manera.az
manera.az

O sehrin narıncı işığı - Əlabbas Salam Qədirzadədən yazır..

📅 10.09.2025 10:08

O sehrin narıncı işığı - Əlabbas Salam Qədirzadədən yazır..
Ya doqquz, ya da onuncu sinifdə oxuduğum “46 bənövşə” tək qəlbimi doldurduğu sevinc və sevgiylə deyil, həm də sayagəlməz zinətləri ilə yadımda qalıb. Bir: o vaxtacan (1972–1973) bilmirdim ki, Salam adında adam var. İki: hələ o da gələ yazıçı ola! Demək, bu, yaxşı addır ki, yiyəsi elə-belə adam yox, yazıçı olub. Üç: o fikrə gəldim ki, “Dumanlı Təbriz”, “Madarın dastanı”, “Mehman”, “Dünya qopur”, “Şor cüllütü”, “Böyük dayaq”, “Dəli Kür” kimi, əsərə “46 bənövşə” adı da vermək olar.

Sadalanası daha neçə mətləb var ki, onlardan yalnız birini deməyim bir çox məqama işıq salmış olar: “46 bənövşə” məni qələm-kağızla ömürlük sirdaş elədi. O gün-bu gün, düz əlli ildi qələm döş cibimdədi!

Sonra “Qış gecəsi” gəldi, ardınca “Kəndimizdə bir gözəl var”. Hər ikisini, necə deyərlər, su kimi içdim. Məni ovsunlayan o sehrə tələbəlik illərində narıncı cildli “Sevdasız aylar” daha bir rəng qatdı. Gerçək budu! Unuda bilmədiyim bu yazıçının kitabları, illah da yumoristik hekayələri uzun illər masamın üstündən düşməyib! Bu gün, bu sətirləri yaza-yaza heç cür inana bilmirəm ki, Salam müəllimi 1960-cı ildə “Kirpi” jurnalına ona görə məsul katib təyin ediblər ki, (yeri gəlmişkən, böyük satirik 1976–1980-ci illərdə sözügedən jurnalın baş redaktoru olub) gedib yaxşı yumoreska və kəskin satirik əsərlər yazsın. Əksinə, qəti yəqinimdi ki, fitrətən yumorist olduğuna görə onu o illərin ciddi islahedici “silahı” sayılan jurnalına o cür məsul vəzifəyə irəli çəkiblər.

Günü bu gün də teatrlarımızın bəzəyi olan “Hardasan, ay subaylıq?”, “Gurultulu məhəbbət”, “Həmişəxanım”, “Şirinbala bal yığır” kimi komediyaları xatırlamaq bəs edər ki, yumor hissinin ustad sənətkarın canında, qanında, ruhunda, xislətində olduğuna bir daha inanaq. Hələ o illərdə bu, ədəbi tənqidin etiraf etdiyi fakt idi ki, Salam Qədirzadə ciddi və mənalı gülüşə söykənən əsərləri, verdiyi gizli-aşkar mesajları, lirik-psixoloji tipajları, lətafətli dili və təkrarsız üslubu ilə çağdaş ədəbiyyatımızda yeni bir məktəbin bünövrəsini qoyub. Onun bir-birindən maraqlı hekayələri istər mənəvi-ictimai sferada, istərsə də ailə və məişətdə, bir sözlə, cəmiyyətdə baş verən elə çatışmazlıqları fokuslayır ki, qələmə alındığı zamandan yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq, onlar elə indi də ciddi problemlərdən hesab olunur.

“Şlyapalı Mauqli” (“Xan” nəşriyyatı, 2015) kitabına toplanmış altı hekayə o sıradan olan problemlərə işıq tutan, onu ədəbiyyatın predmetinə çevirən çoxsaylı əsərin yalnız kiçik bir qismidir. Şekspirin əsl adının Şeyxi-Pir olduğuna, milliyyətinin isə ingilis olmadığına inanan institut müəllimləri, nə acılar ki, bu gün də ali təhsil müəssisələrində dərin yuva salıblar. Salam Qədirzadənin yazıçı hədəfində olanlar, gülüşünə tuş gələnlər məhz belələri idi! Bəyəm daha yoxmudur Canəli müəllimlər? İslah olunub qurtarıbmı onlar? Əsla yox! Cəmiyyətdəki mənəvi aşınmanı və onun kökü kəsilməz bir bəla olduğunu yazıçı hələ illər öncə görmüşdü. Hərdən adama elə gəlir, novruzəlilərin sadəcə adı dəyişilib, nadan elə nadandır! Bu mənada, Salam Qədirzadə kimi sənətkar üçün zaman və məkan anlayışı olduqca nisbi mahiyyət daşıyır.

Yaxud götürək “Bığ” hekayəsini. Əsərin nüvəsindəki süründürməçilik, insanları incidib də get-gələ salmaq, bir sözlə, bürokratik əngəlləri birbaşa hədəf seçib qabartmaq ustad sənətkarın yazı fəlsəfəsinə tam yad idi. O, Əzimin başına gələn təsadüfi bığ əhvalatının fonunda çox ciddi mətləbləri yazı masasına qoymaqla hədəfə aldıqlarını oxucusu ilə çox anlaşıqlı, şirin bir dildə ustalıqla paylaşmağı bacarıb. Hərdən elə düşünürəm ki, mütəxəssislər bunun üstündən sükutla keçsələr də, satiriklərin hamısı, o cümlədən də Salam Qədirzadə, bu cür yazı manerası ilə öz qarşısına ideologiyanın əsirinə çevrilən ədəbiyyatı buxovlardan xilas etmək məqsədi də qoymuş olub.

Hələ “Telefon” hekayəsi! Vur-tut 3 vərəqlik hekayə ilə müəllif nələri pıçıldamayıb oxucusuna? Hecə deyərlər, ədəbi priyom öz işini görüb! Telefon xəttinə, guya, təsadüfən düşən kənar danışıqlar sıradan olan elə-belə söz-söhbət yox, birbaşa müəllifin üstüörtülü eyhamlarıdı. Bax buna deyərlər, ustalıq!

“Şlyapalı Mauqli”də yer alan digər hekayələrdə də (“Ər-arvad təhlükəsizliyi ongünlüyü”, “Evlənəndə tələsməyin”, “Gözbağlıca”) böyük sənətkarın ilıq nəfəsi duyulur. Hayıf ki, Salam müəllimin şah əsərlərindən saydığım “Vəsiyyət” hekayəsi bu kitaba salınmayıb. Niyə? Məncə, Qədirzadə imzası ilə çıxan
hər kitabın zinəti sayılar bu hekayə.

Salam müəllimin qibtəolunacaq rəvan dili, özünəməxsus üslübu və şirin təhkiyəsi onun tək lirik əsərlərinə deyil, komediya və yumoristik novellalarına da xas olan ən aparıcı əlamətlərdəndir. O da yerinə düşər deyim ki, bəzən məşhur sənətkarların dilində işlənən hər hansı bir fikir və ya cümlə az vaxt içərisində ümumişlək leksikanın bəzəyinə çevrilir.

Böyük Üzeyir Hacıbəyovdan iki misal: “Tarixi-Nadiri yarıya qədər oxumuşam...” Digəri: “Heç hənanın yeridi?” Yaxud Mirzə Cəlilin məşhur deyimlərindən ikisi: “Bacılardan gözümə dəymir”. Digəri: “Allah sizə rəhmət eləsin, ölülər” Misalların sayını artırmaq da olar, amma məqsədim bu deyil, onu demək istəyirəm ki, Salam Qədirzadədən də yadigar qalan bu qisim misallar çoxdur. “O getdi, ətri otaqda qaldı” (“46 bənövşə”), yaxud Mur-Murun, yəni Murad Muradovun (“Bığ”) dilindən səslənən “Deyirəm, axşam olsaydı, bir doyunca yatardıq” kəlamları çoxdan dillər əzbəridir. Sadəcə, dərd ondadı ki, misal çəkilən məqamda müəlliflər yada düşmür. Amma bilən bilir sözün yiyəsi kimdir. Xiridarları və unutmayanları da var olsun!

Mənə həyat verənə ithafla, dil, ədəb-ərkan öyrədənlərə rəhmətlə, yazıçı dərsi keçənlərə hörmətlə

09.09.21


Baxış sayı - 309 | Yüklənmə tarixi: 10.09.2025 10:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031