ÜÇ ŞAİRİN BİR VALLAHI...

ÜÇ ŞAİRİN BİR VALLAHI...
Əlirza HƏSRƏT:
SEVSƏN, HƏR AYRILIQ SON HAQQ-HESABDI...
Ah da göndərmirəm haçandı dağa,
Yəqin xəbərin var, ay Əkbər qağa.
Çırpısı olduğum oda-ocağa,
Çəkdiyim yollardır buxarı, vallah.
Qəriblik boyuma tutulan sapdı,
Ömrüm səadəti qürbətdə tapdı.
Sevsən, hər ayrılıq son haqq-hesabdı,
Bilinmir əvvəli-axırı, vallah.
Yandım, nişan oldu tüstüm də ona,
Məhəbbətim ona, qəsdim də ona.
Yer verdim gözümün üstündə ona,
Yenə də dartınır yuxarı, vallah.
Gözümü sıxdım kı, yaşı lillənər,
Ahdan köz götürən, yanıb-küllənər.
Kimə ad eləsəm, adı güllənər,
Sənə danışdığım nağılı, vallah.
Bir gözəl şam tutub şair gözündən,
Gah şairdən deyir, gah da özündən.
Əlirza Həsrətin çiçək sözündən,
Hələ bal çəkəcək çox arı, vallah.
Əkbər QOŞALI:
ÖMÜR BİZLİ-BİZSİZ ÖZÜNDƏN KEÇİR…
Qəriblik-doğmalıq qarışıb yenə,
Olum ölüm ilə barışıb elə…
Neynirsən öyrənib-soruşub belə? -
Tökməyək boğçanı, daxılı, vallah.
Sap demə, iynənin gözündən keçir,
Ömür bizli-bizsiz özündən keçir…
Keçir hər nə varsa, sözümdən keçir,
Olmaz bir cümləmin paxırı, vallah.
Gözüm göz olalı, yaşı tanıdı,
Ayağım düz görməz, daşı tanıdı.
Elə ki, o çatmaqaşı tanıdı, -
Gecəli-gündüzlü yaxılı... vallah.
Şair, bir dəftərin varağına yaz,
Varağın dolubsa, qırağına yaz,
Bir dəli həsrətin sorağına yaz,
İtirdik iftarı, sahuru, vallah.
Əkbər, böyük düşün, böyükdür adın,
Böyük düşündükcə, böyüdü adın!..
Şairsən, yadından çıxmasın andın,
Nə unut bülbülü, nə xarı,
vallah...
Elman TOVUZ:
QEYBDƏN BAŞLANIR EŞQƏ SƏYAHƏT...
Həyat dediyimiz – qəribəlikdi,
Yolu – sirli dərə, qəribə dikdi...
Bu nə doğmalıqdı, nə qəriblikdi, –
Mum kimi əritdi yaxarı, vallah.
Min cürə söz gəzə, yüz cürə söhbət,
Qeybdən başlanır eşqə səyahət...
Dedim vüsal ilə qoşadı həsrət,
Dedilər qış ilə baharı, vallah.
Mən də bu fələyin çarxına düşdüm,
Yeridim, yüyürdüm... axıra düşdüm:
Büdrəyib bir sevda arxına düşdüm, –
Bilmədim necoldu axarı, vallah.
Ha atdım kəməndi, gəlmədi ələ,
Qəm çapdı atını belədən-belə...
Ömrü saat-saat ələdim elə,
Nəfindən çox oldu çıxarı, vallah.
Elmanam, beləcə, başı qar aldı...
Arzular açmamış yandı – qaraldı.
Gözlədim... Gözümün kökü saraldı,
Nə qumu göyərdi, nə xırı, vallah...
Elman Tovuza rəhmət, Əlirza Həsrət və Əkbər Qoşalıya cansağlığı diləyirik..