manera.az
manera.az

İbrahimxəlil: Ucqarın Adamı - Nəriman Əbdülrəhmanlı yazır

📅 10.05.2025 14:25

İbrahimxəlil: Ucqarın Adamı - Nəriman Əbdülrəhmanlı yazır
MANERA.AZ Nəriman Əbdülrəhmanlının "İbrahimxəlil (Tamıyev): Ucqarın Adamı" yazısını təqdim edir.

Qəsdim könlümə yaxın bir Söz Adamı olan İbrahimxəlillə “Sözün ağrusı” rubrikasında göyüşməyiydi. Axırıncı gəlişində dilə tutub evə apardım ki, söhbətimizi diktofona yazım. O söhbət alınmadı. Söz verdi ki, düşüncələrini Borçalıdan dəftərə köçürüb göndərəcək. Vaxt tapmadı, ya o dəftəri gətirib çatdırmadılar, bilmirəm. Bu portret belə darmacalda yarandı.

1.Boyuna ucqr biçilən adam

Elə bil, boyuma biçilib ucqar,
Qəriblik zərrəcə eynimə gəlmir.
Köhnə fəlsəfəsi bu dünya, vallah,
Tikdiyi köynək də əynimə gəlmir.


…Bilirəm, günlərin birində qəfildən zəng eləyəcək, səsində ucqar adamının açıqca duyulan həsrəti, unudulmaq qorxusu, uşaq çəkingənliyiylə nişan verəcək:

- Qardaş, mənəm, İbrahimxəlildi, tanıdınmı? Dedim, vaxtın olsaydı, görüşüb söhbətləşərdik…

Bilməyəcək ki, Vaxtdan başqa ələgələsi elə bir şeyim də yoxdu və Vaxtın qarışıqlığı içində O SƏSİ eşitməkdən ötrü nə müddətdi ki, burnnumun ucu göynəyir. Borçalıya gedib-gələnlərdən sorağını alıram, şeir dəftərlərini vaxtaşırı oxuyuram, “qürbətin qəribə oxutduğunu, bu qədər uzaqda (hardan biləsən?) yaxşı bilirəm…”

Ya da günlərin birində əl boyda məktubunu (“uyduğum ucqardan sizə nə yazım?”) və beş altı şeir dəftərini gətirəcəklər. Hər sətirdən çəkdiyi ağrıların göynərtisi fışqıracaq: “Bu payız ucqada de, nədən yazaq, şeir ağacından yıxılan canım?..”

“İbrahimxəlil haqqında yazmaq istəyirəm”, - bunu ustad qələmdaşım Tofiq Abdin günlərin bir günü açıq-aşkar ağrıylıa dedi, sanki mənə də yazmaq üçün təkan verdi…

O təkana görə Tofiq bəyə minnətdaram, qabağa düşdüyümə görə də üzr diləyirəm: mən İbrahimxəlilin ucqar biçilən boyunu çoxdan görürəm…

2. “Mən aclıq ilindən şeirlə çıxdım…”

Borçalıda borc içində yaşadım,
Bircə payız istəmədi borcunu.
…Mən bu qədər yaşamazdım, bəlkə də,
Borcum olan sağlığımı istədi…


Nə vaxt dostlaşdığımızı xatırlamıram: heç nə vaxtdan ünsiyyət bağladığımız da yadımda deyil. Bununla əlaqədar nə yaddaşıma güc vermişəm, nə də şeirlərinin ab-havası belə bir şeyə ehriyac duydurub. Bir o yadımdadı ki, səksəninci illərin Tiflis-Borçalı mühiti arada körpü rolunu oynamışdı: Səməd qaraçöp, Eyvaz Əlləzoğlu, Lətif Mustafaoğlu, Məmməd Həsənli, Allahverdi Təhləli, Tapdıq Yolçu, Rafiq Hümmət, Afiq Muxtaroğlu, Paşa Talıblı… və bu sıradan İbrahimxəlil…

Sonra gedənlər getdi, Borçalıda-Qarayazıda-Qaraçöpdə Səməd Qaraçöp qaaldı, İbrahimxəlil qaldı, Tapdıq Yolçu qaldı, Rafiq Hümmət qaldı, Afiq Muxtaroğlu qaldı. Qalanların da sıraları get-gedə seyrəldi, amma İbrahimxəlil gedənlərə qoşulmadı, qoşula bilmədi…

“Borçalıda borc içində yaşayan” İbrahimxəlil taleyinə küsənmədi, “qəribin qürbətə ziyanı yoxdu, o elə qəriblə qürbət adlanır…” – dedi, üzü bütün vaqiflərə - Vaqif Səmədoğluna, İsa İsmayılzadəyə, Ələkbər Salahzadəyə, Abbas Abdullaya, Ramiz Rövşənə, Vaqif Bayatlıya, Səməd Qaraçöpə, Eyvaz Ələzoğluna, Əjdər ola, Rafiq Hümmətə… şeirlər yazdı, “Mənim xilasetmə dəstəm şeirdi, şeir kitabları yolla Bakıdan”, - dedi.

Bundan özgə bir kimsədən umacağı olmadı. Könül ehtiyacını şeirlə doyuran İbrahimxəlil “aclıq ilindən şeirlə çıxdı”, amma hələ qabaqda nə qədər belə illərin durduğunu da bilməmiş deyil…

3. “Mən səni şeirlə çağırdım dünən…”

Mən səni şeirlə çağırdım dünən,
səsin də şehlədi – görən tanımaz.
Gücüm şeirə çatdı uzcaqda, neynim, -
deyiblər, varını verən utanmaz.


…İbrahimxəlil elə başdan-binadan Borçalıda – Bolnisi rayonunun Kazreti qəsəbəsində yaşayır. Peşəsi əkinçilikdi, müəllimlikdi, əyalətdə dolanışıq çıxan, gün-güzərənı yola verən işdi…

Arabir Bakıya gəlir, onda da böyük şəhərin tünlüyündə karıxır, insan münasibətlərinin döngələrində azır, üz tutduğu şəhərdə axtardığını tapa bilməyəndə yenə alışdığı, doğmalaşdığı ucqara qayıdır. Mənə çox tanış olan duyğuyla dediyi sözlər dilindən düşmür: “Məni unutmayın!”

Sözün çəmini tapan, payızın ritmini tutan, hamını şeirlə çağıran İbrahimxəlil çox vaxt da “səsindəki yara yeri”ni gizlədə bilmir; o yara yeri ömrünün sarsıntıları, ruhunun ovqatıyla bağlıdı:

Yenə yağışdanmı tutub gəlmisən,
Ölüm gözləmirmi səni tindəcə?
Dəmir barmaqlığı yudun – yoruldun;
Uyu dəlixana həyətindəcə…


…Hər dəfə Bakıdan Borçalıya qayıdanda hisslərin bolluğundan karıxır, durub ucqar biçilmiş boyuna tzədən baxır, hələ utana-utana öyünür də: “Orda desəm ki, kimlərlə oturub-dururam, inanmazlar. Desəm ki, Abbas Abdullayla bir süfrədə çörək kəsmişəm, heç kəs inanmaz…”
Hər dəfə onu yola salandan sonra ürəyim yanında qalır:

…Bu çəndə heç yaxşı xatırlamıram,
xatirə yerində azmışdımmı ki?
Məktubum çatdımı dəlixanadan –
sən Allah, mən sənə yazmışdımmı ki?


Bilirəm ki, alnına yazılan bu Baxtla xilası yoxdu: “Xilaskar şeir də öldürər məni, öldürüb ələri xınalı gəzər…” Ona görə də taleyilə dava-dalaşsız, səssiz-səmirsiz barışıb: “Bu qələm sancdığım bəlli ucqarda, mən öz ağ günümü kəfəndə görrəm”. Üzü vaqif dostlara yazdığı şeirlərində İbrahimxəlilin yaşadığı ağrıları görməmək mümkünsüzdü…

4. Sözü qəribliyə düşən Adam

…Sən nənim sözümü qəribliyə sal,
Sal, sənin əlindən özgə nə gəlir…


…Bir müddət İbrahimxəlil Tamıyev kimi qəzetlərdə, jurnallaqrda çap olunub. Sonra bir müddət də mətbuatda görünməyib, axırıncı bir ildəsə cəmi üç-büş dəfə “üzə çıxıb”.

İki dəfə qəlbini sındırıblar, söz versələr də əl boyda kitabını buraxdırmayıblar; sözlərindən qaçmaq bir yana, heç şeirlərini də qaytarmayıblar. Rastlaşanda bol-bol söz verən, qələmindən çıxanları bol-bol tərifləyən kəslərdən istədiyi olsa-olsa, “balaca bir kitaba köçmək” olan İbrahimxəlilin dünyadan özgə umacağı yoxdu. Ürək qızdırıb göndərdiyi 70 şagird dəftərində 700-dən artıq şeiri var. Mən söz verməmişəm, ancaq bilir ki, o şeirlərin çıxmasını istəyirəm. Şeirləri də 4 silsilədən – “Sözümü qəribliyə sal”, “Bütün vaqiflərə salam”, “Torpaqq günü” və “Cəllad günü” – ibarətdi…

Küləyin apardığı saman çöpündən tutub yaşayan, yağışla biryolluq çıxıb getmək istəyən, dünyadan “mən də yaşadım” demək haqqını uman İbrahimxəlilin şeirləri ifadə elədiyi duyğular sarıdan bənzərsizdi. Əslində, külçə kimi özümlü bir qavramın parçaları olan o silsilələr obrazlar sisteminə görə təzə-tərdi; İbrahimxəlilin arabir rastlaşdığım şeirləri də özünəxas tərzdə zəifdi, üzərinə qayıdılmamış, “soyumağa qoyulmamış” şeirlərdi…

İbrahimxəlil şüuraltı olaraq sosiallığa vardığı şeirlərində də səmimiliyini, bənzərsizliyini itirmir – o şeirləri kürsülərdə uca səslə hayqırmaq olmaz, yalnız kiçicik bir çevrədə pıçıldamaq, sözün siqlətiylə beyinlərə çatdırmaq mümkündü…

Onu heç vaxt şeir oxuyan görməmişəm, hətta şeir oxuyan – deklomasiya deyən – ibrahimxəlili təsəvvürümə belə kətirə bilmirəm; gərdən mənə elə gəlir, onun şeirləri kağızda da yoxdu, harda duyğu varsa, ordadı…

5. “Gəldim ki, cəllad günüdü…”

Padşahla bir gündə doğulmuşam mən,
Allah yuxarıda, padşah uzaqda…
…Kimin səbri yoxdu, gözləsin, neynək,
Ya cəllad gpndərər, ya dar ağacı…


…İbrahimxəlilin öz doğuluş gününü “Cəllad günü” elan eləməsinin neçə yozumu var – bunu ömür yiyəsi, bir də Allah bilir. Amma bilir ki, bu, özünün seçmədiyi qismətdi, alın yazısıdı, ona görə də “Mən sürgündən təzə gəldim, gəldim ki, cəllad günüdü…”, - deyir. “Yalın baxtını güdən cəllad” da təkcə Yaşamının qəsdinə durmayıb, həm də Sözünə qənim kəsilib: “Cəllad kötüyündə söz baltalanır, ya sənin sözündü, ya da payızın…”

İbrahimxəlil DƏRDin əlindən pələsəng olduğu vaxtlarda qəsdinə duranı tanımır: “…Zülf deyil – dərdini dəstəkləyəsən; kimin ürəyinin qubarıdı bu?” – soruşur. Amma belə məqamlarda da cəlladların ad gününə getməyi özünə rəva görmür.

Qardaş, sən niyə getmədin,
Cəladların ad gününə…

Baş ha kəsilmirdi, qardaş,
qənddi, qadındı, çaxırdı…
Düzdü, bir az köhnə dərdin
qanı köynəyə çıxırdı…


O, ölüm hökmü götürülən gün cəllad saçıının ağardığını da görür, cəllad kötüyündə çiçəklər bitdiyini də; ondan ötrü şər əbədi deyil, olsa-olsa uzunğmürlüdü, dünyada cəllad kimsələrini qabağını alan, “pünhan nöqtələri bilən vaqiflər var”. Yaşam ağrılarının içində bu işığı saxlamağı bacaran İbrahimxəlil özünü gizlətməyi belə, ağlına gətirmir; “Astar üzümü də oxudu dostlar, astarım üzümdən bahalı çıxdı…”

İbrahimxəlil qapı açmağı sevmir, elə bil, üz tutduğu hər bir qapı ondan ötrü cəllad qapısıdı: öz SÖZünü o qapıya aparmaq, kiminsə doğanağından keçirmək ağlagəlməz məşəqqətdi – az çap olunmağı, az tanınmağı da bundandı. Amma öz içində sözünün yaşarılığına əmin olmamış deyil, yoxsa yazmazdı. Bununla belə, hələ düz-dünyanı dolduran kitablar arasında İbrahimxəlilin kitabı yoxdu:

Bu dünya bir kitab yarmarkasıdı…
Karvanım keçmədi itlər hürəndə.
Mən yarıadamam, yarıkitabam,
Cəllad cun atına mindi görəndə.


6. “Bircə sözün başı qaldı…”

Cəllad günü gör dünyanın
şehləməyən daşı qaldı?..
Neçə baş üzüldü, yavrum,
Bircə sözün başı qaldı…


İbrahimxəlil Söz Adamıdı: söz ondan ötrü elə-belə danışıq, ünsiyyət vasitəsi deyil, o, Sözə görə ağrıyır, Sözlə ağrıyır, Sözdən ağrıyır. Fikir vermişəm, danışan adamın sözünü kəsməz, sözünü kəsən adamısa, üzdə olmasa da, içdə bağışlamaz. Ən çox işlətdiyi kəlmələr də “söz verə bilmirəm”, ya da “bir söz deyə bilmirəm” biçimindədi…

İbrahimxəlilin nəyisə söz verib, əməl eləmədiyi yadıma gəlmir; o, ağzından çıxan sözün yiyəsidi, gözünün içnə güllə də atsan, sözünü dəbbələməz. “Filankəs söz verdi, amma əməl eləmədi”, - bu, İnrahimxəlilin ən ağır ittihamı, adamlara qarşı etibarsızlıq öıçüsüdü.

İbrahimxəlil Söz sərrafıdı; “sözün səhərə yaxın şehləyəni”ni seçir, “payız axşamı eşiyə söz çəkr”, amma “sözün arasına saldığı sözü bir sarı kəpənək götürüb gedir”. Hərdən şeir əsrinin keçdiyi qənaqətinə gəlir: “Söz candan idi bir zaman… can da söz-söz köçüb daha…” Belə ovqatda olan vaxtlarında “sözün başının kəsilməyinə” razı olmur.

“İşığı tez keçən ucqarda Sözün dininə keçən” İbrahimxəlil içini duman bürüyəndə də yazmaya bilmir. Şeirləri bəstəçi əlinə düşməsə belə, sözlərinə musiqini payız yazır, ktabı yaqzılmamışdan qadağan edilir – bu, onun duyğularıdı…

7. Sözün intihar yeri

İntihar etməyə sözüm var daha –
Məni də birliyə qəbul etdilər.
Həyat bir qaraca sözə qulluqdu –
Götürüb Qaraca bir qul etdilər.


…İbrahimxəlil bu şeiri mənə həsr eləyib – Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmasına səbəbkarlığıma görə. Ucqar ovqatı canına o qədər yerikləyib ki, uzun müddət özünü bunun mümkünlülünə inandıra bilmirdi. Sözünün əl boyda üzvlük biletinə ehtiyacı olmasa da, o sənəd ruhi müvazinətini saxlamağa kömək elədi: “intihar eləməyə yer” tapandan sonra hər ay mənə beş-altı şeir dəftəri göndərir. “İntihar eləmək yeri” ifadəsisə Tiflisdə, Yazıçılar İttifaqında özünə qəsd eləmiş Paolo Yaşviliyə işarədi.

Amma İbrahimxəlilə “o yer” lazım olmayacaq. Çünki yeri Qaraca Sözə qulluq eləyənlərin sırasındadı. Həm də onunla özünə təskinlik verir ki:

Bax, mənim qəriblik eynimə gəlmir;
Qəmi də qürbətlə bölürəm axı.
Bax, mənim qəriblik eynimə gəlmir,
Dünya qəriblikdi – bilirəm axı.

…“Xanım, hey!” Ulu kitabımız “Kitabi-Dədə Qorqud” eposu belə başlayır…

“Xanım, hey!” – deyən İbrahimxəlil də şeirlərinin bir çoxunu o “xanım”a yazıb. O “xanım” müraciət elədiyi həm hökmdardı, həm sevgili qadındı, üz tutduğu, adını öz-özünə pıçıldadığı, qardan, yağışdan, yarpaqdan, çiçəkdən soraqladığı kəsdi…

Bir də İbrahimxəlil Sözünün qədrini bilən insanlar var dünyada. O kəsin “balaca bir kitaba köçmək” istəyən İbrahimxəlilin “səsini” eşitməsi Tanrının açdığı qapıdı. Bilmirəm o səxavət yiyəsi nə qədər savab iş gördüyünün fərqinə varırmı? Amma onun sayəsində kitabı vaqiflərə çatacaq – İbrahimxəlilə də bundan artıq nə lazımdı ki?!

Axır ki, kitaba köçdü…

2004, may

P.S. Sonra İbrahimxəlilin Bakıda “Cəllad günü”, “Yar”, Tiflisdə “Ucqar havası” və “Durna diasporu” adlı poetik topluları nəşr olundu, dövri mətbuatda silsilə esseləri işıq üzü gördü, tanınmış gürcü şairi Qalaktion Tabidze haqqında “Südyolunda yalqız” adlı kitab qələmə aldı, müsahibələr verdi, amma Sözünün havası oduğu kimi qaldı…

Sonra İbrahimxəlil Marneulidə nəşr olunan “Regionpress” qəzetinin, “Körük”, “Sxivi”-“Şəfəq” jurnallarının, “Qafqazturk.com” saytının araya-ərsəyə gəlməsində və tanınmasında əməyini əsirgəmədi, “Gürcüstan” qəzetinin ədəbiyyat səhifəsində Sözün qəhrini çəkdi…

Həmişə də Sözünü vaqiflərə yazdı…


Baxış sayı - 684 | Yüklənmə tarixi: 10.05.2025 14:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930