Canım-gözüm, ömür elə budur, bu! - Əjdər Olun şeirləri

MANERA.AZ Əjdər Olun şeirlərini təqdim edir.
Ömür
Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!
Yağlı vədlər, yaman “ayır-buyur”lar,
Demə mənə nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?!
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!
Adamsan də, incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı,
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin dadır bu!
Neynəsən də, hər gələn gün xoş olmaz,
Adam gedib ağlağana qoşulmaz,
Fors eləmə, dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!
Keçmək olmur payızından, yazından,
Üzülürsən bir gözəlin nazından,
Əşşi, yüz yol mən demişəm azından,
Canım-gözüm, ömür elə budur, bu!
Ürəkdə od, gözümüzdə sudur bu!
Hər istəkdə, hər diləkdə düyün var,
Nə istəsəm, olmasa da, deyin: “Var!”,
Əjdər Olsan, kimsən, boş hay-küyün var,
Canım-gözüm, ömür elə budur, bu!
Adəm budur, Nəbi budur, Xıdır bu!
Allah qoysa…
Maşallah alnımın qırışı artıb,
ağ saçı özümə yaraşdırıram.
Ağrı, əzab verir qurban olduğum,
mən ondan ömür-gün quraşdırıram.
Vallah, ürəyimdən xeyli razıyam,
hərdən ağrısını kəsir, sağ olsun!
Bir böyrü üstə də keçinmək olar,
təki adam kimi yaşamaq olsun!
Belə gəzirəmsə, axtarıramsa,
bir gün itkinimlə tapışacağam.
Bir işim inşallah, başa gəlməsə,
gedib başqasından yapışacağam.
Şükür, dərdlərimi yaxşı çəkirəm,
mən bilən, əzaba dözərəm yenə.
Allahın yanında hörmətimə bax,
həyat hər üzünü göstərir mənə.
Aman verməsələr əl tərpətməyə,
əli ağ, ürəyi çat-çat olaram.
Nə olsun, ömrümdə dinclik görmədim,
ölüb, allah qoysa rahat olaram!
Nə Kəbə daşına sürtdüm üzümü,
nə tövbə elədim, nə də and içdim.
Gördüm doymayacaq gözüm dünyadan,
özümü tox tutmaq yolunu seçdim.
Yurdum - Azərbaycanım!
Ölmədim ağ gününü gördüm, Azərbaycanım!
Olsa da, "yox, - deyəcəm, - dərdim", Azərbaycanım!
Səni çox öydü bu dil, amma çıxartmaz ağını,
Gözümə tutiyətək sürtmədəyəm torpağını,
Göydə göyqurşağıtək yelləyirəm bayrağını,
Himnini eyləmişəm virdim, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
Çox olub yağmalanan, solmuş, üzülmüş vaxtın,
Çevrilib, yandırılıb tüstüyə dönmüş taxtın,
Milyon il bərk dayanıb indiyə gəldin, çıxdın,
İgidim, qəhrəmanım, mərdim Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
Anasından soyuyan kəsləri az görməmişik,
Yurda yanpörtü baxan tərsləri az görməmişik,
Dara düş didə çıxar səsləri, az görməmişik,
Can deyib canına can verdim, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
Çatdıq azadlığa, biz arzulayan çağlardı,
Can fəda eylədilər, can əvəzi sağlardı,
Mənim arxam boyaboy cərgələnən dağlardı,
Çinarınla yanaşı durdum, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
Amma könlümdə sınıqlıq da var, əlbəttə, Vətən,
Çəkilib ağlamışam daldada, xəlvətdə, Vətən.
Vətənin beşdə üçü çərlədi qürbətdə, Vətən,
O ki var zülm görüb yurdum - Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
Əjdər Ol, qarşıda yol bir balaca çən görürəm,
Özümün şölə saçan istəyimə tən görürəm,
Qalibiyyət yolumuz qarşıdadır, mən görürəm,
Sevgilimtək qoluna girdim, Azərbaycanım!
Ölmədim, ağ gününü gördüm, Azərbaycanım!
Mən
Əzabı mən elə gözəl çəkirəm,
Çəkdiyim əzabdan heç kəs usanmır.
Özüm öz başıma sığal çəkirəm,
Məndən söz düşəndə söhbət uzanmır.
Dərd məndən əlini büsbütün çəkib,
dərdi sonalayıb, qəmi seçirəm.
Əzabın altından pis tütün çəkib,
üstündən şipşirin su da içirəm.
Ağrıya, əzaba qənim ürəyim,
hamını yatırdıb gecə ağrıyır.
Bircə mən bilirəm mənim ürəyim,
hərdən həzin-həzin necə ağrıyır.
Təmkinim elə tez pozulmaz, atam,
çox da iş pozulur, saç yelən salır.
Xoşbəxt günlərində quduran adam,
dərdə düşən kimi vay-şivən salır.
Başdan eləyirəm, başdan əkirəm,
kim doğan səhərə şükür eləmir.
Əzabı mən elə gözəl çəkirəm,
bir kimsə dərdimdən fikir eləmir.
Qorxma!
Qorxursan qəfildən yağan yağışdan,
Zülmət gecələr də qorxan yerindir.
Qorxursan naqolay sözdən, baxışdan,
Səni qorxudan da sənin birindir.
Deyirsən, gizlətsən ağrı-acını,
Aralar qarışmaz, bulanmaz sular.
Əkmirik Allahın qoz ağacını,
Deyirsən düşəri-düşməzi olar.
Keçər düşər-düşməz, solar hər baxış,
Qara geyim də gey, səbrdən də keç.
Bilirsən nə deyir hər qəfil yağış,
Qorxma, ovcunu tut, bir qurtum su iç!
Minillik
Qismətə bax, durmuşam minillər ayrıcında,
minillik arzular var lap dilimin ucunda.
Qoy bu minillikdə də min il od saçsın Günəş,
vaxtında-vədəsində səhəri açsın Günəş.
Min ili də haqlasın torpaq, dəniz, ulduz, Ay
min ilin sakinləri - Qafqaz, Tibet, Himalay.
Dünya durduqca dursun, gözləri nəm olmasın,
bir ayı, bir həftəsi, bir günü kəm olmasın.
Mən minillik deyiləm, ey dadıma yetənim,
qoy bu minillikdə də min yaşasın vətənim!
Yaz
Qış vaxtından qalan bulud,
Keçdi yazın tərəfinə.
Soyuqlayan qoca palıd
Keçdi yazın tərəfinə.
Oyanıb qış yuxusundan
Ayı çıxdı kahasından,
Qış əl çəkdi yaxasından
Keçdi yazın tərəfinə.
Tumurcuqlar budaq üstə,
Qaranquşlar dəstə-dəstə,
Qarı nənəm xəstə-xəstə
Keçdi yazın tərəfinə.
Gün gördü çox geyməyimi,
Gözlərimi döyməyimi,
Çıxartdı yun köynəyimi
Keçdi yazın tərəfinə.
* * *
Qollarım bir cüt kəndirdir,
yüz düyün vurun, açılar!
Bağlıdırsa haqq qapısı,
qapanı qırın, açılar!
Qismətimə qış düşəndə,
Qarı bir qarış düşəndə,
Üzümə qırış düşəndə
qəlbimdə şırım açılar.
Həm zorun var, həm də zərin,
Allah, ölsəm, nədir xeyrin,
Tutular bir qəbir yerin
bir adam yerin açılar.
* * *
Əjdər Ol da çox döşünə döyməsin,
onun da sözünü yerə salarlar.
Bir gün dönük çıxar dost dedikləri
ürküdüb kürkünə birə salarlar.
Nə səsi, nə də ki küyü artıqmış,
Bir az çalışmağı, səyi artıqmış,
Şərə düşənlərdən nəyi artıqmış,
heç nədən şərləyib şərə salarlar.
Dəyişər zəmanə, qarışar ara,
Qoyular avara, üzü divara,
Düşər hörümçəklər toxuyan tora,
dərdlilər yanında mərə salarlar.
Üzülmə!
Mən gedər-gəlməzdən qayıda bilsəm,
Dur çıx yol üstünə, gedən gələr də.
Mən gedər-gəlməzdən dönməyib ölsəm,
Ağlama, birdənəm, adam ölər də..
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.