Pulların üstündə dualar...
Havada torpaq qoxusu,
İçində rəngli-rəngli arzular.
Ulduzlu gecələr,
Tər-tərtəmiz xəyallar...
Lampa işığı, kitablar ...
Eh, nələr, nələr...
Sonra təyyarə biletləri,
Uzaq şəhərlər,
Binalar, küçələr,
Limanlar, dənizlər,
ayrılıqlar, əzablar...
***
Yana-yana külüm qalıb,
Yağır külümün üstünə.
Səssiz-səmirsiz gedirəm,
Hər gün ölümün üstünə,
Nədi közümdən çəkdiyim?
Dörd tərəfim qaranlıqdı,
Mən də tənha yalquzağam.
Hardan tapdı bu Söz məni,
Mən ki, hamıdan uzağam,
Nədi sözümdən çəkdiyim?
Neynirəmsə çiçəkləmir,
Ürəyim daş yuvasıdı.
Çöldə günəş gülümsəyir,
Ruhumda qış havasıdı,
Nədi özümdən çəkdiyim?
Xəyallarım baş aldadır,
Aldadır dərə, dağ məni.
Görək harda azdıracaq
İçimdəki uşaq məni,
Nədi üzündən çəkdiyim?
***
Yay gecəsi,
Tənha otaq,
İçimdə fırtına,
gözümdə qaranlıq,
qulaqlarımda cırcırama səsi
Asılmışam zamandan.
Yanımda dolaşır ruhumun kölgəsi.
Kirpiklərim yanaqlarımda,
Ürəyim ovcumda çırpınır.
Ciyərim yanır,
Ocaq qoxuyur nəfəsim,
Dodaqlarım susayır göz yaşlarına,
Saçlarıma sığal çəkir barmaqlarım,
Əllərim utanır.
Baxışlarım rəsmini çəkir darıxmağın,
Gecəylə, bürküylə, sükutla
baş-başa verib dadın çıxarırıq ayrılığın.
***
Eyni payız,
Eyni şəhər,
Eyni ayrılıq,
Eyni həsrət,
Eyni qədər,
Eyni peşmanlıq,
Eyni kədər...
Xəyallar, xəzəllər, küçələr.
***
Asılmışam pəncərədən,
Bu küləkdən, bu gecədən,
Yenə də zülmət küçədə
Dolaşır ruhum, dolaşır.
Mən tənhayam, gecə tənha,
Külək tənha, küçə tənha,
Ürəyimdə neçə tənha
Düyünüm, dağım dolaşır.
Başımda yüz qara fikir
Gecəni canına çəkir,
Şeir-şeir, şəkil-şəkil
Dilimdə ahım dolaşır.
Ayrılığın rənginə bax,
Həm yaxınsan, həm də uzaq,
Divar-divar, otaq-otaq
Üstümdə qoxun dolaşır.
PƏNCƏRƏ
Büründü pəncərə göz yaşlarına,
Bir qadın çiynindən atdı yükünü.
Açdı ürəyini boş küçələrə,
Pəncərə-pəncərə tutdu yükünü.
Min həsrət cücərdi yağışın altda,
Cücərdi, böyüdü gecə boyunca.
Bir pişik bir siçan ovuna çıxdı,
Yüyürdü, yıxıldı küçə boyunca.
Bir ac köpək kimi uladı külək,
Uladı o başa, bu başa qaçdı.
Tutdu ağacların qol-budağından,
Ayağı dolaça-dolaşa qaçdı.
Yiyəsiz itlərin səsi kəsildi,
Quşlar yuvasına çəkildi, yatdı.
Pəncərə-pəncərə yıxıldı şəhər,
Pəncərə-pəncərə büküldü, yatdı.
Pəncərə-pəncərə yuyundu gecə,
Pəncərə-pəncərə duruldu qadın.
Pəncərə-pəncərə açıldı səhər,
Pəncərə-pəncərə yoruldu qadın.
***
Sizinlə çox savaşdım,
Dərə keçdim, dağ aşdım,
Hamınızla barışdım,
Ağrılar, ay ağrılar.
Məni hara çəkdiniz,
Məni dara çəkdiniz,
Boğazıma çökdünüz ,
Doğrular, ay doğrular.
Məni məndən aldınız,
Dilə, dişə saldınız,
Qismətimi çaldınız,
Oğrular, ay oğrular.
***
Bu gün külək havalanıb deyəsən,
Bu ağacı qayçılayır səhərdən.
Həsrətini, nisgilini toplayıb
Yavaş-yavaş payız dönür səfərdən.
Budaq-budaq küsüb gedir yarpaqlar,
Küsüb gedir, heyif çıxır ağacdan.
Külək-külək silkələnir budaqlar,
Xəzəl-xəzəl yağış yağır ağacdan.
Yarpaqlarla halallaşır bu ağac,
Bir bahar da başa vurur ömrünü.
Budağından qopub düşən xəzəllər
Dağa verir, daşa verir ömrünü.
Bir nağıl da sona çatır beləcə,
Hava şıltaq, səma bulud, torpaq ac.
Bir də haçan günəş doğar bu yerdə,
Bir də haçan yarpaqlayar bu ağac?
***
Bir gecə də öz taxtından yıxıldı,
Bir səhər də taxta çıxdı təzədən.
Günəş doğdu, ay gizlətdi üzünü,
Bir ümid də şahə qalxdı təzədən.
Bir zülməti yola saldı ləpələr,
Dəniz yenə qaranlığın soyundu.
Göy üzündən işıq düşdü üstünə,
Yenə şəhər nur selində yuyundu.
Yarıpayız, yarıbahar ağaclar
Salamladı yuvasında quşları.
Yağış-yağış, külək-külək sevindi
Bu şəhərin divarları, daşları.
Bina-bina yuxusundan oyandı,
Addım-addım ayaq açdı küçələr.
Göyərçinlər sahil-sahil dağıldı,
Oğrun-oğrun dənə qaçdı sərçələr.
Budağından qopub düşən xəzəllər
Küçə-küçə küləklərlə yarışdı.
Yeni günü salamladıq beləcə,
Payız bizə, biz payıza qarışdıq.
***
Şair Əlisəmid Kürə...
Alnının qırışlarında min ilin ağrıları,
Baxışlarında min ilin təəssüfü var.
Arada gülümsəyirsən əzabların üzünə,
Ancaq mən gülüşünün altından axan göz yaşlarını yaxşı görürəm, şair.
həsrətə təşnəsən deyə gülümsədikcə bir az da susuzlayırsan,
Ciyərin yanır ayrılıqdan sarı.
Sən susadıqca təp-təzə Söz doğulur ayrılıq rəngdə.
Danışdıqca bir az da böyüyürsən həqiqətin gözündə,
Susduqca bir az da...
Bilirəm, nigaransan dünyadan, adamlardan, ağaclardan, ağaclara daş atan uşaqlardan,
Qar altında dən axtaran quşlardan, qarışqalardan –
Hər şeydən, hər kəsdən nigaransan,
Elə özündən də...
Əllərin cibindən, cibin sərçələrdən utananda göy üzünə yağış ismarlayırsan arada,
Bilirsən ki, səmada bizə ən yaxın buludlardı, buludlar.
Sən kədəri qədəh-qədəh başına çəkdikcə hardasa bir ümidin üstünə qapqara kölgə düşür,
Hər gün bir qədəh ümidsizləşirsən beləcə.
Hələ əzablara, həsrətə, tənhalığa qədəh-qədəh meydan oxumağını demirəm,
Mən çox şeyi gizlədirəm səndən,
Çox şeyi demirəm, şair.
Eh, nöqtələr, suallar, nidalar!!!
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.