Nəriman Əbdülrəhmanlı: "Yaradıcılıq həm də tale məsələsidi..."

MANERA.AZ Türkiyə Qars Kafkas Universitetininn müəllimi dosent dr. Afina Məmmədli-Barmanbayın yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı ilə söhbətini təqdim edir.
- Son bir neçə ili sizin sənət yolunuzu araşdırmaqla keçirmişəm. Bu müddət ərzində verdiyiniz bütün ədəbi müsahibələri nəzərdən keçirdim və axtardığım bir çox suala cavab tapdım. Həm də əsərlərinizin sizi əks etdirən hissələrinə diqqət yetirməklə həyatınız və xarakteriniz haqqında daha çox məlumat əldə edə bildim. İlk növbədə qeyd etmək istərdim ki, ədəbi şəxsiyyətiniz və sənətiniz haqqında geniş monoqrafiya yazmışam. Son yoxlamalardan sonra kitab çap mərhələsinə keçəcək. İndi edəcəyimiz söhbəti müsahibə adlandırmaq olar, çünki onlar sual-cavab üzərində qurulacaq, amma mən bunu sizi daha yaxşı tanımaq və anlamaq üçün söhbətləşmə kimi görürəm. Sizinlə ilk üzbəüz görüşümüz 2018-ci ildə Qarsda baş tutdu. Bilirik ki, Qarsla bağlarınız çox qədimlərə gedib çıxır. Qars haqqında təəssüratınız necədir və bu şəhərdə olanda özünüzü necə hiss edirsiniz?
– Afina xanım, diqqətinizə və çəkdiyiniz əziyyətə görə sonsuz təşəkkürlərimi bildirir, bunu daha çox Azərbaycan ədəbiyyatına sevginizin əlaməti kimi dəyərləndirirəm. Qars, ümumiyyətlə, quzey-doğu Anadolu, görünür, qan yaddaşımın təkanıyla məni həmişə həyəcanlandırıb. Borçalıdan başlamış, Qərbi Azərbaycan da daxil olmaqla Ərzincana, Sivasacan eyni, bütöv mənəvi məkandı, türklüyün şərəfli bir parçası olan Qarapapaq tayfalarının yayıldığı arealdı. Özümü tanıyandan elə hey anamdan belə bir bayatı eşidirdim:
Əzizinəm, Qars ayaz,
Bura gündü, Qars ayaz.
Qələm, qurbanın olum,
Qismətimi Qarsa yaz.
Hər dəfə də bu bayatı dilindən süzüləndə gözləri dolur, səsi qırılır, sinəsindən ah qopurdu. Bunun səbəbini, anamın 1915-ci ildə Sarıqamış döyüşündə ruslara əsir düşmüş, Qaraçöpün təəssübkeş kişilərinin mal-pul hesabına əsirlikdən qurtardıqları türk əsgərlərindən birinin qızı olduğunu yalnız ağlım kəsəndən sonra öyrəndim. Bunun üzündən ailəmiz “Türkyə yesirləri” adlandırılan o biri əsirlərin törəmələriylə birgə “Tükiyə agentləri” kimi 1948-1953-cü ildə Qazaxstana sürgün olunmuşdular. “Dönəlgə” uzun hekayəm (və ya kiçik romanım) da elə bu barədədi. Sonralar “Taclı” və “Şəms” romanlarımın səhifələrində də bu müqəddəs mənəvi ərazini, sözün əsil mənasında, “qarış-qarış dolaşdım”. 2018-ci ilin yayında isə dostum Dr. Fərhad Xubanlıyla o yerləri dolaşdım, bəlkə də qan yaddaşımdan gələn nisgilimi ovutdum. Xüsusilə Qarsda olanda sanki əcdadlarımın ruhuna toxunuram, o duyğuları sözə çevirmək, kağıza köçürmək çətindi. Sizinlə də elə belə bir ruh halıyla görüşmüşdük.
– Həm hal-hazırda, həm də ümumilikdə əhval-ruhiyyəniz necədir?
– Bəlli bir yaş dövrü var ki, yazı-pozu adamının bircə qayğısı olur: yarımçıq işlərini tamamlamaq, ömrün möhlət verdiyi qədər beynində gəzdirdiyi işləri gerçəkləşdirmək. Mən də belə bir ovqatdayam, daha çox yarımçıq işlərimi tamamlamaq, hələ işıq üzü görməmiş layihələrimi çapa hazır vəziyyətə gətirməklə məşğulam. Bir də bu sirri Sizə açmaq olar: “Dönəlgə”nin davamını yazmaq istəyirəm, iki bölüm də var beynimdə, nə vaxt yazıya köçürüləcəyi barədə, necə deyərlər, İlahi siqnal gözləyirəm.
– Onda sizcə, Anton Çexovun bu sözləri münasibdir: “Sənə bir yaxşı bir də pis xəbərim var. Yaxşı xəbər: hələ ölmədik, pis xəbər: ...hələ yaşayırıq” ?
– Hə, lap yerinə düşür: hələ ayaq üstdəyəm, buna ancaq sevinmək olar, beynimdəki müəyyən mövzuları kağıza köçürə bilməmişəm, bu isə çox əzablı duyğudu. Yazıb boşalmayınca mənə rahatlıq verməyəcək.
– Yaxşı xəbər - pis xəbər demişkən, söhbət də əhval-ruhiyyədən getdiyi üçün əvvəlcə “pis” olandan başlayaq, sonumuz yaxşı olar inşallah. İcazənizlə, 1990-cı illərin ağrılı-acılı günlərinə qayıdaq. 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi qələbə ilə başa çatdı. 1990-cı illərdən qalan yaralarımız sağalmasa da, heç olmasa, Allaha şükürlər olsun ki, gözükölgəli qalmadıq. 1990-cı illərdə siz həm ön cəbhədə, həm də arxa cəbhədə idiniz. Müharibədən sonrakı illər qazi və şəhid ailələri üçün xüsusilə çətin idi. Əvvəlki müsahibələrinizdə bu mövzularda çox danışmaq istəmədiyinizi demişdiniz. Amma o vaxtdan uzun illər keçib. Mən yenə də şəxsən yaşadıqlarınız barədə soruşmayacağam. Sualım belədir: İstər ön, istər arxa cəbhə olsun, həmin dövrü əks etdirən bir əsər yaratmağı planlaşdırırsınız? Fikrinizdə her hansı bir ssenari varmı və əgər varsa, onun həyata keçirilməsi hansı mərhələdədir?
– Mənim gördüyüm, 90-cı illərin əvvəllərindəki müharibə fəlakət idi, ona görə də hələ yazmağa əlim qalxmır. Rus-erməni təcavüzü qarşısında əliyalın qalmış zavallı xalqı, o xalqı qorumağa çalışan bir ovuc vətənpərvəri, nizamsız ordunu, qəddar düşməni, məkrli siyasi oyunları təsvir eləmək üçün təkcə istedad yox, mənəvi güc də lazımdı. O müharibədən hekayələrimdə əks-səda var. Cəbhədən dönmüş, dinc həyatda özünə yer tapa bilməyən adam haqqında hələ çəkilməmiş ssenari yazmışam, amma kinomuz o cür mövzuları hələ ekrana gətirəcək vəziyyətdə deyil.
– Bir müsahibənizdə “Yolsuz”, “Yolçu” və “Şəms” romanlarında özünüzü daha yaxşı ifadə etdiyinizi demişdiniz. Bəs “Yalqız” romanı?
– “Yalqız” və “Könül elçisi” romanları fərqli havada yazılsalar da “böyük ədəbiyyatda” ilk addımlarım idi. “Yalqız”ı, həqiqətən, birnəfəsə, qızdırmalı kimi yazmışdım, sonsuz, çətin idarə olunan, xəstəhal şüur axınıydı, obrazların adı olmadığına görə də sonralar çox iradlara məruz qaldım. Mənə elə gəlir, “Yalqız”dakı təcrübə “Yolsuz”da karıma gəldi, şüur axınını idarə olunan prosesə çevirə bildim. Eynilə də “Könül elçsi” və Qurban” romanları tarixi mövzularda yazmaq sahəsində özümü yoxlamağı xatırladır, amma “Yolçu”, “Taclı” və “Şəms” romanlarında artıq neylədiyini bilən müəllif var.
– Kino sənəti ilə bağlı fəaliyyətiniz təqdirəlayiqdir. Əslində hər bir əsəriniz məndə gözəl bir film ssenarisi hissi yaradır. Sizcə, hansı romanınız filmə uyğunlaşdırılsa, daha uğurlu olar və nə üçün?
– Əslində, məndə anadangəlmə “kinematoqrafik damar” olduğundan hekayələrimi də, romanlarımı da hadisələri “görə-görə” yazmışam. Xüsusilə “Dönəlgə”ni ekranda görmək istərdim, çünki Qarapapaq elatının mənəvi xəritəsini cızmaq baxımından çox maraqlı olardı. Azərbaycan kinosu o cür mövzulara üz çevirmək üçün hazır deyil, Türkiyənin kino sənayesilə bağ qura bilmədim. Yalnız Qarslı usta oyunçu Ozan Akbabayla Bakıdakı görüşümüzdə bu barədə danışdıq. Amma o, hələ Mehralı bəy mövzusuyla daha çox maraqlanır, nə vaxtsa belə bir addım atıb-atmayacağını deyə bilmərəm.
– Bayaqkı sualın cavabı, məncə də “Dönəlgə”dir. Bir çox yerdə olduğu kimi Türkiyədə də filmin ssenarilərini prodüser seçib icra edir. Kaş “Dönəlgə” ssenarisini prodüserlərə çatdıra bilsəydik. … Sizin tərcümə sənətinizdən də danışmağa ehtiyac var. Tərcümə işlərinizi intensiv templə davam etdirirsiniz. Yüzlərlə əsər tərcümə etmisiniz və hazırladığım kitabda bu mövzudan ətraflı şəkildə bəhs etdim. Amma siz davamlı və çox səmərəli işlədiyiniz üçün etiraf edim ki, bir tədqiqatçı kimi sizin tempinizə ayaq uydurmaq mənim üçün çox çətin oldu. Tərcümə etdiyiniz, lakin hələ nəşr etmədiyiniz əsərlərin uzun siyahısı var. Daha çox Dünya ədəbiyyatı ilə bağlı hazırladığınız antologiyalarla maraqlanıram. Bunlardan hansı tamamlanıb və ya tamamlanmaq üzrədir? Hansı yazıçıların əsərlərini antologiyalarda bir araya gətirmisiniz? Monoqrafiyada bu mövzu ilə bağlı məlumatlardan istifadə edəcəyim üçün ətraflı məlumat verməyinizi xahiş edirəm.
– Haqlısınız, son otuz ildə tərcümə yaradıcılıq həyatımın bir parçasına çevrilib. Əvvəllər sistemsiz işləyir, ancaq sifariş verilən, bir də bəyəndiyim əsərləri çevirirdim. Sonralar bu sahədə də sistemli işə keçdim. Artıq iki cilddə “Türk xalqları nəsri”, “Gürcü nəsri”, “Ədəbi Nobel”, bir cilddə “Böyük İpək Yolu ölkələri nəsri” “Almandilli nəsr”, “Asiya ölkələri nəsri”, “İngilisdilli nəsr”, “Latın Amerikası ölkələri nəsri”, “Qərbi Avropa ölkələri nəsri”, “Şərqi Avropa ölkələri nəsri”, “Skandinavia ölkələri nəsri”, “Slavyan xalqları nəsri”, “İnsanlar və heyvanlar”, “Yurt” (Qazax hekayələri), “Heyvanlar haqqında hekayələr” antologiyaları hazırdı, nə vaxt çap olunacağı qismətdən və imkandan asılıdı. O antologiyalardakı müəllifləri və əsərləri sadalamaq çox uzun çəkərdi, yalnız onu deyim ki, Azərbaycan oxucularına tanıtmaq istədiyim yazarları və əsərlərini xüsusi diqqətlə seçmişəm. Hələ ki, “Türk xalqları nəsri” antologiyasının çap olunmasını çox istərdim, çünki Altaydan, Monqolustandan Avropanın göbəyinəcən səpələnmiş türk uluslarının mənəvi bağını göstərmək baxımından vacibdi.
– Düzdür, antologiyalardakı müəlliflərin adlarını sadalamaq çox uzun çəkər, onda müsahibədən sonra sizdən adların siyahısını istəyəcəyəm. … Verdiyiniz müsahibələrdən, haqqınızda yazılanlardan aydın olur ki, siz nəsr yaradıcılığına missiya, müqəddəs bir vəzifə kimi baxırsınız. Ancaq yenə də belə bir sual vermək istəyirəm: O vaxt yazıçı olmasaydınız, hansı peşə ilə məşğul olardınız yaxud geriyə baxanda, “kaş, bu işlə məşğul olaydım” deyə biləcəyiniz bir peşə varmı?
– Heç vaxt yazıçı olmaq barədə düşünməmişəm, yalnız bəxtimə düşən, İlahi Qüvvənin bəxş elədiyi, bacardığım işi görmüşəm, həm də həmişə abır hissini qoruyub saxlamağa çalışmışam. Həmişə də mənə elə gəlib ki, yazı-pozuyla məşğul olmasaydım, mütləq bağban olardım. Ağac əkməyi, qulluq eləməyi, bar yetişdirməyi də o cür İlahidən gələn iş sayıram. Bəlkə bu səbəbdən kiçik bağı olan həyət evim var, o ağaclara qulluq eləyəndə elə bil əsər yazıram.
– Sizə belə bir fərqli sual, daha doğrusu bir-biri ilə əlaqəli suallar silsiləsi vermək istəyirəm. Həmişə deyilir ki, hər bir insan bu dünyaya bir missiya, bir məqsəd üçün gəlir. Sizcə həqiqətən belədir? Bayaq qeyd etdik ki, siz yazıb-yaratmağı ilahi bir missiya kimi görürsünüz. Həmişə belə düşünmüsünüz? Heç məsələyə bu şəkildə baxmısınızmı: “Bəlkə də heç nə etmək məcburiyyətində deyilik, biz bu dünyaya sadəcə yaşamaq, təməl ehtiyaclarımızı qarşılamaq, qəlbimizi, ruhumuzu oxşayacaq işlər görmək üçün gəlmişik”?
– Hekayələrimdən birində qəhrəmanım deyir, can sıxıntısından yazıram, bomboz həyata məna qatmağa çalışıram, yoxsa darıxmaqdan bağrım çatlayardı. Həmin qəhrəman elə mənəm. Həqiqətən, can sıxıntısından oxuyur, yazır, tərcümə eləyir, öz həyatıma da, başqalarının həyatına da bacardığım qədər rəng qatmaq istəyirəm, bu dünyadakı mövcudluğumun mənasını da ağlıma başqa cür gətirə bilmirəm. Bəzən təsəvvürümdə yaradıcılıqla məşğul olmayan adamların həyatını canlandırmağa çalışır, heç cür bir tərəfə çıxara bilmirəm. Biri elə siz, tutaq ki, sıravi müəllimə işləsəydiiniz, araşdırma və yaradıcılıqla məşğul olmasaydınız, həyatınızın nə qədər rəng itirəcəyini heç təsəvvür eləmisiniz? Mənim üçün o “qəlbimizi, ruhumuzu oxşayacaq iş” də məhz yaradıcılıqdı, bu dünyadakı varlıq səbəbimi başqa cür izah eləyə bilmirəm.
– Şüurlu insanlar olaraq həmişə uğur qazanmağa çalışırıq. Həqiqətən, həyat dediyimiz budurmu? Uğur kimi qəbul etdiyimiz və həyata keçirdiyimiz şeylər həqiqətən uğurludurmu? Heç belə düşünmüsünüzmü: Kaş ki həyata bir sınaq, mübarizə obyekti kimi yanaşmayaydıq. Əgər həyatla mübarizə aparmağı dayandırsaq, təbii şəkildə təbiətlə birləşmərikmi? Belə də olmalı deyilmi?
– Həyat məndən ötrü daim nəyəsə can atmaqdı. Belə düşünürəm ki, bunun müqabilində uğur, yaxud uğursuzluq adlandırdığımız məqamlar çox şərti şeylərdi. Elə təbiətlə birləşmək də nəyəsə can atmaqdı. Son bir neçə ildə insan-heyvan-təbiət üçlüsünün vəhdəti bəlkə də məni düşündürən ən ciddi mövzulardan biridi. Bu təkanla da dünya ədəbiyyatından bu mövzuda hekayələri seçib “İnsanlar və heyvanlar” antologiyası tərtib elədim. Sonra bu vəhdətin ən güclü formasını qazax ədəbiyyatında görüb qazax yazıçılarının əsərlərindən ibarət “Yurt” antologiyası yaratmaq fikrinə düşdüm. Axırda heyvan və təbiət ilkinliyinə gedib çıxdım, “Heyvanlar haqqında hekayələr” antologiyası yarandı. Sizin çox bəyəndiyiniz “Buğac” hekayəsi də elə o havada yazıldı.
– Təbiətlə birləşmək üçün ona yaxın olmalıyıq. Bəlkə də biz təbiətdən uzaqlaşdıqca qeyri-təbii olmağa başlayırıq və sanki robotlaşırıq. Heç ağlınızdan keçdimi: “Kənddən heç ayrılmasaydım, ömürlük orada yaşasaydım, ruhi və mənəvi cəhətdən həyatım daha yaxşı olardı”?
– Sualı “heç ağlınızdan keçdimi” yox, “heç ağlınızdan çıxdımı” şəklində qoysanız, lap yerində olar. O vaxt – 80-ci illərin ortalarında doğma yurdumda işləmək imkanım olsaydı, yəqin ki, həyatım tamam başqa cür, daha sakit, daha rahat keçər, tamamilə fərqli əsərlər qələmə alardım. Elə siz də taleyinizi Qarsla bağlamasaydınız, tamamilə fərqli həyatınız olardı. Amma şübhəsiz, canlı məxluqatı idarə eləyən, taleyini bəlirləyən sirli bir qüvvə var, ona qarşı getmək iqtidarında deyilik.
– Yaradıcılığınızın psixoloji-fəlsəfi tərəfi məni həmişə cəlb edib. Ona görə söhbətimizi belə bir ab-havada bitirmək istədim. Son sualım: Nə soruşmağımı istərdiniz? Və ya əlavə etmək istədiyiniz bir şey varmı?
– Sizdən nə gizlədim, ən böyük arzum tarixi mövzuda romanlarımın Türkiyə oxucularına çatmasıdı. “Dönəlgə” və “Könül elçisi” Türkiyədə işıq üzü görüb, Dənizli, Çanaqqala və Qars (sizin sayənizdə) universitetlərində araşdırmalar da aparılıb. Amma “Yolçu”, “Qurban”, “Taclı” və “Şəms” romanları mövzu etibarilə Türkiyə coğrafiyasıyla sıx bağlı olduğuna görə, fikrimcə, maraqsız olmaz. Amma bu məsələ daha çox şans adlanan nəsnəylə əlaqəli olduğuna görə, hələ ki, arzum gerçəkləşməyib. Sonrası da yalnız şansla bağlıdı.
– Qarsda mənim və Ərdahan Universitetinin professoru Şurəddin Məmmədlinin elmi rəhbərliyi altında “Dönəlgə” romanı üzrə magistrlik dissertasiyası müdafiə olunub. Bu proses də sizin yaradıcılığınızla məşğul olmağımın əsasını qoydu. Bəli, romanlarınızı Türkiyədə tərcümə edib çap etmək lazımdır. Türkiyədə elmi ictimaiyyətin Azərbaycan dilindən peşəkarcasına tərcümə edilmiş romanlara ehtiyacı var. Bir də Türkiyədə belə bir deyim var: “İşi şansa buraxma”. Düşünürəm ki, hərəkətə keçməyin vaxtıdır. Maraqlı söhbətə görə təşəkkür edirəm.
01.09.2025