Bəxtiyar Vahabzadə haqqında ürək sözlərim - Nazim Hüseynli yazır..
2009-cu ildə Azərbaycan Yazıçılar Birliyi Şəki Bölməsinin sədri, şair dostum Vaqif Aslan zəng edib Şəkidə böyük şairimiz Bəxtiyar Vahabzadə ilə bağlı tədbir olacağını, mənim də vətənpərvər şairimizlə əlaqədar çıxış hazırlayıb ora göndərməyimin lazım olduğunu bildirdi. Mən çıxışı hazırlayıb göndərdim. Lakin necə oldusa Şəkidə keçirilən tədbirə getməyim, orada çıxış etməyim reallaşmadı. Edəcəyim çıxışın mətnini saxladım və indi “Manera. az” portalının oxucularına təqdim etmək istəyirəm.
İstiqlal və milli azadlıq ideyalarının bərpası kimi şərəfli bir vəzifənin yerinə yetirilməsinə xidmət edən Bəxtiyar Vahabzadə poeziyası xalqımızın müstəqillik uğrundа mübаrizəsində əvəzsiz rol oynamışdır.
Şairin keçən yüzilliyin 50-ci illərinin axırlarından ziyalılar və tələbələr arasında yayılmağa başlamış milli ruhlu əsərləri xalqımızın azərbaycançılıq ruhunda tərbiyəsində müstəsna xidmətlər göstərmişdir.
Mən 1970-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinə daxil olmuşdum. Bəxtiyar Vahabzadə universitet tələbələrinin ən sevimli şairi idi. 1959-cu ildə Şəkidə çap edilən, şairin kitablarına daxil edilməsi o vaxtlar mümkün olmayan «Gülüstan» poeması əlyazması şəklində təkcə Bəxtiyar Vahabzadənin dərs dediyi filologiya fakültəsinin deyil, bütün fakültələrin tələbələri arasında gizli surətdə yayılırdı. Tələbələr poemanı əzbərləyir, əsər xalq arasında yayılırdı:
Necə ayırdınız dırnağı ətdən,
Ürəyi bədəndən, canı ciyərdən.
Axı kim bu haqqı vermişdir sizə,
Sizi kim çağırmış Vətənimizə?
Bəxtiyar Vahabzadənin bəzi milli ruhlu şeirləri mətbuatda, şairin kitablarında çap olunmasa da fakültələrin divar qəzetində verilir, əlyazmaları şəklində tələbələr arasında yayılırdı. Şairin milli ruhlu şeirləri dildə-ağızda gəzir, tələbələrin çoxu onları əzbər bilirdi “Vətəndən vətənə” şeiri də belə əsərlərdən biri idi:
Arazın
bu tayı Vətənim,
O tayı Vətənim,
Vətəni görməyə amanım yox mənim.
Bu necə Vətəndir?
Görmədim üzünü,
Çatsam da bu yaşa,
Ömründə bir dəfə,
Bəs salam verməzmi
Qardaş da qardaşa?
Bu qəmim , bu dərdim dağlardan ağırdı,
Arazın suyuna qarışıb axıram.
Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,
Mən isə...
Vətəndən vətənə baxıram.
Tələbələr arasında şeir, hekayə yazanlar da var idi. Mən də ədəbiyyata maraq göstərirdim. Şərqsünaslıq fakültəsində oxusam da bir çox tələbələr kimi, Bəxtiyar Vahabzadədən dərs almaları, onun mühazirələrini dinləmələri baxımından filologiya fakültəsinin tələbələrinə həsədlə baxırdım…
Xalq Bəxtiyar Vahabzadənin əsərlərini oxuyur, sevir, əzbər bilir. Burada bir olayı yada salmaq istərdim. 1995-ci ildə Bəxtiyar Vahabzadə 80 saylı Oğuz–Şəki– Mingəçevir–Yevlax seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd göstərilmişdi. Bir gün Oğuz şəhərindəki «Azərbaycan» kinoteatrının qarşısında, açıq havada şairlə deputatlığa namizəd kimi görüş keçirilməli idi. Meydan, yol, qarşıdakı səkinin üstü adamlarla dolu idi. Bizdən 3-4 metr aralıda dayanmış bir şəxsin o birinə dediyi sözləri eşitdim:
–Deyirlər ki, kənar rayonlarda deputatlığa namizədlər bütün kəndləri, məhəllələri ev-ev gəzir, un, pul paylayır, bizim namizədimiz isə deputatlığa namizəd kimi birinci dəfədir ki, Oğuza gəlir.
Ona sarı addımlayıb sözünü kəsdim:
– Bəxtiyar Vahabzadəni belələrinə tay tutma. Onlar deputat seçilmək üçün hansı yola desən əl atarlar. Böyük şairimiz isə öz əsərləri ilə bütün Azərbaycan xalqının elçisi olmaq hüququnu çoxdan qazanıb. O, hər gün öz şeirləri ilə oğuzlularla, hər bir evlə, hər bir ailə ilə görüşür. Ondan layiqli millət vəkilini haradan tapmaq olar? Biz fəxr etməliyik ki, deputatımız Bəxtiyar Vahabzadə olacaq.
Sonra onun bir şeirindən bir bənd dedim. Ətrafdakılar mənə qoşuldular. On-on beş nəfər də şairin əsərlərindən bəndlər dedilər. Ən qəribəsi də o oldu ki, bayaqkı sözlərin sahibi də Bəxtiyar Vаhаbzаdənin bir bənd şeirini dedi.
Xalq şairi və onunla birlikdə olanlar gəlməsəydi, görüş başlanmasaydı, kim bilir, bu şeirləşmə nə qədər davam edəcəkdi.
Xalq şairi ilə görüş el bayramına çevrildi. Şair tədbirin sonunda çıxış edərək dedi:
–Əziz və hörmətli oğuzlular! Adətən deputat seçiciləri ilə görüşdə öz platformasından danışır. Nеçənci dəfədir ki, deputat seçilmək üçün mənim namizədliyim irəli sürülür. Mən heç vaxt platformam haqqında danışmamışam. Mənim platformam mənim əsərlərimdir. Kim mənim platformamla tanış olmaq istəsə kitablarımı vərəqləsin. Mən millətim üçün necə çalışmışamsa bundan sonra da elə çalışacağam... Məni deputat seçsəniz də çox sağ olun , seçməsəniz də. Mən xalqıma yenə də əvvəlki kimi xidmət edəcəyəm.
Tədbir deputatlığa namizədlə görüş yönümünü dəyişdi və böyük şairlə, xalqımızın yaddaşında əbədi yaşayacaq qüdrətli sənətkarla görüşə çevrildi.
Görüşdə hörmətli şairimizin şeirlərindən parçalar səsləndi...
Bəxtiyar Vahabzadə 5 il bizim rayonun deputatı oldu. Biz bundan qürur duyduq, bununla fəxr etdik və deputatımızdan çox razı qaldıq.
Bəxtiyar Vahabzadə tanrının yaratdığı sözü tanrı səviyyəsinə qaldıran, sözə söz Tanrısı kimi güc, qüvvət, möcüzə imkanı verən bir sənətkardır. Şair şeirlərində, «Şəbi-hicran», «Gülüstan», bu poemanın davamı olan «Istiqlal», «Ağlar – güləyən», «Təzadlar», «Şəhidlər» və başqa poemalarında, dram əsərlərində zamanın sözünü zamana və gələcək zamanlara böyük məharətlə deyir. Bəxtiyar Vahabzadə yalnız yaşadığı, fəaliyyət göstərdiyi zamanın, son yüzilliklərin sözünü deməklə kifayətlənmir. Xalqımızın, millətimizin, yaşanmış bütün zamanların sözünü gələcəyə, gələcək zamanlara deyir :
Şair – zəmanənin, əsrin vicdanı,
Şair tarixlərin şərəfi, şanı.
Şair – bu dünyaya zamanın sözü,
Şair həqiqətin, haqqın güzgüsü.
«Yaşamaq yanmaqdır, yanasan gərək» deyən şair ömrü boyu şam tək yanır, həm də günəşin yanaraq torpağa, dağlara, sulara, insanlara nəfəs, can verdiyi kimi öz poeziyası ilə ürəklərə, könüllərə, insanların sevgisinə, məhəbbətinə, haqq-ədalət uğrunda mübarizəsinə güc-qüvvət verir.
Nə qədər ki, dilimiz, xalqımız var, nə qədər ki, poeziya, şeir, söz, sevgi var Bəxtiyar Vahabzadə poeziyası da yaşayacaqdır. Bu poeziya yarandığı zamanın, eləcə də əvvəlki bütün zamanların sözünü gələcəyə, sabaha, yüz illər, min illər bundan sonrakı zamanların insanlarına deyəcəkdir.
Eşq olsun Bəxtiyar Vahabzadəyə!
Eşq olsun Bəxtiyar Vahabzadə yaradıcılığına!
2009-cu il
SAĞDA, SOLDA NƏ FƏRQİ VAR
Bəxtiyar Vahabzadənin ürəyi sağda idi
Bir dünyasa sevgi dolu,
Bir mayaqsa amal, yolu,
Ucaldırsa xalqı, eli,
Sağda, solda nə fərqi var.
Qanı ilə tarix yazır,
Yalanları silir, pozur,
Döyüşlərə daim hazır,
Sağda, solda nə fərqi var.
Bölümlərə üsyan edir,
Zülümlərə üsyan edir,
Savaşlarda öndə gedir,
Sağda, solda nə fərqi var.
Vətən üçün gərilərsə,
Sipər olsa, vurularsa,
Torpağına sərilərsə,
Sağda, solda nə fərqi var.
Haqqa dayaq, dirək isə,
İnsanlara gərək isə,
Ürək əgər ürək isə,
Sağda, solda nə fərqi var.