manera.az
manera.az

Üzümü ağ edib alnım təriylə - Tərlan Əbilovun yeni şeirləri

Üzümü ağ edib alnım təriylə - Tərlan Əbilovun yeni şeirləri
MANERA.AZ Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Tərlan Əbilovun yeni şeirlərini təqdim edir.

* * *
Elə böyütmüşdüm səni özümdə,
məndə başqasına yer qalmamışdı.
Saçını biryolluq elə yığmışdın,
əlimdə, ovcumda zər qalmamışdı.

Çıxa bilməyirdim səbrimə yiyə,
Məndən boylanmırdı maraq heç nəyə.
Elə yormuşdun ki, məni,
özgəyə
alnımda bir damla tər qalmamışdı.

Nəyim var, onu çox görmüşdün mənə,
Gözümdən meyvə-yaş dərmişdin mənə.
Dünyanın dərdini vermişdin mənə,
kimsəyə azca dərd-sər qalmamışdı.

Kölgə dayanmışdın, kölgə, şəstimə,
Yamanca durmuşdun şəstlə qəsdimə.
Hirsini tökmüşdün elə üstümə,
heç kimçün dildə çor-çər qalmamışdı.

Qoxuna, ətrinə tər qarışmışdı,
Göylər daralmışdı, yer qarışmışdı.
Ağlımda, fikrimdə şər qarışmışdı,
səndə düşmədiyim şər qalmamışdı...

BAĞIŞLA

Bilirəm, saçımda qışdır,
məni bu yaza bağışla.
Çox sevməsən də, bir az sev,
sevdiyin aza bağışla.

Qoy soyusun tərim səndə,
Bir az nəfəs dərim səndə,
Bitsin dərdim-sərim səndə,
çəkdiyim naza bağışla.

Boş getməsin bu səy, çaba,
Bağışla məni bu taba,
Bağışla əldə mizraba,
sinəmdə saza bağışla.

Süfrə aç, Ayı dilimlə,
Bəlaya düşüm dilimlə.
Küssən, başıma əlimlə
dəyən qapaza bağışla...


* * *
Bu dünya kimsəni xoşbəxt eləmir,
hərə xoşbəxt olur öz tərəfində.
Nə vaxt lazım olsam, məni gəz, axtar,
ömrümün hamıya "döz" tərəfində.

Bir yuva qurmuşam özümə yoxdan,
Salmaya bir kimsə sözümü taxtdan.
Mən öz ayağımı kəsmişəm çoxdan,
gəzməsin heç kimin iz tərəfində.

Üzümü ağ edib alnım təriylə,
Hürkütməz könlümü edam yeriylə.
Sıram yox dünyanın əyriləriylə,
durmuşam özümün düz tərəfində.

Çox şükür, əzizəm, əzizdir xətrim,
Sarmaşır sözümün ətrinə ətrim.
Yorulsam, hər gecə bir neçə sətrim
başıma yer verir diz tərəfində.

Sözüm götürməyib toz, kir, qardaşım,
Heç kimə deyildir bu sirr, qardaşım,
Dünya pozulmayıb, şair qardaşım,
hələ də şeirin biz tərəfində.


* * *
Yer yox atılmayam, yer yox düşməyəm,
Alnımda eybəcər yazı, gəlmişəm.
Bir qadın əllərin qıymayıb mənə
Üstümün tozunu çırpam, üstünə
Üstümdə bir ömrün tozu,
Yaramda çoxunun duzu, gəlmişəm.

Sənə nə zəng çatır, nə mesaj gedir,
Ürəyimi para-para qoymusan?!
Sən də mi ağ günə yiyə çıxmaqçün
Üzünü hər yerdə,
Üzünü hər kəsdə qara qoymusan?
Gəzirəm, bir yerdə tapa bilmirəm,
Andır dincliyimi hara qoymusan?
Andır ağ günümü kimə qıymısan?
Sinəmdə dağların buzu gəlmişəm.

Mənə bir nişan ver, bilim hardasan,
Sürtüm üzümü qoy bu yoxluğuna.
Nə qədər yaxınım var, qurban verim
Bu aramızdakı uzaqlığına,
Boş əllə də olsa, ən azı gəlmişəm.

Yox anam nazımı çəkməyə daha,
Bir doğmam qalmayıb ağlaya məni.
Gözümün tutduğu misra da yoxdu,
Yazdığım şeirə bağlaya məni,
Tullamışam sözü, sazı, gəlmişəm.

Yaz mənim alnımı yenidən, nolar,
O şuma bir ovuc dən səp, ilahi!
Gözümü tutmasın daha bir şeir,
Gözümü tutmasın bu təb, ilahi!
Bir qarın çörəyə çatmır bu ilham,
Mənə də ruzindən ayır, nə olar,
Məni də sevginlə doyur, nə olar.
Sənin əlindədir deyirlər nə var,
Vardır hər yazıya pozu, gəlmişəm...

ŞƏHADƏT GÜNÜ

Adını şeirdə çəkən çoxalıb,
ovcuna mıx çalan adamlar bilir...
Qeybə çəkildiyin bir ikonadı,
bunu rəssam olan adamlar bilir,
bunu şair olan adamlar bilir,
bunu şeir yazan adamlar bilmir...

Bu dünya çoxuna çarmıxdı, çarmıx,
yerinə çarmıxa çəkilən çoxdu...
Hamı əlində daş durub qəsdimə,
içində bir nəfər günahsız yoxdu,
bunu sən bilirsən, Məhəmməd bilir,
bunu kimlər bilir, onlar hədd bilir,
bunu hədis yozan adamlar bilmir...

Bir şüşə şərabdı qanım ovcumda,
məni ağlamağa qadın qalmayıb.
Müqəddəs Məryəmə and olsun, İsa,
sənin anan kimi, mənim anam da
məni doğduğuyçün müqəddəs idi,
mənə bir Allahsız layla çalmayıb,
heyf, yolun azan adamlar bilmir.

Lənkəran Beytləhm deyil, bilirəm,
amma Qüdsdən də geri deyil heç.
Azmış insanlara xatir bir ömür,
çarmıxda olmağın yeri deyil heç.
Kimə sübut edə bilərəm ki, mən,
Tanrının burdakı təzahürüyəm,
yüz dəfə çarmıxa çəkiblər məni,
amma ölməmişəm, hələ diriyəm...

Bu nə oxşarlıqdı Tanrı adına?
ölü dirildənsən, söz dirildənəm...
Nə qədər şumlanaq bu qəbirlərdə,
bir qucaq çiçəksən, bir ovuc dənəm,
bunu "quyu qazan" adamlar bilmir...

Ancaq, ancaq, ancaq bununla belə,
aça bilməyirəm korların gözün,
dirildə bilmirəm bu ölüləri...
Tanrı həvarintək gizlədib məni
bəlkə də içində bu dəlillərin,
açasan gözümü, açıla gözüm,
mənə öyrədəsən o təlimləri.
Ölkəmin bu ağır durumunda mən
şəraba döndərib bir ovuc suyu...
doyurum beş, yeddi çörəklə burda
azı beşmin şili, beşmin zəlili.
Tufanı ram edim, ölü dirildim,
su üstə gəzməyim olsun dəlilim...
hansı ki, heç ozan adamlar bilmir...

Cəmi altı saat çəksin bu əzab,
dözüm, rədd eləyim şərab içməyi...
Öyrənim su üstə bu yeriməklə
suyun yaddaşına diri köçməyi,
qanın yaddaşına diri köçməyi...
Bilim dost seçməyi, düşmən seçməyi,
öyrənim canımdan rahat keçməyi.
Cəmi altı saat cəksin bu əzab,
mən İsa deyiləm dözəm yetmiş il,
mən İsa deyiləm dözəm səksən il...

Belimdə şallağın izidi Tanrım,
bəlkə bu çarmıxın özüdü Tanrım...
Sən Allah deyilsən, çarmıx deyilsən,
bunları kef pozan adamlar bilmir...

Elmə çatmışam, elm deyiləm...
yəqinə çatmışam, yəqin deyiləm...
Mən indi bilirəm nə çəkib Mənsur,
mən indi bilirəm Nəsimi kimmiş,
yəqinə çatmışlar, həqiqət üstə
soyula-soyula ölənlər imiş...

Bağışla, bağışla məni, ya həzrət,
bağışla, bağışla məni, ya İsa,
bağışla, bağışla məni, ya Məsih,
Allaham deməyə elmim çatmayır,
Allaham deməyə yəqinim çatmır...
Həqiqət özgənin qadını burda,
onunla yaşamaq, olmaq zinadı...
çarmıxı uduzan adamlar bilmir...


* * *
Neynim, toxunmayıb ustaca baxtım,
solmuş naxışına ip keçirdirəm...
Daş olan qəlbləri yığıb bir yerə,
bir təsbeh daşına ip keçirdirəm...

Tutmuşam, ovcuma dolub göz yaşın,
Ovcumda gözdən iz salıb göz yaşın.
Mirvari dənəsi olub göz yaşın,
gözünün yaşına ip keçirdirəm...

Kim asdayıb səni nəfəs göyündən?
Bərk-bərk yapışmışam qədim düyündən...
Söz göydən başıma daş düşən gündən,
hər sözün başına ip keçirdirəm...


* * *
Hamı məndən nəsə yazır,
heç kimin silmədiyiyəm...
Yenə heç kim sevmir məni,
heç kimin ölmədiyiyəm...

Basıb gözlərimi yuxu,
Sönüb nəfəsimin buğu...
Mən - hər kəsin oxuduğu,
heç kimin bilmədiyiyəm...

Qananın söz qapdığıyam,
Azanın yol sapdığıyam,
Mən hamının tapdığıyam,
heç kimin bölmədiyiyəm...

Hamının bitdiyi yerə,
Hamının yetdiyi yerə,
Hamının getdiyi yerə,
heç kimin gəlmədiyiyəm...


* * *
Ağ saçların buz bağladı,
üşüdün qarın içində...
Necə oldu dəyişmədin
bu qədər harın içində?

Hamı gəlib yuva qurdu,
Gül doğradı, ağac qırdı...
Yuvan, evin toz qaldırdı
uçan quşların içində...

Qapdılar, əl tapılmadı...
Sənə bəxt, yığbal qalmadı...
Naxışın naxış olmadıə
bu naxışların içində...

Böyümədin, uşaq qaldın,
Bir ətək, bir qurşaq qaldın...
Ürəyi çox yumşaq qaldın
qəlbi daşların içində.

Dünya didilən ətindi,
Tanrı boyda bir bətndi...
Ağıllı qalmaq çətindi
başıboşların içində...

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 410 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031