Əliağa Vahid - 130: Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir

MANERA.AZ Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi Əliağa Vahidin anadan olmasının 130 illiyi münasibətilə seçmə qəzəllərini təqdim edir.
* * *
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir
Eşq olan yerdə bütün aqilü dana dəlidir.
Saldı Yusif kimi öz sevgilisin zəncirə
Qoydu rüsvalıqı aləmdə Züleyxa dəlidir.
Eşq zincirinin iftadəsi bir mən degiləm
Həvəs-i silsileyi eşq ilə dünya dəlidir.
Sarılır çiğninə gah qoynuna, gah qamətinə
Əjdəhalər kimi ol zülfi çəlipa dəlidir.
Bir vəfasız gül üçün naləsi dünyanı tutur
Aşiqin qəlbi kimi, bülbülü şeyda dəlidir.
Bircə Şirin ilə Fərhada məzəmmət yoxdur
Vadiyi eşqdə Varmiq dəli, Əzra dəlidir
Əl götürməz bu qara gözlülərin zülfündən
Hər yetən zənn eləyir Vahidi guya dəlidir."
* * *
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.
Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.
Mən əsiri-eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Qoy Vətən daim işıqlansın gözəl bir şəmtək,
Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.
Nazənin, rəna gözəllərdir – baxırsan hər yana,
Bəs bu torpaq indi bir cənnət deyil, ayə, nədir?
Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik,
Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.
Vahidəm mən, sevgilim, məndən xəyanət görmə sən,
Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.
* * *
Gözəllər içrə sən, ey mahiparə birdənəsən.
Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.
Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,
Bu çeşmi – məst ilə qılan işarə bir dənəsən.
Sən olmasan məni hicran dəmi həlak eylər,
Şikəstə könlümə aləmdə çarə bir dənəsən.
Zəmanə əhlinə məşhursan gözəllikdə,
Bu sirr gizli deyil, aşikarə bir dənəsən.
Rəqibi qoyma yaxın vəsminə, xəyanət edər
Ki, qorxuram səni çəksin kənarə birdənəsən.
O zövqü dövləti-dünyaya vermərəm hərdən
Məni fəqirə də qılsan nəzirə bir dənəsən.
Gözəl həyatını Vahid fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə birdənəsən.
* * *
Könül, vəfasız olan nazlı yarə yalvarma!
Nə e’tibar ona, bi’etibarə, yalvarma!
Darıxma, yaxşı-yaman ruzgarımız keçəcək,
Bu beş gün ömrə görə ruzgarə yalvarma!
Sənin də bir gün olar novbaharın, ey bülbül,
Xəzan cəfasına səbr eylə, xarə yalvarma!
Faqirə, aciz, məzlumə ehtiram eylə,
Əduyə, qaniçənə, zülmkarə yalvarma!
Vətən uğrunda ölüm mərd üçün səadətdir,
Həyat üçün fələki-kəcmədarə yalvarma!
Müxalif əhlinə baş əymə, sən də Mənsur ol,
“Ənəlhəqq” üstə çəkilsən də darə yalvarma!
Məhəbbət əhlinə, Vahid, həmişə xidmət eylə,
Nə təcdarə, nə bir şəhriyarə yalvarma!
* * *
İcazə ver, baxım ey gül, o qarə gözlərinə,
Vurulmuşam, nə edim, aşikarə gözlərinə.
Qəm etmərəm, məni yüz dəfə gündə öldürəsən,
Baxanda bir də dirilləm, dübarə gözlərinə.
Camalın açma, gülüm, qorxuram görüb üzünü,
Gün olsun hüsnünə aşiq, sitarə gözlərinə.
Olaydı qismət öpəydim o nazik əllərini,
Ürəkdən eyləmişəm ixtisarə gözlərinə.
Kəməndi – ah ilə səyyadlar dalınca düşər,
Bu naz ilə əgər etsən işarə gözlərinə.
Gözüm götürməyir əğyarlar baxanda sənə,
Bir ayrı gözlə edirlər nəzarə gözlərinə .
Şikəstə Vahidə olmaz təbiblərdən əlac,
Qalıbdır indi sənin bircə çarə gözlərinə.
* * *
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.
Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.