manera.az
manera.az

Göylərin göy qurşağı, Azərbaycan bayrağı - Lütviyyə Əsgərzadə yazır

📅 15.06.2025 16:24

Göylərin göy qurşağı, Azərbaycan bayrağı - Lütviyyə Əsgərzadə yazır
MANERA.AZ filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin tanınmış şair Dayandur Sevginin "Azərbaycan bayrağı" şeiri haqqında yazısını təqdim edir.

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında, bayrağında, gerbində, himnində və və s. öz əksini tapır. Bayraq, gerb və himn Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlər, eyni zamanda millətin mövcudluğunun, dövlətin və xalqın kimliyinin ifadəsidir. Bu müqəddəs rəmzləri sevmək vətəni sevməkdir, milləti sevməkdir.

Azərbaycanın üçrəngli bayrağının və himnimizin tarixi Cumhuriyyətimizlə bağlıdır. Üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi ilk dəfə 9 noyabr 1918-ci ildə elan edildi, Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı. Azərbaycanda Cümhuriyyətinin qurulması yalnız ölkəmizin ictimai həyatında deyil, mədəni, ədəbi həyatında da böyük bir coşqu yaratdı. Azərbaycan vətəndaşının ideya-mənəvi dəyəri, Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq” ideyaları Cümhuriyyətin Dövlət bayrağında əks olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli (mavi rəng türklüyümüzü, qırmızı rəng müasir və demokratik cəmiyyəti, yaşıl rəng isə islam mədəniyyətini əks etdirir), ay-ulduzlu bayrağı dövlət bayrağı kimi təsdiq edildi (9 noyabr 1918-ci il).

Meksika şairi, eyni zamanda siyasi publicist, diplomat, tərcüməçi də kultroloq olan Oktavia Pas yazır: “Poeziya bu dünyanı mənalandırır, onu ucaldır; amma başqa bir dünya da yaradır. O – ilhamdır, nəfəsdir, vətənə qayıdışdır, mənəviyyatdır, milli və sinfi şüurun tarixi ifadəsidir”.

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladığı (7 dekabr 1918-ci il) gündən bayrağımız “dünyanı mənalandıran” poeziyada aparıçı mövzuya çevrildi. Bayrağımızdan ilham alan şairlərimiz müqəddəs bayrağımıza şeirlər həsr edərək milli dövlətçiliyin, vətənin, torpağın gözəlliyini tərənnüm etdilər. Milli ədəbiyyat tariximizdə “istiqlal şairi” kimi tanınan, “Cümhuriyyət deyəndə adı hamıdan əvvəl yada düşən”, himnimizin müəllifi, ilk müstəqil dövlətimizin ideoloqlarından biri Əhməd Cavadın bu dövrdə yazdığı şeirlər, “Azərbaycan bayrağına”, “Azərbaycan ordusuna”, milli şüurun tarixi ifadəsidir.

Azərbaycan ədəbiyyatşünaslığının patriarxlarından biri olan Yaşar Qarayev Əhməd Cavadın Cümhuriyyət dövrü poeziyasını təhlil edərkən bu fikri vurğulayır: "Dövlət himninin mətni, həmçinin "Can Azərbaycan", "Al bayraq", "Azərbaycan bayrağına", "Qardaş", "Mən bulmuşam" həmin dövrün bədii sənədləridir". Çünki “bir dövlət olaraq, cümhuriyyət olaraq yaratmaq, qurmaq istədiklərimiz də, ideoloji baxımdan cümhuriyyətin bütün ruhu da onun yaradıcılığında öz əksini tapıb. Bu şeirlərdə azadlıq yanğısı da var, müstəqillik istəyi də, türk birliyi ideyası da, "türkün türkdən başqa dostu, dayağı yoxdur” düşüncəsi də...” (N.Cabbarlı). Himnimizi dinləyəndə “Adama elə gəlir ki, onun sözləri adicə mürəkkəblə yox, şairin ürəyinin qanı ilə yazılmışdır...

Bu, himnin ilk baxışda çox dar görünən meydanında şair doğma Azərbaycanın miniatür poetik tarixçəsini vermişdir... Nəqəratda dönə-dönə təkrarlanan "Azərbaycan!", "Azərbaycan!" nidası mətnin və musiqinin bütün tərkib hissələrini özündə birləşdirən böyük və qüdrətli bir akkord kimi səslənərək, onların hamısını himnin əsas məqsədi, baş ideyası ətrafında birləşdirir" (B.Nəbiyev). Şairin Milli bayrağımızın dalğalanmasından doğan qürur, şərəf və sevgi hissləri ilə yazdığı “Azərbaycan bayrağına” şeiri bunun ən gözəl örnəyidir:

Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yollasın yara, bayrağım!

Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
(Ə.Cavad).

"Üçrəngli göy qurşağımız”a Cəfər Cabbarlı, Əbdülxaliq Cənnəti və başqaları böyük bir məhəbbətlə şeir həsr edərək bağrağımızın tarixini, rənglərin mahiyyətini poetik şəkildə vəsf etdi. Xalq Cumhuriyyətinin süqutu ilə bayrağımız Parlamentin üzərindən endirilsə də (1920), M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz”, - şüarı hər zaman könüllərdə, şeirlərdə yaşadı. Yazımızı Cümhuriyyətlə, Azərbaycan bayrağına yazılan şeirlərlə yazmağımız təsadüfi deyil. Üzərindən uzun illər keçməsinə baxmayaraq bu gün də şairlərin “Azərbaycan bayrağına” yazılan şerləri, bu şeirlərdəki milli qürur, milli dövlət atributlarından biri kimi öyülən bayraq, bayrağa hörmət və ehtiram hissləri insana qürur hissləri yaşadır. May ayının 24-31-dək Akademiyanın parkında keçirilən 4. Türk Dünyası Ədəbiyyat və Kitab festivalında Sərvər Kamranlının ifasında dəfələrlə səslənən “Azərbaycan bayrağı” şeiri kimi.

Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!



Səkkiz gün davam edən festivalda bir neçə dəfə dinlədiyim şeirin sözləri çağdaş poeziyamızın tanınmış nümayəndələrindən Dayandur Sevginə məxsusdur.

Müqəddəs duyğularla yazılmış "Azərbaycan bayrağı" şeirinin hər misrasında şairin bayrağımıza olan sevgisi, etiramı, eyni zamanda vüqarı, qüruru hiss olunur. Sələfləri kimi, Dayandur Sevgin də bayrağımızın rənglərində yaşanan tariximizə baş vurur. Müasir və demokratik cəmiyyətin rəmzi olan qırmızı rəngi “şəhidlərin qanı” kimi mənalandırır. Və vətəndaşlıq qeyrəti ilə və tarixə sədaqətlə 1918-ci ildə dalğalanan, Cümhuriyyətimizin süqutundan sonra yasaqlanan (1920) bayrağımızın yenidən dalğalanmasının təsəbbüskarı olan ümummilli lider Heydər Əliyevin “ərmağanı” olduğunu vurğulayır:

Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Qırmızı, Vətən oğlu, şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!


Şeirdəki “Ümummilli liderin bizə ərmağanıdı”, - sözləri bizi yaxın tariximizə götürür. 18 noyabr 1991-ci ildə Azərbaycanın öz müstəqilliyininin bərpa etdi. Ümummilli lider Heydər Əliyev uzun illər yasaqlanmış üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsində misilsiz bir xidmət göstərdi. 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və həmin bayrağın Azərbaycan Respublikasının Ali Məclisinə dövlət bayrağı kimi qəbul edilməsi tövsiyə edildi. Xalqımız ikinci dəfə üçrəngli bayrağına qovuşdu (o tarixi günlərə şahidlik etdiyim üçün cox xoşbəxtəm).

Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan,
heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!


Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin siyasi-dövlətçilik fəaliyyətinin Naxçıvan mərhələsi milli dövlətçilik ənənələrimizin dirçəldilməsində çox önəmlidir. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması, 20 Yanvar 1990-cı il faciəsinə siyasi qiymət verilməsi, respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 dekabr gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması, “paytaxtdan ayrı düşmüş ada"ya bənzədilən Naxçıvanın düşməndən qorunub saxlanması və s.

Bütövlükdə, yaradıcılığının əsas qayəsini Vətən, Millət sevgisi təşkil edən Dayandur Sevginin “Azərbaycan bayrağına” şeirində bir çox mətləblərə toxunulur. Yeri gəldiyində yaxın tariximizə ekskursiya olunur, yeri gəldiyində şairin bayraqla bağlı arzuları ifadə olunur. Arzularından biri, şeirin yazılma tarixinə baxılırsa, bəlkə də birincisi Azərbaycan bayrağının “könlündə göyərəni Qarabağda bitirməsi, düşmənlərin köksünü oda yaxması, ucaldıqca ucalması”, zəfər təntənəsi ilə dalğalanmasıdır:

Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!


Mütəfəkkir Əbu Turxan yazır ki, “Ərazi o zaman vətənə çevrilir ki, milli ruhla canlanmış olsun”. Vətən ləyaqətli, milli ruhlu oğulların sayəsində Vətən olur. Vətəni sevmək azdır, Vətənin ərazi bütövlüyünü qorumaq gərəkdir. “Bayraqları bayraq yapan üstündəki qandır / Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!”, - sözlərində də bu məntiq əks olunur.

Şükürlər olsun ki, şairin müqəddəs arzusu bu gün həqiqətə çevrilib. 44 günlük Vətən müharibəmizdə torpaq qəhrəman oğullarının sayəsində öz sahibinə qovuşub. Ali Baş Komandanımız, cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” – sözləri xalqımızı qürurlandırır. Bu gün Qarabağda üçrəngli bayrağımız dalğalanır.

“Ya şəhid ol, ya qazi”, - sözləri və vətən eşqi ilə silahlanan igidlərimiz işğalda olan torpaqlarımızı azad etmək üçün torpaq uğrunda can verərək, bayrağımızı yüksəklərə qaldırdı. Canlarından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımız “qeyrət qalası”na çevrilərək, “Yolunda verək qurban, qorusun can bayrağı” – sözünü gerçəkləşdirərək və uğrunda qurban getdikləri bayrağa bükülərək vətən torpağında əbədiyyətə qovuşdular.
Bu gün qalib ölkənin vətəndaşı olaraq qürurluyuq. Qürur və iftixarla bayrağımızla “Qaranlıq gecələrdən, işıqlı sabahlara” yol gedirik.

44 günlük Vətən müharibəmizin ən böyük şərəfi də (Şəhid anası, Şəhid bacısı, Şəhid xanımı, Şəhid övladı), ən çox ağrı-açısı da qadınlara yükləndi. Çünki torpağı qucaqlayaraq uğrunda can verən igidlərimiz qadınların ataları, oğulları, qardaşları, qız-gəlinlərin yarı idilər. Bayrağımıza yazdığı şeirdə bu incə məqama diqqət çəkən Dayandur Sevgin “Şəhid analarına müraciət edərək torpaq uğrunda qurban gedən şəhidləri “Millətin balası” adlandırır:

"Balam" deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!


Şeirdə bayrağı yaradanlara və yaşadanlara, bayraq uğrunda can verənlərə minnətdarlıq duyğuları ilə yanaşı, şairin bayraqla bağlı müqəddəs arzu və istəyi də sərgilənir:

Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu Aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!


Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən, gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir”.

Dövlət rəmzlərimizə, bayrağımıza, gerbimizə və himnimizə ehtiram, hörmət və sevgi hissinin formalaşmasında ədəbiyyatın, ədəbiyyat adamlarının özünəməxsus xidmətləri var. Dayandur Sevginin “Azərbaycan bayrağına” şeiri də bu müqəddəs missiyaya, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına, milli ruhu oyandırmağa və yaşatmağa xidmət edir:

Gözəldi qarlı qışı, həm də yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, ya da qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!


Cəmiyyətdə baş verən hadisələrə biganə qalmayan Dayandur Sevginin yaradıcılığı mövzu etibarı ilə zəngindir. O, vətənpərvərlik ruhunda da şeirlər yazıb, dünya-aləm-Allahla bağlı şeirlər də. Sevgi şeirləri də yazıb, ətrafında baş verən hadisələrə də münasibət bildirib. Şair Dayandur Sevgin vətənə, yurda bağlı, bayrağını sitayiş edəcək qədər sevən bir vətənpərvərdir. Şairin poeziyasının aparıcı mövzusu vətənpərvərlik, vətənə və müstəqilliyimizin rəmzi olan bayrağa sevgidir. “Bayrağını sevən millətini, millətini sevən vətənini sevər”, - deyirlər. Dayandur Sevgin Vətənini, bayrağını, millətini sevən “vətən daşı”dır.

Dini inancımızda “Vətəni sevmək, imandan” sayılır. Milli düşüncəmizə görə, vətəni sevmək, milləti və dövləti qorumaqdır. “Poeziya isə bu, dünyəvi həyatın döyünən nəbzi, onun qanı, hərarəti, onun işığı və günəşidir”. Dayandur Sevginin “həyatın nəbzi doyünən” poeziyasının “qanı, hərarəti” vətəndir, millətdir və bayraqdır. Üçrəngli bayrağımıza olan sonsuz sevgidir, etiramdır.

Şairin bir şeiri, “Azərbaycan bayrağına” şeiri üzərində dayanaraq düşüncələrimizi ifadə etməyə çalışdığımız yazının sonuna gəldik. Ürəyinizdən Vətən, Dövlət, Millət, Bayraq sevgisi əskik olmasın, Dayandur Sevgin!!!

Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlunun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy qurşağı,
Azərbaycan bayrağı!..



Baxış sayı - 498 | Yüklənmə tarixi: 15.06.2025 16:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031