Saman çöpü - Rəşid Bərgüşadlının yeni hekayəsi

MANERA.AZ Rəşid Bərgüşadlının "Saman çöpü" hekayəsini təqdim edir.
“Dırınq” – əl telefonuna mesaj gələndə əllərini ombasına dayayaraq ehmalca dikəldi. Gərnəşdi. Pəncələri üstə dartınıb darvazaya boylandı. Çöməltmə oturmaqdan beli ağrıyırdı. Metlax aralarına dolğu sürtən dostu ona sarı qanrıldı: – Gələn var?
– Yox... – telefonu hovuzun kəlləsində siqaret qutusunun üstünə qoymuşdu. Siqaret götürdü. Yandırıb bir qullab vurandan sonra telefona gələn sms-ə göz atdı. Oxuduğundan bir şey anlamayıb ekranı gözünə tutdu.
– Nədi, bank hesabına pul köçüb? – Alı zarafatından qalan deyildi.
– Hardadı məndə o bəxt?... – plastik su qabının qapağını açıb dostuna uzatdı. – Mədəm “Sozaleh” çalır, yeməyə nə gətirmisən?
– Evdə artıq-urtuq nə varıydısa hamısını yığmışam bankaya. Lobya-badımcan çığırtması kimi bir şeydi. Yuxayla yaxşı gedir deyə gələndə təndirxanadan
bir büküm də təzə lavaş almışam. Sən ayaqüstəsən, çıx bankanı qoy günün altına, qızsın. Mən də bu cızığı başa çatdırım, bir az dincələk.
– Hələ tezdi, işi bitirib birdəfəlik oturarıq... Görəsən Hasib müəllim bu gün dəqiq gələcək? Canıma hamam böcəyi daraşıb elə bil.
– Dünən söz verdi ki, bu günə haqq-hesabı tamam üzəcək. Gələr yəqin...
– Görəsən varlılar niyə bu qədər ximis olur? Adama deyərlər ki, 3500 manat nədir ki, on gündür yubadırsan. Daş atmamısan, qolun yorulmayıb, havayı gələn puldur da. Bu boyda hovuzun möhtəşəmliyindən utan heç olmazsa. Hələ üstünə 5-10 da artıq zəkat qoymağın əvəzinə çıxıb oturub Hacı Qara taxtında!
Min cür dərdimiz var. Odey, telefonum bankın göndərdiyi hədə-qorxularla dolub... Sən Allah, gör bundan nə baş açırsan... – telefonun kilidini açıb bayaqkı sms-i oxudu: “Hörmətli müştəri, kredit kartına mədaxil edən zaman borcların silinmə ardıcıllığı belədir: İlk öncə texniki overdraft üzrə borc mövcuddursa, o silinir. Daha sonra gecikdirilmiş faiz və borc mövcuddursa, onlar. Daha sonra hesablanmış, lakin, vaxtı çatmamış faizlər. Sonra 20 AZN-dən aşağı və 20 AZN qeyri taksit əməliyyatları (komisyon haqqı nəzərə alınmadan) üzrə əsas borc. Ən sonda isə 20 AZN-dən yuxarı qeyri-taksit və taksit əməliyyatları üzrə əsas borc silinir”...
– Bank məsələsində ərəbəm, qardaş, heç nə anlamadım.
– Arvadın şirin dilinə uyub taksitlə mebel, paltaryuyan, qabyuyan maşın almışam. İndi dincliyim hər gün o maşınların çarxları arasında yuyulur, qurudulur, təzədən yuyulur. Borc yığılıb xirtdəyə, qalmışam tıncıxa-tıncıxa.
– Adam ilin-günün bu vaxtı kreditə girər, sağolmuş?..
– Bu ölkədə ilin-günün düzələn vaxtına ümid eləsən, arvad səni kişilik taxtından salar. Ağzın isti yerdədi, bir boğazındı, bir də... Məhəlləmizdə bir Qara kişi var idi. Özü də qapqara kişilərdən. Deyirdi ki, faiz dəvə balasıdır. Evə girdisə, olan-qalan bərəkəti yeyib şişər, qapıdan eşiyə çıxmaz hala gələr. Mən bəslədiyim dəvə evim boyda olub. Rahat künc qalmayıb dörd divar arasında... Bu gün qurtara biləcəyik andıra qalmış hovuzu?
– Nə qalıb ki? Döşəməsi bu axşam quruyacaq, sabah da suyla doldururuq. Sonra da Elçin dediyi villanın fasad işinə başlayarıq. Allah bərəkət versin...
– Vallah, qazanmağa qazanırıq, amma bu bank faizi əlimin bərəkətini elə günə qoyub, bərəkət o yana dursun, lap başımı itirmişəm... Görəsən on milyonluq xalqın neçə faizi kreditsiz yaşayır bu məmləkətdə? Kimdən soruşursan, eyni gündədir. Banklar bizi qoyun sürüsü kimi künc-bucağa qısnayıb dərimizi soyur. Yəqin əhalini borc içində saxlamaq da dövləti idarə etməyin bir üsuludur...
– Vaxtı keçmiş borcun nə qədərdi?
– Yuxudan oyatsalar dərhal deyərəm – 5346 manat 68 qəpik. Hasib bu gün də pulu verməsə qaldı gələn həftəyə, onda evdəki dəvəm bir az da şişəcək.
– Fikir eləmə, Allah yetirər.
– Yetirən Allah indiyədək yetirərdi. Hasib gəlməsə, axşamüstü gedib qəbirüstü işini görək. Heç olmazsa, evə əliboş dönməyək.
– Sabah gedərik o işə, gün təpəmə o qədər döyüb ki, ayaqüstə yuxulayıram...
– Alı, bayaq yaman dedin ha, “Bank hesabına pul gəlib” – emulsiya qabının dibində qurumaq üzrə olan dolğu sementinə azca su əlavə edib ərsinlə qarışdırdı. Deyirəm indi telefona sms gələ ki, “Hörmətli müştəri, sizin hesabınıza on beş milyon manat pul mədaxil oldu, xeyir işlərə xərcləyin!”...
– Yox bir, on beş milyon dollar! Ac toyuq yuxusunda darı görər...
– Alı, birdən gəlsə? Dünyanın yöndəmsiz işlərində fırlanan o qədər puldan on beş milyon dollar nədi axı, niyə fırlanıb mənim telefonuma gəlməsin? Hər şey kompüterlə idarə olunmur? Virusdu da, düşdü, başqasının hesabına gedəsi pul fırlanıb gəldi mənim kartıma. Vallah, mən inanıram, gələr.
– Gözlə, göydən bir hovuz pul tökülər, toplamağa heyin çatmaz – Alının gündə qaralmış çılpaq belindən puçur-puçur tər axırdı. Alı və Elçin qrup yoldaşı olublar, ali təhsilli elektrik mühəndisləridir. Rəsulu isə iki il olardı qoşmuşdular özlərinə. Kim nə iş tapırdısa, ortaq işləyirdilər – mərmər cilalamaq, divar hörmək, rəngsazlıq, suvaq, elektrik işləri – nə olsa. İndiki hovuz işini Rəsul tapmışdı. İş əldən çıxmasın deyə Elçini qoymuşdular “Vişnyovka”dakı bağ evinin yarımçıq səkilərini tametlə üzləməyə, özləri isə hovuzu sıfırdan tikmişdilər.
– Allaha and olsun ki, ürəkdən inansan, o pul adama gələr... – Göyə baxdı, Günəş adamı qovururdu. – Təbiətin işini bilmək olmaz... Lap deyək ki, bax bu qonşu evin milyarder sahibi indicə bizi divarın arxasından eşidir. Yazığı gəlir mənə. Hardansa kartımın nömrəsini öyrənir və on beş milyonu köçürür kartıma. Telefonum da bülbül kimi cəh-cəh vurur ki, gəl, gəl, ay yetim, Allah üzünə güldü, gəl götür milyonlarını... – bunu deyəndə bircə qram zarafat yox idi Rəsulun üzündə. Alı xətti başa çatdırmışdı, indi oturub ağzı ətə çatmayan dostunun halına gülürdü. – Qonşuya de, beş yüz manat da mənim kartıma köçürsün – Alı onun çılpaq belinə yavaşca şapalaq vuranda yanmış dərisinin ağrısına qıvrıldı. – Dur yeməyimizi yeyək, gün səni dəli eləyib... – nərdivanı dırmanıb hovuzdan çıxdı.
– Lap göydə pul daşıyan təyyara partlaya, pul koyteyneri də düz gəlib düşə hovuza! Buna da inanmırsan?
– Hər şeyə inanmaq axmaqlıqdır... – həyətdəki ayaqyoluna getdi. Rəsul isə xətti doldurub qurtarmaq istəyirdi.
Heç beş dəqiqə keçməmişdi ki, dalbadal “dırınq”ıltıya qəddini düzəldib key-key telefonun möcüzəsinə inanmaq istədi. Alı ayaqyolundan çıxıb islaq əllərini üstünə silirdi.
– Eşitdin telefonun səsini? – Rəsul əlində emulsiya qabı hovuzun ortasında qurumuşdu.
– Elə ona gülürəm, deyəsən milyarder qonşu eşidib arzularını.
– Alı, ürəyim dayanar mən baxsam, aç gör nə xəbərdi gələn.
– Ayə, zayıllama, evdən kimsə nəsə yazmış olar. Sən deyəsən lap ağlını qaçırırsan...
– Allah haqqı, kartıma gələn on milyonun xəbərdarlığıdır! – üçüncü “dırınq”da qab əlindən düşdü.
– Gicbəsər! – Alı telefonu götürüb ona yaxınlaşanda Rəsul iki addım geri atdı. – Yox, qorxuram. Allaha çox ürəkdən yalvardım, birdən pul olmasa?...
– Yox, odur, Allahdır! Sənə sms göndərib ki, a səydərəş, gül kimi dostların var, bir-iki günə köməkləşib sənin borcunu bağlayacaqlar! Al, inanmırsansa aç, bax... – telefonu dostuna uzatdı. Rəsul ekranın kilidini açdı, – Hasibdir. Səs atıb... “Qardaş, bu gün gələ bilməyəcəm. Təcili rayona çıxmalıyam. Dostumuzun atası rəhmətə gedib. Gələn həftənin ortaları görüşərik”.
– Bay sənin də, dostunun da, dostunun atasının goruna da..! – telefonu çəmənliyə tulazladı. Elə bil Rəsulun çiynindən girvənkə daşları asdılar. Güc-bəlayla nərdivanı dirmanıb özünü verdi badam ağacının kölgəsinə.
– A Rəsul, möhkəm ol, qaqa. Ölməmişik ki, köməkləşib borcunu bağlayarıq, fikir eləmə – Alı dostunun qıvrım saçını oxşadı.
– Alı, mən çox inanmışdım. Allaha... Onun ən ali mənası indi çatdı mənə. Allahın varlığı gözümdə maraqsız oldu. Bu bir saat içində Allaha sid-ürəkdən yalvaran ən sadiq qul mən idim. Onun mənə kömək etməyi o qədər vacib idi ki... – böyründəki krantın ventilini burdu. Su şırıltıyla hovuza axanda Alı cəld kranta əyildi, – Ədə, neynirsən, sement qurumayıb!
– Cəhənnəmə qurusun! Siftəsini özümüz çiməcəyik... – əynindəki dizdənkəsik cinsi soyundu.
– Halva-halva deməklə ağız şirin olmur, dostum. Borcunu qaytarmaq üçün daha çox işləməlisən...
– Mənim dediyim halva deyil, inam məsələsidir...
–Allaha bir saatlıq inanmaqla, dua etməklə haqqını gözə dürtmək, ona qarşı bu qədər nadan olmağın yaxşı deyil.
Rəsul telefonu tapıb Elçinə zəng vururdu. – Qaqa, işi tamamladın?.. Hər şeyi tulla, yoldan beş litr pivə, bir az da noxud, saçaqlı pendir götür gəl bura...
Hə, hovuzun açılışıdır, çiməcəyik... Taksiylə gəl... Sənin də cibinə lənət!.. Yazdır mənim adıma. De ki, gələn həftə faiziylə verəcəyəm... Bircə tez gəl...
Xıncımlanmış lobya-badımcan gətirib... Gətir, kartof soyutması badımcan çığırtmasından daha yaxşıdır... Gözləyirik. Bax, taksiylə gəl ha!..
Rəşid Bərgüşadlı
03 sentyabr 2025