Sevda sərxoşuyam, səndədir könlüm - Yeni İmza
Gənc şair Məcnun 2003-cü ildə Şəmkir rayonunda anadan olub, əslən Kəlbəcərdəndir. 2020-2024-cü illərdə Gəncə Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasını fərqlənməylə bitirib. Hal-hazırda Mingəçevir Dövlət Universitetində magistratura təhsili alır.
MANERA.AZ "Yeni İmza" layihəsində Məcnunun şeirlərini təqdim edir.
***
Mən, sənə qıymadım gülüm deməyə,
Sözüm dönüb-dönüb özümdə qaldı.
Bilirdim güllərin xəzan vaxtı var,
Yenə də, qönçələr üzümdə qaldı.
Onda ki bahardın, onda ki tərdin,
Sormazdım səbəbin, canım verərdim.
Vüsalın olsaydı nə idi dərdim,
Ayrılıq bir ömür izimdə qaldı.
Demək belə imiş, Tanrı yazısı,
Neyləyək, tutular sevdanın yası.
Səninçün seçdiyim gəlin libası,
Özgəyə ad olub, gözümdə qaldı.
***
Bilirsənmi necə hissdi darıxmaq,
Qış günündə ürəyinə yaz düşür.
Yada gəlir bir görüşə gəlməyən,
Yollara da tək əyləncə, naz düşür.
Bir yer ola unudasan onu da,
Sevinc ola ürəyini ovudan.
Əldə deyil bir özgəni tanıdam,
Bu sevgiyə sən adlı bir qız düşür…
Bu günün də sabahı var, ayı var,
Boynu bükük bənövşənin yayı var.
Onu deyin ürəyimdə payı var,
Hər nə düşür bu qismətə, az düşür.
***
Bir sərçə susayıb sevginə sənin,
Gözləyir yolunu…yolu tən kimi.
Yada tapınmayıb ömrü boyunca,
Doğmasın arayır yol ötən kimi.
Deyəsən, bu sabah yeni köç gəlib,
AY da gec oyanıb, GÜN də gec gəlib,
Tanrı dedikləri əcəb güc gəlib,
Səpir gözlərini yerə dən kimi.
Üstündə dörd ayın ayazı vardı…
“Daş olsa yerində, yenə qopardı”.
Quşcığaz qəm deyil sevinc umardı,
Göz yaşın bəsimdi, mənə, sən kimi.
Məni
Yasəmən telləri sərv olan gözəl,
Bu şirin röyadan, gəl oyat məni.
Yaşarsın gözlərim sevinc önündə,
Yenə xatırlasın min bir ad məni.
Bahardı, gəlibdi sevdalı aylar,
Çırpınıb ürəyim səni haraylar.
“Arslan qiyafəli” sirli saraylar,
Bənzədər özünə…özgə, yad məni…
Qaranlıq deyiləm, gündədi könlüm,
Nə yaxın, nə uzaq, gendədi könlüm,
Sevda sərxoşuyam, səndədir könlüm,
Heç zaman dəyişməz bu həyat məni.
***
Yenə quşlar ayrılıb,
Yenə dəstə-dəstədir!
Sevincim həmin orda,
Sevdam həmən kəsdədir!
…Deyəsən, payız gəlib!
Yamyaşıl gen yamacım
Yaşıl donlu ağacım,…
Yenə xəzan rəngdədir,
Yenə özgə cəngdədir!!
…Deyəsən, payız gəlib!
Yenə durna qatarı,
Yenə yollar uzaqdır!..
Índi qərib xəyalım,
Yuvasın tapacaqdır!
…Deyəsən, payız gəlib!
Yenə ovçu dayanıb,
Yenə əlik sədası!
Bu anda bir səs gəlir,…
Gözlə! Yatıb balası!
…Deyəsən, payız gəlib!
Yenə sevib-sevilmək,
Yenə gənclik vaxtıdır!
Oyanan bir şahzadə,
Gülən onun baxtıdır!
…Deyəsən, payız gəlib!
Dağlar
Bir cavan gəlibdi səni görməyə,
Oyan bu röyadan, oyan, a dağlar!
Laləyə, Nərgizə, Süsən-sünbűüə,
Sən də mənim kimi boyan, a dağlar!
Aç qolunu baharınla qucaqlaş,
Gözlərində tel-tel olub axan yaş.
Uzaq durma, ayaq tutub yaxınlaş,
Kimdi həsrətindən doyan, a dağlar?!
Hanı səndə olanların sədası,
Gözləyirmi gözəllərin butası?!
Mən getsəm də, könlüm burda qalası,
Ízin ver səsini duyam, a dağlar!
Keyti başı qarlı, Göyçə yarıdı,
Qərib olanların intizarıdı.
Neçə kimsələrin pir məzarıdı,
Dolandır başına sayam, a dağlar!
Tərtərin nəğməsi, Tutqunun səsi,
Qarabağ bölgəmdi, çoxdu kimsəsi,
Yerimdi KƏLBƏCƏR, Tanrı bəndəsi,
MƏCNUNdu bu cavan – oyam, a dağlar!
Deyilsən
Mən, səni sevirdim yaz havasında,
İndi qış olmusan, süsən deyilsən.
Deyirsən dözmərəm bu ayrılığa,
Elə bil nə vaxtsa küsən deyilsən.
Gəlmisən, qəlbinə dəymərəm indi,
Nəyi düz etmisən?!... Öymərəm indi,
Nə vaxtsa sevirdim, qıymaram indi,
Sən ki, sevincimi kəsən deyilsən.
Baxıb gözlərimə danışaq demə,
Olsa da, qəlbində bir işıq… demə,
Bir daha-bir daha, barışaq demə,
Nə bu mən deyiləm, nə sən deyilsən.
Hanı?
Bahar olur, qəlbim ona bələnir,
Mənim gəlib alacağım gül hanı?!
Payız olur, xəzəllərin ələnir,
Mənim dönüb bulacağım yol hanı?!
Bulud gələr ellər libas quşanar,
Axar sular məcralardan boşanar.
Könlüm deyər onsuz *nasıl yaşanar,
Mən gedib qalacağım “el” hanı?!
Məcnun yazar bu sevdanın sözlərin,
Birdə görəm, ya görməyəm gözlərin.
Ürək saymaz həsrətinin izlərin,
Məni səndən eyləyəcək əl hanı?..!!
Düşə-düşə
Sənin xatirinə “Ay”ı unutdum,
Gəldiyin yerlərə Gűn düşə-düşə.
O günü yolların yolumu kəsdi,
Qonağın olmadım yön düşə-düşə...
Apar izlərini özünlə birgə,
Qarşıma çıxmaya bir daha bəlkə,
Qaşların çətirdi, kipriyin kölgə,
Səpmə gözlərini dən düşə-düşə..
Payız saçlarında dənə qıymadım,
Qəlbində çağlayan “mən”ə qıymadım,
Sənin sözlərini sənə qıymadım,
Bir kitab dolusu sən düşə-düşə.
Dəymə
Buludlar gətirir göz yaşlarını,
Gülüm, gözlərinin yaşına dəymə.
Axsın yanağından şəlalə kimi,
Bircə ürəyinin daşına dəymə.
Payız saçlarındı, bahar vüqarın,
Çiçəklər gülüşün...yaz da nübarın,
Mənəm dağlarına yaraşan qarın,
Mənəm qar dənəsi... qışına dəymə.
Dəyişmir ürəkdə ilk məhəbbətin,
Sevdayla yaşamaq çətindən-çətin,
Olsa da, Tanrıyla yeni ülfətin,
Dəymə!! Bu hicranın... işinə dəymə.
Tural Adışirinin təqdimatında..