“...ağcaqovağa sarı gedəndə...” - Novella
MANERA.AZ Aliq Nağıoğlunun novellasını təqdim edir.
Beş yaşın içində idi. Tale yardımçı olmuşdu, anası az qala iki il onu özündən qovalamadı. Ola bilsin ki, buna səbəb ətrafda başqa maralların, yaxud ilin əsas vaxtı gizlənə bildikləri bataqlığın olmaması idi.
Ov mövsümü gələndə, ana maral ancaq özünə bəlli tanış cığırla onu kifayət qədər gizli sandığı bataqlığın dərinliyinə aparır, orada qamışlıqda iki gün, bəzən daha çox–ətrafda itlərin hürüşməsi, ovçuların çığır-bağırı kəsilənədək qalırdılar. İtlər onları bəzən tapırdı, bir xeyli dayanıb hürürdülər, ancaq onda anası uzaqlaşmazdı, axırda köpəklər bezərək qaçıb gedərdilər. İnsanlarsa bataqlığa yol tapa bilmirdilər.
Bir ara yaşca böyük erkək maral peyda olub onu qovdu, elə anası da artıq yaxına buraxmaq istəmirdi. Sərbəst yaşamaq üçün yaşa dolmuşdu.
O, iki dəfə cütləşsə də, hər ikisində yarısını itirmişdi–ovdan sonra tapmamışdı. Qan iyindən hiss etmişdi ki, onlar tələf olublar.
Hərdən güzarı bataqlığın olmadığı meşələrə düşürdü. Burdakı meşələrdə ovçuların itləri yox idi, sadəcə, meşəni o baş-bu başa qaçaraq bağıran üç-dörd insanın səsinə ov edirdilər, bu zaman adamlar gəlib keçəndə yolkaların sıx yerlərində gizlənmək olurdu. Onların getdikləri yerə yaxınlaşmaq təhlükəli idi, çünki həmişə ətrafa atəş açırdılar.
Ana maralların özləri, balaları yaxında səs eşidib, insanların üz tutub qaçdığı tərəfə cumduqlarına görə asanlıqla öldürülürdülər. Ona da qorxulu idi, amma o tərəfdən tez-tez atəş səsləri eşidilsə də, o, hələ sağ qala bilmişdi.
Adətən erkək maral gözləyirdi ki, qışqıran adamlar ötüb keçsin, onda yavaşca əks istiqamətə götürülürdü. Orada heç kəs yox idi, həm də yolu keçib, meşədə gizlənmək olurdu. Sonuncu yarısını bir az əvvəl itirəndən sonra, daha ehtiyatlı tərpənirdi. Artıq iki dəfə təklikdə özünü qorumalı olmuşdu.
Bu gün səhərdən bəxti gətirmədi. Növbəti ov, güclü küləkdən yıxılan ağcaqovağın qabığını gəmirəndə onu yaxaladı. Qabıq təzə, həm də çox dadlı idi; heç cür ayrıla bilmirdi. Yerdə azacıq qar vardı, ona görə də iz saxlamaq olmazdı. Pis olanı o idi ki, bu meşədə sıx cəngəllik olmadığından, gizlənməyə yer gözə dəymirdi.
Gözlənilmədən qışqırışma eşitdikdə nə etmək lazım olduğunu kəsdirmədi. Qaçmaq olmazdı, bu səbəbdən karıxıb yerində durdu. Bağıran adamlar atəş açmırdılar, bəzilərinin əlləri boş, bəzilərində dəyənəklər vardı, maral qərara gəldi ki, onları yaxına buraxsın, sonra bu zəncirvari halqadan qaçıb aradan çıxar. Həmişəkitək ancaq geriyə.
Amma onu görmüşdülər! Səslər ucaldıqca, o, buynuzlarını oynadıb arxaya dartınırdı. Fəndi alındı, səslərdən aralana bildi. O, qaçırdı, həm də heç cür yadına sala bilmirdi ki, küləkdən yıxılmış ağcaqovağın yanına gedərkən qar hələ yağmağa davam edirdi, yoxsa yox.
Bu da yol. O, sakitcə yaxınlaşdı, səs salmamağa çalışaraq dinləməyə, qoxulamağa başladı. Əks tərəfdən zəif külək əsdiyindən iyləyə bilmədi. Ümid təkcə qulaqlarına qalmışdı. Səssizlik idi.
O, ehtiyatla yola yaxınlaşdı, özünün aydın olmayan ayaq izlərini indi gördü. Deməli, yolu keçəndə qar yağırmış!
“Pis, çox pis!” Hərçənd geri qaçanda, ona atəş açmadılar! O, yolu keçməyə tələsirdi!
Bir sıçrayışla yolun bu üzündə, ikincisi ilə–artıq yolun o qırağında idi! Kanaldan sıçramaq üçün dartınanda, boynuna güclü zərbə dəydi, onun ardınca atəş səsləri eşitdi. Ağrıtmadı, amma ayaqları birdən qatlandı, elə bil göy onun üstünə yıxıldı. O, başa düşmürdü, nə baş verir.
“Niyə səma qəfildən alt-üst oldu?..”
“Göy üzü nə üçün belə tez qaraldı? Gün ki indi açılmışdı!”
Bəs niyə yerindən tərpənə bilmir?..
Ardınca sürətlə bütün vücuduna ağrı axdı, gözlərinə səmanın qaralması fonunda yaxınlaşan adam göründü... “Yəqin məni öldürdülər”, – deyə fikirləşdi... Maralın heyrət dolu gözləri ətrafa baxsa da, adamı daha görmürdü.
“– Necə oldu ki, ağcaqovağa sarı gedəndə, artıq qarın üstü ilə addımladığımı bilməmişəm...? Gərək heç çıxmayaydım”, –ani olaraq beynindən keçən fikir də öləzidi.