manera.az
manera.az

Portmanatda gizlənən sirr - Hekayə

📅 23.06.2024 18:02

Portmanatda gizlənən sirr - Hekayə
Paltarını tez-tələsik əyninə geyinən Kənanı elə bil qolundan tutub evdən bayıra atdılar. Çıxan kimi ilk işi dərindən nəfəsini dərmək oldu. Evdə boğulurdu.

İşsizliyin ona verdiyi sıxıntılardan bezmiş, həyatını dəyişmək üçün gecə-gündüz düşünməkdən az qala başına hava gəlmişdi. Evdə onun-bunun uşağını misal gətirən anası onun ovqatını bir az da təlx edirdi.

– Kənan sən diribaş olmadın... Mənim oğlum niyə fərasətsiz çıxdı axı ? Heyif buna çəkdiyimiz əziyyətdən. Təhsil verdik, oxutdurduq. Qalıb işsiz. Gör camaatın uşağı necə qaz vurub, qazan doldurur. A, bala Familə bax səninlə yaşıddır, yetimçiliklə böyüsə də, gör alver etməklə hara gəldi çıxdı. Özünə bir dənə də ev aldı, altında yaxşı maşını, uşağı-ailəsi. Sən hələ də subaysan, 31 yaşın var, üstəlik işin-gücün yox, bizdən pul alırsan. İşləmək barədə də heç fikirləşmirsən. Elə bil, belə də olmalıdır. Vaxtında sənə deyəndəki ingilis dilini öyrən, kompyuteri öyrən getdin dost dediyin xeyirsiz adamlarla avaralandın. İndi o dost dediklərin hardadır ? Düzəltsinlər də səni bir işə. Hərəsi bir yerdə işləyir. Bir iş də tapmırlar sənə!

Təngə gələn Kənanın əlindən ancaq o gəlirdi ki, anasının deyingənliyinə məhəl qoymasın. Uzağı bir az donquldanıb evdən baş götürüb qaçırdı. Bir də gecə saatlarında qayıdırdı. Artıq oturub kiminsə zəngini də gözləmirdi, özü hamıya yığırdı. Heç kimlə görüşə bilmədiyi günü də kiminləsə görüş adıyla evdən çıxıb tək-tənha fırlanırdı.

Bu dəfə də anası bərk deyinmişdi. Yaşlı anasının nəfəs dərmədən dediyi sözlərə dözməyən Kənan axır ki dilləndi:

– Bəsdir də yenə ondan-bundan misallar gətirdin. “Xalxın uşağı, camaatın uşağı... Daha bezdirdin məni. Olanım budur da, nə edim ? Yoxdur da bu xarabada iş. Ya adamın ola, ya da ingilis dilini elə biləsən ki, qabağa gedə biləsən. Öyrənə bilmirəm də bu zəhrimar dili.

Doğrudan da, Kənanın məzəmmətində bir həqiqət var idi. O iş axtarırdı, amma hamı söz verir, kimsə çağırmırdı. Arada fəhləlik üçün də müraciət etmişdi. Tələblərdə ingilis dili bilmək çox vaxt şərt kimi qoyulurdu. Bu isə onu qıcıqlandırırdı. Niyə axı ölkəsində bütün işlərdə ingilis dili tələbi qoyulurdu. Nə əlaqə ? Onun axtardığı işlərin çoxunda ingilis dili heç lazım da deyildi. Məcbur qalıb fəhləlik etmək üçün inşaat şirkətinə də müraciət etmişdi. Təxminən 1 ay fəhləlik etdikdən sonra bel fəqərələrində qabarmalar yaranmışdı deyə, oranı da tərk etmişdi. Ağlına min cür fikirlər, qarabasmalar gəlirdi. Elə bil bütün dünyanın ağırlığı mənim üzərimə çöküb, –deyə gileynirdi.

– Niyə axı mən ? Mən niyə bu vəziyyətə düşməliyəm axı? Niyə evdəkilərin yanında utanmalıyam ? Niyə dost-tanışın yanında utanmalıyam ? Niyə mən boyda adam işsiz, gücsüz, pulsuz qalmalıyam. Hara əl atıramsa elə bil daşa dirənir. Cavan olsam da, fikirdən qocaldığımı hiss edirəm !

Bəli, Kənanın nəsə etmək istəməsi ilə əlində olan imkanlar düz gəlmirdi. Onu narahat edən isə vəziyyətini dərk etməsi, fərqinə varması idi. Arsız deyildi, fərqinə varırdı deyə daha çox düşünüb narahat olurdu. Bəlkə də vecsiz olsaydı bu qədər narahat olmazdı. Elə gənc yaşında saçlarına düşən dən də işsizlikdən yaranan nigarançılıqla bağlı idi. Elə hey deyinirdi ki, dəli olsaydı indi hamı başına fırlanırdı, onun dərdini çəkirdi.

– Vallah anamgil axırda məni dəli edəcəklər. Heç kim məni başa düşmür. Nə ana, nə ata, nə əmi, nə dayı. Mənə avara kimi baxırlar. Axı mən belə deyiləm. Hərdən 3-5 manat pul verirlər vəssəlam. Amma anlamırlar ki, mən iş axıtarıram, tənbəl deyiləm.–Kənan hər gün özünə sanki hesabat verirdi.

Bu gün də evin yeknəsək ab-havasından bezərək evdən qaçırmış kimi dostlarının yanına tələsirdi. İki-üç gündən bir görüşdüyü tay-tuşları ilə vaxt keçirmək istəyirdi. Yolboyu beynində ancaq anasının deyinməyi, atasının tənələri və hərdən də dostlarının onun pulsuzluğunu üzünə vuran eyhamları yadında düşür, bir gün bunlardan xilas olacağını düşünürdü… Elə bunları düşünərək təxminən iki kilometr yolu piyada getmişdi ki, birdən gözü yerə düşmüş portmanata sataşdı. Özünü saxlayıb yerdəki cüzdana, bir də ətrafa baxdı.

– Bu nədir? Yəni bu, portmanatdır? Görəsən kimindir? Götürüm? Görəsən içində nə qədər pul var? Kaş ki, içində pul olardı. Yaman kasıbçılıqdır. Türklər demiş köşəyə dönərdik. Pul olsa bu gün hesabı mən verəcəm, bütün çayın pulun verəcəm. Hətta pivə də sifariş verəcəm uşaqlara. Qoy görsünlər ki, mən simic adam deyiləm, olanda xərcləyirəm. Bəs birdən tələ olsa? Bəlkə kimsə bura atıb ki, sonra məni şərləsin? Əşi, qalsın, lazım deyil. Götürüm yoxsa qalsın? Qərar ver, Kənan! Cəhənnəm olsunlar. Nə olsa da deyərəm ki, tapmışam, oğurlamamışam ki… Nə olar, olar. Yerə atılan pulqabıya işıldayan nəzərlərlə baxan, bir növ sevincək olan Kənan içindəki qeyri-müəyyənliyi dayandırdı. Cəld əyildi və portmanatı yerdən götürüb açdı.

İçində sənədlər, kartlar və pul var idi. Pulu saydı. Düz 355 manat. Bu onun istədiyi, qane olduğu maaş qədər pul idi. Hətta eybi yox, 300 manatlıq iş olsun, təki işləyim, hər gün işə gedim dediyi məbləğ idi. İndi ona hava-su kimi lazım olan pulu dərhal götürüb cibinə qoydu. Pul kisəsi də dəridən idi. Amma Kənana pul lazım idi. O portmanatı yerə atdı və cəld oradan uzaqlaşdı. Bir xeyli getmişdi ki, birdən dayandı. Hətta fikrin dəyişdi. Ani qərar verərək geri döndü. Pulqabını atdığı yerə doğru qayıtdı. Nə edib-etməli olduğunu düşünmürdü. Sanki hansısa ruh onun qarşısını kəsərək, əmr vermişdi ki, pul qabını atdığın yerə qayıt. O da qorxusundan iti addımlarla geri qayıdırdı. Ürəyini yemişdi ki, bircə portmanatı kimsə götürməsin. Nəhayət aralandığı yerə gəlib çatdıqda pulqabını orda gördü. Qıvraq şəkildə əyilib üzü timsah dərisini xatırladan pulqabını yerdən götürdü. Pulları cibindən çıxararaq səliqəylə içinə düzdü. Kartları çıxarıb bir-bir baxmağa başladı ki, bəlkə sahibinin əlaqə nömrəsi olar. Kartların içində cəmi biri diqqətini çəkdi, hansı ki, üzərində qələmlə telefon nömrəsi yazılmışdı.

– Həə, deməli, nömrə budur. Ancaq budur! Kimdirsə ağıllı adamdır. Nömrəsini yazıb bura qoyub. Olmasaydı polisə təhvil verəcəkdim. Onlar da sahibini nə vaxt tapacaqdılar, Allah bilir. Bəlkə də tapmayacaqdılar. Aha, bu da şəxsiyyət vəsiqəsi. Yazığın nəyi varsa burdadır ki?

Kənan dərhal həmin nömrəyə yığıb sahibi ilə danışdı və ona içində pul olan bu vacib əşyasının itdiyini ona xatırlatdı.

Cəmi 5 dəqiqə keçməmişdi ki, yaxınlıqdakı restoranların birindən bir cavan oğlan yaxınlaşdı.

– Siz tapmısınız?

– Bəli…

– Taksidən düşəndə cibimdən düşüb. Necə də hiss etməmişəm. Sizə çox minnətdaram, indi sizin kimi insanlar tapmaq çox çətindir. Buyurun, bu da məndən sizə şirinlik deyib, təxminən 30 manat pulu Kənana doğru uzatdı.

– Qalsın deyə, Kənan onun əlini geri çevirdi: Mənim buna ehtiyacım yoxdur. Mənə pul lazım olsaydı elə pulu götürüb gedərdim, deyib güldü.

– Pulunu cibinə qoy xeyirliyə xərclə. Bunu tapıb sənə qaytarmaq mənə o qədər xoşdur ki, izah edə bilmirəm. Allah savaba yazsın. “Sənin duan mənə bəsdir” deyib oğlanla əl-ələ görüşərək sağollaşdı.

Kənan gedə-gedə dərin xəyala daldı və yenə də etiraf monoloqu başladı: Düz elədim, yoxsa səhv? Əlbəttə, düz ! Amma pul mənə lazım idi axı. Bir az vəziyyətdən çıxardım. Əşşi, yox! Mən təslim olmayacam. Kasıblıq, pulsuzluq məni sındırmayacaq. Mənə o pul lazım deyil. O pul müvəqqətidir. Xərclənib qurtaracaq amma həmişə deyəcəm ki, mən kiminsə itirdiyi portmanatını tapdım amma qaytarmadım. Bəlkə də sahibinin son ümidi olan pulunu xərclədim. Hələ ordakı sənədləri demirəm. O sənədləri yenidən əldə etmək nə qədər çətindir. Yox, çox düz iş gördüm. İndi cibimdə pul olmasa da rahatam. Vicdanım rahatdır.–deyə Kənan monoloqu bitirib dostlarının yanına tələsdi. Bu məsələni hər kəsə danışdı. Əlbəttə, onu ağılsız adlandıranlar da tapıldı. Kaş ki, pulu qaytarmazdın, deyənlər də oldu. Amma o rahat idi və etdiyi hərəkətdən zərrə qədər də peşman deyildi.

Hadisənin üstündən bir-iki həftə keçdi… Kənanın günləri bom-boz keçirdi. Düz getməyən işlərinin arasında bir ümidsizlik də lövbər salmışdı.

Növbəti cansıxıcı günlərindən biri idi. Axşama doğru birdən telefonuna zəng gəldi.

– Salam, Hüseynov Kənandır?

– Bəli, buyurun.

Kənan bəy, sizi “BERNİ” Otellər Şəbəkəsindən narahat edirik. Müraciətiniz etdiyiniz vakansiya üzrə məsləhət aparılıb və sizin tərcümeyi-halınız, müsahibəniz bəyənilib. Vakansiyaya siz münasib bilinmisiniz. İki gündən sonra işə başlaya bilərsiniz. İlk iş günü tanışlıq olacaq, ikinci gün isə tam gücüylə işləyəcəksiniz. Xahiş edirəm, rəsmi geyimdə olarsınız.

Zəngin şokundan həyəcanlanan, dodaqları əsə-əsə xanıma təşəkkürün bildirib sağollaşan Kənan qonaq otağındakı divana sərələndi. Sanki bir yük maşını Kamazdan kubik boşaltmış kimi hiss edirdi özünü. Dərindən bir ah çəkərək, xəfif təbəssümlə dilləndi: Axır ki...

Bu düz iki həftə əvvəl Kənanın müraciət etdiyi və heç götürəcəklərini zərrə qədər ümid etmədiyi şəhərin 4 ulduzlu tanınmış oteli idi. Hansı ki, ingilis dilini bilmədiyinə görə götürülməcəyini yəqin etmişdi. Amma budur, indi onu yüksək maaşlı işə çağırırdılar. Kənan bu oteldə menecer assistenti, bəlkə də qısa müddətdən sonra menecer olacaqdı. Artıq kasıbçılığın daşın atmağa gedən yolun düz başlanğıcında idi. Bundan sonra işləyib yüksəlməsi üçün yaxşı şans yaranmışdı.

– Necə oldu axı məni çağırdılar? Möcüzədir! Göstəricilərim düz gələn işlərdən xəbər çıxmadı, amma heç ümid etmədiyim işdən isə dəvət aldım. Axı bu necə ola bilər ? Bunları fikirləşən Kənanın dodaqları birdən tərpənməyə başladı.

– Eh, tapdım… Sənin üstünü qaramat kimi alan bu bədlik bir sirr idi. Bu sirr o itən portmanatda gizlənmişdi. Mən bu sirri çözdüm. Onu sahibinə qaytardığım üçün göndərilən mükafat da budur. Bax, deyirləre həyat, dünya böyük enerjidir. Nə etdinsə özünə qayıdır. Bax budur. Bax, ilahi ədalət deyirlər, elə budur, özüdür. Nə etdinsə qabağına çıxacaq taledir. Bu bir sınaq idi və nə yaxşı ki, mən bu sınaqda səhv etmədim…

Anar TURAN


Baxış sayı - 254 | Yüklənmə tarixi: 23.06.2024 18:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031