Bəxtiyar Vahabzadənin nəsr yaradıcılığı - Aygül Xəlilova yazır..

Bəxtiyar Vahabzadə - 100
B. Vahabzadənin elmi və bədii irsi ədəbiyyatşünas Nizami Cəfərov, dilçi-alim Yusif Seyidov, tarixçi Həbibullah Manaflı və digər tədqiqatçılar tərəfindən araşdırılmışdır. İ. Əfəndiyev, M. İbrahimov, S. Rəhimov, M. Arif, S. Rüstəm, M. Hüseyn, Y. Qarayev, M. Cəfər, M. Məmmədov, T. Hacıyev, A. Məmmədov və digərləri ayrı-ayrı vaxtlarda onun əsərlərinə münasibət bildirmiş, şairin poeziyası ideya, məzmun və sənətkarlıq baxımından dərindən təhlil edilmiş və dil, üslub xüsusiyyətləri geniş tədqiqat obyekti olmuşdur. Xalq şairi Nəriman Həsənzadə yazır ki, “Bəxtiyar Vahabzadə müasir ədəbi prosesdə xüsusilə fərqlənən ədəbiyyatın taleyini, nüfuzunu öz vicdanı kimi qoruyan şairidir.” (7, 3)
Şair həm Azərbaycan, həm türk, həm də dünya ədəbiyyatında daha çox şeirləri ilə məşhurlaşmışdır. Lakin qeyd etməliyik ki, şairin yaradıcılığında nəsr nümunələrinə də rast gəlinir. Bəxtiyar Vahabzadənin nəsr yaradıcılığı ilə tanış olduqda mövzuca həyatla səsləşən, öz aktuallığını daim qoruyan əsərlərlə tanış oluruq. Belə ki, müəllif yaradıcılığının bu istiqamətində bir çox hekayələr, qısametrajlı film üçün ssenarilər qələmə almışdır. “Məşhur adam”, “Alabəzək çamadan”, “Ürək döyüntüləri”, “Nənəmin xalçası”, “Yaltaqlıq”, “Saat”, “Rəqabət” “Şübhə”, “Başqası üçün yaşayanda”, “Könül sevən göyçək olar”, “Kölgədə”, “Əqidə”, “Pis adam”, “Fotoaparat” hekayələri Bəxtiyar qələminin məhsullarıdır.
Qeyd edək ki, şair-nasirin nəsr yaradıcılığına münasibət ədəbi fikirdə yox deyildir. Bir sıra tədqiqatçılar onun yaradıcılığına ümumi müstəvidən yanaşanda nəsr nümunələrinə də münasibət bildirmişlər. Şairin “Şənbə gecəsinə gedən yol” adlı kitabına “Ön söz” yazan İlyas Tapdıq qeyd edir: “Bəxtiyar Vahabzadənin hekayələri uydurulmur, ona həyat diktə edilir. Başqa sözlə desək, həmin hekayələr şairin ömür salnaməsinin müxtəlif məqamlarının müşahidə yarpaqlarıdır. Şairin gündəlik müşahidələri, qayğıları həyatdan aldığı təəssüratı isti-isti qələmə alınıb. Bəzən müdrik bir dost söhbətinin təsiri, bəzən də bir toy, yas yerinin mükaliməsi, yaxud təsadüfi tanış olduğu bir insanın taleyi, ya da intizarlı, hərarətli bir məktub bu hekayələrin yazılmasına səbəb olub; bütün səmimiyyəti ilə vərəqlərə hopub.”(1, 4)
Bu hekayələrdə sənətkar olduqca rəngarəng əhvalatları oxunaqlı, lakonik, rəvan dillə oxuculara çatdırmışdır. Öz poeziyasında toxunduğu həmişəyaşar, aktuallığını daim qoruyan məsələlər nəsr yaradıcılığında yenə də sənətkar ürəyinin narahatlığının aparıcı qüvvəsidir. Böyük şairin poeziyasında olduğu kimi, nəsrində də milli hiss ön plandadır. Onun nəsrinə daxil olan hekayələrin hər birində millətə, doğma torpağa, milli tariximizə bağlılıq, vətəndaşlıq duyğuları əyani olaraq öz əksini tapmışdır.
Müəllifin bütün hekayələri oxucular üçün maraqlıdır. “Məşhur adam” hekayəsinin süjeti ayrı-ayrı iki obrazın şəxsiyyətlərinin, iç dünyasının incə şəkildə müqayisəsi və üzə çıxan dərin təzadın açılmasından ibarətdir. Bu obrazlardan biri yaşı yetmişi ötmüş, universitetin Şərq fakültəsinin ərəb dili müəllimi Muxtar müəllimdir. Hekayədə Muxtar müəllim peşəkar pedaqoq, səmərəli metodik dərs üsulu ilə bütün həmkarlarını kölgədə qoyan müəllim təsiri bağışlayır. O, öz obyektivliyi ilə oxucunun dərin rəğbətini qazanır. Belə ki, hər yerdə həmişə doğru bildiyini düz üzə deyir, hamıdan da bunu tələb edir. Ədaləti tapdalamaq, bununla da tələbələrin gözündən düşmək onun təbiətinə yaddır. Bu kimi xarakter xüsusiyyətinə görə, bəzən müəllim yoldaşlarının tənqid atəşinə məruz qalır, çoxları tərəfindən qınaq obyektinə çevrilir. Muxtar müəllimin əqidəsinə sadiqliyi o həddə çatır ki, öz qızını imtahandan kəsdiyi üçün tələbə təqaüdündən məhrum edilir.
Əsərin digər obrazı isə sənətkarın sətiraltı tənqidinə məruz qalan məşhur adamdır. Müəllifin qələmi ilə oxucu tanış olur ki, bu şəxs universitet rektorunun keçmiş sinif yoldaşıdır. Bu məşhur adamın oğlu siyasi iqtisaddan kəsildiyi üçün xahişə gəlmişdi ki, oğlunun qiymətini düzəltsinlər.
Eyni vaxtda həm Muxtar müəllim, həm də həmin məşhur adam rektorun qəbuluna gəlir. Muxtar müəllim qızının təqaüdünün bərpasını istəyir, amma qəti şəkildə qiymət verməyə razı düşmür. Məşhur adam isə: “Zamana adamı deyil” (1, 13)-deyə onu yarğılayır və öz mətləbinə keçir.
Bəli, bəzən belə də olur. Düzlük, ədalət prinsipləri ilə yaşayan insanları başa düşmək çətin olur ki, bu da mütəfəkkir sənətkarın diqqətindən qaçmır.
Ədibin mövzuca aktual hekayələrindən biri “Alabəzək çamadan” adlanır. Bu hekayə 1986-cı ildə onun qələmindən çıxmışdır. Əsər mövzusu hər dövrdə aktualdır. Müəllif üç nəfər yaltaq tipin-Səlimin, Kərimin və Rəhimin şəxsində yaltaqlığın ən ali dərəcəsini, vəzifə kreslosunun ata ruhundan üstün tutulmasını böyük ürək ağrısı ilə qələmə almışdır. Hekayədə yüksək vəzifəyə keçmək üçün bir-birilə kəskin rəqabətdə olan həmkarların insaniyyətə yaraşmayan cəhətlərindən, mübarizələrindən bəhs olunur. Əsərdə maraqlı obrazlar silsiləsi var. Bunlar idarəyə yeni direktor təyin edilən Hüseyn Xalidoviç, şöbə müdirləri Kərim, Rəhim, Səlimdir. Əsər maraqlı bir süjet üzərində qurulmuşdur. Oxucu əsərdən öyrənir ki, direktor müavinliyi yeri boşdur. İdarənin bu üç şöbə müdiri dəridən-qabıqdan çıxırlar ki, direktor onları müavin vəzifəsinə təyin etsin. Süjet maraqlı əhvalatlara inkişaf edir. Belə ki, bir gün Hüseyn Xalidoviç idarəyə bikef gəlir. Məlum olur ki, onun dünyasını dəyişmiş yaxın qohumunu dəfn etmək üçün şəhər qəbirstanlığında yer yoxdur. Səlim yaranmış bu vəziyyətdən istifadə edərək direktorun gözünə girmək üçün illər əvvəl dünyasını dəyişən, şəhər qəbiristanlığında uyuyan atasının qəbir yerini dəyişdirmək fikrinə düşür. Yazıçı Səlim ilə qəbirstanlıq gözətçisi Qulam müsahibəsində bu müdhiş səhnəni təqdim edir:
“-Qulam dayı, dədəm mənə vəsiyyət eləmişdi ki, onu kənddə, anasının yanında dəfn eyləyim. Kişinin vəsiyyətinə əməl etməyə imkanım olmadı, burda basdırdım. Qulaq as, indi bir aydır, hər gecə kişi yuxuma girir. Məni itdən alıb itə verir. Deyir, bir qələtdir eləmisən, indi mənim sümüklərimi də olsa, kəndə aparmasan, yanıma üzüqara gələsən. Qulam dayı, yuxum ərşə çəkilib, daha dözə bilmirəm. Sök atamın qəbrini, çıxart sümüklərini,-deyib maşının baqajını açdı, alabəzək çamadanı çıxarıb dedi:-yığ sümükləri bu çamadana, günü sabah aparacağam kəndə aparcağam kəndə”(1, 21). Çox tükürpədici bir təsvirdir. Ata məzarının vəzifə kreslosuna satılması göz qabağındadır. Bütün zamanlar üçün aktual bu gözəl sənət əsəri Bəxtiyar Vahabzadə müşahidələrinin dəqiqliyini və reallığını diqqətimizə çatdırır.Vəzifə düşkünlərinin haramzadalığı o həddə çatır ki, Səlim rəhmətə gedən atasını qəbirdən çıxarır.
“Ürək döyüntüləri” hekayəsində bir ana surəti vasitəsi ilə iki böyük duyğunun-həm analıq hissinin, həm də işinin vurğunu olan bir həkimin ürək çırpıntıları əks etdirilmişdir. B. Vahabzadə bu hekayəni böyük səmimiyyət və həssaslıqla qələmə almışdır. Hekayədə Rübabə surəti, onun iç dünyası, fərdi xüsusiyyətləri, qayğıları, iztirabları, düşüncələri sənətkar qələmində öz bədii təsvirini tapmışdır. Əsərdə Rübabə iki yol ayrıcındadır. O nə qədər öz işini sevgiylə və peşəkarcasına yerinə yetirsə də, artıq yaş öz işini görmüşdü. Belə ki, o təqaüdə çıxmaq ərəfəsindədir. Bu xəbəri eşitmək onun üçün ağırdır. Buna görə də, bu həqiqətlə birdən-birə üzləşdiyi üçün kədər və iztirab keçirir.
Əsil həqiqəti öyrəndikdən sonra isə ananın iztirabları daha da artır, çünki, o, oğlu Nadirin xahişi ilə təqaüdə çıxarılmışdır. Əslində, Nadir bu hərəkəti ilə anasını incitmək niyyəti daşımırdı. Onun əsas məqsədi anasının bir oğul kimi qayğısına qalaraq özünün yaşadığı və işlədiyi rayona-öz yanına aparmaq idi. Anası da oğlunun bu hərəkətini gözəl anlayırdı. “Bu, əlbəttə, ana qayğısını çəkən yaxşı bir övladın haqlı tələb idi”(1, 27) Əlacsız qalan ana rayona-oğlunun yanına köçür. Çünki bu dünyada onun yeganə övladından başqa kimsəsi yoxdur. Şəhərin qaynar mühitindən, gündəlik əmək fəaliyyətindən uzaq düşüb sakit rayonda yaşamaq Rübabə anaya çətin gəlir.
Hekayə nikbin sonluqla bitir. Yazıçı qələmində ana bütün arzularına qovuşur. Biz bunu hekayənin süjet xəttinin sonrakı inkişafında görürük. Təsadüfən, Rübabə ixtisasca kardioloq həkim olan Sevillə tanış olur. Rübabənin ana ürəyindən sonsuz arzular keçir, onu oğlunun sevgilisi kimi canlandırır xəyallarında. Əsl həqiqəti bildikdə isə sevincinin həddi-hüdudu olmur. O fikirləşir ki, Rübabə həm peşə sahəsində, həm də evdarlıqda ona yardımçı olar. Yalnız belə bir gəlin onun rahatlığını təmin edə, oğlunu isə xoşbəxt edə bilər.
Hekayə hər bir oxucuda xoş duyğular oyadır. Ailə xoşbəxtliyi, gəlin-qayınana münasibətlərindəki səmimilik, övladın anaya, ananın övladına olan sonsuz məhəbbəti yazıçı qələminin qayəsi kimi diqqəti cəlb edir.
B.Vahabzadənin hekayələr silsiləsində “Yaltaqlıq” adlı hekayəsi də diqqətçəkəndir. Bu əsər mövzu və süjetinə görə, “Məşhur adam” hekayəsi ilə səsləşir. Hekayə tənqidi-satirik məzmundadır. İnsana xas olan mənfi xüsusiyyətlər-vəzifə hərisliyi, pul fetişistliyi, nəfs, ikiüzlülük, paxıllıq, ən başlıcası isə yaltaqlıq yazıçının əsas tənqid hədəfləridir. “Yaltaqlıq”dakı obraz “Alabəzək çamadan” hekayəsindəki obrazları xatırladır. Hekayədə müxtəlif səbəblərdən əsas surətin yaltaqlıq, məddahlıq kimi xüsusiyyətıərə yiyələnməsindən danışılır. İnsan bəyənmədiyi, pis hərəkəti bir-iki dəfə təkrar edirsə, artıq o xüsusiyyət onun canına hopur, vərdiş halına gəlir. Artıq təkrar-təkrar belə ləyaqətsiz hərəkətlər etdikcə çirkaba qərq olur. Əvvəllər heç vaxt “etmərəm” dediyi düçüncələr ondan ötrü adiləşir. Başqalarında qəbul etmədiyi, qəzəbləndiyi hallara zaman-zaman özü düşür. Bir gün gəlir, öz mənafeyi naminə kimlərsə də onun qabağında yaltaqlıq edir. İndi də eyni gülünc vəziyyətə o özü düşür.Hekayə yekun olaraq təsirli cümlə ilə bitir: “Vay, səni! Bu gecəli-gündüzlü, ikiüzlü dünyada necə hər şey təkrar olunurmuş!”(1, 45)
“Saat” hekayəsində mövzu həyatın faniliyi, mənasızlığı, insanın unutqanlığıdır. Dəlicəsinə sevənlər, bir-birindən ayrı qala bilməyən dostlar fədakarcasına həyat sürən qan qohumlarından biri dünyasını dəyişəndə ağlamaq, üzülmək, kədərlənmək olsa da, yenə də unudulur. Yazılmayan qanunauyğunluğa hamı bir nəfər kimi ayaq uydurur. Hər şeyə rəğmən həyat öz axarı ilə davam edir.
Olduqca maraqlı mövzusu və süjet xətti olan “Rəqabət” hekayəsində sənətkar həmkarlar arasında baş verən rəqabətdən bəhs edir. Əsərdə Nadir və Səttar adlı fotoqraflar arasında işgüzar çəkişmələr gedir. Bu surətlərin hərəsi bir cür yanaşır rəqabətə. Nadir daha çox sağlam rəqabət aparır və tədricən, peşəsində yüksəlir. Səttar isə bunu heç cür qəbul etmir. Nadir bu yüksəlişini sağlam rəqabətinin nəticəsi olduğunu dərk etdiyindən Səttara dost münasibət göstərir. Neyləyək ki, insanlar eyni cür deyil. Səttar Nadirin uğuruna qısqanclıqla yanaşır, onunla düşmənçilik aparır. Nadir:”Mən bu səviyyəmə görə sənə borcluyam. Borclu olduğum adamdan hayıf almağı isə günah sayıram”, deyir. Səttar nə qədər fikirləşirsə, Nadirin nə demək istədiyini heç cür başa düşmür.
B. Vahabzadənin “Fotoaparat” hekayəsi məzmununa görə “Ürək döyüntüləri” ilə həmahənglik təşkil edir. “Fotoaparat” hekayəsində də süjet ailə-məişət zəmini, ana-oğul münasibətləri üzərində qurulmuşdur. Lakin bu hekayədə təsvir olunan ana obrazı daha məzlumdur. Bir vaxtlar oğlu üçün olmazın fədakarlıqlar edən, özünü bir çox şeylərdən məhrum edən ana bu gün imtina ounmaqla qarşı-qarşıya qalır. Evdə söz-söhbətlər olan ərəfədə nəvəsinin ad günü olur. Fürsətdən istifadə edərək nənə nəvəsinə seçdiyi hədiyyə almaqla oğluna ibrət dərsi verir.Bu zaman oğlu anasından imtina etməyə əsla haqqı çatmadığını anlayır. Hadisələr elə həssas və dinamik cərəyan edir ki, oxucu istər-istəməz köməksiz ananın əndişəsinin təsiri altına düşür. “Ürək döyüntüləri”ndəki oğul obrazı isə daha çox qətiyyətsizdir. Görünür, elə buna görə B.Vahabzadə təkrar bu mövzuya toxunub, hekayənin mahiyyətini daha orijinal istiqamətdə göstərməyə nail olmuşdur.
Sənətkar “Başqası üçün yaşayanda” hekayəsini 1974-cü ilin avqustunda yazmışdır. Hekayədə dəli-dolu həyat tərzi keçirən cavanın ata olandan sonra 180 dərəcə dəyişilməsindn bəhs olunur. Özünü və əzizlərini çox sevdiyinə baxmayaraq, maşınını həmişə yüksək sürətlə idarə edən gəncin gözündə qorxu hissi heç vaxt olmayıb. Amma atalıq hissi, övlada sonsuz sevgi, valideynlik məsuliyyətli onu müdrikləşdirir. Artıq özü üçün deyil, başqası üçün yaşayır. Buna görə də həyatını təhlükədən uzaq, daha ehtiyyatla, məsuliyyətlə, min ölçüb, bir biçərək yaşamağa başlayır.
“Könül sevən göyçək olar” hekayəsində iki gəncin sevgisindən söhbət gedir. Qaratay Firəngizi sevsə də, onunla birgə olsa da, bəzi xüsusiyyətləri ilə onu incidir, tez-tez ağladır. Firəngiz isə Qaratayı nəinki sevir, hətta ona sitayiş edir, tapınır. Onu o qədər ilahiləşdirir ki, çəkib yerə atdığı siqarət kötüklərini yığıb təbərrük kimi saxlayır.Firəngiz nə qədər gileylənsə də, üzülsə də, Qarataya alçaq dediyinə görə doğma bacı kimi olduğu rəfiqəsini belə acılayır. Nə edək ki, sevginin gözü kordur. Gənclər bəzən başa düşmür ki, ilahi sevgiylə yalnız Allah-Təala sevilməyə layiqdir.
“Pis adam” hekayəsi qısa məzmuna malik olsa da, hekayədən çıxan nəticə olduqca qətidir. Adından məlum olduğu kimi hekayə boyu hamı pis adamlardan şikayət edir. Əsərdə belə fikirlər səsləndirilir: ”Ölümlər ki, bu qədər asanlaşıb, gərək adamlar bir-birinə pislik etməsinş Pis adamlar pislik eləməyə bilməz. Çünki pislik onların təbiətindədir”(1, 32) Təəssüf ki, heç kəs pisliyi, pis əməli özündə axtarmır. Görəsən, nəyə görə heç kəs öz gözündəki tiri görə bilmir? Əsər düşündürücü sonluqla tamamlanır.
“Kölgədə” hekayəsində təkəbbürlü, lovğa insanların gülünc və cansıxıcı davranışları əks olunub. İlyas Tapdıq hekayə haqqında fikirlərini belə ifadə edir: “Ömrünün gənclik çağlarında bir dəfə gəmidə yanğın söndürən Dadaş Qədimov ancaq bu qəhrəmanlığı ilə yaşayır, toyda da, yasda da bu əhvalatı hamıya təkrar-təkrar danışaraq əzbərlədir. “Kölgədə” hekayəsi bir tərəfdən Dadaş Qədimova qarşı gülüş doğurursa, digər tərəfdən insanı hər günün qayğısına, qəhrəmanlığına çağırır!”(1, 3)
“Əqidə” hekayəsi dünyasını dəyişən cavan alimin yas mərasimi haqda düşüncələri ilə başlanır. Elm üçün özünü oda-közə vuran bir alimin vaxtsız ölümü hərəyə bir cür təsir edir. Əhvalatı nəql edən surət böyük təəssüf hissi keçirir. Qəlbindəki hüznü ifadə etməyə söz tapmır. Yas mərasiminə gələndə isə fərqli situasiyanın şahidi olur. Mərasimdə iştirak edən alimlər, həmkarlar mərhumu günahlandırır ki, canını qorumurdu. Söhbətdə “əqidə” ancaq canı qorumaq üstündə köklənir. Müəllif incə bir şəkildə can qoruyanlara gülür.
“Şübhə” hekayəsi B.Vahabzadənin bütün hekayələri içində həm quruluşuna, həm də mövzusuna görə fərqlənir, daha çox nağılvaridir. Hekayənin məzmunu Hans Kristian Andersenin “Sehirli nağıllar” əsərinin məzmunu ilə oxşardır. Belə ki, hər iki əsərdə hakimiyyətdə olan monarxların, saray əyanlarının hər yola baş vurmaları, dondan dona girmələri təsvir edilmişdir. Əsərin əsas ideyası mövqenin, məqamın, vəzifənin, heç bir şeyin insanın şərəf və ləyaqətindən uca olmamağıdır.
Sənətkarın bütün hekayələrinin içində oxucu kimi bizim ruhumuzu oxşayan “Nənəmin xalçası”dır. Hekayədə mövzu milli mənlik, mentallıq, özünəməxsusluq, mənəvi dəyərlərə bağlılıq, sədaqətdir. Süjet bir rəssamın sənət axtarışları, novatorluq yolunda başına gələn sərgüzəştlər üzərində qurulmuşdur. Baş qəhrəman rəssam təsadüfən əlinə keçən fransız rəssamın rəsmlərində axtardığını tapır, illərlə içində hiss etdiyi boşluğu tamamlayır. Fransız rəssamın üslubunda öz ruhunun ahənginə qovuşur. Həyatda heç nə təsadüfi olmur. Belə də olmalıydı. Çünki bu fransız öz yaradıcısı olduğu peşəkar üslubunun əsasını illər öncə Azərbaycanın ucqar kəndlərindən birində toxunan ənənəvi xalçaların naxışlarının sehrindən götürübmüş. Bu kənd bizim rəssamın dünyaya gəlib böyüyüb başa çatdığı Kəhrizoba kəndiymiş.
Hekayəni sona qədər oxuyub duyğulanmamaq əldə deyil. Həyatda mövcud olan istənilən canlı öz kökündən ayrı yaşaya bilməz. Bir insan öz adət-ənənələrinə sığınıb yaşamasa, istinad edib fəaliyyət göstərməsə, heç bir sahədə uğur qazana bilməz. Hər kəs özü kimi olanda, özü olanda gözəl olur. Azərbaycan xalqı, türk milləti, müsəlman ümməti olaraq bizim möhtəşəm mənəvi və mədəni irsimiz var. Ta qədimdən milli mənlik hər bir azərbaycanlının canında, qanında genetik kodlarla şifrələnmişdir.
B.Vahabzadə elə bir sənətkardır ki, ənənəyə bağlılıq onun bütün yaradıcılığında qırmızı xətlə keçir. Böyük ədib öz əli ilə yazdığı avtobioqrafiyasında deyir: “Haqqımda yazan tədqiqatçılar məni, ümumiyyətlə, ənənəyə bağlı bir şair hesab edirlər... Ənənə heç vaxt yalnız bir rəngin, bir səsin müdafiəsi demək deyil. Ənənə kökə sədaqətdir. Sənət aləmində yenilik şüarı ilə meydana çıxanlar əksərən yeniliyi kənarda axtarır, öz milli ənənəsini bəyənmir, kökünə, şirə çəkdiyi torpağa dodaq büzür. Qəribə burasıdır ki, belələri yeniliyi özgəni yamsılamaqda görür.” (1, 245)
Nəzm ilə bir-birindən gözəl xarüqələr yaradan B.Vahabzadə qələmi təhkiyə ilə də öz işini ustalıqla görmüşdür. Bu barədə professor Tofiq Hacıyev yazır ki, “Bəxtiyarın həyata elmi-fəlsəfi baxımdan nüfuzu yalnız mühakimələrində, bədii məntiqində, poetik sintaksisində deyil, həm də konkret şəkildə elmi üsluba məxsus leksikadan, müxtəlif düşüncə sahələri ilə bağlı terminoloji lüğətdən istifadəsində görünür.”(5, 44)
B.Vahabzadənin nəsr yaradıcılığında obrazlılıq dolğun şəkildə ifadə olunmuş, bədii bitkinlik hekayələrinin hər birində yüksək sənətkarlıq xüsusiyyətləri nəzərə alınaraq orta məktəblərdə nəsr əsərlərinin tədrisi zamanı bir çox müəlliflərin əsərləri ilə yanaşı onun da hekayələrinə istinad etmək məqsədəuyğun hesab oluna bilər. Yüyrək nəsr dili ilə qələmə alınan bu hekayələr mütaliəyə və təhlilə möhtacdır.
Ədəbiyyat
Vahabzadə B. Şənbə gecəsinə gedən yol. Bakı: Azərnəşr, 1991, 334 s.
Vahabzadə B. Sadəlik böyüklük. Bakı: Yazıçı, 1978, 338 s.
Vahabzadə B. Gəlin açıq danışaq...(məqalələr toplusu). Bakı: Azərnəşr, 1989, 222 s.
Vahabzadə B. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: Öndər nəşriyyatı, 2004, 328 s.
Cəfərov N. Bəxtiyar Vahabzadə: monoqrafiya. Bakı: Azərbaycan nəşriyyatı, 1996, 80 s.
Manaflı H. Gen yaddaşımızın poeziya dili. Bakı, 2008, 128 s.
Həsənzadə N. Düşündürən poeziya. “Azərbaycan” nəşriyyatı 1995, 15 avqust
http://ebooks.preslib.az/pdfbooks/azbooks/almemmseb_bextiyar.pdf
Aygül Xəlilova,
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işçisi