Heydər Əliyev siyasətində milli dövlətçilik və azərbaycançılıq
“Müstəqil Azərbaycan dövlətinin əsas
ideyası azərbaycançılıqdır!”
H.Əliyev
Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman özünün parlaq dühaları, mütəfəkkirləri, dövlət xadimləri ilə haqlı olaraq fəxr edir. Zamanın mürəkkəb tarixi–siyasi sınaqlarından öz fitri istedadı, siyasi fəhmi və dəmir iradəsi ilə uğurla çıxaraq xalqını müstəqilliyə qovuşdurmuş Heydər Əliyev məhz belə qüdrətli şəxsiyyətlərdəndir.
Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə dahi Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Bu il anadan olmasının 100 illiyini geniş qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Xalqımızın çağdaş tarixində yaddaqalan, milli dövlətçilik və siyasi tariximizə şanlı səhifələr yazan dönəmlərdən 14 iyul 1969–cu il, 21 noyabr 1992–ci il, 15 iyun 1993–cü il tarixlərini yada salmaq yerinə düşərdi.
Birinci tarix doğma Azərbaycanımıza rəhbərlik edən, dahi şəxsiyyət, fenomenal dövlət adamı, müdrik siyasətçi, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi gün, ikincisi, müstəqil Azərbaycan dövlətini parçalanmaqdan, siyasi səhnədən çəkilmək qorxusundan, müstəqilliyini itirmək təhlükəsindən qoruyub saxlamağa, dövlət müstəqilliyinin əbədiliyini, sarsızlmazlığını, dönməzliyini təmin etməyi özünün ən ali məqsədi elan etmiş Yeni Azərbaycan Partiyasının möhtərəm Heydər Əliyevin rəhbərliyi ilə yarandığı gün, nəhayət, üçüncüsü, xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gələn xalqımızın qeyrətli oğlu, alovlu vətənpərvər, böyük öndər Heydər Əliyevin xilaskar missiyalı, milli qurtuluş amallı qayıdışının, müstəqil Azərbaycan dövlətinin, milli dövlətçiliyin və azərbaycançılığın aydın sabahına təminatın verdiyi Milli Qurtuluş günü kimi çağdaş milli tariximizə qızıl hərflərlə yazılıb. Bu dövrdə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi, ölkəmiz parçalanmaq qorxusu ilə, millətimiz vətəndaş müharibəsi ilə üzləşmiş, vətənimiz “olum, ya ölüm” dilemması qarşısında qalmışdı.
Müasir müstəqil Azərbaycan dövləti hazırki inkişaf mərhələsinə asan yolla çatmayıb. Tarixin müxtəlif dönəmlərində ayrı–ayrı problemlər və situasiyalarla qarşılaşan Azərbaycan xalqı əzmkarlıq və birlik nümayiş etdirərək dövlətçilik ənənələrimizin əbədiliyini, müstəqil Azərbaycanın tərəqqisini təmin etmişdir. Şübhəsiz, bütün bu tarixi və misilsiz nailiyyətlərin əldə edilməsində lider faktoru əvəzolunmaz rol oynamışdır. Tarix şəxsiyyətlər yetişdirir. Şəxsiyyətlər də tarix yaradır. Dühalar isə doğulur. Onların missiyaları xilaskarlıq olur – tarixin, dövlətin və millətin xilaskarlıq missiyası. Ümummilli Liderimiz müstəqil və sabit inkişaf edən müasir Azərbaycan dövlətini yaratmaqla yanaşı xalqımız, dövlətimiz qarşısında daha bir əvəzsiz xidmət göstərib milli dövlətçilik məktəbi formalaşdıraraq xalqımızın gələcək inkişafını təmin edəcək layiqli siyasi varis yetişdirib.
Azərbaycan xalqının dəyərli oğlu, böyük şəxsiyyət, əbədiyaşar lider haqqında danışmaq bir azərbaycanlı kimi həm şərəfdir, həm də çətindir. Yəni, sözün çəkisi Heydər Əliyev dühasına, böyüklüyünə və şəxsiyyətinə uyğun gəlməlidir. Nəzərə alsaq ki, o, bu xalqın əziz övladı, rəhbəri, dövlətimizin qurucusu olmaqla yanaşı hər bir azərbaycanlının havadarı, Azərbaycan kəlməsinin ən böyük təbliğatçısı idi. O, xalq sevgisilə yaşayan, böyük olduğu qədər də sadə bir insan idi. Heydər Əliyev həyatının bütün mərhələlərində dünyagörüşünü genişləndirmiş, təfəkkür tərzini dərinləşdirmiş, iş təcrübəsini püxtələşdirmiş, yaddaşını cilalamış və həyatının yeni mərhələsində özünü uçuş platformasında möhkəm dayanmaq üçün hazırlamışdır.
Azərbaycan Xalq Cumhuriyyəti 1918–ci ildə Şərqin ilk demokratik dövlətini quraraq I Dünya müharibəsi, Rusiyada baş verən inqilab, Cənubi Qafqaz, xüsusilə, Azərbaycan və onun nefti uğrunda gedən mübarizələr AXC–nin möhkəmlənməsinə imkan verməmişdir. Bu dövlətin yenidən bərpası üçün biz 70 il gözləməli olduq. Nəhayət, Azərbaycan xalqı iradəsinin hökmü ilə ötən əsrin 90–cı illərində dövlət müstəqilliyini bərpa etdi. Azərbaycanın tarixində yeni bir mərhələ başladı. Xalqımızın həyatında mühüm əhəmiyyət kəsb edən bu hadisə tariximizin ən şərəfli dövrünə çevrildi. Ulu öndərimiz Heydər Əliyevin qüdrətilə dövlət müstəqilliyimiz möhkəmləndi. Milli dövlətçililk tariximizdə xüsusi əhəmiyyətə malik olan 1991–ci ildə qazanılmış suverenliyə yaşam və əbədilik haqqını verən məhz 1993–cü il oldu. Buna görə də hər iki tarix bizim üçün əhəmiyyətlidir.
O hələ sovet Azərbaycanının rəhbəri olduğu vaxtlarda respublikamızda milli şüurun inkişafına, xalqımızın tarixi adət–ənənələrinə və milli–mənəvi dəyərlərinin qorunmasına xüsusi diqqət yetirmişdi. Heydər Əliyevin 1969–cu ildə hakimiyyətə gəlişi Azərbaycanda milli özünüdərk prosesinə təkan verdi. Respublikanın vətənpərvər rəhbəri hər bir addımı ilə Azərbaycan cəmiyyətinə əsl nümunə göstərir, rəsmi tədbirlərdə öz doğma ana dilində çıxış edirdi. Bu da o dövrlərdə xalqın tarixi köklərinə qayıdışı və milli–mənəvi dəyərlərinə bağlılığını rəsmi səviyyədə nümayiş etdirən, milli şüurun oyanışına ciddi təsir edən hadisə kimi qarşılanmışdı.
Ölkənin ictimai–siyasi həyatında və dövlət idarəetmə strukturunda azərbaycanlı gənclərin fəal iştirakına şərait yaratmağa çalışmış, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirmişdir. Böyük rəhbərin şəxsi təşəbbüsü ilə respublikamızdan minlərlə gənc Sovet İttifaqının ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdi. Bu proses 1969–cu ildən 80–cı illərin sonuna qədər davam etdi. Həmin dövrdə ulu öndərin uzaqgörən siyasətilə gələcəyin, bu günkü yeni dövrümüzün müstəqil Azərbaycan Respublikasının iqtisadi və siyasi inkişafında müstəsna rol oynayan mükəmməl milli kadr potensialı formalaşmaqda idi. Azərbaycanlı gənclərin yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi prosesi respublikamızın iqtisadi potensialının artırılmasına xidmət edir, xalqımızın ittifaq, həm də dünya miqyasında böyük nailiyyətlər əldə etməsinə zəmin hazırlayırdı. Sovet totalitar rejiminin ağır şərtləri altında yaşadığımız həmin dövrdə Heydər Əliyev xalqımızın milli mənlik uğrunda mübarizə aparan ziyalılarını represiyyalardan, dissidentlikdən xilas etdi.
O xalqın rifahını yaxşılaşdırmaq məqsədilə respublikanın iqtisadiyyatını inkişaf etdirmək, yeni ictimai–siyasi quruluş əsasında yaranan, lakin dərin iqtisadi böhran içində çırpınan, ədalətsiz müharibə məngənəsində sıxılan və dünyada təklənən bir dövlətə, hərc–mərclik dünyasında qanına qəltan olan bir ölkəyə Azərbaycan Respublikasına başçılıq etmək, onu parçalanmadan qoruyaraq ayağa qaldırmaq üçün vəziyyətdən çıxış yolları axtarmaq, yeni fikirlər irəli sürmək və bütün məqamlarda xalqa arxalanmaqdan ibarət olmuşdur. Heydər Əliyevdə təfəkkür tərzi yeni iş üsulu, səbr, dərin idrak, fikrindən dönməzlik, mürəkkəb, çoxşaxəli iş prosesində səhv etməmək vərdişini möhkəmlətməklə səciyyələnir. Dahi şəxsiyyətə xas olan müdriklik onun ən çətin və mürəkkəb vəziyyətdən çıxış yolu tapmasını şərtləndirmişdir. 1993–cü ilə qədər ümidsizlik şəraitindən çıxış yolu görməyən xalqın ümidgahı gəldi və ölkəmizin bütövlüyü üçün təhlükə qısa müddətdə aradan qaldırıldı, əmin–amanlıq və sabitlik yarandı. Dövrümüzün görkəmli siyasətçisi, ümummilli lider Heydər Əliyev xaricdən gələn təhlükələri aradan qaldırmaq, müstəqilliyimizi, suverenliyimizi qoruyub saxlamaqdan ötrü ilk növbədə qonşu dövlətlərlə – İran, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna və qardaş Türkiyə ilə əlaqələri bərpa və inkişaf etdirməyə üstünlük verdi.
Onun layihəsi ilə 1994–cü il sentyabrın 20–də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı və Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi reallaşdı. Azərbaycan getdikcə təhlükələrdən xilas oldu, möhkəmləndi, inkişafa başladı və ucaldı.
İndi şərəfli tariximizə çevrilən 90–cı illəri xatırlayanda xalqımız həqiqətən çox çətin və ağır bir dövr yaşayıb. Milli iftixarımız olan Heydər Əliyevin Vətənə dönməsi, Naxçıvana getməsi xalqımızı böyük fəlakətdən xilas etdi. Heydər Əliyevin Naxçıvanda deputat seçilməsi, Ali Məclisin sədri kimi fəaliyyətə başlaması cərəyan edən hadisələrin inkişafına və səmtini dəyişməsinə ciddi təsir etdi. Vəziyyətin təhlükəli həddə çatdığı 1993–cü ildə azərbaycanlıların yeganə ümid yeri Heydər Əliyev idi. Onu digər şəxsiyyətlərdən fərqləndirən bir cəhət də bütün həyatı boyu xalqının dəstəyini qazanması, sevilməsi olmuşdur. Bu mənada Heydər Əliyev xoşbəxt insan idi. O, ölkədə əhali tərəfindən daim təqdir edilən, sevilən və dəyərləndirilən bir dövlət başçısı olmuşdur. Biz açıq söyləməliyik ki, Azərbaycan xalqı bütün dövrlərdə onu qorumuş və sevmişdir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Şəxsiyyət haqqında söz deməyin məsuliyyətini də anlamaq, dərk etmək lazımdır. Çünki, bu böyük insan barədə ayrıca məqalə və ya kitab yazanacan onun həyatı, fəaliyyəti, şəxsiyyətinin görünən və görünməyən dərinlikləri, zəmanəsinin ictimai–siyasi əksliklərinin ən incə məqamları detallarınacan öyrənilməlidir. Haqqında yazılan əsərin səviyyəsi heç olmasa, özünə yaxın səviyyədə olmalıdır. Heydər Əliyev fenomeninin və epoxasının bəzi məqamları, xüsusilə 80–cı illərin sonu 90–cı illərin əvvəlində şəxsiyyətə qarşı təxribatlar “proqramı” həyata keçiriləndə onun müdrikliyi, dözümü, ləyaqəti, prinsipiallığı, əqidəsi, amalı göz önündə idi. Bu danılmaz həqiqəti onu sevənlər də, sevməyənlər də, onun tərəfdarları da, ona qarşı olanlar da təsdiq etməyə bilməz.
Bu gün dünya miqyasında tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın geniş siyasi meydanına 1969–cu ildə çıxdı. Doğrudur, bu tarixdən neçə illər qabaq da Heydər Əliyev təhlükəsizlik xidmətlərində məsul vəzifələrdə çalışmış və o dövrün yazılmamış qanunlarına uyğun olmayan bir şəkildə Azərbaycanın Dövlət Təhlükəszilik Komitəsinin sədri də təyin olunmuşdur. Bu o dövr üçün ona görə uyğun deyildi ki, adətən müttəfiq respublikalarda bu vəzifəni yerli millətin nümayəndəsi deyil, başqa yerlərdən göndərilmiş, əsasən rus kadrlar tuturdu. DTK keçmiş rejimin ən qapalı idarələrindən biri idi və onun nəinki işçilərini, rəhbərlərini belə ictimaiyyət çox vaxt üzdən də tanımırdı.
Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcına çevrildi. Təhlükəsizlik strukturlarında görülən faydalı işlər respublika miqyasında davam etdirildi. Masştablı fəaliyyət iki tərəfi əhatə edirdi: tələb olunan işlərin görülməsi və lazımlı işlərin görülməsi. Əslində yaxın tariximizə nəzər salanda etiraf etmək zəruridir ki, tələb olunan işlər görüləndə də lazımi işlərin bu və ya digər dərəcədə gerçəkləşdirilməsinə cəhdlər göstərilirdi. Ən vacibi isə əksər hallarda birinci tərəfin ikinci tərəfə tabe etdirilməsi idi.
Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələrdə qərarlaşmasında liderlərin rolu həlledicidir. 15 oktyabr 2003–cü ildə Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Azərbaycan xalqı sülhün, əmin–amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. İlham Əliyev təkcə əsl varis olduğunu sübut etmədi.
Eyni zamanda, ona qədər başlanan yolun davamı kimi ölkəni daha da inkişaf etdirdi, onun nüfuzunu artırdı, sabitliyi möhkəmləndirdi. Dövlət başçımız İlham Əliyev hər dəfə Prezident seçilməklə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi. 2003–cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcəkdir.
Xalqımızın Ümummilli lideri, bütün dövrlərin ən böyük azərbaycanlısı Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi inkişaf strategiyasını və siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev böyük xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirməklə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpasına nail olub. Xalqımızın qəhrəmanlıq səlnaməsini yenidən yazan dövlət başçısının rəhbərliyi ilə müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, 200 ildən bəri davam edən mifi və illüziyalarını tamamilə məhv edib. "Qarabağ Azərbaycandır!“ həqiqətinin parlaq təzahürü olan və bu ilin sentyabr ayında 24 saatdan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirlərində Qarabağda yerləşən separatçıların başı əzildi, Ermənistanın torpaqlarımızdakı qeyri–qanuni hərbi birləşmələri məhv edildi. Bu qələbə suverenliyimizin tam bərpa edilməsi ilə tarixə əbədi qızıl hərflərlə daxil oldu.
Ulu öndərimizin, dünyanın böyük azərbaycanlısı, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlmələri, ilə Azərbaycan və azərbaycanlı ifadələrinə yeni məzmun, yeni çalar verdi. Bir azərbaycanlı kimi məhz milli birliyimizi qorumaqla, müqəddəs azərbaycançılıq ideologiyası ətrafında birləşməklə ümummilli liderimiz, xalqımızın milli iftixarı, böyük öndərimiz Heydər Əliyevin əmanəti olan demokartik, suveren Azərbaycan dövlətini Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yaşadacağımıza, onu özümüzdən sonra gələcək nəsillərə mükəmməl, inkişaf etmiş, möhkəmlənmiş, qüdrətli bir dövlət kimi ötürə biləcəyimizə əminəm.
Cəmil Quliyev
AMEA–nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi katibi,
tarix üzrə fəlsəfə doktoru, AJB–nin üzvü