Könlümün qapısı açıq hamıya - Şeirlər

MANERA.AZ Polad İbrahimoğlunun şeirlərini təqdim edir.
Düşdü
Çalışdım yaxşılıq edim,
Zəhmətim borana düşdü.
Qaçdım hər kəsin dalınca,
Günlərim torana düşdü.
Eşqə tamah adı qoydum,
Aldanmaqdan cana doydum.
Lap əzəldən elə buydum,
Bəxtim qansorana düşdü.
Talandı dünya, nə qaldı,
Nə aldısa nahaq aldı.
Sinəm üstə şırım saldı,
Yollarım dalana düşdü.
Ağıl, huş başdan itməyə,
Yolunda tikan bitməyə.
Taqətim yoxdu getməyə,
Hər işim virana düşdü.
Ay Polad, bir kirmiş dayan,
Kimdi özünü nə sayan.
Halal yoğrulsa da mayan,
Doğrular yalana düşdü.
Deyəcən
Yandıracaq bu eşq hər ikimizi,
Bir gün oyanıb, sevirəm deyəcən.
O güllü bağda tutar qalmayacaq,
Bağda bar üçün ölürəm deyəcən.
Mənimi görüb uz bəyaza döndü,
Sevda yolunda çox ocaqlar söndü.
İtirmə vaxtı, gün elə bu gündü,
Sual verməmiş, bilirəm deyəcən.
Sinə qövr edər, ürəyin çağlayar,
Sorağım gəlməz, gözlərin ağlayar.
Nə günüm qalıb, bax fələk bağlayar,
Sonra dəlitək gülürəm deyəcən.
Ürəyə düşdü xal, of zaman-zaman,
Dağ çəkdi mənə sevgim, aman-aman.
Söylə Polada sən də yaman-yaman,
Mən olmayanda, gəlirəm deyəcən.
Yazacam
Aman ver fələk, bir az da yaşayım,
Sənin əlindən dad-aman yazacam.
Qoy bilsin Yeri, həm Göyü yaradan,
Bezibdi səndən bu cahan, yazacam.
Falçılar rəml atıb fala da baxdı,
Çoxdan əyilib bu dünyanın taxtı.
Göylərdən alov qopdu, şimşək çaxdı,
İtib səltənət, həm iman, yazacam.
Etdim canıma qəsd, qismət olmadı,
Yol çəkən gözüm həsrətdən qalmadı.
Canan da bircə yol xəbər almadı,
Bu nakam eşqə bir divan yazacam.
Dedilər Polad, at qəmin daşını,
El içində sən uca tut başını.
Yadından çıxar dərdinin yaşını,
Nə etdi, edir bu zaman yazacam.
Azalır
Yaş uçub getdikcə qocalır insan,
Can ağrıyır, eşqə güman azalır.
Lap kövrək olmuşam bir uşaq kimi,
Dostlar da yanımdan yaman azalır.
Ürəkdən çox şeylər keçir, tapammaz,
Ta ötən çağlara əlim çatammaz.
Uzun gecələri rahat yatammaz,
Sevirəm söyləyən canan azalır.
Dil dolaşır, hərdən çənə də əsir,
Deyib qurtarmamış kim sözün kəsir.
Bu ömrün yolunda olmuşam yesir,
Bu ahıl gününü qanan azalır.
Neynəmək olar ki, cavan qalasan?
Hər meyvənin tamın bağdan alasan.
Ay Polad, sən də bir zulum bəlasan,
Uca dağlarından duman azalır.
Etmədi
Ürək hər yan sözdən bir zədə aldı,
Söz deyən özünə hörmət etmədi.
Süfrəmin başında yeri olanlar
Görəndə, heç çaya dəvət etmədi.
Dedilər gərdişə bax, dəyiş sən də,
Sözə nə var, boş-boş verəsən əngə.
İstəməm bol varı, bəsim bir çəngə,
Tamahım bu yolda qələt etmədi.
Könlümün qapısı açıq hamıya,
Kaş insan birinci özün tanıya.
Qorxuram sinəmdə yaram qanaya,
Düşüncəm varımı sərvət etmədi.
Nadana nə var ki, görər yan keçər,
Bir gün də bu ömür sonuna yetər.
Polad, xoş əməldən gül-çiçək bitər,
Ürək neynədisə xəlvət etmədi.
Xudam qıymadı
Bilmirəm olubmu böyük günahım,
Can uçub gedərdi, Xudam qıymadı.
Bəlkə də olubdu cavab əməlim,
Ölümün qarşısın kəsib, qoymadı.
Cavankən qəm izi qaldı üzümdə,
Sevgimi kor fələk qoydu gözümdə.
Ahıl çağı eşqə düşdüm, özüm də
Baxdım gözəlliyə yenə doymadım.
Uzatdım əlimi göylərə sarı,
Yanan ürək istər dağlardan qarı.
Sinəm şırım-şırım, əkiblər darı,
Hər əl atıb yolan məni saymadı.
Bəxti qaranın ağ günü olarmı?
Qovsa qəmi, ora sevinc dolarmı...
Ay Polad, könlünü o yar alarmı,
Ürəyim dərdlərdən oyma-oymadı.
Məni
Küsmüşəm çoxdan tək özüm, özümdən,
Hamı inciyir danışıq, sözümdən.
Dərd qan ağlayır durmadan gözümdən,
Taleyim qoyub yarı yolda məni.
Qanan lazımdı oxuya sinəmi,
Qəm lövbər salıb, yandırır gövdəmi.
Hardadı görən könlümün həmdəmi,
Gəl ay mələyim, apar qolda məni.
Bezmişəm, canım ağrıyır, xəstədi,
Nə üzüm gülür, nə ruh həvəsdədi.
Yerləşmir kədər, qəlbimdə dəstədi,
Görməsin naşı qoy bu halda məni.
Dərdimə şərik başı qarlı dağlar,
Atam, Anam da sənsən, barlı dağlar.
Polad ölsə də yenə səni soraqlar,
Apar gəzdir gədikdə, yalda məni.
Qaldı
Gələ bilmədim dağlar, ürəyim səndə qaldı,
Ruhum buludlar üstə dumanda, çəndə qaldı.
Şiş qayalar başına varıb çıxa bilmədim,
Elə bil ki, dağların hər dərdi məndə qaldı.
Hayqırıb, haray saldım, bir səs-səmir gəlmədi,
Yurd yerini boş gördüm, ürəyim qəmdə qaldı.
Hanı o səsli-küylü, sazlı, aşıqlı çağlar,
Nə ki yaşadığım var, bir kövrək simdə qaldı.
Ormanlar talan oldu, çaylardan su çəkildi,
O köhnə qəfadanda qara çay dəmdə qaldı.
Sinəndəki dərdləri qalaqladın, ay Polad,
O vaxtdan qatıq payın kifləyib cəmdə qaldı.
Ehtiram İlhamın təqdimatında