Əli Nəzmi Ədəbi Birliyi təqdim edir: Mirzə Əsgərov

MANERA.AZ Goranboyda fəaliyyət göstərən "Əli Nəzmi Ədəbi Birliyi"nin istedadlı üzvü Mirzə Əsgərovun şeirlərini təqdim edir.
YOLLAR
Yollar mənim qismətimə yazılıb,
Yol üstündə doğulmuşam köçəri.
Mənim qəbrim yol üstündə qazılıb,
Yoldan keçir taleyimin təkəri.
Bu yollar çərgovdu mənim ömrümə,
Yazıqlar çəkirlər onun yükünü.
Ömür yükü, duz yükünə tay demə,
Ondan yolların da beli bükülüb.
Yolun yolçusuyam, yol mənə həmdəm,
Arxada yoldayam, qabaqda yolda.
Zamanın gözünə görükmürəm mən,
Axşam da yoldayam, sabah da yolda,
Özüm yol gedirəm, gözüm yol çəkir,
Sinəmdə yollar var, qoşa, çal-çarpaz.
Min xəyal eyləsəm, min dəli fikir,
Ömür qurtarsa da yollar qurtarmaz.
Torpaq yol, hava yol, ömür yol, eyzən,
Meylim su yolunda, dəmir yolunda.
Keçdiyim yollarda bezdimsə bəzən,
Heç vaxt bezməmişəm ömür yolunda.
PAYIZ HAQQINDA
Səmavi duyğular keçir ürəkdən,
Baxıb son mənzilə, uçan yarpağa.
Qərib məkanlardan əsən küləkdən,
Sarılıq yağışı yağır torpağa.
Əfsanə yaradır "əl işləriylə",
Payız da mənim tək şairanədir.
Yerə bəzək vurur naxışlarıyla,
Göydə durnaları qatarla gedir.
Qəribə təzadı var təbiətin,
Hər meyvə gözəldir, öz ağacında.
Qışadək gözləyir məni qismətim,
Anamın bağında, qoz ağacında.
Ömür də beləcə payıza gedir,
Pərişan günlərin sayı çoxalır.
Ümidlər sozalır, vədələr bitir.
Nə bir güman yeri, nə bir iz qalır.
Torpağın qucağı istinad yeri,
Bütün qurtarışlar orda cəm olur.
İnsanın varlığı fəsil bənzəri,
Vaxt gəlir həyatdan xatircəm olur.
QOYMUŞAM
Fələyin leşi nə qalıb?
Əniyin dişinə qalıb,
Kimin nə işinə qalıb,
Kepkamı belə qoymuşam.
Bəxtimin atı təntiyib,
Qalıb yollarda ləngiyib,
Qəlbimin qoru səngiyib,
Sinəmi külə qoymuşam.
Ruzigar mənə xor baxır,
Sel yıxıb, üstümdən axır,
Tüstüm təpəmdən çıxır,
Başımdan dula qoymuşam.
Yoxdur mənim halım dünya,
Sən deyəni çalım dünya,
Zorla məni zalım dünya,
Özümü çölə qoymuşam.
MƏNİM ARAMDA
Bir dolu döymüş zəmim var,
Bir dərd yüklənmiş gəmim var
Bir qısa ömür dəmim var,
Allahnan mənim aramda.
İtib mərhəmət bölgüsü,
Mənə dəyir hər törpüsü,
Uçubdu tale körpüsü,
Allahnan mənim aramda.
İçimdə bir sirr dolaşır,
Can əzabla bir dolaşır...
Sabunlu kəndir dolaşır,
Allahnan mənim aramda.
GƏLƏCƏK
Həsrətimin ağ düzündən,
Ağ biçimdə, ağ büzümdə,
Nəvəmin muncuq gözündə.
Sübhi-səhərim gələcək.
Bəxt yelkənim dalğalarda,
Batıb qalacaq sularda,
Bu hüznə qara paltarda,
Qəmim-kədərim gələcək.
Bu dünya oyun-oyuncaq,
Ömür vermədi doyunca,
Sabah bu yolun boyunca,
Uzun səfərim gələcək.
Baş çək bildiyim yerlərə,
Gül qoy öldüyüm yerlərə,
Hər gün gəldiyim yerlərə,
Bir gün “xəbərim" gələcək.
NƏYİMƏ GƏRƏKDİ
Qarış-qarış, aram-aram,
Param gedib, qalıb param,
Mən əl atdan satılaram,
Bazar nəyimə gərəkdi?
Qan Vətənin yarasında,
Gedim gəzim harasında,
Əcəl qaş-göz arasında,
Azar nəyimə gərəkdi?
Yol yoxuşa, ömür başa,
Gümanmı var qurtuluşa,
Atın məni qurda, quşa,
Məzar nəyimə gərəkdi?
DÜNYA SƏNNƏN
Qocalsan da huş üstündə,
Neçə milyon yaş üstündə,
Gəl oturaq daş üstündə,
Gəl dərdləşək, dünya sənnən,
Yaddaşını al yanına,
Dur, dirsəklən sol yanına,
Bir qüllab vur qəlyanına,
Gəl dərdləşək, dünya sənnən.
Yaranmışa sul əkirsən,
Varlığa qələm çəkirsən,
Şeytana "papış" tikirsən,
Gəl dərdləşək, dünya sənnən.
Dəryanı suya yaratdın,
Ulduzu göyə yaratdın,
Bəs məni niyə yaratdın,
Gəl dərdləşək, dünya sənnən.
Babamı qovdun, teylədin,
Atamı şair eylədin.
Anam Zabitəni neynədin?
Gəl dərdləşək, dünya sənnən.
Kim güvənsə öz gücünə,
At fələyin süzgəcinə,
Mən də getsəm, nə vecinə,
Gəl dərdləşək, dünya sənnən.
Aləm bilir qanocaqsan,
Nə veribsən, alacaqsan.
Bayquş təki qalacaqsan,
Gəl dərdləşək, dünya sənnən.
Gəl dərdləşək, dünya sənnən.
SƏNİN
Torpağa bax, üzü bozdu
Çöl də, düz də qumdu, tozdu.
Qış ötüşdü, daha yazdı
Suyun yoxmu bulud sənin?
Qəlbin, gözün niyyəti var
Hər baxışın həsrəti var.
Dözməyin də müddəti var
Qıçın sınsın ümid, sənin.
Söz açmışam bir gözələ
İşıq ucu vermir ələ.
Gözləyirəm cavab gələ
Bağrın daşdı sükut sənin.
Təqdim etdi: Ələsgər Əlioğlu
Əli Nəzmi Ədəbi Birliyinin sədri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.