Ah, mənim istəkli, yorğun Vətənim - Dağıstanlı şairin şeirləri

Miyasat Müslümova Şeyxovna - Dağıstanın Lak rayonundakı Ubra kəndində doğulub. Dağıstan Dövlət Universitetinin filoloji (1982) və hüquq fakültəsini (1999) bitirib. Pedaqoji elmlər namizədidir, Dağıstan Dövlət Universitetinin metodika kafedrasının professorudur. Miyasat xanım həm də tanınmış şair, tərcüməçi, tənqidçi və publisistdir. Onun imzalarına “Literaturnaya qazeta”, “Literaturnaya Rossiya”, “Drujba narodov”,”Sibirskie oqni”, “Den i noç”, “Russkiy qlobus”, “Kreşatik” və s. kimi populyar jurnal və qəzetlərdə rast gəlmək olar. Onun əsərləri yunan, italyan, belarus, balkar, osetin və lak dillərinə tərcümə olunub. Miyasat Müslümova Rəsul Həmzətov adına ədəbi mükafat laureatıdır. Rusiya Yazıçılar İttifaqının Dağıstan Respublikası üzrə bölməsinin sədridir. Hazırda Maxaçkalada yaşayır və yaradır.
MANERA.AZ Kamran Nəzirlinin tərcüməsində onun bir neçə şeirini oxuculara təqdim edir:
Vətənimin daşları
Qadağalar olmayan yerə
atılıb tullanan daşlar,
Necə də bəxtəvər, necə də şənsiz!
Baxa bilirsiniz yuxarılara,
Görə bilirsiniz asimanları,
səxavət paylayan sonsuz səmanı!
Ora elə bir yeganə məkandı ki, siz
düşə bilməzsiniz heç vaxt aşağı.
Döyünən ürəyi alırsız nişan,
Elə hey vurursuz,
elə hey dəyirsiz
mənim kürəyimin düz ortasından.
niyə bağlamırsız kökü olmayan
yel çəkən, çat verən o boşluqları?
Girib qabırğatək həmdaşlarınıza,
Qalıb yad arzuların səhralarında
Tənha bir daş kimi donursuz orda.
Özünüz olursuz hər yerdə hər gün
Azadlıq ümiddir sizinçün, ancaq
Evləri uçurdan adamlar üçün
Niyə tikirsiniz qalalar axı?
Sizin sükutunuz bu gün, a daşlar,
Lakların qədimi məzarlarında
Sinə daşlarını xatırladırlar.
Mixi yazıları, oyma sənəti
Gümüş sikkələrin üzərindəki
Naxış oymaları və döymələri,
Bir də qadınların göz yuvasında
Dolub bir sirr kimi əbədi qalmış
O göz yaşları da mirasım olmuş.
Mənə miras qalmış o göz yaşları
Dünyanı görməyin bircə yolunu
Yaxşı tanıyırlar, yaxşı bilirlər.
Sizinlə birlikdə göylərə qalxıb
Sonsuz səmalara birlikdə baxıb,
Duymağı, görməyi yaxşı bilirlər.
Bu da Yerə düşüb yıxılmamaqçün
Yeganə bir yoldu, düşünürəm mən.
Ah, mənim istəkli, yorğun Vətənim,
Sənin arzu dolu ovuclarında
Xırda bir daş olmaq istəyirəm mən!
Mənimlə gedək
Mürgülü köcəbədə dəvəquşutək günlər gəzərək dolaşanda,
Dilsiz-ağızsız yabı köhnə-kürüş möcüzə aparıb daşıyanda,
Bacımın belinə də lap ilan kimi ağır hörüklər dırmaşanda,
Qayğılardan yorulub gəl gedək mənimlə, gəl, gedək nöyüt dalınca.
Gedək çörək dalınca,
dəlmə-deşiklərinə beşqəpiklik tökülən dükana gəl astaca,
Burda bütün sirləri yanmış qırıntı altda gizlətmək çox asanca,
Burda su kranları da ağac kölgələrinə heyranlıq axıdarlar,
Yuxuyla sövdələşər daim keflənən gecə, alış-veriş yaparlar.
Gəl gedək süd dalınca tində dayanan sarı furqon maşına doğru,
Burda son növbə tutan sonuncu olmaqdan ki yaxşıdı yaxşılara.
Burda analardan da, nənələrdən də yenə isti nəfəs duyarsan,
Vaxt da axıb gedəcək qeybət şırnağı kimi süd dolu bidonlara.
Burda lampa hisləri kölgə kimi titrəyər axşamlar divarlarda,
Davakar qardaşım da yuxuda başılovlu kömbətək çömbələcək.
Qurama güllü yorğan altında xəyallara dalaraq mən astaca
Arzular qanadında uçacam əvvəlkitək ilmələr arasınca.
Gedək üfüq dalınca, qürub da bu gecəyə bir az alov qatacaq,
Girək tarlalara biz, ovcumuzdakıları sərvət bilib saxlayaq.
Yatan körpə üstündə səmanın döşündəki süd yolunu qoruyaq,
Qoy sonsuzluq da yansın, keçmiş kimi qayıtmaz, dönməz olsun əbədi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.