Dağıstan ədəbiyyatının siması: Məhəmməd Əhmədov

2018-ci il aprelin əvvəllərində Almatıda keçirilən, ədəbiyyatşünas professor Bədirxan Əhmədliylə iştirakçısı olduğumuz “Əl-Fərabi və müasirlik” forumunun qonaqları arasında görkəmli avar yazıçısı, Dağıstanın xalq şairi, Dağıstan Yazıçılar İttifaqının sədri, bir çox nüfuzlu ədəbi mükafatlar laureatı Məhəmməd Əhmədov (1955-2023) də vardı. Coğrafi və ənənəvi yaxınlığımız bizi elə ilk söhbətimizdəncə doğmalaşdırdı, onun şeirlərini oxuyandan sonra isə bu doğmalıq daha da artdı.
Məhəmməd Əhmədov Şeyx Şamilin yurdunda – Qunibdə doğulub, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, uzun illər Rəsul Həmzətovla çiyin-çiyinə çalışıb. Onun Mahaçqalada və Moskvada onlarla poetik topluları çap olunub, əsərləri rus dilinə tərcümə edilməklə yanaşı, özü də rus poeziyasını Dağıstanda tanıtmaq üçün az iş görməyib.
Bu Məhəmməd Əhmədovun Azərbaycan oxucuları ilə ilk görüşüdü. Əminəm ki, qələm dostum Nurafizin tərcüməsində onun şeirləri elə ilk təmasdaca ürəklərə yol tapacaq.
Nəriman Əbdülrəhmanlı
_______________
Məhəmməd Əhmədovun şeirləri
***
İnsan sinəsində daş imiş ürək,
Gahdan buz bağlayar, gahdan əriyər.
Elə bil, quşlar da soyuq günlərdə
Azad qanad çalsa, göy də səyriyər.
Fikirdən, yuxudan yığıb yenə də
Yaddaşa güvənib çəkdim şəklini.
Düşünüb-daşınıb çox cöz tapıram,
Sevincdə isinən oxşarlıq kimi.
Könül pıçıltımda dillənir adın,
Bir komet sürünür dünyanın üstdə.
Şairlər vəsf edir, Yerin kölgəsi
Sürüşüb dodaqdan keçir ahəstə.
Günahkar axtarma, günah da gəzmə,
İnsanlar günühkar doğulsun gərək.
İstəsən, həyatda heç məni sevmə,
İşinə yarayar məni sevməmək.
***
Qeyb olur, əzizim, hər şey qeyb olur,
Gözlərdə göz yaşı dipdiri qalır.
Duzlu göz yaşında məbəd ucaldıb,
İnadkar yaddaş da heyfini alır.
Ulduzlar nur saçmır zinrik gecədə,
Ağ şama oxşayır ağacqayınlar.
Tək sənin, əzizim, dilin dünyada
Mənim göz yaşımın dilini anlar.
Qeyb olur, əzizim, qeyb olur hər şey,
Mənim nəğmələrim qalır duyana.
Könlümü titrədən səsin içində
Söz gəzib tapırsan sevgidən yana.
***
Mənim əllərimə çatmır ha sözlər, -
Göydə qanad çalan quş kölgəsidi.
Bəlkə də, lap elə belə yaxşıdı,
Qoy azad uçsunlar quşlar, bəsidi.
Məndən vətənə nə?!
Quşlar şen olsun,
O məni nə duyur, nə də ki, görür.
Qoy olsun, bəlkə də belə lazımdı,
Onu buna görə sevmirəm, xeyr!
Nə vaxt ki, qürbətdə keçir günlərim,
Bir az da doğmalıq artır o yanda.
Bəlkə ona görə - mən necə deyim -
Vətən var olacaq bizdən sonra da.
Mən buna görə də incimirəm heç,
Əlimə çatmırsa, niyə tələsim?
Bu dünya durduqca, təki o daim,
Yenə də quş kimi pərvaz eləsin.
***
Axtarsan bir qara tük yox başımda,
Qocalmış, ağsaçlı halsız rahibəm.
Quluyam, şahıyam şeirlərimin,
Qiyam qiyamətə qalsa da nə qəm!
Ürək büdrəsinmi ağrı önündə,
Ötən günlərimə ağı deyirəm.
Qalxıb yəhərinə əbədiyyətin,
Onunla düz bir pud duzu yeyirəm.
Ağlayıb-gülmədən oxuyuram mən
Ötən günlərimi bir fəsil kimi,
Qışa da hazıram, qoy ötsün tez-gec.
Bilirəm dünyada qalmağa varam,
Nə də taleyimdə günah gəzmirəm,
Geri səsləmirəm o günləri heç.
***
Bax, günah cavan qalacaq
Donqar tutmuş kürəyində.
Töküləcək ağ saçların,
O qalacaq ürəyində.
Fikir də, tən də qocalır,
Kədərin də gülüşlə tən.
Hətta ölüm də qocalır,
Cavan qalır günah nədən?
Günahların səninlədir,
Sadiq köpək kimi quldu.
Məzarınla, taleyinlə
Döyüşə getdiyin yoldu.
Qır-saqqız olub yaxana,
Yuyub-silmək yoxmuş sonda.
Hər rüsvayçı əməl üçün
Cavabdehsən qarşısında.
***
Cavan idim - xam idim,
Göylər yeddi sətirdi.
Allah mənim başıma
Ağ çiçəklər səpirdi.
Qayğılardan uzaqdım,
Gəncliyə quldum ancaq.
Deyirdilər ki, “Bu qar
saçını ağardacaq”.
Lap yelbeyin gənc idim,
İllərdə itdi yaşım.
Gənclik havası getdi,
Dümağ ağardı başım.
Ömrün ağ uçqununda
ƏSRim mənlə söz kəsir:
-Ayıl, sadəlövh insan,
Arxanca qar tələsir.
Az ömür də sürmədin,
Nəyin qaldı dünyada?
Allah çiçək səpirdi
Başına göy səmadan.
***
Sən bu gecə yarısı
Mənə tonqal qaladın.
Ocağının başında
Üşütdü məni odun.
Gecəyarı yandırdım -
Özüm tonqal çataraq.
Od çırtıltı salırdı
Göylərə can ataraq.
Gözlərində o sevgi,
Mehribanlıq olsa da,
Cavab verə bilmədim
Güman mənə qalsa da.
Gözləyirəm, gələcək
Könlümün bir dənəsi.
Üşüdəcək, eh, onu
Tonqalımın tənəsi.
***
Qəlbimi sərib üstünə
İlahi bir eşqə endim.
Könlümdə qaynayan bulaq
Doğma nəğməsilə dindi.
Doğma sevgi havaları
Uşaqlıq haqda nəğməmdi.
Haqdan gələn zümzümələr
Qanımda səslənən simdi.
Doğma yurdu qarış-qarış
Guşə-guşə dolaşmışam.
Atam dağlardan da gözəl.
Çətin ki, bir nəğmə qoşam.
Hüzurunda şax durmuşam,
Ömrüm çoxdan ötüb, bilim...
Simlərinə toxunduqca
Ulduzlara çatır əlim.
***
Yarpaqların pıçıltısı
kəsildi,
çinarlar
gecəni geydilər əyninə;
-oxunmuş gün vərəqləndi
kitab səhifəsi kimi.
Hətta yuxumda da
hər dəfə
yenidən
onu düşünürəm.
Elə bil,
Təzədən yaşayıram
Hər sözü mən.
***
Mən arzularımı unutdum və
arzular da uçurlar -
varırlar uzaqlara.
Yaddaş quşu
sındırılmış qanadıyla
ucalıqdan düşür,
düşdüyü gecənin
hər yeri qara.
Bu bürkülü
iyul sükutunda,
bu qatı zülmətdə təkəm.
Məndə sevgi ölmür,
ölür qəlbimin yarısı.
Qəhər məni böğanda
zülmətə göz dikirəm,
heç baş aça bilmirəm
uralanmış bu evdə
indi necə yaşayacam
bölünmüş qəlbimlə
- yarı kəm.
***
Xatırlamaq istədiyini
xatırlaya bilməyəcəksən.
Unutmaq istədiyini
unuda bilməyəcəksən.
De, niyə gəlirsən yuxularıma,
Səni qar çovğunu alıb apardı!
Bəsdir,
gecələr gəldiyin bəsdir,
rahat burax
bu biçarə yaddaşımı!
Onu heç cür
dilə tuta bilməzsən,
bimirsən burada
necə yaşayacağını.
Xatırlamaq istədiyini və
unutmaq istədiyini -
xatırlaya bilməyəcəksən,
unuda da bilməyəcəksən...
***
Qar yağır.
Pəncərəmi açıram,
evlərə,
kollara baxıram.
Yad adamlar tələsir,
çovğun da
hər şeyi süpürür,
hey süpürür.
Pəncərə önündə dayanıb
siqaret çəkirəm.
Günün soyuğunda
üşüyürəm bu qarla.
Sən ki, məni atıb getdin,
İndi nəyə lazımam
bu ilqarla?
***
Yenə də anam
çöldən qayıtdı,
arıq çiyinlərindən
ot şələsini yerə atdı.
Və qurumuş əllərilə
sildi tərini.
Mənə elə gəldi ki,
bu hərəkətilə o, birdən,
bütün Yer kürəsinin,
bütün yorulanların
yorğunluğunu sildi
qırış dolu sifətindən.
Tərcümə edən: NURAFİZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.